Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-207/2024 17.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, iddiaçı Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin nümayəndəsi (sədri) X3 iştirakı ilə, İddiaçı Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-607/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Neftçala rayon Xol Qarabucaq bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala rayon Xol Qarabucaq kənd sakini Cavabdeh tərəfindən bələdiyyəyə dəymiş 4888,70 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh Neftçala rayon Xol Qarabucaq kənd sakini Cavabdeh 2021-ci ilin noyabr ayında Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı 10,86 hektar torpaq sahəsinə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı bitkiləri əkib qulluq edib becərməklə torpaq sahəsini özbaşına zəbt etmişdir. Cavabdeh 10,86 hektar kənd təsərrüfatlı torpaq sahəsini zəbt edib qanunsuz əkdiyinə görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmiş, Neftçala Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(053)-32/2022 saylı hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 01 il sınaq müddəti müəyyən edilmişdir. Cavabdeh 10,86 hektar torpaq sahəsinə əkmiş olduğu arpanı biçmişdir. 25 may 2022-ci il tarixdə Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin müraciəti əsasında Neftçala rayon X11 Mərkəzindən mütəxəssis dəvət olunmuş, mütəxəssisin, bələdiyyə üzvlərinin və kənd sakini X1 iştirakı ilə Xol Qarabucaq kənd bələdiyyəsinin balansında olan reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan torpağın boz çəmən, mexaniki tərkibi gilli, keyfiyyət qrupu 3-cü olan 10,86 hektar arpa əkilmiş sahəyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin əkilmiş arpa sahəsi 15 sentner məhsul verə bilər. Arpa əkilmiş sahənin məhsuldarlığının qiyməti 4888,70 manat təşkil edir. Neftçala rayon Xol Qarabucaq bələdiyyəsi 05 yanvar 2023-cü il tarixdə iclas keçirmiş, Neftçala rayon Xol Qarabucaq kənd sakini Cavabdeh 2021-ci il tarixdə qanunsuz istifadə etdiyi bələdiyyə əkin təyinatlı torpaqlardan 10,86 hektar torpaq sahəsinə görə bələdiyyə büdcəsinə dəymiş maddi ziyanın ödənilməsi barədə məsələ müzakirə edilmişdir. Dəymiş maddi ziyanın ödənilməsi barəsində məhkəmədə iddia qaldırılması qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(053)-607/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Qədimov) iddia təmin edilmiş, Cavabdeh 4887 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Neftçala Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(053)-607/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsində göstərilməmişdir ki, bələdiyyə sahibkarlıq və ya kənd təsərrüfatı sahəsi ilə məşğul olmaqla gəlir əldə edir. Bələdiyyə yalnız öz səlahiyyətləri daxilində onun əldən çıxmış gəlirini tələb edə bilər. Torpaq bələdiyyənin mülkiyyətində ola bilər. Bələdiyyə onu qanunsuz sahiblikdən geri tələb edə bilər və bundan sonra həmin torpaq sahəsini icarəyə verə bilər. Həmin torpaq sahəsini hansısa şəhid ailəsi və ya müharibə qazisi və veteranı pulsuz istifadə edə bilər. Belə olan halda hansı gəliri bələdiyyənin tələb edə biləcəyini məhkəmə aydınlaşdırmamışdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsindən göründüyü kimi, bu torpaq sahəsi cavabdeh kimi fiziki şəxsin istifadəsinə və icarəsinə verilməlidir. Onun kənd təsərrüfatından başqa məşğuliyyəti yoxdur ki gedib məşğul ola bilsin. Bələdiyyə sədri isə işini-gücünü atıb torpaq satmaqla məşğuldur və bu torpaqları öz bildiyi şəxslərə vermək istəyir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və mütəxəssis rəyinə münasibətdə pozulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan bütün faktiki halları araşdırmadan qətnamə çıxarmışdır. Bu iş üzrə mütləq şəkildə ekspert rəyi olmalı idi və bunu da iddiaçı Neftçala Rayon Məhkəməsində tələb etməli idi. Hazırkı halda zəruri texniki, digər bilik və düşüncəyə ehtiyac yoxdur ki, mütəxəssis rəyi alınsın. Bu rəy təmamilə əsassızdır və sübut kimi nəzərə alına bilməz. Hazırkı vəziyyətdə təqdim edilmiş sübut kimi nəzərə alınan mütəxəssis rəyi mötəbər olmadığından və digər şəkildə gəlir barədə sübut təqdim edilə bilmədiyindən qətnamənin əsassız olduğu müəyyən edilir. Faktiki vəziyyətdə hər hansı şəkildə sübut əldə edilməsi mümkünsüz olduğundan qətnamə ləğv edilərək iddia rədd edilməlidir. Neftçala Rayon Məhkəməsinin 2(053)-607/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi çıxarılarkən aşağıdakı hallar aydınlaşdırılmamışdır: 1) Bələdiyyə hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olur ki, cavabdeh ona 4887 manat maddi ziyan vurmuşdur?; 2) Bələdiyyə həmin torpaq sahəsini yalnız icarəyə verib hər hektarından icarə haqqı ala bilərdi; 3) Həmin torpaq sahəsini cavabdeh ilk növbədə icarəyə götürmək üçün rəsmi şəkildə müraciət etmişdir ki, məhkəmə bunu aydınlaşdırmamışdır; 4) Məhkəmə aydınlaşdırmamışdır ki, bələdiyyə sədri faktiki olaraq düşmənçilik münasibəti saxlayır və bütün kəndin əhalisini məhkəməyə vermişdir; 5) məhkəmə aydınlaşdırmamışdır ki, həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı üçündür və həmin 4887 manatı qazanmaq üçün torpaq sahəsini traktor şumlayır və pulunu alır, arpa əkilir, arpaya və əkilməsinə pul verilir, su verilir və suya görə su pulu verilir, gübrə verilir və gübrə pulla alınır. Torpaq sahəsi malalanır və buna görə ödəniş edilir. Arpa biçilir, kombayna pul verilir. Bunu yalnız ekspert müəyyən edə bilər; 6) Məhkəmə aydınlaşdırmamışdır ki, mütəxəssis həmin sahəyə baxış keçirmişdirmi və həmin sahə 15 sentner məhsul verə bilərmi? Həmçinin həmin kənd üzrə eyni və ətrafda yerləşən torpaq sahəsinin məhsuldarlığı nə qədərdir? Qətnamədə göstərilir ki, 25 may 2022-ci il tarixli aktla bağlı məsələlərin araşdırılması məqsədilə dəvət olunmuş mütəxəssis – X9 X2 sektorunun müdiri X5 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ali təhsilli aqronom olmaqla ixtisası üzrə 30 ilə yaxın təcrübəyə malikdir. Qismət Qəfərovun müraciətinə əsasən 25 may 2022-ci ildə Xol Qarabucaq bələdiyyəsinə məxsus olan 10,86 hektarlıq ərazidə əkilmiş arpa sahəsinə bələdiyyə sədrinin, bələdiyyə üzvünün və kənd sakininin iştirakı ilə baxış keçirmişdir. Şəxsən öz iştirakı ilə yerində keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, ərazi boz çəmən növünə aid olmaqla, mexaniki tərkibinə görə gillidir və 3cü keyfiyyət qrupuna aiddir. Metodiki normalara uyğun aparılmış baxış zamanı və çoxillik təcrübəsinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, əkin sahəsinin hər hektarından orta hesabla 15 sentner arpa məhsulu alınması mümkündür. Arpa məhsulunun 2022-ci il üzrə hər kiloqramının qiymətinin 30 qəpik olması nəzərə alınaraq riyazi hesablama aparılmış və beləliklə, sahənin ümumi məhsuldarlığının 16290 kq olması, toplanacaq məhsulun qiymətinin isə 4888,70 manat təşkil etməsi müəyyən olunmuşdur. Amma iş materiallarında ali təhsil haqqında diploma rast gəlinmir. Mütəxəssis görmədiyi yer üzrə rəy vermişdir ki, bunu özü bildirsə də, məhkəmə nəzərə almamışdır. Mütəxəssis heç bir məsuliyyət daşımır və ona bu rəyi verərkən hansısa məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmir. Buna görə də bu rəyi mötəbər hesab etmək olmaz. Mütləq şəkildə mötəbərlik üçün ekspert rəy verməli idi. Eyni zamanda, bələdiyyənin sahibkar kimi fəaliyyəti müəyyən edilməli idi ki o gəlirdən məhrum edilsin. Amma Azərbaycan Respublikası Konstitusiyasına baxsaq, bələdiyyənin səlahiyyətlərində göstərilməmişdir ki, sahibkarlıqla məşğul olmaqla qətnamədə göstərildiyi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən gəlirdən məhrum olsun. Məhkəmə bu 4887 manatın bələdiyyənin hansı fəaliyyəti nəticəsində gəlirdən məhrum edilməsini müəyyən etməmiş, yalnız Neftçala Rayon Məhkəməsinin 1(053)-32/2022 nömrəli cinayət işi üzrə 06 iyul 2022-ci il tarixli hökmünün surətindən müəyyən edilən halın bələdiyyənin gəliri ilə əlaqəsini müəyyən etməmişdir. Çünki bələdiyyə maksimum həmin torpaq sahəsini icarəyə verə bilərdi və bunu da kənd sakinləri arasında hərracda iştirak edəcək şəxslərə təklif etməli idi. Eyni zamanda cavabdeh də həmin hərracda iştirak edib hərracın qalibi ola bilərdi. Göründüyü kimi, bələdiyyə tərəfindən heç bir şəkildə əsaslandırılmamışdır ki, hansı şəkildə fəaliyyəti nəticəsində cavabdehin bu torpaq sahəsini əkməsi nəticəsində gəlirdən məhrum edilmişdir. Fərziyyə əsasında hökmə və mütəxəssis rəyinə əsaslanaraq qətnamə qəbul edilmişdir. Qətnamədə eyni zamanda göstərilmişdir ki, X9 İnkişaf Mərkəzi tərəfindən Cavabdeh 15 avqust 2023cü ildə 30 nömrəsi ilə aşağıdakı məzmunda arayış verilib: “X9 İnkişaf Mərkəzi (Neftçala DAİM) Sizin 04 avqust 2023-cü il tarixli ərizəsinə cavab olaraq bildirir ki, Sizin istifadənizdə olan 10,86 hektar torpaq sahəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi məqsədilə 25 may 2022-ci il tarixində tərəfimizdən baxış keçirilməmişdir və dəymiş maddi ziyanın müəyyənləşdirilməsinə dair heç bir sənəd tərtib edilməmişdir. Bununla yanaşı bildirmək istərdik ki, Neftçala DAİM-in bitkiçilik üzrə mütəxəssisinin vətəndaş müraciəti əsasında əkin sahəsinə baxış keçirməsi və bu barədə mütəxəssis rəyi tərtib etməsi, habelə bir neçə şəxsin iştirakı ilə müvafiq aktın tərtib olunması istisna olunmur”. Rəsmi olaraq mütəxəssisin işlədiyi dövlət idarəsi belə bir müraciətin olmadığını qeyd etsə də, məhkəmə bu rəyi mötəbər hesab etmişdir. Sahəyə baxış keçirilmədən tərtib edilən mütəxəssis rəyi heç bir halda sübut sayıla bilməz. Apellyasiya məhkəməsinin iclasında iddiaçı Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin nümayəndəsi (sədri) X6 apellyasiya şikayətinə etiraz etdiyini bildirərək, iddia tələbini müdafiə etdiyini qeyd etdi. O, həmçinin verilmiş suallar ətrafında çıxış edərək bildirdi ki, bələdiyyə özü mülkiyyətində olan torpaq sahələrinin əkilərək oradan gəlir götürməsi ilə məşğul olmur. Yalnız bunun üçün ayrıca hüquqi şəxs yaratmaqla bu cür fəaliyyətlə məşğul ola bilər. Lakin hazırda sədri olduğu Neftçala rayon Xol Qarabucaq bələdiyyəsi bu cür hüquqi şəxs yaratmamışdır. Qeyd etdi ki, Cavabdeh 2021-ci ilin noyabr ayında bələdiyyənin mülkiyyətində olan ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı 10,86 hektar torpaq sahəsinə hər hansı hüququ olmadan kənd təsərrüfatı bitkiləri əkib qulluq edib becərməklə həmin torpaq sahəsini özbaşına zəbt etmişdir. Cavabdehin hərəkətləri ilə bağlı cinayət işi başlanılmış, Neftçala Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmişdir. Cavabdeh bələdiyyənin mülkiyyətində olan mübahisəli 10,86 ha torpaq sahəsindən istifadə etməsinə baxmayaraq, bələdiyyəyə hər hansı vergi və ya haqq ödəməmişdir. Bu səbəbdən hesab edir ki, cavabdehin həmin torpaq sahəsindən götürdüyü gəlir bələdiyyəyə vurulmuş zərər kimi ondan alınaraq bələdiyyəyə verilməlidir. O, həmin torpaq sahəsindən götürülən məhsulun dəyərinin heç də hamısının cavabdehin gəlirini təşkil etməməsi və həmin torpaq sahəsinin becərilməsi üçün cavabdeh tərəfindən çəkilmiş müxtəlif xərclərin hansı səbəbdən götürülən məhsulun dəyərindən çıxılaraq tələb edilməməsinə dair verilmiş suala cavab olaraq bildirdi ki, cavabdehin bu cür xərclərini hesablamaq mümkündürsə, birinci instansiya məhkəməsi həmin xərcləri müəyyən edib tələb olunan məbləğdən çıxa bilərdi. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasında xəstəliyi ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçı bələdiyyənin nümayəndəsini (sədrini) dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşdəki Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin 05 yanvar 2023-cü il tarixli, 01 saylı iclas protokolundan görünür ki, həmin iclasda Xol Qarabucaq kənd sakini Cavabdeh 2021-ci il tarixdə zəbt etdiyi bələdiyyənin əkin təyinatlı torpaqlarından 10,86 ha torpaq sahəsinə görə təqsirləndirilən şəxs kimi Neftçala Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli hökmünün nəzərə alınması və Neftçala rayon Xol Qarabucaq kənd sakini Cavabdeh 2021-ci il tarixdə qanunsuz istifadə etdiyi bələdiyyənin əkin təyinatlı torpaqlarından 10,86 ha torpaq sahəsinə görə bələdiyyə büdcəsinə dəymiş maddi ziyanın ödənilməsi barəsində aidiyyəti məhkəmədə iddia qaldırılması qərara alınmışdır. İşdəki qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********82 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən 19,86 hektar ehtiyat fondu torpaqlarının bələdiyyə mülkiyyəti olmaqla, Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olması 29 yanvar 2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən 29 yanvar 2020-ci ildə A 478999 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. İşdəki icarəyə verən Neftçala rayon Xol Qarabucaq bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında Neftçala rayon Notariat ofisində bağlanmış 10 noyabr 2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Neftçala rayonu, Xol Qarabucaq kəndində yerləşən, ümumi sahəsi 19,86 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 5,86 hektar hissəsini icarəçiyə icarəyə vermişdir. İcarə müddəti 10 noyabr 2057-ci il tarixədək müəyyən edilmişdir. İşdəki icarəyə verən Neftçala rayon Xol Qarabucaq bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında Neftçala rayon Notariat ofisində bağlanmış 10 noyabr 2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Neftçala rayonu, Xol Qarabucaq kəndində yerləşən, ümumi sahəsi 19,86 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 5 hektar hissəsini icarəçiyə icarəyə vermişdir. İcarə müddəti 10 noyabr 2057-ci il tarixədək müəyyən edilmişdir. İşdə surəti olan Neftçala Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(053)- 32/2022 saylı hökmündən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş, ona 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi, üzərində 01 il sınaq müddəti müəyyən edilməklə ona təyin olunan 02 il müddətə azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsi, Cavabdeh təyin olunmuş sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, Neftçala rayon Xol Qarabucaq bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli iki müqavilə ilə Neftçala rayonu, Xol Qarabucaq kəndi ərazisində müvafiq olaraq 5 ha və 5,86 ha torpaq sahələri 10 noyabr 2057-ci il tarixədək sonuncunun icarəsinə verilmişdir. Neftçala Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(053)-32/2022 saylı hökmünün məzmunundan görünür ki, Cavabdeh 2021-ci ilin noyabr ayında günü istintaqa məlum olmayan tarixdən Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı 5,0 hektar və 5,86 hektar olmaqla, ümumi sahəsi 10,86 hektar torpaq sahəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı bitkiləri əkib qulluq edib becərməklə torpaq sahəsini özbaşına tutmuşdur. Buradan da müəyyən edildiyi kimi, cavabdeh bələdiyyənin mülkiyyətində olan mübahisəli 10,86 hektar torpaq sahəsindən hələ icarə müqavilələri bağlanana qədər istifadə edərək orada məhsul əkmişdir. İddiaçı Neftçala rayon Xol Qarabucaq bələdiyyəsi isə hazırda torpaq sahəsindən götürüldüyü ehtimal edilən məhsulun dəyəri həcmində qeyd edilmiş cavabdehin gəlirini tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi aktlara əsaslanaraq iddianı təmin etmişdir. Belə ki, işdəki Neftçala rayon X11 Mərkəzinin “Bitkiçilik sektoru”nun müdiri X5, Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin sədri X6, Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin üzvü X4 və Xol Qarabucaq kənd sakini X1 iştirakı ilə tərtib edilmiş 25 may 2022-ci il tarixli aktın surətindən görünür ki, Xol Qarabucaq kənd bələdiyyəsinin balansında olan reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan torpağın boz çəmən, mexaniki tərkibi gilli, keyfiyyət qrupu 3-cü olan 10,86 ha arpa əkilmiş sahəyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin əkilmiş arpa sahəsi 15 sentner məhsul verə bilər. Arpa əkilmiş sahənin məhsuldarlığı aşağıdakı kimi hesablanır: 1) 10,86 ha × 15 sentner = 16290 kq; 2) 16290 kq × 0,30 manat = 4888,70 manat. Sahənin məhsuldarlığının qiyməti 4888,70 manat təşkil edir. Birinci instansiya məhkəməsi bildirmişdir ki, 25 may 2022-ci il tarixli aktda 1 kq arpanın dəyərinin 0,30 manat olması nəzərə alınaraq 16290 kq arpanın qiymətinin 4888,70 manat təşkil etdiyi qeyd olunmuşdur. Əslində isə 16290 rəqəmini 0,30 rəqəminə vurduqda 4888,70 deyil, 4887 rəqəmi alınır (fərq 1,7 manat). Məhkəmə aktda yol verilmiş bu hesab səhvini texniki səhv kimi qiymətləndirərək iddia tələbini təmin edərkən cavabdehdən məhz 4887 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin qanuni əsası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: İlk növbədə qeyd edilməlidir ki, iddiaçı bələdiyyə cavabdehdən əldə etdiyi ehtimal olunan gəlirləri (əldən çıxmış faydanı) tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə də əsaslanmışdır. Həmin maddəyə uyğun olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İddiaçı Neftçala rayon Xol Qarabucaq bələdiyyəsi hazırkı iddia tələbində əldən çıxmış fayda qismində cavabdehin əkdiyi məhsuldan əldə etdiyi ehtimal olunan gəlirləri bütövlükdə (həmin məhsulun dəyəri həcmində) tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq bələdiyyələr Azərbaycan Respublikasında yerli özünüidarəetməni həyata keçirmək üçün yaradılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Qüvvədə olan qanunvericiliyə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam verə bilər – torpaq sahəsini başqasının mülkiyyətinə, icarəsinə, istifadəsinə verə bilər, bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq ala bilər. Lakin kommersiya məqsədləri və ya digər məqsədlərlə torpaq sahəsini əkib, ondan gəlir götürmək onun səlahiyyətinə aid deyil. Ona görə bələdiyyənin əldə edəcəyi gəlir olaraq cavabdehin torpaq sahəsinin əkib becərilməsindən əldə etdiyi bir illik gəliri tələb etməsinin hüquqi əsası yoxdur. Bundan başqa, müəyyən edilir ki, bələdiyyə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etməmişdir. Torpaq sahəsi hazırda icarə müqaviləsinə uyğun olaraq cavabdehin istifadəsindədir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bələdiyyə əldə edəcəyi gəlir qismində torpaq sahəsinin cavabdehin istifadəsində olduğu müddət üzrə ödənilməmiş icarə haqqını tələb etməkdə haqlıdır, lakin əldə edilmiş gəliri tələb etməkdə haqlı deyil. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, torpaq sahəsindən götürülməsi ehtimal olunan məhsulun dəyəri bütövlükdə cavabdehin əldə etdiyi gəliri təşkil etmir. Bu zaman həm də nəzərə alınmalıdır ki, həmin torpaq sahəsində məhsulun yetişdirilməsi üçün cavabdeh tərəfindən müxtəlif məbləğdə və təyinatda xərclər də çəkilmişdir. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, qanuna uyğun olaraq bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər. Lakin hazırkı iş üzrə iddiaçı olan bələdiyyənin mübahisəli torpaq sahəsindən istifadə edərək gəlir götürülməsi məqsədilə hər hansı hüquqi şəxs yaratması da müəyyən olunmur. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da MPMin 385.1-ci maddəsinin tələbinə görə qətnamənin ləğvi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(053)-607/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-207/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-207/2024
17.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver