Məhkəmə qərarları › İş №2(106)-207/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-207/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-207/2025 13.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 37000 manat məbləğində pulun və 201 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-1323/2024 saylı, 19 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 yanvar 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı cavabdehdən 37000 manat məbləğində pulun və 201 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2018-ci il tarixdə kommersiya işləri ilə əlaqdar tanış olmuşdur. Bir müddət sonra cavabdeh iddiaçıya bildirmişdir ki, qızıl-zinyət əşyalarının alışı və satışı ilə məşguldur. Bu səbəbdən ona borc pul verməsini xahiş etmişdir. İddiaçı cavabdehin səmimiliyinə inanaraq ona hissə-hissə borc pul vermişdir. Cavabdeh iddiaçıdan borcu alış verişdən sonra qaytarmağa söz vermişdir. 2022-ci il tarixində iddiaçı cavabdehdən borcu geri qaytarmağı xahiş etmişdir. Lakin cavabdeh qısa müddətdə borcu qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamış, müxtəlif bəhanələrlə bundan imtina edir. İddiaçı göstərilən səbəbdən ağır vəziyyətə düşmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçıdan faizlə 8000 manat pul götürmüşdür. 3 il ərzində hər həftə 170 manat pul vermişdir. İddiaçı 10000 manat faizə pul verib əvəzində 15000 manat alırdı. Ondan başqa da iddiaçıdan faizlə pul götürənlər var. Onlar da onun dediklərini təsdiq edə bilərlər. Faizi ödədikcə iddiaçı yerdə qalan pula yeni qrafik açıb onların üstünə əlavə faiz gəlmişdir. Bir müddət sonra görmüşdür ki, iddiaçı onu həddindən artıq borc yükləmişdir. Həmin borcun məbləğini qaytarmaq hec cür mümkün deyildir. Bu səbəbdən stresə düşmüş, xəstəxanada yatmış, hətta intihara belə cəhd göstərmişdir. İddiaçı və əri ona hədə-qorxu gəlməklə pulu tələb edirmişlər. İddiaçı ondan evini dəyər dəyməzə satıb onun borcunu ödəməyi tələb edirdi. İddiaçıya borcu yoxdur. Birlikdə işlədiyləri vaxtda borclu olan şəxslərin siyahısını iddiaçıya vermişdir. Həmin şəxslər ona bildirmişlər ki, onun borcunu iddiaçıya ödəmişlər, lakin məhkəmə iclasında iştirak etmək istəmirlər. İddiaçının əri ona hədə qorxu gəldiyi üçün 37000 manat borcunun olmasına dair qəbz yazmışdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)-1323/2024 saylı, 19 avqust 2024-cü il tarixli qətnaməsi ilə (X5), iddianın təmin edilməsi, Cavabdeh 37000 manat məbləğində pul və 201 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh İmişli Rayon Məhkəməsinin 2(036)-1323/2024 saylı, 19 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 2(036)- 1323/2024 saylı, 19 avqust 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən iclasda səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirərək iclasın təxirə salınmasını xahiş etmiş, sonuncu keçirilən məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, İmişli Rayon Məhkəməsinin 2(036)-1323/2024 saylı, 19 avqust 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1323/2024 saylı, 19 avqust 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, cavabdehin əridir. İddiaçı həm onunla, həm də arvadı ilə iş görmüşdür. İddiaçı onunla ev tikintisi, arvadı ilə qızıl alqı-satqısı ilə məşğul olmuşlar. Cavabdehin qalan borcuna görə hər ay iddiaçıya 500 manat, cəmi 5000 manat pul ödəmişdir. 38000 manat borc var idi. Müxtəlif şəxslərdə olan borcları yığıb 28000 manat pulu iddiaçıya vermiş, 5000 manatı da özü ödəmişdir. Cavabdehin borcundan iddiaçı və onun ərinin təzyiqi ilə onlara məxsus maşında arvadı borc barədə qəbz vermişdir. Əslində iddiaçıya borc qalmamışdır. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, iddiaçını bacısıgildə görmüşdür. Bacısı ilə bir yerdə işləmişlər. İddiaçı pul verirdi, Elnur da ev tikib satırdı. İddiaçı bir yerdə görülən işlərlə bağlı ziyana şərik olmurdu. Ev tikintisi ilə bağlı pul verib, ona çatası xeyri əvvəlcədən alırdı. Dəfələrlə Elnura bu işin nəticəsinin yaxşı olmadığını, onun ziyana düşəcəyini demişdir. Bacısıgildə olanda iddiaçı və onun əri gəlib borcla bağlı mübahisə etmişlər. əfqan polis formasında gəlib hədə-qorxu gəlmişdir. Aralarında olan borc məbləğinin nə qədər olmasından məlumatı yoxdur. xx.xx.2022-ci il tarixli Sadə yazılı qəbzdən görünür ki, cavabdeh iddiaçıdan 37000 manat pul borc almışdır və geri qaytarmağına söz vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə 37000 manat borc verilmiş, lakin cavabdeh tərəfindən həmin borc məbləği iddiaçıya qaytarılmamışdır. Cavabdeh apelyasiya şikayətinin dəlillərində iddiaçının tələb etdiyi 37000 manat pulun əri X2 ilə hər ay 500 manatdan olmaqla 5000 manat, sonradan yığdıqları 28000 manat və sonradan da əri Elnurun ona nağd qaydada verdiyi 5000 manatı iddiaçıya verməklə borclarını tam şəkildə ödəmişdir. Lakin İddiaçı və onun əri olan polis əməkdaşının təzyiqi ilə Məlahətə 37000 manat borcu olması barədə qəbz yazıb verməyə məcbur olmuşdur. Məlahət sələmçilik fəaliyyəti ilə bağlı onun pullarıının ayrı-ayrı şəxslərə verilməsini təşkil etsə də, faizin hesablanmasında səhvə yol vermiş, çünki faizi ödədikcə iddiaçı tərəfindən yerdə qalan pula yeni qrafik açaraq onların üstünə əlavə faiz gətirmiş, bir müddətdən sonra səhvi nəticəsində həddən artıq borc yükü götürdüyünü bilmiş, stresə düşüb xəstəxanada müalicə almış, intihara cəhd göstərmiş, iddiaçı və əri ona hədə-qorxu gəlməklə pul tələb etmişlər. Bu səbəbdən Bakı şəhər Prokurorluğuna ərizə yazmış, həmin ərizə Sabunçu rayonunda yerləşən 15-ci polis bölməsinə göndərilmiş, lakin bu şikayətlərdə nəticəsiz qalmış, həmin materiallar üzrə məhkəmə baxışında araşdırılma aparılmadan birtərəfli nəticəyə gəlinərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir.. İşin mübahisəsiz halı kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli qəbzin imzalanmasını hər iki tərəf də qəbul edir. Lakin cavabdeh apelyasiya şikayətinin dəlillərində həmin pulu ayda 500 manat olmaqla 5000 manat, sonradan 20000 manat və nəhayət sonda yenidən 5000 manat şəklində ödədiyini, qeyd edilən qəbzin təzyiq altında yazıldığını, iddiaçı isə həmin pulun ümumiyyətlə ödənilmədiyini bildirir. Əvvəla cavabdeh yuxarıda qeyd edilən məbləğlər şəklində öpdənilməsi barədə fikirlərini təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmir, amma belə bir qəbzin tərəfindən imzalandığını lakin təzyiq altında imzaladığını, sonradan bununla bağlı polisə müraciət etdiyini göstərir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdeh pulun iddiaçıya geri qaytarılmasını sübut edə bilmir. Halbuki Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Bundan başqa apelyasiya icraatı zamanı Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15ci polis bölməsinə sorğu verilmiş və X1 müraciəti əsasında İddiaçı barəsində araşdırma başlanmış və cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən təhqiqat materiallarından görünür ki, Elnur İmanov müraciətində Məlahətlə birlikdə ev tikib satdıqlarını, sonradan Əfqan adlı şəxsin polis formasında ona təzyiq göstərərək, evləri ucuz qiymətə satdırdığını, ona görə də 37500 manat pulu Əfqandan tələb etdiyini bildirmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən araşdırma materialının hazırkı mübahisə predmeti ilə heç bir hüquqi bağlılığı olmamışdır. Belə ki, cavabdeh apelyasiya şikayətinin dəlillərində də borcunu hissə-hissə qaytardığını (ayda 500 manat olmaqla 5000 manat, sonradan 20000 manat və nəhayət sonda yenidən 5000 manat şəklində) göstərmişdir. Lakin yuxarıda qeyd edilən araşdırma materialı isə hazırkı mübahisə ilə əlaqəli olmamışdır. Hazırki iş üzrə iddiaçı cavabdehə qızıl alqı-satqısı etdiyi üçün 37000 pul verdiyini bildirir, cavabdeh isə həmin pulu hissə-hissə qaytardığını, qəbzi isə təzyiq altında yazıdığını bildirir. İddiaçı öz iddiasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etsə də cavabdeh nə pulun qaytarılması nə də qəbzin təzyiq altında yazdırılması barədə sübutlarını təqdim edə bilməmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “beləliklə iddia təmin edilsin. Cavabdeh 37000 manat məbləğində pul və 201 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin” mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 2(036)-1323/2024 saylı, 19 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1323/2024 saylı, 19 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar