Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-208/2024 09.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2, iddiaçının təmsilçisi X4 iştirakı ilə, Neftçala Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin Cavabdeh qarşı «5.356,80 manat miqdarında ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsi iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinə vurduğu 5.356,80 manat miqdarında maddi ziyanın əvəzinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Neftçala rayonu, Xol Qarabucaq kəndi ərazisində yerləşən, bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olan və sahəsi 11,16 ha təşkil edən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətindədir. 2021-ci ilin noyabr ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan cavabdeh tərəfindən torpaq sahəsi zəbt olunaraq orada arpa bitkisi əkilmişdir. Bununla əlaqədar Neftçala rayon Xol Qarabucaq bələdiyyəsi tərəfindən komissiya təşkil edilmiş və 11 noyabr 2021-ci ildə komissiya üzvlərinin iştirakı ilə cavabdeh tərəfindən zəbt edilmiş 11,16 hektar torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh heç bir hüquqi sənəd və icarə müqaviləsi olmadan bələdiyyənin əkin təyinatlı torpaqlarından 11,16 hektar torpaq sahəsinə arpa bitkisi əkmişdir. Sahəyə baxışın keçirilməsi ilə əlaqədar komissiya üzvləri tərəfindən 11 noyabr 2021-ci il tarixli akt tərtib edilmişdir. 25 may 2022-ci ildə bələdiyyənin təşəbbüsü ilə mübahisəli torpaq sahəsinə X13 İnkişaf Mərkəzindən mütəxəssis dəvət olunmuş, mütəxəssisin, bələdiyyə sədrinin və bələdiyyə üzvünün, həmçinin Xol Qarabucaq kənd inzibati ərazi dairəsinin Dördlər kənd sakininin iştirakı ilə yuxarıda göstərilən, 3-cü keyfiyyət qrupu və mexaniki tərkibi gilli olan boz çəmən növlü torpaq sahəsinin arpa əkilmiş 11,16 ha hissəsinə baxış keçirilmişdir. Baxış zamanı sahədən hər hektara görə orta hesabla 16 sentner arpa məhsulu (11,16 hektarlıq sahədən ümumilikdə 17,856 kq) alınmasının mümkünlüyü, habelə arpanın hər kiloqramının qiymətinin orta hesabla 30 qəpik olduğu nəzərə alınaraq oradan ümumilikdə götürülməsi mümkün olan məhsulun dəyərinin 5.356,80 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bununla əlaqədar 25 may 2022-ci il tarixli akt tərtib edilmişdir. Cavabdeh tərəfindən 2021-ci ildə yuxarıda göstərilən sahədə əkilmiş arpa bitkisi 2022-ci ilin biçin mövsümündə cavabdehin özü tərəfindən biçilərək götürülmüşdür. Xol Qarabucaq bələdiyyəsinin 05 yanvar 2023-cü il tarixli iclasında cavabdehin bələdiyyəyə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11,16 hektarlıq hissəsini qanunsuz əkib-becərməsi müzakirə olunmuş və cavabdehin qanunsuz hərəkətləri nəticəsində bələdiyyəyə vurduğu ziyanın əvəzinin tələb olunması məqsədilə məhkəmədə iddia qaldırılması qərara alınaraq, bu səlahiyyət bələdiyyə sədrinə həvalə edilmişdir. Cavabdehdən bələdiyyəyə vurduğu zərərin əvəzini könüllü ödəməsi tələb olunsa da, ümumilikdə 5.356,80 manat təşkil edən həmin zərər ödənilməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinə aid olan 21,16 ha torpaq sahəsindən istifadəyə görə Neftçala rayonu, Xol Qarabucaq kənd inzibatı ərazi dairəsinin Dördlər kənd sakini X11 ilə Xol Qarabucaq bələdiyyəsi arasında 15 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsi 2004-cü ildən 2020-ci ilədək olan müddətdə icarə müqaviləsi əsasında X6 və onun ailə üzvlərinin istifadəsində olub. 2017-ci ildə Mənəfov Əli dünyasını dəyişmiş, bundan sonra torpaq sahəsindən istifadəni faktik olaraq mərhumun oğlu X12 davam etdirmişdir. 2019-cu ilin sonlarında icarə müqaviləsinin müddəti başa çatmışdır. Bundan sonra, yəni 2021-ci ildə qeyd edilən torpaq sahəsinin 11,16 hektar hissəsini o (cavabdeh), istifadə etmək məqsədilə və gələcəkdə bələdiyyə ilə icarə müqaviləsi bağlamaq niyyəti ilə əkmişdir. X17 bələdiyyəsinin hazırda da sədri olan Qismət Qəfərov ona qarşı qərəzli mövqe tutaraq, süni maneələr yaratmaqla həmin torpaq sahəsi ilə bağlı onun bələdiyyə ilə icarə müqaviləsi bağlamasını əngəlləmişdir. Nəhayət, 2022-ci ildə sözügedən torpaq sahəsi hərraca çıxarılmış, bu zaman torpaq sahəsinin 10 hektarı X12, qalan 11,16 hektar hissəsi isə özü tərəfindən hərrac yolu ilə əldə edilmişdir. Sonradan hərrac yolu ilə əldə etdiyi və faktik istifadəsində olan 11,16 hektar torpaq sahəsinə icarə müqaviləsi olmadan 2021-ci ildə arpa bitkisi əkmişdir. İstifadəsində olan 11,16 ha torpaq sahəsinin Xol Qarabucaq bələdiyyəsi ilə icarə müqaviləsini 2022-ci ilin noyabr ayında bağlamışdır. Həmin torpaq sahəsi o qədər də məhsuldar olmayıb. 2021-ci ildə su qıtlığı olmuş, bu səbəbdən əkin sahələrinin suvarılmasında böyük çətinliklər yaranmış və nəticədə məhsuldarlıq kifayət qədər aşağı düşmüşdür. Müqayisə üçün qeyd edir ki, həmin ildə Xol Qarabucaq kəndi ərazisində yerləsən özünə və ailə üzvlərinə məxsus 8,72 hektar pay torpaq sahəsinin 4 hektarında də arpa bitkisi əkmiş, oradan ümumilikdə 4 bunker (taxılbiçən kombaynın məhsulu topladığı xüsusi yük yeri) həcmində məhsul götürmüşdür. Lakin 11,16 hektar sahədən ümumilikdə cəmi 3 bunker həcmində arpa məhsulu götürmüşdür. Məhsuldarlıq aşağı olmuş və demək olar ki, heç bir qazanc əldə edə bilməmişdir. Buna baxmayaraq bələdiyyə sədri tərəfindən hərracda qalib gələn bir neçə kənd sakinləri ilə yanaşı ondan da torpaqdan istifadəyə görə böyük həcmdə haqq tələb edilməklə qərəzli münasibətlər davam etdirilmişdir. Bundan başqa bələdiyyə sədri, icarə müqaviləsi bağlandıqdan sonra torpağın bölgüsünü təsdiq edən müvafiq sənədləri də imzalamaqdan yayınır və bunun nəticəsində o, dövlət tərəfindən fermerlərə verilməsi nəzərdə tutulan «torpaq pulu» və subsidiyanı da ala bilmir. Bunun üçün sənədləşmənin tam başa çatdırılması üçün ondan 10.000 manat pul tələb edilir. Tələb etdiyi məbləğdə pul ona verilmədiyi üçün bələdiyyə sədri onu məhkəməyə vermişdir. 11,16 hektar torpaq sahəsi hazırda da onun istifadəsindədir. Bu il də torpaq sahəsini özü əkmiş, lakin yenə də heç bir məhsul əldə edə və torpaqdan faydalana bilməmişdir. Bundan başqa, mütəxəssisin iştirakı ilə tərtib edilmiş aktla da razılaşmır. Bu məsələ ilə əlaqədar X13 İnkişaf Mərkəzinə müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, istifadəsində olan 11,16 ha torpaq sahəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi məqsədilə 25 may 2022ci il tarixdə onlar tərəfindən hər hansı bir baxış keçirilməmiş və ziyanın müəyyənləşdirilməsi barədə heç bir sənəd tərtib edilməmişdir. Neftçala Rayon Məhkəməsinin (hakim C.Qədimov) 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 5.356 (beş min üç yüz əlli altı) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 157.5-ci maddəsinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmənin istinad etdiyi 25 may 2022-ci il tarixli akt əsassızdır. Qismət Qəfərovun müraciəti əsasında 25 may 2022-ci ildə Xol Qarabucaq bələdiyyəsinə məxsus olan 11,16 hektarlıq ərazidə əkilmiş arpa sahəsinə X15 Mərkəzinin sektor müdirinin, bələdiyyə sədrinin, bələdiyyə üzvünün və kənd sakininin iştirakı ilə baxış keçirmişdir. Amma iş materiallarında mütəxəssin diplomuna rast gəlinmir. Mütəxəssis heç bir məsuliyyət daşımır və ona bu rəyi verərkən hansı məsuliyyətə cəlb ediləcəyi xəbərdarlıq edilmir. Buna görə də bu rəyi mötəbər hesab etmək olmaz. Mütləq şəkildə mötəbərlik üçün ekspert rəy verməli idi. Eyni zamanda, bələdiyyənin sahibkar kimi fəaliyyəti müəyyən edilməli idi ki, onun gəlirdən məhrum edildiyi müəyyən edilsin. Amma Azərbaycan Respublikasının Konstitusiyasına baxsaq bələdiyyənin səlahiyyətlərində göstərilməmişdir ki, sahibkarlıqla məşğul olmaqla qətnamədə göstərildiyi kimi AR MM 152-ci maddəsində göstərilən gəlirdən məhrumdur. Həmçinin, şikayətdə qeyd edilir ki, məhkəmə 5356,80 manatın bələdiyyənin hansı fəaliyyəti nəticəsində gəlirdən məhrum edilməsini müəyyən etməmiş, yalnız iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktla müəyyən edilən halın bələdiyyənin gəliri ilə əlaqəsini müəyyən etməmişdir. Çünki bələdiyyə maksimum həmin torpaq sahəsini icarəyə verə bilərdi və bunu da kənd sakinləri arasında hərracda iştirak edəcək şəxslərə təklif etməli idi. Eyni zamanda o da, həmin hərracda iştirak edib hərracın qalibi ola bilərdi. Göründüyü kimi, bələdiyyə tərəfindən heç bir şəkildə əsaslandırılmamışdır ki, hansı şəkildə fəlaiyyəti nəticəsində onun bu torpaq sahəsini əkməsi nəticəsində gəlirdən məhrum edilmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq ürəyindən əməliyyat olduğundan məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin hallarından görünür ki, Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli iki müqavilə ilə Neftçala rayonu Dördlər kəndi ərazisində müvafiq olaraq 5 ha və 6,16 ha torpaq sahələri 15 il müddətinə sonuncunun icarəsinə verilmişdir. Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsi iddia edir ki, icarə müqaviləsi bağlanana qədər, yəni 2021-ci ilin noyabr ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan cavabdeh, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsini özbaşına zəbt etmiş, orada arpa bitkisi əkmiş və gəlir götürmüşdür. İddiaçı cavabdeh tərəfindən əldə edilən gəliri tələb etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi aktlara əsaslanaraq iddianı təmin etmişdir. Belə ki, X13 X1 sektorunun müdiri X7, Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin sədri X8, Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin üzvü X5 və Dördlər kənd sakini X12 tərəfindən 25 may 2022-ci ildə tərtib edilmiş akta görə, Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olan 11,16 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpağın boz çəmən, mexaniki tərkibi gilli, keyfiyyət qrupu 3-cü olması və orada arpa əkildiyi müəyyən olunmuşdur. Baxış zamanı həmçinin «müəyyən olundu ki, həmin əkilmiş arpa sahəsi 16 sentner məhsul verə bilər. Arpa əkilmiş sahənin məhsuldarlığı aşağıdakı kimi hesablanmışdır: 11.16 ha x 16 sentner = 17.856 kq. 17.856 kq x 0.30 man = 5.356.80 man. Sahənin məhsuldarlığının qiyməti 5.356,80 man. təşkil edir. Kollegiya iddia tələbinin qanuni əsası ilə bağlı aşağıdakıları diqqətə çatdırır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı bələdiyyə cavabdehdən əldə edəcəyi gəlirləri (əldən çıxmış faydanı) tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə də əsaslanmışdır. Həmin maddəyə uyğun olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İddiaçı bələdiyyə hazırki tələbində əldən çıxmış fayda qismində cavabdehin əkdiyi arpanın satışından əldə etdiyi gəlirləri bütövlükdə tələb etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq bələdiyyələr Azərbaycan Respublikasında yerli özünüidarəetməni həyata keçirmək üçün yaradılmışdır. Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində aşağıdakı səlahiyyətlər malikdir: bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Qüvvədə olan qanunvericiliyə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam verə bilər- torpaq sahəsini başqasının mülkiyyətinə, icarəsinə, istifadəsinə verə bilər, bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq ala bilər. Lakin kommersiya məqsədləri və ya digər məqsədlərlə torpaq sahəsini əkib, ondan gəlir götürmək onun səlahiyyətinə aid deyil. Ona görə bələdiyyənin əldə edəcəyi gəlir olaraq cavabdehin torpaq sahəsinin əkib becərilməsindən əldə etdiyi bir illik gəliri tələb etməyinin hüquqi əsası yoxdur. Bundan başqa, müəyyən edilir ki, bələdiyyə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etməmişdir. Torpaq sahəsi hazırda icarə müqaviləsinə uyğun olaraq cavabdehin istifadəsindədir. Kollegiya qeyd edir ki, iddiaçı bələdiyyə əldə edəcəyi gəlir qismində torpaq sahəsinin cavabdehin istifadəsində olduğu müddət üzrə ödənilməmiş icarə haqqını tələb etməkdə haqlıdır, lakin əldə edilmiş gəliri tələb etməkdə haqlı deyil. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi cavabdehin torpaq sahəsinin əkib-becərilməsindən əldə etdiyi gəlirlərin cavabdehdən alıb iddiaçının xeyrinə ödənilməsi barədə iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsinin tələbinə görə qətnamənin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Apellyasiya şikayəti təmin edildiyindən və iddia təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə iddiaçıdan 37 manat tutulub cavabdehin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü tarixli, 2(053)-682/2023 saylı qətnaməsi ləğv edilsin. Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin Cavabdeh qarşı 5.356,80 manat miqdarında ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsindən 37 manat tutlub Cavabdeh ödənilsin. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-208/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-208/2024
09.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver