Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-209/2025 11.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Taleh Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakları ilə, X2 (Gasanov Malik) Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(048)-241/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 29000 manat məbləğində borc, hüquqi xidmətlərə görə ödənilmiş 320 manat məbləğində və 177 manat ödənilmiş dövlət rüsumunun alınmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh onu aldatmaqla, 29000 manat məbləğində pul vəsaitini mənimsəmişdir. Belə ki, Cavabdeh torpaq alqı-satqısı üçün təcili olaraq ona pul lazım olduğunu bildirmiş və bu məqsədlə ona köməklik göstərməyini xahiş etmiş və xx.xx.2024-cü il tarixdə pulu geri qaytaracağına onu inandırmışdır. Cavabdehə xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat və xx.xx.2024cü il tarixdə 14000 manat olmaqla, ümumilikdə 29000 manat məbləğində pul vermişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iş günləri başlanan kimi bankdan kredit götürüb ondan aldığı 29000 manat məbləğdə pulu geri qaytaracaqını bildirmişdir. Belə ki, o cavabdehə 24000 manat məbləğində pulu əlbəəl vermiş, 5000 manat pulu isə xx.xx.2023-cü il tarixdə Cavabdeh istəfadəsində olan 5239 1517 0203 2940 nömrəli karta göndərmişdir. 07 yanvar 2024-cü il tarixdə iş günləri başlasa da, Cavabdeh verdiyi vədə əməl etməmiş və ondan aldatma yolu əldə etdiyi 29000 manat məbləğində pulun geri qaytarılmasından yayınmışdır. xx.xx.2024-cü il tarixdən etibarən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə hər gün dəfələrlə zəng etmiş, lakin, Cavabdeh pulu qaytarmaq əvəzinə müxtəlif bəhanələr gətirərək ona verdiyi pulları geri qaytarmaqdan yayınmışdır. Bir neçə gündən sonra isə ümumiyyətlə onun zənglərinə cavab verməmişdir. Lerik Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Atabəy Kiçibəyov) iddia qismən təmin edilmiş, Cavabdeh borc qismində 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 177 manat, hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq X4 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya 5000 manat borclu olması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi 24000 manat məbləğində pul tələbinə gəldikdə belə hesab edir ki, iddiaçı məhkəməyə bu barədə kifayət qədər sübut təqdim edə bilmədiyindən iddia həmin hissədə təmin oluna bilməz. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İşdə olan: xx.xx.2023-cü il tarixli "xxxx" ASC tərəfindən verilmiş 01084 nömrəli qəbzin sürətindən görünür ki, Cavabdeh məxsus bank kartına 5000 manat məbləğində pul daxil olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzin sürətindən görünür ki, Vəkil iddia ərizəsinin tərtib olunması üçün Bakı şəhəri 6 saylı vəkil bürosuna müraciət edərkən 320 manat pul ödəmişdir. Azərbaycan Respublikası DİN-nin BPQNİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Lerik rayonu Çayrud kəndində pasport qeydiyyatındadır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli 20031 saylı qəbzdən görünür ki iddiaçı məhkəməyə müraciət edərkən 177 manat dövlət rüsumu ödəmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində şahidlər dindirilmiş və borcun etirafı ilə bağlı X6 ilə CavabdehMirzaman oğlu arasında səs yazısını əks etdirən bir ədəd CD disk hazırlıq iclasında birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmə baxışı zamanı şahidlər pulun X6 tərəfindən Cavabdeh verilməsini sübut etmişlər. Lakin məhkəmə şahidlərin ifadəsinə hüquqi qiymət verməmişdir. Bundan başqa, X6 ilə Cavabdeh arasında səs yazısını əks etdirən bir ədəd CD disk məhkəməyə təqdim edilsə də, məhkəmə baxışı zamanı tədqiq olunmamış və məhkəmə baxışı zamanı həmin CD diskdə əks olunmuş səs yazılarının dinlənilməsi məhkəmədən xahiş edilsə də, məhkəmə həmin diskin iş materiallarında olmamasını bildirmişdir. Məhkəmə baxışı zamanı sübutlar tədqiq edilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş şəxsə sualları hakim vermiş və digər şəxslərin suallar verməsinə şərait yaradılmamışdır. İddiaçının nümayəndəsi Vəkil məhkəmədə izahat verərək bildirmişdir ki, cavabdeh onu aldatmaqla 29000 manat məbləğdə pul vəsaitini mənimsəmişdir. Cavabdeh ona zəng edərək torpaq alqı-satqısı üçün təcili ona pul lazım olduğunu bildirmiş və bu məqsədlə ondan borca pul istəmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2023cü il tarixdə 5000 manat və xx.xx.2024-cü il tarixdə 14000 manat, ümumilikdə 29000 manat məbləğdə pul vermişdir. Lakin cavabdeh həmin borclarını qaytarmamışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri ilə bağlı məhkməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376-cı maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Lerik Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(048)- 241/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, apellyasiya şikayətini yalnız iddiaçı vermişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Hüquqi əsaslandırma: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6.2 və 6.3-cü maddələrinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. MM-in 324.1, 324.2 və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal və əsassız dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, şahidlərin dindirilməsi və ona suallar verilməsi üçün apellyasiya instansiya məhkəməsində kifayət qədər zəruri şərait yaradılmışdır. Ancaq işdə olan protokolda əksini tapmış (səh. 88-89) şahid ifadələrinin hər biri ayrı-ayrı məbləğin cavabdeh tərəfindən iddiaçıdan alınması barədə məlumat olmaqla, onlar iddiaçının qardaşı və arvadıdır. Məhkəmə tərkibi həmin şəxslərin – şahidlərin hər ikisinin iddiaçının yaxın qohumu olması baxımından onların verdiyi informasiyaya tənqidi yanaşır və onları mötəbər sübut olaraq qəbul etmir. Çünki həmin şahid ifadələri digər hər hansı sübutla təsdiq edilmir. Beləcə, həmin şahid ifadələrinin digər mötəbər sübutlarla yanaşı dəyərələndirilməsi mümkün deyildir. Nəzərə alınmalıdır ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa, məhkəmə tərkibi tərəflər arasında baş tutmuş səs yazısını əks etdirən bir ədəd CD diski tədqiq etmiş və həmin səsyazıda hazırkı iddia tələbi üzrə qeyd edilən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi yaxud cavabdehin iddiaçıya həmin məbləği qaytarmalı olması halı təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, həmin səsyazının tədqiqi üçün iddiaçının nümayəndəsinə kifayət qədər zəruri şərait yaradılmışdır. Belə ki, məhkəmə iclasları nümayəndənin xahişi əsasında təxirə salınmış və diskdə olan çoxsaylı (100-dən artıq) səsyazının içərisindən mövcud sübutun seçilərək məhkəməyə təqdim edilməsi üçün vaxt verilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərkibi diqqətə çatdırır ki, qətnamənin iddianın təmin edilməsinə dair hissəsi mübahisələndirilmir. Beləcə, qətnamə həmin hissədə yoxlanılmadığı üçün orada maddi və prosessual hüquq normalarının tətbiqi halı hazırda araşdırma predmeti ola bilməz. Habelə MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Lerik Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(048)-241/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı X6 (Gasanov Malik) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(048)-241/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-209/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-209/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver