Məhkəmə qərarları › İş №2(106)-210/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-210/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-210/2024 10.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2(050)-623/2023 saylı qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 3184.16 manat məbləğində əsas borcun, 370.57 manat məbləğində faiz borcunun, 2147.91 manat məbləğində cərimə borcunun, cəmi 5702.64 manat borcun və 78 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən 33 ay müddətinə, illik 24 faiz dərəcəsi olmaqla Cavabdeh1 21000 manat məbləğində kredit verilmişdir. Bundan başqa iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icrasını təmin etmək məqsədi ilə digər borclu Cavabdeh2 ilə iddiaçı arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə görə zamin və borclu kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin cavabdehlər müqavilə üzrə nəzərdə tutulmuş qrafikə uyğun ödənişləri etməkdən yayınmışlar. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar öhdəliklərinin icra edilməsindən yayınmışlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(050)-623/2023 saylı qətnaməsi ilə (hakim Zeynal Zeynalov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2708.57 manat əsas, 13.68 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 3022.25 manat məbləğində pulun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 51 (əlli bir) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi və dövlət rüsumunun qalan hissəsinin isə iddiaçının özünə aid edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində cəmi 200 manatın alınaraq X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT-CTREAZ22) xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(050)-623/2023 saylı qətnaməsindən narazı olan iddiaçı X7 ASC apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. İddiaçı tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hakimin iddia tələbi üzrə gəldiyi nəticə düzgün deyildir. Həmçinin, məhkəmə ekspert qarşısında düzgün suallar qoymamış və borc düzgün hesablanmamışdır. Belə ki, məhkəmə iş materiallarında olan müqavilələri düzgün tədqiq etməmişdir, baxmayaraq ki, qətnamədə cavabdehlərlə bank arasında müqavilə 33 aylıq bağlanmışdır. İddia tələbinin qismən təmin olunması hissəsində maddi və prosessual hüquq normalarına riayət etməyərək məhkəmə qətnaməsi qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Cavabdehlər ilə 04 fevral 2020-ci il tarixdə 28 ay müddətinə yəni sonuncu ödəniş bitmə tarixi (04 iyun 2022—ci il) müqavilə bağlanasa da, cavabdehlər pandemiya ilə bağlı ödənişlərdə güzəşt vaxtının verilməsini bankdan xahiş etmişlər və onların bu xahişi Bank tərəfindən nəzərə alınmışdır. 02 iyun 2020-ci il tarixdə İddiaçı ilə yenidən müqavilə bağlanaraq, həmin müqavilə şərtlərinə əsasən cavabdehlərin kredit müddəti 28 aydan 33 aya, yəni 5 ay uzadılmışdır. Həmin müqavilənin şərtlərinə görə cavabdehlərin gecikdirdiyi kreditlər nəzərə alınaraq 2 ay heç bir ödəniş etməmək şərti və 3 ayı isə yalnız faiz borcundan ödənilməsini və sonuncu ödənişi 04 noyabr 2022-ci il tarixdə bitməsi şərti ilə müqavilə bağlamışlar və gecikdirilmiş günlərə görə cərimələr tam silinmişdir. Məhkəmə işi araşdırarkən və sübutlara qiymət verərkən cavabdehlərin bankla bağladığı 02 iyun 2020-ci il tarixli razılaşma müqaviləsinin şərtlərini nəzərə almamış və maddi sübut kimi qiymət verməmişdir, həmçinin ekspert qarşısında yalnız ilkin müqavilə üzrə yəni, 04 fevral 2020-ci il tarixli müqavilə üzrə suallar qoymuşdur. O da qeyd edilir ki, hətta ilkin müqavilə üzrə suallarada ekspert tərəfindən düzgün qiymət verilməmişdir. Məhkəmə ekspertizanın rəyinə uyğun olaraq rəydə müəyyən olunmuş ümumi borcdan ödənilən məbləği çıxmışdır. Halbuki, hər iki müqavilə şərtlərinə uyğun olaraq ödənilən məbləğ üzrə hesablamalar müqavilə şərtlərinə uyğun olaraq anunitet qaydada hesablanmalı idi. Müqavilə şərtlərinə uyğun qaydada cavabdehin qalıq borcu 3184,16 manat əsas borc, 370,57 manat faiz borcu və 2147,91 manat cərimə borcu təşkil edir. Həmin hesablama nəticəsində qalıq borc barədə maliyyə arayışı məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə cavabdehlərlə bağlanan xx.xx.2020-ci il və bitmə tarixi xx.xx.2022-ci il tarixli olan müqavilə üzrə qalıq borc məbləğini hesablayarkən yanlışlığa yol vermişdir. Belə ki, ödənilən məbləğləri xx.xx.2020-ci il tarixli və bitmə tarixi xx.xx.2022-ci il tarixli 33 aylıq, müqavilə üzrə hesablamalı idi. Həmçinin məhkəmə ödənişlərin gecikdirildiyini nəzərə almamış və ödənişi birbaşa əsas məbləğdən silmişdir. Halbuki, müqavilədə də gecikdirmələr barədə ödənişlərin ilkin olaraq cərimət faiz və sonda əsas məbləğdən silinməsi nəzərdə tutmuşdur. xx.xx.2023-cü il tarixdə məhkəmə iclas katibi zəng edərək ekspertizadan rəyin gəlməsini və dərhal Masallı Rayon Məhkəməsinə gəlməyin zəruri olduğunu bildirmişdir. Dərhal Bakıdan Masallıya gəlməyin mümkün olmadığını bildirərək məhkəmə iclasını bir gün təxirə salmalarını və ekspert rəyi ilə tamş olmaq üçün şərait yaradılmasından ötrü köməklik göstərilməsini xahiş etmişlər. Bu barədə dərhal elektron məhkəmə vasitəsi ilə məhkəmə iclasının təxirə alınması barədə ərizə yazmışlar. Lakin ərizəyə heç bir münasibət bildirilməmişdir və dərhal səthi olaraq məhkəmə keçrilərək qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən Masallı Rayon Məhkəməsinin e-2(050)-623/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinə mahiyyəti üzrə yenidən baxılaraq qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit Bankın iddia etdiyi kimi 33 deyil, 28 ay müddətinə verilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə tərəfər arasında bağlanmış kredit sazişinə görə kreditin müddəti 28 ay olmuşdur. İş materiallarında olan həmin gün bağlanmış ödəniş cədvəlindən (“Cədvəl-1”) görünür ki, 28 ay ərzində Borcalan Banka kreditin əsas məbləği ilə bərabər 6632,65 manat faiz, beləliklə də, cəmi 27632,65 manat ödəməli idi. Borcalan hər ay Banka 986,78 manat, sonuncu 28-ci ayda isə 989,59 manat ödəməli idi. Borcalanın bank hesabından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə, yəni ilk ödəniş günündə Borcalan Banka 986,78 manat əvəzinə 1300 manat ödəmişdir. 24 mart 2020-ci il tarixdən ölkədə xüsusi karantin rejimi elan edilmişdir. 2020-ci ildə mövcud olmuş sərt tələblər (evdə qalmaq və s.) məlumdur. Buna görə də borcalanlar tərəfindən kreditlərin ödənilməsində problemlər yaranmışdı. Hətta maddi imkanı olanlar belə fiziki olaraq banka gedib kredit üzrə öhdəliklərini icra edə bilmirdilər. 2020-ci ilin aprel-may ayları ərzində Borcalan Banka ödəniş etməmişdir. İş materiallarından da görünür ki, pandemiyanın “iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlərinin aradan qaldırılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə” xx.xx.2020-ci il tarixdə tərəflər arasında borcun restrukturizasiyasına dair Razılaşma bağlanmışdır. Razılaşma və ona əsasən bağlanmış yeni Ödəniş cədvəlindən (“Cədvəl-2”) görünür ki, restrukturizasiyanın şərtləri aşağıdakı kimi olmuşdur: 1.2020-ci ilin aprel-may ayları üzrə Borcalan heç bir ödəniş etmir (faktiki vəziyyət də belə idi); 2.2020-ci ilin iyun-avqust ayları üzrə Borcalan hər ay yalnız faiz (526,75 manat) ödəyir; 3.sonuncu 33-cü ayadək Borcalan hər ay əvvəlki kimi 986,78 manat ödəyir; 4.sonuncu 33-cü ayda Borcalan 2361,92 manat ödəyir və bura həmçinin güzəşt müddəti ərzində ödənilməmiş faiz məbləği (1180,78 manat) daxildir; 5.beləliklə də, nəticədə 21000 manat əsas borca görə 33 ay ərzində Borcalan Banka 9585,23 manat faiz, beləliklə də, cəmi 30585,23 manat ödəməli idi; 6. yekunda Cədvəl-1 ilə müqayisədə Borcalan Banka əlavə 2952,58 manat ödəməlidir, başqa sözlə, kredit müddətinin 5 aylıq uzadılmasına görə Borcalan Banka həmin ayların hər birinə görə əlavə 590,51 manat ödəməlidir. Bu şərtlərin borcun restrukturizasiyasına dair Razılaşmanın preambulasında bəyan edilən “əhalinin sosial rifahının qorunması” məqsədinə nə dərəcədə uyğun olması başqa məsələdir (bu şikayətin 6-cı hissəsində buna münasibət bildirilmişdir). Lakin aşağıda qeyd ediləcək məqamlar hətta bu şərtlərin də reallıqda saxta olmasına dəlalət edir. 2. Bank Borcalanın üzərinə artıq faizlər yükləyib. Borcun restrukturizasiyasına dair Razılaşmanın 4-cü bəndində göstərilib ki, güzəşt müddəti ərzində ödənilməmiş faiz məbləği 1180,78 manatdır. Həmin məbləğ də faktiki olaraq əsas borca əlavə edilib və Cədvəl-2-də sonuncu 33-cü ayın ödənişinə daxil edilib. Halbuki, Cədvəl-2-dən görünür ki, Borcalan yalnız 2 ay (2020-ciilin aprel-may ayları) üzrə ödəniş etməyib. Cədvəl-1-ə əsasən isə həmin iki ayın faiz ödənişləri cəm halda 805,71 (408,6+397,11) manat təşkil edir. Cədvəl-2-yə əsasən isə sonrakı hər 3 ay (iyun-avqust) üzrə Borcalan Banka 526,75 manat faiz ödəməlidir. Yəni əvvəlki faiz ödənişindən də yüksək. Belə olduğu halda, ödənilməmiş faiz məbləği 805,71 əvəzinə niyə 1180,78 manatdır? Fərq 375,07 manat təşkil edir. Açıq-aşkardır ki, Bank restrukturizasiya adı altında Borcalanın üzərinə artıq faizlər yükləyib. Bank Borcalanın pulunu mənimsəyib. Bu şikayətin 1-ci hissəsində qeyd edildiyi kimi, xx.xx.2020-ci il tarixdə, yəni ilk ödəniş günündə Borcalan Banka 986,78 manat əvəzinə 1300 manat ödəmişdir. Cədvəl-1-ə əsasən həmin məbləğin 420 manatı faiz ödənişinə, qalanı 566,78 manat hissəsi isə əsas borcun ödənilməsinə yönəldilməli idi. Borcalanın artıq ödədiyi 313,22 manat da əsas borcun ödənişinə yönəldilməli idi. Deməli, ilk ödənişdən sonra Borcalanın Banka əsas borcu Cədvəl-1-də göstərildiyi kimi 20433.22 manat deyil, 20120 manat qalmalı idi. Lakin Cədvəl-2-də bu fakt nəzərə alınmayıb. İlk ödəniş və onun nəticəsində qalmalı olan əsas borc elə Cədvəl 1-də göstərildiyi kimi təsbit edilib. Faktiki olaraq, Bank Borcalanın 313,22 manatını mənimsəyib. Borcun restrukturizasiyasına dair Razılaşma etibarsızdır. Sözügedən Razılaşmanın preambulasında “əhalinin sosial rifahının qorunması” məqsəd kimi göstərilsə də, reallıqda onun bağlanması əsnasında Borcalanın borc yükü və nəticədə Bankın qazancı artıb (baxın bu şikayətin 1-ci hissəsinə). X5 üzərinə artıq 375,07 manat faiz yükləyib (baxın bu şikayətin 2-ci hissəsinə) və ödədiyi 313.22 manatını mənimsəyib (baxın bu şikayətin 3-cü hissəsinə). Mülki Məcəllənin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. X4 pandemiya şəraitində Borcalan kimi müştərilərinə dair tətbiq etdiyi standart şərtli müqavilədir. Həmin Məcəllənin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) etibarsızdır. Bank pandemiya nəticəsində Borcalanın ağır vəziyyətə düşməsindən sui- istifadə etmişdir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqd etibarsızdır. Bank Borcalanın üzərinə artıq faiz yükləməklə və ödədiyi məbləği mənimsəməklə onu aldatmışdır. Qeyd edilənlər bu şikayətin 6-cı hissəsində toxunulan məqamla da öz təsdiqini tapır. Belə ki, Borcalanın təklifinə baxmayaraq, Bank sonradan Cədvəl-1-in şərtlərinə qayıtmaq imkanından yayınmışdır. Razılaşma güzəştdirsə, axı niyə ondan guya güzəştdən xeyir götürən Borcalan imtina edir, guya güzəşti edən Bank isə bununla razılaşmır? Beləliklə də, borcun restrukturizasiyasına dair Razılaşma etibarsızdır. Borcalan borcu tam ödəyib. Borcun restrukturizasiyasına dair Razılaşma etibarsız olduğu üçün Borcalanın Banka ödənişləri üçün Cədvəl- 1-i rəhbər tutmaq lazımdır. Borcalanın bank hesabından çıxarışdan görünür ki, o kredit üzrə aşağıdakı ödənişləri etmişdir: xx.xx.2020-1300 manat; xx.xx.2020-527 manat; xx.xx.2020- 1000 manat; xx.xx.2020-1000 manat; xx.xx.2021-500 manat; xx.xx.2021-1500 manat; xx.xx.2021- 800 manat; xx.xx.2021-700 manat; xx.xx.2021-1500 manat; xx.xx.2021-1500 manat; xx.xx.2021-1500 manat; xx.xx.2021-2000 manat; xx.xx.2021-2000 manat; xx.xx.2021-900 manat; xx.xx.2021-802 manat; xx.xx.2021-860 manat; xx.xx.2021-102 manat; xx.xx.2022-400 manat; xx.xx.2022-712 manat; xx.xx.2022-1500 manst; xx.xx.2022-1500 manat; xx.xx.2022-250 manat; xx.xx.2022-1250 manat; xx.xx.2022-1000 manat; xx.xx.2022-300 manat; xx.xx.2022-1000 manat və xx.xx.2022-1232 manat. Göründüyü kimi, Borcalan Cədvəl-1 üzrə nəzərdə tutulan 27632,65manat əvəzinə 27635 manat ödəmişdir. Fərq 2,35 manat təşkil edir. Cədvəl- 1-də son ödəniş tarixi xx.xx.2022-ci il olduğu halda, Borcalan cəmi 55 gün gecikməyə yol vermişdir. Uzaqbaşı həmin gecikməyə görə Borcalan tərəfindən artıq ödənilmiş 2,35 manatı aid etmək olar. Halbuki, pandemiya səbəbindən gecikməyə görə cərimə tutmaq mənəviyyatsızlıqdır. Axı Borcalan əsas borcu da, bütün faizləri də artıqlaması ilə ödəyib. Bank tərəfindən də Borcalana hər hansı cərimənin tutulması haqda rəsmi məlumat verilməyib. Beləliklə də, borcalanın Banka borcu yoxdur. Mühasibatlıq ekspertizası bunu təsdiq edəcək. Borcun restrukturizasiyasına dair Razılaşma etibarlıdırsa belə, borc ödənilib. Hətta tutaq ki, borcun restrukturizasiyasına dair Razılaşma etibarlıdır və ödənişlər üzrə Cədvəl-2-ni rəhbər tutmaq lazımdır. Bu halda da borc yoxdur. Əvvəla, Cədvəl-2 üzrə bu şikayətin 2-3cü hissələrində göstərilən faiz yüklənilməsi və vəsaitin mənimsənilməsi nəzərə alınmalıdır. Başqa sözlə, Cədvəl-2-dəki yanlış rəqəmlər düzəldilməlidir. Digər tərəfdən, Cədvəl-2-yə görə son ödəniş tarixi xx.xx.2022-ci ildir. Borcalan isə bütün ödənişləri vaxtından əvvəl və artıq məbləğlərlə ödəyib. Buna görə də əsas borcu daha sürətlə azalıb və nəticə olaraq faiz ödənişlərinin cəmi də yekunda azalıb. Bunu istənilən mühasibatlıq ekspertizası təsdiq edə bilər. Bu əsnada xatırladırıq ki, iş materiallarında olan İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri”nin 3.4-cü bəndinə əsasən faizlər borc məbləğinə hesablanmalıdır. Əsas borc daha sürətlə azalırsa, deməli, faizlər də ödəniş cədvəli üzrə deyil, faktiki əsas borc məbləğinin üzərinə hesablanmalıdır. Əslində isə Bank borcun restrukturizasiyasına dair Razılaşmanın etibarlı olmasında inad edirsə və hesablaşmanın məhz Cədvəl-2 əsasında aparılmasını istəyirsə, bununla özünü ifşa edir. Çünki həmin Razılaşma və Cədvəl-2 guya məhz Borcalana güzəşt kimi bağlanıbsa, deməli, Borcalanın ondan imtina etməsi və borcun Cədvəl-1 üzrə aparılmasını tələb etməsi Bankı narahat etməməlidir. Narahat edirsə, deməli, bununla restrukturizasiyanı Borcalanın deyil, sırf öz maraqları naminə həyata keçirib. Başqa sözlə, pandemiya şəraitindən sui-istifadə edib. Bu da onunla təsdiq olunur ki, xx.xx.2022-ci il tarixdə Borcalan Banka müraciət edərək Cədvəl-1 üzrə ödənişlərini davam etdirib tez bitirmək niyyətini bildirib. Bank xx.xx.2022-ci il tarixdə cavab məktubu göndərərək Borcalanın təklifinə cavab birmənalı verəməmişdir. Bununla da Bank bir daha göstərmişdir ki, borcun restrukturizasiyasına dair Razılaşma Borcalan üçün güzəşt deyil, əksinə, Bankın vicdansızcasına pandemiyadan sui-istifadə edərək Borcalanı əlavə öhdəliklə yükləməsi üçün bir fənddir. Razılaşma güzəştdirsə, axı niyə ondan guya güzəştdən xeyir götürən Borcalan imtina edir, guya güzəşti edən Bank isə bununla razılaşmır? Bütün bunlara Qətnamədə Məhkəmə heç bir münasibət bildirməyib. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamədə isə deyilir: “məhkəmə 06 sentyabr 2023- cü il tarixli, 3-16-16/2-9/5642/2023 saylı ekspert rəyini daha mötəbər sübut növü kimi qəbul edir”. Halbuki, MPM- nin 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəyə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Borcalanın etirazındakı arqumentlərə isə heç bir qiymət verilməyib. Halbuki 217.3-cü maddəyə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(050)-623/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023cü il tarixli, 2(050)-623/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın tam rədd edilməsi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfindən işə mahiyyəti üzrə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil və digər Cavabdeh2 kollegiya iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə uyğun olaraq işə mahiyyəti üzrə yuxarıda adları qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhəkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə olan sənədləri tədqiq edərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 fevral 2020-ci il tarixli, MK/71396/73/15 nömrəli Kredit Sazişindən görünür ki, Bank tərəfindən borcluya illik 24 faiz dərəcəsi olmaqla 28 ay müddətinə 21000 manat məbləğində Nağd pul kredit verilmiş, borcalan verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin həmin müqavilə ilə digər borclu Cavabdeh2 borclu Cavabdeh1 məsuliyyəti üzrə zaminlik şərtləri ilə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 iyun 2020-ci il tarixli Razılaşmadan görünür ki, kreditin müddəti 19 fevral 2022-ci il tarixədək, 23 sentyabr 2020-ci il tarixli Əlavə Sazişə əsasən 04 fevral 2020-ci il tarixli, MK/71396/73/15 nömrəli kreditin müddəti 04 iyun 2022-ci il tarixədək uzadılmışdır. Həmçinin həmin müqavilə ilə digər borclu Cavabdeh2 borclu Cavabdeh1 məsuliyyəti üzrə zaminlik şərtləri ilə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İddiaçı ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 04 fevral 2020-ci il tarixli, MK/71396/73/15 nömrəli kredit müqaviləsi üzrə 3184.16 manat əsas, 370.57 manat faiz və 2147.91 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5702.64 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 9/1938 saylı ekspert rəyindən görünür ki, 04 fevral 2020-ci il tarixli, MK/71396/15 saylı kredit müqaviləsinin şərtləri nəzə alınmaqla Cavabdeh1 xx.xx.2022-ci il tarixə (kredit müqaviləsinin bitmə tarixinə) İddiaçı ASC-yə olan borcu 5131.42 manat əsas, 13.68 manat faiz borcu məbləğindədir. Həmçinin, 04 fevral 2020-ci il tarixli, MK/71396/15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2023-cü il tarixə (maliyyə arayışında qeyd edilən tarixinə) İddiaçı ASCyə olan borcu 2776.96 manat əsas, 322.13 manat faiz borcu məbləğindədir. Həmçinin, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 04 fevral 2020-ci il tarixli MK/71396/73/15 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-9/5642/2023 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 04 fevral 2020-ci il tarixli MK/71396/73/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 24 may 2022-ci il tarixinə (maliyyə arayışı üzrə tarixə) İddiaçı ASC-yə olan borcu 04 iyun 2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 5131.42 manat əsas, 13.68 manat faiz borcu, 23 yanvar 2023-cü il tarixə (maliyyə arayışı tarixə) 2708.57 manat əsas, 13.68 manat faiz borcu, 99.42 manat faiz borcu (5 %- lə) məbləğindədir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin, 04 fevral 2020-ci il tarixli MK/71396/73/15 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmadı. İş materiallarında olan Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(005)2518/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-nə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ASC-dən müddəti noyabr 2022-ci ildə bitəcək xx.xx.2020-ci il tarixli 2-ci müqavilənin (21000 manat kreditə qarşı 9585 manat faiz) ləğv edilib, müddəti xx.xx.2022-ci ildə bitəcək xx.xx.2020-ci il tarixli 1-ci müqavilənin (21000 manat kredit məbləğinə qarşılıq 6632 manat faiz) əsas götürülməsi üçün qətnamə qəbul edilməsini, cavabdeh İddiaçı ASC-nin ona heç bir rəsmi xəbərdarlıq etmədən 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə qərəzli şəkildə guya gecikməyə görə hesablanmış 479 manat cərimənin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, Nərimanov Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(005)2518/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-9/5642/2023 saylı ekspert rəyinə əsaslanaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442 və 448.1-ci maddələrini rəhbər tutmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdehlər ilə 04 fevral 2020-ci il tarixdə 28 ay müddətinə yəni sonuncu ödəniş bitmə tarixi (04 iyun 2022—ci il) müqavilə bağlanasa da, cavabdehlər pandemiya ilə bağlı ödənişlərdə güzəşt vaxtının verilməsini bankdan xahiş etmişlər və onların bu xahişi Bank tərəfindən nəzərə alınmışdır. 02 iyun 2020-ci il tarixdə İddiaçı ilə yenidən müqavilə bağlanaraq, həmin müqavilə şərtlərinə əsasən cavabdehlərin kredit müddəti 28 aydan 33 aya, yəni 5 ay uzadılmışdır. Həmin müqavilənin şərtlərinə görə cavabdehlərin gecikdirdiyi kreditlər nəzərə alınaraq 2 ay heç bir ödəniş etməmək şərti və 3 ayı isə yalnız faiz borcundan ödənilməsini və sonuncu ödənişi 04 noyabr 2022-ci il tarixdə bitməsi şərti ilə müqavilə bağlamışlar və gecikdirilmiş günlərə görə cərimələr tam silinmişdir. Məhkəmə işi araşdırarkən və sübutlara qiymət verərkən cavabdehlərin bankla bağladığı 02 iyun 2020-ci il tarixli razılaşma müqaviləsinin şərtlərini nəzərə almamış və maddi sübut kimi qiymət verməmişdir, həmçinin ekspert qarşısında yalnız ilkin müqavilə üzrə yəni, 04 fevral 2020-ci il tarixli müqavilə üzrə suallar qoymuşdur. O da qeyd edilir ki, hətta ilkin müqavilə üzrə suallarada ekspert tərəfindən düzgün qiymət verilməmişdir. Məhkmə ekspertizanın rəyinə uyğun olaraq rəydə müəyyən olunmuş ümumi borcdan ödənilən məbləği çıxmışdır. Halbuki, hər iki müqavilə şərtlərinə uyğun olaraq ödənilən məbləğ üzrə hesablamalar müqavilə şərtlərinə uyğun olaraq anunitet qaydada hesablanmalı idi. Müqavilə şərtlərinə uyğun qaydada cavabdehin qalıq borcu 3184,16 manat əsas borc, 370,57 manat faiz borcu və 2147,91 manat cərimə borcu təşkil edir. Həmin hesablama nəticəsində qalıq borc barədə maliyyə arayışı məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə cavabdehlərlə bağlanan xx.xx.2020 və bitmə tarixi xx.xx.2022-ci il olan müqavilə üzrə qalıq borc məbləğini hesablayarkən yanlışlığa yol vermişdir. Belə ki, ödənilən məbləğləri xx.xx.2020ci il tarixli və bitmə tarixi xx.xx.2022-ci il tarixli 33 aylıq, müqavilə üzrə hesablamalı idi. Həmçinin məhkəmə ödənişlərin gecikdirildiyini nəzərə almamış və ödənişi bir başa əsas məbləğdən silmişdir. Halbuki, müqavilədə də gecikdirmələr barədə ödənişlərin ilkin olaraq cərimə, faiz və sonda əsas məbləğdən silinməsi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı ilə cavabdeh arasında olan müqavilənin şərti olaraq müəyyən edilmiş “02 iyun 2020-ci il tarixli razılaşmaya (04 fevral 2020-ci il tarixli, MK/71396/73/15 saylı Kredit müqaviləsi üzrə kredit borcunun restruktrizasiyasına dair) istinad edərək razılaşmanın şərtlərinə əsasən Kredit borcunun restruktrizasiya edildiyi tarixdən sonrakı aylar üzrə güzəşt müddətinin sonuncu ayına qədər (həmin ay da daxil olmaqla) “Kredit alan”dan əsas borc məbləği tələb edilmir və yalnız faiz borcunun ödənilməsi tələb edilir. Güzəşt müddətindən sonrakı aylarda annuitet qaydasında ödəniş üsulu tətbiq edilir. Razılaşmanın 2.1-ci bəndində qeyd edilən güzəşt müddəti ərzində hesablanmış və ödənilməmiş, xüsusi hesabda dondurularaq saxlanılan 1180.78 (bir min yüz səksən manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu aşağıda qeyd olunan qaydada “Kredit alan”dan tələb edilir. Razılaşmanın 2.2-ci bəndində qeyd edilən güzəşt müddəti ərzində Kredit borcunun restruktrizasiya edildiyi ay üzrə restruktrizasiyanın həyata keçirildiyi gündən sonrakı gün, növbəti aylarda isə hər ayın ödəniş tarixindən sonrakı gün aylıq faiz borcunun üzərinə güzəşt müddətinin birinci hissəsində xüsusi hesabda dondurularaq saxlanılmış faiz məbləğinin maksimum 10%-i əlavə edilir. Güzəşt müddətindən sonrakı aylarda aylıq ödəniş məbləği kimi əsas borc qismində həmin ay üzrə aylıq annuitet ödəniş məbləğinin minimum 10%-i tələb edilir, aylıq ödəniş məbləğinin geriyə qalan hissəsini həmin ay üzrə hesablanmış faiz borcu və ümumi məbləğindən asılı olaraq, restruktrizasiya edilən tarixədək dondurularaq saxlanılmış faiz borcunun tam və ya müvafiq hissəsi təşkil edir. Dondurularaq saxlanılmış faiz borcunun müvafiq hissəsi hər ayın ödəniş tarixindən sonrakı gün aylıq faiz borcunun üzərinə əlavə edilmiş və cavabdeh tərəfindən ödəniş yerinə yetirilərkən müvafiq olaraq əsas borc, faiz borcu və cərimə silinməklə həyata keçirilməlidir” şərtinə cavabdeh tərəfindən tam əməl olunmuş, Cavabdeh1 müqavilənin əlavəsi olan ödəniş cədvəlində aylıq ödəniş kimi nəzərdə tutulmuş məbləğdən artıq ödəməklə öhdəliyini yerinə yetirmiş bu fakt 06 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-9/5642/2023 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 04 fevral 2020-ci il tarixli MK/71396/73/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 24 may 2022-ci il tarixinə (maliyyə arayışı üzrə tarixə) İddiaçı ASC-yə olan borcu 04 iyun 2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 5131.42 manat əsas, 13.68 manat faiz borcu, 23 yanvar 2023cü il tarixə (maliyyə arayışı tarixə) 2708.57 manat əsas, 13.68 manat faiz borcu, məbləğindədir. Odur ki məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbini qismən təmin etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili isə onun tərəfindən müqavilədə nəzərdə tutulmuş borc məbləği tam ödənildiyi halda ondan yenidən əsas və faiz borcu tələb olunur. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə borcunun tam ödənilməsi və onun banka borcunun qalmaması işdə olan sübutlarla öz təsdiqni tapmır. Əksinə ekspertiza tərəfindən verilən rəylə tam sübut olunur ki, 04 fevral 2020-ci il tarixli müqavilə üzrə Cavabdeh1 2708.57 manat əsas, 13.68 manat faiz borcu ödənilməmiş qalmışdır. Məhkəmə kollegiyası cavabdehin yuxarıda qeyd olunan dəlili ilə bağlı qeyd edir ki, cavabdehin yuxarıda qeyd olunan dəlilinə qiymət verməzdən öncə tərəflərin iradəsini azad şəkildə ifadə edən və qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirən müqavilə tədqiq olunmalıdır. Belə ki, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən, məzmundan və formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Göründüyü kimi cavabdeh iddiaçı X7 ASC ilə 02 iyun 2020-ci il tarixdə müqavilə bağlamış, həmin müqavilə üzrə tərəflər öz üzərilərinə öhdəlik götürmüşlər. Sonradan isə cavabdeh X7 ASC ilə aralarında 02 iyun 2020-ci il tarixdə bağladıqları müqaviləni mübahisələndirmiş, Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, hazırda həmin qətnamə qanuni qüvvədədir. Belə olan halda cavabdehin iddia tələbinə etirazının və apellyasiya şikayıətinin dəlilini təşkil edən 02 iyun 2020-ci il tarixli müqavilə üzrə ondan tələb olunan faiz məbləğinin tutulmasının qanunsuz olmasını bildirməsi, iş üçün əhəmiyyət daşımır. Çünki cavabdehin iddiası üzrə müqavilənin ləğvi tələbinə baxılarkən əqdə əsaslanan tələb üzrə müqavilənin etibarlılıq şərti yoxlanılmış və iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Bu isə cavabdehin iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri olan 02 iyun 2020ci il tarixli müqavilənin yenidən yoxlanılması zərurətini aradan qaldırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2708.57 manat əsas, 13.68 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 3022.25 manat məbləğində pulun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi qənətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətanmədə təkaralamağa zərurət görmür. Məhkəmə kollegiyası həm iddiaçı həm də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(050)-623/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(050)-623/2023 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar