Məhkəmə qərarları › İş №2(106)-212/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-212/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-212/2023 14.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçılı oğlunun, Cavabdeh və onun vəkili Ağayev Anar Ramiz oğlunun iştirakları ilə, İddiaçılı oğlunun Cavabdeh qarşı 12000 manat cavabdehə ödənilən pulun, 3600 manat "xxxx" ASC-yə ödənilən pulun, 2000 manat əldən çıxmış faydanın, 500 manat vəkilə ödənilən pulun, 145 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 2(073)-227/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Cəlilabad Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 2(073)-227/2022 saylı qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) iddia qismən təmin edilərək, Cavabdeh texnikaların alınması üçün ödənilən 11400 manat məbləğ, həmin texnikaların lizinq ödənişi kimi ödənilən 3600 manat məbləğ, hüquqi yardıma görə vəkilə ödənilən 500 manat məbləğ olmaqla, cəmi 15500 manat məbləğ və 145 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçılı oğluna verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh tərəfindən Cəlilabad Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 2(073)-227/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçılı oğlu iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh şifahi razılaşma əsasında 1 ədəd “Belarus-892” markalı 90 C 280 Dövlət nömrəli traktoru, 1 ədəd 4 gövdəli asma (təkərli) SP 144 nömrəli kotanı və 1 ədəd AG-TS24 nömrəli taxılsəpən selkanı 2020-ci ilin avqust ayında 12000 manat qarşılığında satın almışdır. Həmin texnikaları alanda Cavabdeh ona bildirmişdir ki, texnikaları lizinq yolu ilə "xxxx" ASC-dən götürmüşdür və texnikalara görə "xxxx" ASC-yə 23500 manat məbləğdə əsas və 7200 manat məbləğdə isə gecikmiş borcu vardır. Cavabdeh vaxtında lizinq ödənişlərini etməmişdir. O, texnikaları Cavabdeh aldıqdan sonra həmin borclardan 2020-ci ilin sentyabr ayında 600 manat məbləğdə, noyabr ayında 3000 manat məbləğdə "xxxx" ASCnin hesabına ödənilmişdir. Texnikalar ona verildikdən sonra təmir etməyə təxminən 600 manat məbləğdə xərc çəkmiş və cavabdehlə alqı-satqı razılaşması oduğu üçün lizinq kreditini ödəmiş, lakin o, texnikalardan istifadə edə bilməmişdir. 2021-ci ilin yanvar ayından Cavabdeh ona satdığı texnikaları geri tələb etmişdir. Ondan səbəbini soruşduqda isə bildirmişdir ki, aralarında rəsmi alqı-satqı olmayıb və həmin texnikaları şifahi olaraq satmışdır. Buna görə də, Cavabdeh texnikaları ondan qaytarmasını tələb etmiş, əks təqdirdə isə məhkəməyə müraciət edəcəyini demişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh texnikaları daha baha qiymətə başqa şəxsə satmaq istəyir. O, isə Cavabdeh texnikaları alan zaman ödədiyi 12000 manat məbləğdə və 3600 manat məbləğdə pul vəsaitini geri tələb etmişdir. Bundan sonra Cavabdeh texnikaların ondan alınması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, o da qarşılıqlı iddia ərizəsi ilə Cavabdeh qarşı pul tələbi barədə məhkəməyə müraciət etmişdir. Həmin işə məhkəmədə baxılarkən Cavabdeh həqiqətən 12000 manat məbləğə texnikaları ona satdığını etiraf etmişdir. Daha sonra Cavabdeh dələduzluğunun üstünün açılacağını görüb məhkəmədən kənar onunla razılaşmaq istədiyini bildirmişdir. Razılaşmaya əsasən o, Cavabdeh texnikaları, sonuncu isə ondan aldığı 12000 manat məbləğdə pul vəsaitini qaytarmağı öhdəsinə götürmüşdür. O, öhdəliyə əməl edərək texnikaları 14 oktyabr 2021-ci il tarixdə Cavabdeh qaytarmış, lakin Cavabdeh 12000 manat məbləğdə pulu və texnikaya görə ödədiyi kredit məbləğini ona qaytarmamışdır. Belə ki, Cavabdeh ona cəmi 600 manat məbləğdə pul vəsaitini qaytarmışdır. Dəfələrlə cavabdehdən pulunu istəsə də, heç bir faydası olmamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, birinci instansiya məhkəməsində izahatında bildirmişdir ki, 2018-ci ildə "xxxx" ASC-dən lizinq yolu ilə 1 ədəd “Belarus-892” markalı 90 C 280 dövlət nömrəli traktoru, 1 ədəd 4 gövdəli asma (təkərli) SP 144 nömrəli kotanı və 1 ədəd AG- TS24 nömrəli taxıl səpən selkanı almışdır. Ancaq sağlamlığında yaranmış problemlərlə əlaqədar olaraq həmin texnikaları şifahi razılıq əsasında İddiaçılı oğluna vermək qərarına gəlmişdir. Belə ki, 2020-ci ilin avqust ayında həmin texnikaları qarşılıqlı razılıq əsasında İddiaçılı oğluna vermişdir ki, lizinqə qalan borcu o, ödəsin və iddiaçıdan da həmin vaxt bunun qarşılığında 12000 manat müqabilində pul almışdır. Həmin şifahi razılaşmaya görə İddiaçılı oğlu həmin texnikalara görə "xxxx" ASC-yə olan aylıq ödənişləri ödəməli idi. Lakin bir müddət sonra ona məlum olmuşdur ki, İddiaçılı oğlu lizinqə götürülmüş taxıl səpən selkanı başqa bir şəxsə 3000 manata satmışdır. O, bu barədə İddiaçılı oğluna öz iradını bildirmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, İddiaçılı oğlu həmin texnikalara görə "xxxx" ASC-yə olan borcu ödəmir və texnikalar onun adına lizinqə götürüldüyü üçün iddiaçıya borcun "xxxx" ASC-yə ödənilməsi üçün davamlı olaraq xəbərdarlıq etmişdir. Hətta iddiaçıya texnikaların pulunun ödəməsinin vacib olduğunu bildirsə də, iddiaçı bunun ona heç bir aidiyyətinin olmadığını və texnikaların ona aid olduğunu bildirmişdir. Bundan sonra o, iddiaçıdan həmin texnikaların geri qaytarılmasını tələb etmişdir. İddiaçılı oğlu texnikaları ona qaytarmaqdan imtina etdiyi üçün məcbur qalıb məhkəməyə müraciət etmiş və məhkəmə zamanı öz aralarında razılığa gəlmişlər. İddiaçılı oğlu adıçəkilnə texikaları 2021-ci ilin oktyabr ayında ona qaytarmış, o isə İddiaçılı oğlundan texnikaların satılmasına görə aldığı 12000 manat puldan 8000 manat pulu özünə qaytarmışdır. Bu barədə məhkəmədə ərizə vermişlər. Həmin ərizələr əsasında mülki iş baxılmamış saxlanılmışdır. Nəticədə onun İddiaçılı oğluna 4000 manat borcu qalmışdır. Həmin 4000 manat pulu iddiaçıya verməməkdə hər ikisinin razılığı olmuşdur ki, İddiaçılı oğlu onun texnikalarına zərər vurmuşdur. Apellyasiya şikayətindən göründüyü kimi birinci instansiya məhkəməsi "xxxx" ASC-nin 12 oktyabr 2021-ci il tarixli arayışına istinad edərək ödənişin onun adından 18 sentyabr 2020-ci il tarixdə 600 manat, 26 noyabr 2020-ci il tarixdə isə 3000 manat ödənildiyini qeyd etmişdir. Göründüyü kimi həmin ödənişlərin onun tərəfindən "xxxx" ASC-yə ödənilməsini məhkəmə özü də qətnamədə təsdiq etmişdir. İddiaçı tərəfindən həmin texnikalara görə "xxxx" ASCyə 3600 manat ödəniş etməsi barədə fikri yalandır. İddiaçı həmin texnikalara görə "xxxx" ASC-yə heç bir ödəniş etməmişdir. Həmin ödənişləri özü etmişdir. Birinci instansiyası məhkəməsində dindirilmiş şahidlər Fərziyev Fəxrəddin Bəhlul oğlu qətnamədəki izahatında İddiaçıla qohum olduğunu, digər şahidlər Əliyev Fariz Allahverən oğlu və Cəfərov Məzahir Salman oğlu qətnamədəki izahatlarında İddiaçıla həmkəndli olduğlarını bildirmişlər. Hər üç şahid işin halları barədə heç bir məlumatlı olmadıqları halda yalan ifadə vermişlər. Belə ki, onların heç biri onların yanında olmamışdır. O zaman həmin şahidlər onun "xxxx" ASC-yə olan əsas və gecikmə borcunun məbləğini hansı meyarlar əsasında müəyyən ediblər. Halbuki, şahidləri ümumiyyətlə tanımır. Adıçəkilən xüsusatlar tam araşdırılmamışdır. Bundan əlavə, iddiaçı əvvəlcə ona qarşı məhkəmədə qarşılıqlı iddia qaldıraraq guya ki, həmin texnikaların müqabilində ona 17000 manat məbləğdə pul vəsaiti ödədiyini qeyd etmişdir. Halbuki, məhkəmədə hazırkı iş üzrə iddiasında həmin məbləği dəyişərək həmin texnikaların müqabilində ona 12000 manat məbləğdə pul vəsaiti ödədiyini qeyd etmişdir. Həmçinin birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, tərəflər arasında texnikaların alqı-satqısına dair etibarsız əqd olmuş və etibarsız əqdə görə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını geri qaytarmalıdırlar. Halbuki, onun iddiaçıdan aldığı 12000 manat pulun 8000 manatını iddiaçıya geri qaytarmağına dair 2(073)-1857/2021 saylı mülki iş üzrə onlar tərəfindən yazılmış ərizələrdə öz əksini tapmışdır. Belə olan halda da onun iddiaçıya cəmi 4000 manat borcu qalmışdır ki, bu barədə də 4000 manat pulu iddiaçıya verməməkdə hər ikisinin razılığı olmuşdur ki, iddiaçı onun texnikalarına zərər vurmuşdur. İddiaçılı oğlu məhkəmədə iddia ərizəsini məzmununa uyğun izahat verərək Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Cəlilabad Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 2(073)-227/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh və onun vəkili Ağayev Anar Ramiz oğlu apellyasiya şikayətinin təmin edilməsini və Cəlilabad Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 2(073)-227/2022 saylı qətnaməsininləğv edilərək iddianın rədd edilmçəsini xahiş etmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Cəlilabad Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 2(073)-227/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 27 fevral 2019-cu il tarixli 439-GL/19 saylı lizinq müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh “Belarus-892” markalı traktor, 4 gövdəli asma (təkərli) SP144 nömrəli kotan və AG-TS24 markalı Taxılsəpən Gübrəsəpənli lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Cəlilabad rayon filialı tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Kapitalbank ASC-nin Cəlilabad filialına aid K0162002 nömrəli ödəniş terminalından 18 sentyabr 2020-ci il tarixdə 600 manat məbləğdə, 26 noyabr 2020-ci il tarixdə isə 3000 manat məbləğdə pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş Ödəniş qəbzlərindən görünür ki, texnikaların lizinqi üzrə "xxxx" ASC-nin Cəlilabad rayon filialı vasitəsilə 18 sentyabr 2020-ci il tarixdə 600 manat və 26 noyabr 2020-ci il tarixdə isə 3000 manat məbləğdə pul ödənilmişdir İş materiallarına əlavə edilmiş Cəlilabad rayon Polis Şöbəsi tərəfindən verilmiş toplanmış material üzrə Cavabdeh tərəfindən yazılmış izahatından görünür ki, Cavabdeh özünə məxsus “Belarus-892” markalı traktor, 4 gövdəli asma (təkərli) SP144 nömrəli kotan və AG-TS24 markalı Taxılsəpən Gübrəsəpəni işlədə bilmədiyi üçün 2020-ci ilin avqust ayında İddiaçı aylıq kreditini ödəmək şərti ilə 12000 manata vermişdir. Həmin materiala əlavə edilmiş İddiaçılı oğlunun izahatından görünür ki, o, 2020-ci ilin avqust ayında aralarında olan şifahi sövdələşmə əsasında Cavabdeh Belarus markalı traktoru üzərində avadanlıqları ilə birlikdə 12000 manata almışdır. Texnikaları alan zaman Tacəddin ona demişdir ki, texnikaların lizinqə olan 1000 manatını taxil biçininə kimi, qalan 6200 manat pulu isə taxıl biçinindən sonra ödəyərsən. Texnikaları alandan sonra 600 manat ödəmiş, oktyabr ayında isə 3000 manat ödəmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Fərziyev Fəxrəddin Bəhlul oğlu ifadəsində bildirmişdir ki, İddiaçıla uzaq qohumluq münasibətləri vardır. Cavabdeh isə rayon sakini tanımışdır. İddiaçı 2020-ci ilin avqust ayında Cavabdeh şifahi razılaşma əsasında 1 ədəd “Belarus-892” markalı traktoru, 1 ədəd 4 gövdəli asma (təkərli) SP 144 nömrəli kotanı və 1 ədəd AG-TS24 nömrəli taxılsəpən selkanı 12000 manat pul ödəməklə almışdır. Cavabdeh texnikaları lizinq yolu ilə "xxxx" ASC-dən götürdüyü üçün Tacəddinin texnikalara görə "xxxx" ASC-yə 23500 manat əsas borcu, 7200 manat isə gecikmiş borcu olmuşdur. Bəşir texnikaları Cavabdeh aldıqdan sonra həmin borclardan 3600 manatını "xxxx" ASC-nin hesabına ödəmişdir. 2021-ci ilin əvvəllərində Cavabdeh Bəşirdən texnikaları geri tələb etmişdir. Bəşir isə Cavabdeh texnikaları alan zaman ödədiyi 12000 manat və ödədiyi 3600 manat pulu geri tələb etmişdir. Bundan sonra Cavabdeh texnikaların Bəşirdən alınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmənin gedişində onlar razılığa gəlmişlər ki, İddiaçı Tacəddinə texnikaları, Tacəddin isə Bəşirdən aldığı 12000 manat və lizinq kimi ödədiyi 3600 manat məbləğdə pulu qaytarsın. İddiaçı texnikaları Cavabdeh qaytarmış, lakin Cavabdeh Bəşirə borcunu qaytarmamışdır. Cavabdeh Bəşirə cəmi 600 manat pul qaytarmışdır. Digər şahid Əliyev Fariz Allahverən oğlu ifadəsində bildirmişdir ki, İddiaçıla həmkəndlidir. Cavabdeh isə rayon sakini tanıyır. İddiaçı 2020-ci ildə Cavabdeh şifahi razılaşma əsasında 1 ədəd “Belarus-892” markalı traktoru, 1 ədəd 4 gövdəli asma (təkərli) SP 144 nömrəli kotanı və 1 ədəd AG-TS24 nömrəli taxılsəpən selkanı 12000 manat məbləğdə pul ödəməklə almışdır. Cavabdeh texnikaları lizinq yolu ilə "xxxx" ASCdən götürdüyü üçün Tacəddinin texnikalara görə "xxxx" ASC-yə 23500 manat məbləğdə əsas borcu, 7200 manat məbləğdə isə gecikmiş borcu olmuşdur. Bəşir texnikaları Cavabdeh aldıqdan sonra həmin borclardan 3600 manatını "xxxx" ASC-nin hesabına ödəmişdir. 2021-ci ilin əvvəllərində Cavabdeh Bəşirdən texnikaları geri tələb etmişdir. Bəşir isə Cavabdeh texnikaları alan zaman ödədiyi 12000 manat və 3600 manat məbləğlərdə pul vəsaitini geri tələb etmişdir. Bundan sonra Cavabdeh texnikaların Bəşirdən alınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin gedişində onlar razılığa gəlmişlər ki, İddiaçı Tacəddinə texnikaları, Tacəddin isə Bəşirdən aldığı 12000 manat və lizinq ödənişi kimi ödədiyi 3600 manat pulu qaytarsın. İddiaçı texnikaları Cavabdeh qaytarmış, lakin Cavabdeh Bəşirə cəmi 600 manat pul qaytarmışdır. Habelə, digər şahid olan Cəfərov Məzahir Salman oğlu öz ifadəsində göstərmişdir ki, İddiaçıla həmkəndlidir. Cavabdeh isə rayon sakini kimi tanıyır. İddiaçı 2020-ci ildə Cavabdeh şifahi razılaşma əsasında 1 ədəd “Belarus-892” markalı traktoru, 1 ədəd 4 gövdəli asma (təkərli) SP 144 nömrəli kotanı və 1 ədəd AG-TS24 nömrəli taxılsəpən selkanı 12000 manat məbləğdə pul ödəməklə almışdır. 2021-ci ilin əvvəllərində Cavabdeh Bəşirdən texnikaları geri tələb etmişdir. Bəşir isə Cavabdeh texnikaları alan zaman ödədiyi pulu geri tələb etmişdir. Bundan sonra İddiaçı texnikaları Cavabdeh qaytarmış, lakin Cavabdeh Bəşirə cəmi 600 manat pul qaytarmışdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından göründüyü kimi, tərəflər arasında pul tələbinə dair hazırkı iş üzrə mübahisəli və hazırda sahibi Cavabdeh olan 1 ədəd “Belarus-892” markalı traktoru, 1 ədəd 4 gövdəli asma (təkərli) SP 144 nömrəli kotanı və 1 ədəd AG-TS24 nömrəli taxılsəpən selkanın İddiaçılı oğluna (onun mülkiyyətinə) verilməsi hazırda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Qeyd edilməlidir ki, MPM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MPM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, işdən göründüyü kimi Cavabdeh öz mülkiyyətində və sahibliyində olan 1 ədəd “Belarus-892” markalı traktoru, 1 ədəd 4 gövdəli asma (təkərli) SP 144 nömrəli kotanı və 1 ədəd AG-TS24 nömrəli taxılsəpən selkanı şifahi qaydada, yəni qanunvericiliyin tələblərinə əməl etmədən İddiaçılı oğluna “satmış” və bunun da müqabilində həm 12000 manat məbləğdə pul almış, bundan əlavə, həmin texnikanın İddiaçılı oğlunda olduğu müddət ərzində (18 sentyabr 2020-ci il tarixdə 600 manat məbləğdə və 26 noyabr 2020-ci il tarixdə 3000 manat məbləğdə) 27 fevral 2019-cu il tarixli 439-GL/19 saylı lizinq müqaviləsinə əsasən lizinq verən "xxxx" ASC-yə onun əvəzinə 3600 manat məbləğdə lizinq ödənişi ödətdirmişdir. Bununla da, Cavabdeh hər hansı hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın), yəni İddiaçılı oğlunun hesabına əmlak əldə etmiş və özünün texnikaya mülkiyyət hüququnun əmələ gəlməsinə yönəlmiş lizinq ödənişlərinin aparılmasına cəlb edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh İddiaçılı oğluna “satdığı” texnikalara görə aldığı 12000 manat məbləğdə pul vəsaitinin 8000 manat hissəsinin iddiaçıya geri qaytarmağına dair 2(073)-1857/2021 saylı mülki iş üzrə onlar tərəfindən yazılmış ərizələrdə öz əksini tapdığını bildirsə də, adıçəkilən mülki iş materiallarına nəzər saldıqda, orada Cavabdeh tərəfindən İddiaçılı oğluna 8000 manat məbləğdə pul vəsaitinin qaytarılmasını müəyyən etmək olmur. Bundan əlavə, 4000 manat məbləğdə pulun isə texnikalara zərər vurulmasına görə İddiaçılı oğluna ödənilməməsinə dair heç bir razılıq aşkar olunmur. Habelə, 27 fevral 2019-cu il tarixli 439-GL/19 saylı lizinq müqaviləsinə əsasən lizinq verən "xxxx" ASC-yə 3600 manat məbləğdə lizinq ödənişinin edilməsi cavabdeh tərəfindən apellyasiya şikayətində özünün ödəməsi qeyd edilsə də, onlar arasında həmin texnikalara görə "xxxx" ASC-yə olan aylıq ödənişlərin İddiaçılı oğlu tərəfindən ödənilməsi barədə razılaşmanın olması və həmin ödənişlərin adıçəkilən texnikaların İddiaçılı oğlunda olduğu müddətlərdə edilməsi, habelə birinci instansiya məhkəməsində izahat verərkən Cavabdeh texnikalara görə "xxxx" ASC-yə 3600 manat məbləğdə ödəniş edilməsi barədə məlumatının olmamasını bildirməsi apellyasiya şikayətinin həmin dəlillərinin əsassız olmasına dəlalət edir. Göründüyü kimi, Cavabdeh texnikaların verilməsi müqabilində İddiaçılı oğlundan 12000 manat məbləğdə pul vəsaitini aldığını etiraf etsə də, onun yalnız 600 manat hissəsinin İddiaçılı oğluna qaytarılması sonuncunun izahatı və şahidlərin ifadəsi ilə təsdiq edilmiş, qalan məbləğin qaytarılması isə iş materialları ilə təsdiq edilmir. İddiaçılı oğlu tərəfindən ona verilmiş texnikaların təmir edilməsinə hansı məbləğdə xərc çəkilməsi isə iş üzrə hər hansı mötəbər sübutla təsdiq olunmur. Diqqətə çatdırılmalıdır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Habelə, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları araşdırılmış, təqdim olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verilmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 2(073)-227/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77.1, 89.1, 372, 376.2, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 2(073)-227/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar