Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-215/2024 26.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı X4 nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2 və X7 iştirakları ilə, İddiaçı X8 və İddiaçı1 cavabdehlər Cavabdeh1, X9, Cavabdeh2, X10 və X3 qarşı pul tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)63/2023 saylı, 11 oktyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 26 fevral 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar X8 və İddiaçı1 rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2, X6 və X2 onlara 5000 manata satdıqları torpaq sahəsini geri aldıqları üçün, torpaq sahəsinin bu günə olan qiymətini 28000 manat pul vəsaitinin və ödənilmiş dğvlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar eyni zamanda məhkəməyə verdikləri ərizədə cavabdehlərdən 5000 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınıb onlara verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 nümayəndəsi Nümayəndə bildirmişdir ki, 2011-ci ildə cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2, X6 və X2 və sonuncuların atasından iddiaçılar X8, İddiaçı1 4.6 hektar torpaq sahəsini 5000 manata almışlar. Cavabdehlərin atası vəfat etmişdir. Lakin ailə üzvlərindən biri razı olmadığı üçün alqısatqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Ona görə də torpağı satanlar etibarnamə vermişlər. Etibarnamə verilən zaman əlyazma ilə cavabdehlərdən biri 1800 manat pul almağını etiraf etmişdir.Eyni zamanda Salyan Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsində hazırki iş üzrə Cavabdeh2 iddiaçılardan 5000 manat pul aldıqlarını etiraf etmiş və hətta həmin pulu qaytarmaq istədiklərini bildirmişlər. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin 2(057)63/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (X18), iddianın qismən təmin edilməsi, Cavabdeh1, X9, Cavabdeh2, X10 və X2 5000 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manatın alınıb X8 və İddiaçı1 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 337.5-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ümumiyyətlə düzgün araşdırma aparmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə əqdlərin etibarsızlığına qiymət vermiş, lakin işdən görünür ki, tələb pul tələbidir. Əqdlərin etibarsızlığı ilə bağlı hər hansı tələb olmadığı halda məhkəmə buna qiymət vermişdir. Ümumiyyətlə məhkəmə 5000 manatın tutulmasını əsaslandırmamış, yalnız maddələrdən ibarət qətnamə yazmışdır. Qətnamədən görünür ki, heç bir əsaslandırması yoxdur, sadəcə maddələr yığımıdır. Ümumiyyətlə onunla iddiaçılar arasında hər hansı hüquq münasibəti olmamış, iddiaçılardan pul almamış, mərhum atası ilə iddiaçılar arasında münasibət olmuşsa belə həmin münasibətin ona aidiyyəti yoxdur. Yəni o, iddiaçılar qarşısında hər hansı öhdəlik götürməmiş, buna görə də hazırda ondan pulun tutulması qanunsuzdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh2 Salyan Rayon Məhkəməsinin 2(057)63/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin 2(057)63/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 nümayəndəsi Nümayəndə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz edərək, şikayətin dəlillərinin əsassız olduğunu bildirmiş, eyni zamanda məhkəməyə ərizə təqdim edərək, 5000 manat puldan 500 manat hissəsinin mərhumun sağlığında qaytarıldığını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh X10 apelyasiya şikayətinin dəlillərini müdafiə etdiyini və təmin edilməsini xahiş etmişdir. İddiaçılar X8 və İddiaçı1 və cavabdehlər Cavabdeh1, X9 və X3 qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçılar və cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçıların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində, Salyan Rayon Məhkəməsinin 2(057)63/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Kollegiya iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ərizəni nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)63/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya ilk əvvəl qeyd edir ki, iş üzrə cavabdehlərdən yalnız biri, yəni Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilmiş və şikayətin dəlillərində məhkəmənin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi məsələsi mübahisələndirilmişdir. İş materiallarından görünür ki, iddia tələbi cavabdehlərin hamısına qarşı yönəldilmiş və tələb bölünməzdir. Belə olan halda kollegiya apelyasiya şikayətinin dəlilləri həddində Salyan Rayon Məhkəməsinin 2(057)63/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsinin əsaslılığının tam yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan 14 yanvar 2011-ci il tarixli ƏN-İ№ 144994 saylı etibarnamədən görünür ki, həqiqətəndə cavabdehlər Salyan rayonu AİK-nin xx.xx.1997 ci il 400c saylı qərarı ilə verilmiş JN-0035 (kod ********) saylı Dövlət aktına əsasən Salyan rayonu Aydıngün kəndində yerləşən 4.60 ha torpaq sahəsindən onlara məxsus olan 3.0666 ha-dan ibarət olan hissəsini iddiaçıya etibar etmişdir. Salyan Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin iş üzrə məhkəmədə izahat verən Cavabdeh2 atasının torpağa görə 5000 manat pul aldığını və həmin pulu qaytarmaq istədiyini, lakin qarşı tərəfin qəbul etmədiyini bildirmişdir. 17 avqust 2021-ci il tarixli AR-İİ№ 413418 salylı etibarnamədən görünür ki, X1 İlqar Möhübbət oğluna məhkəmədə iştirak etmək üçün lazım olan səlahiyyətləri etibar etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisəni pul tələbi təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. İddiaçıların iddia tələbindən müəyyən edilir ki, 2011-ci ildə cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2, X6 və X2 və sonuncuların atası mərhum Feyzulla İsmayılovdan iddiaçılar X8, İddiaçı1 4.6 hektar torpaq sahəsini 5000 manata almışlar. Cavabdehlərin atası vəfat etmişdir. Lakin ailə üzvlərindən biri razı olmadığı üçün alğı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Ona görə də torpağı satanlar etibarnamə vermişlər. Etibarnamə verilən zaman əlyazma ilə cavabdehlərdən biri 1800 manat pul almağını etiraf etmişdir. Eyni zamanda Salyan Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsində hazırki iş üzrə Cavabdeh2 iddiaçılardan 5000 manat pul aldıqlarını etiraf etmiş və hətta həmin pulu qaytarmaq istədiklərini bildirmişlər. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, məhkəmə ümumiyyətlə düzgün araşdırma aparmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə əqdlərin etibarsızlığına qiymət vermiş, lakin işdən görünür ki, tələb pul tələbidir. Əqdlərin etibarsızlığı ilə bağlı hər hansı tələb olmadığı halda məhkəmə buna qiymət vermişdir. Ümumiyyətlə məhkəmə 5000 manatın tutulmasını əsaslandırmamış, yalnız maddələrdən ibarət qətnamə yazmışdır. Qətnamədən görünür ki, heç bir əsaslandırması yoxdur, sadəcə maddələr yığımıdır. Ümumiyyətlə onunla iddiaçılar arasında hər hansı hüquq münasibəti olmamış, iddiaçılardan pul almamış, mərhum atası ilə iddiaçılar arasında münasibət olmuşsa belə həmin münasibətin ona aidiyyəti yoxdur. Yəni o, iddiaçılar qarşısında hər hansı öhdəlik götürməmiş, buna görə də hazırda ondan pulun tutulması qanunsuzdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçılarla cavabdehlərin mərhum atası Feyzulla arasında qanunvericilyin tələblərinə əməl olunmadan əqd bağlanmış və həmin əqd məhkəmə qaydasında etibarlı hesab olunmadığından cavabdelərə aid olan torpaq sahəsi onlara qaytarılmış, iddiaçıların əks tərəfə verdikləri pulu iddiaçılar ala bilməmişlər. Hazırkı işdə iddiaçılar alğı-satqı müqaviləsinin etibarlı əqd olmasını deyil, mübahisə predmeti olan torpaq sahəsinə görə 28000 manat pul tələb etmiş, sonradan iddia tələbinin həcmini azaldaraq 5000 manat tələb etmişlər. Mülki qanunvericiliyə görə şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından bəzi müqavilələrin yazılı formada bağlanmaqla notarial qaydada təsdiqlənməsi məcburidir. Qanunla müəyyən edilmiş həmin forma tələblərinə riayət olunmaması müqavilənin etibarsızlığı (əhəmiyyətsiz əqd) üçün əsasdır. Daşınmaz əmlakın alğı-satqısı barədə müqavilələr də bu qəbildən olan müqavilədir. Həmin müqavilənin etibarlı hala gətirilməsi üçün tərəflərin müqavilə şərtlərini təsdiq etmələri, tərəflərdən biri təsdiq etmədən vicdansızcasına yayındıqda və ya hüquqdan sui-istifadə etdikdə isə bunun məhkəmə qaydasında təsbit olunması zəruridir. Cavabdehin apelyasiya şikayətinin dəlillərində qeyd edir ki, o, iddiaçılar ilə onun arasında hər hansı hüquq münasibətinin olmamış, Salyan Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsində məhkəməyə verdiyi izahatında atası mərhum Feyzulla İsmayılovun iddiaçılardan 5000 manat pul aldığını etiraf etməmiş, iddiaçıların bu barədə heç bir sübutu olmadığı halda birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları apellyasiya şikayəyinin dəlilləri ilə birlikdə müqayisəli tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddiaçı tərəfindən kifayət qədər sübut etməsi əsası ilə təmin etməkdə haqlı olmuşdur. Belə ki, Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdehin əvvəllər baxılmış iş üzrə şifahi izahatında ifadə edildiyidən bu MPM-in 106.3 və 191-ci maddələrinə uyğun olaraq faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etməküçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işinhallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Eyni zamanda mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilk nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməldir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir. Göründüyü kimi cavabdeh Salyan Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsində verdiyi “Torpağa görə atası 5000 manat pul almış, həmin pulu Rafiqə qaytarmaq istədiyini demiş, lakin Rafiq qəbul etməmişdir” şifahi izahatında göstərdikləri ilə bağlı prosessual qanunvericiliyin ona verdiyi imkandan istifadə etməməsi, yəni qeyd olunan qətnamədə əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs kimi Cavabdeh2 MPM-in 273-cü maddəsinə əsasən qətnamədə yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim etməmişdir. Bu isə ona dəlalət edir ki, onun verdiyi apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. MM-in 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Kollegiya qeyd edir ki, iddiaçılar tərəfindən 2011-ci ildə cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2, X6 və X2 və sonuncuların mərhum atasından 4.6 hektar torpaq sahəsinin alınması üçün 5000 manat pul ödənilməsi, cavabdehlərin atası vəfat etdikdən sonra alğısatqının baş tutmaması, cavabdehlərin atasından miras qalmış həmin torpaq sahəsinin vərəsələri olmaları tam şəkildə (bu barədə cavabdehlərin başqa məhkəmə qətnaməsi ilə müəyyən edilən etirafları mövcuddur) sübuta yetirilir. Belə olan halda kollegiya hesab edir ki, iş üzrə cavabdehlər vərəsə kimi miras əmlakın qəbul edilmiş hissəsində, yəni 5000 manat məbləğində müştərək qaydada məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Qeyd edilən qanunvericilik normalarının tələbi baxımından və işin faktiki hallarına uyğun olaraq kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlillərində qeyd edilən hallar işin faktiki halları ilə tam şəkildə təkzib edilir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının nümayəndəsi apelyasiya icraatı zamanı ərizə ilə müraciət etmiş və tələb edilən 5000 manat puldan 500 manat hissəsinin mərhumun sağlığında qaytarıldığını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)63/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi 5000 manat pulun alınıb iddiaçılara verilməsi hissəsində dəyişdirilməli və Cavabdeh1, X9, Cavabdeh2, X10 və X2 4500 manat pul müştərək qaydada alınaraq iddiaçılar X8 və İddiaçı1 verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)63/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qətnamənin mübahisələndirilən hissəsində tərəflərə muvafiq olaraq cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 4500 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2 və 402.1 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)63/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, X9, Cavabdeh2, X10 və X2 4500 manat pul müştərək qaydada alınaraq iddiaçılar X8 və İddiaçı1 verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-215/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-215/2024
26.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver