Məhkəmə qərarları › İş №2(106)-216/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-216/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-216/2025 16.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-216/2025 Açar sözlər: pul tələbi X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(048)-624/2024 saylı qətnaməsindən (hakim Y.Zeynalov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 notariat müqaviləsi əsasında 7800 (yeddi min səkkiz yüz) manat borcun, hüquqi xidmətlərə görə xərclədiyi 100 (bir yüz) manat pulun və 98 (doxsan səkkiz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlara məxsus xeyir-şər evində olan oğurluq hadisəsi ilə bağlı Lerik rayon Polis İdarəsinə şikayət etmişlər. Polis şöbəsinin araşdırılması zamanı məlum olmuşdur ki, onlara məxsus xeyir-şər evindən oğurluq edilməsi öz təsdiqini tapmışdır. Onlara oğurluq hadisəsi zamanı külli miqdarda ziyan dəymişdir. Məhkəmə istintaqı dövründə həyat yoldaşı X5 ilə cavabdeh X4 arasında Lerik Notariat Kontorunda xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən onlara dəymiş 10300 (on min üç yüz) manat ziyanı xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh X4 həmin öhdəlikləri kobud şəkildə pozaraq bu günə kimi yerinə yetirməmişdir. Bu günə kimi onun tərəfindən cəmi 2500 (iki min beş yüz) manat məbləğində ödəniş olunmuş, qalan 7800 (yeddi min səkkiz yüz) manat pul isə ödənilməmiş qalmışdır. Onunla həyat yoldaşı X5 arasında olan heç bir razılaşmanı qəbul etmir. Buna görə də ilk əvvəl pretenziya qaydasında cavabdehə müraciət etmiş və pulu ödəməsi üçün ona 10 gün vaxt vermiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Bildirmək istəyir ki, həyat yoldaşı X5 ilə nikah dövründə əldə etdikləri xeyir-şər evinin 50% hissəsi ona aiddir və onun həmin xeyir-şər evində haqqı olduğu üçün X2 ona dəymiş ziyanı, yəni 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulu tələb edir. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda üçüncü şəxs X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında cinayət hadisəsi nəticəsində istintaqla müəyyən olunmuş zərər onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənildiyini, bunun məhkəmə hökmündə öz əksini tapdığını, 10300 manat pul verəcəyi barədə ərizəni isə barəsində olan cinayət işi üzrə tutulmamaq üçün məcbur qalaraq verdiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(048)-624/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Lerik Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(048)-624/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Lerik rayon Məhkəməsində gedən prosesslər zamanı yetərincə heç bir araşdırma və məhkəmə şəffaflığı aparılmadan qətnamə qəbul edilmişdir. Mülki işə qeyri-ciddi yanaşılaraq, iddiaçıya dəymiş ziyanın ödənilməməsi üçün kifayət qədər şərait yaradılmışdır. Bildirmişdir ki, onlara məxsus xeyir-şər evində olan oğurluq hadisəsi ilə bağlı Lerik rayon Polis İdarəsinə şikayət etmişdik. Polis şöbəsinin araşdırılması zamanı məlum olmuşdur ki, onlara məxsus xeyir -şər evindən oğurluq edilməsi öz təsdiqini tapmışdır. Oğurluq hadisəsi zamanı onlara 10 300 (on min üç yüz) manat ziyan dəymişdir. Bildirmişdir ki, həyat yoldaşı X5 ilə nikah dövründə əldə etdikləri xeyir-şər evinin 50 % hissəsi ona aiddir və onun həmin xeyirşər evində haqqı olduğu üçün X2 dəymiş ziyanı, yəni 7 800 (yeddi min səkkiz yüz) manat məbləğində pulu tələb edir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda üçüncü şəxs X5 apellyasiya şikayətini müdafiə etmiş, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, bundan əvvəl onun iddiası üzrə apellyasiya şikayətindən imtina edilsə də həmin xeyir-şər evi arvadı Kəkliklə birgə nikahları dövründə inşa edilmişdir. Buna görə də arvadı Kəklik də vurulmuş ziyanı tələb etməkdə haqlıdır. Cavabdeh vurulmuş ziyanı ödəməyə söz verdiyindən o, hökm çıxarılan zaman cavabdehdən şikayətçi olmamışdır. Lakin cavabdeh sonradan vədinə əməl etməmiş, vurulmuş ziyanı sonradan ona ödəməmişdir. Buna görə də düşünür ki, iddiaçı vurulmuş ziyan kimi ödənilməmiş qalmış 7800 manat pulu tələb etməkdə haqlıdır. Kollegiyanın iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, İddiaçı iddiasnı qismən - 1500 manat hissədə qəbul edir. Belə ki, o, iddiaçıya hissə-hissə olmaqla cəmi 1500 manat ödəməyə razıdır. Buna görə də o iddianı qismən qəbul etdiyini bildirmiş, bu barədə yazılı ərizəsini Kollegiyaya təqdim etmiş və iddianın qismən, yəni 1500 manat hissədə təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia cavabdeh tərəfindən qismən qəbul edilərək etiraf edildiyindən apellyasiya şikayəti etiraf həddində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Müəyyən edilir ki, cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi qanuna zidd deyil və bu etiraf hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən, yəni cavabdehin iddianı etiraf etməsi həddində qəbul edilərək təmin edilməli, Cavabdeh 1500 (min beş yüz) manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lerik Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(048)-624/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar