Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-218/2023 18.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış əldən çıxmış faydanın tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)- 164/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 06 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3014 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3014 manat məbləğində borcun və 50,14 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 06 aprel 2016-cı il tarixli əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən 120 ay müddətinə 60000 manat kredit limiti ayrılmışdır. Cavabdeh 06 aprel 2016-cı il tarixli əlavə kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 7 faizlə 60 ay müddətinə 57000 manat kredit götürmüşdür. Lənkəran Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(049)-101/2020 saylı qətnaməsi ilə Cavabdeh 06 aprel 2016-cı il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin (İddiaçı ASC-nin) xeyrinə ümumilikdə cəmi 53916,91 manat tutulması qət edilmişdir. Halhazırda 06 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka gecikdirilmiş vaxt üçün 19 mart 2020-ci il tarixindən 14 sentyabr 2021-ci il tarixinədək illik 5 faizlə hesablanmış 3014 manat məbləğində əldən çıxmış fayda şəklində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. 06 aprel 2016-cı il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-164/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Mütəllim İsayev) iddia təmin edilmiş, Cavabdeh 06 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 3014 manat məbləğində əldən çıxmış faydanın və 50,14 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-164/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun məhkəmə iclaslarından xəbəri olmamış və bu barədə ona heç bir məlumat verilməmişdir. Məhkəmə işin hallarını tam aydınlaşdırmamış, cavabdeh tərəfindən təqdim olunmuş sübutlara və iş materiallarında olan sənədlərə ətraflı münasibət bildirmədən əsaslı və qanuni qətnamə qəbul etmək əvəzinə özünün mülahizəsinə görə qətnamə qəbul etmiş, beləliklə, iş üzrə səhv nəticəyə gəlmişdir ki, bu da cavabdehin qanunla qorunan hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə qətnamədə baxılan iş üçün əhəmiyyəti olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktları əks etdirməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmamışdır. Belə ki, artıq Lənkəran Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda iddiaçının yenidən borc tələbi ilə məhkəməyə müraciət etməsi əsassızdır. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Lənkəran Rayon Məhkəməsinin 2(049)-164/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası işə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdəki "xxxx" İKB ASC-nin Lənkəran filialı ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2016-cı il tarixli, 13-KTKDX-1-0-34-16 nömrəli əsas kredit müqaviləsindən görünür ki, Bank hər birinin məqsədi, məbləği və müddəti hazırkı müqavilə əsasında və çərçivəsində tərəflər arasında gələcəkdə bağlanacaq əlavə kredit müqavilələri ilə müəyyən olunacaq ümumilikdə 60000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya avro ekvivalentində 120 ay müddətinə, yəni 30 aprel 2026-cı il tarixinədək müddət ərzində Cavabdeh kredit limitinin ayrılmasını öhdəsinə götürmüşdür. İşdəki "xxxx" İKB ASC-nin Lənkəran filialı ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2016-cı il tarixli, 13-KTKDX-1-0-34-16 (Ə1) nömrəli əlavə kredit müqaviləsindən görünür ki, Bank kənd təsərrüfatının inkişafı məqsədi üçün Cavabdeh 60 ay müddətinə (24 ay güzəşt müddəti olmaqla) 7 faiz dərəcəsi ilə 57000 manat məbləğində kredit vəsaitinin verilməsini öhdəsini götürmüşdür. İşdə surəti olan Lənkəran Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(049)- 101/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 06 aprel 2016-cı il tarixli kredit müqaviləsi ləğv edilmiş, 52938,67 manat əsas, 523,24 manat faiz, 455 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 53916,91 manat məbləğində borcun, dövlət rüsumuna görə ödənilmiş 30 manatın, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumuna görə ödənilmiş 10 manatın və xidmət haqqına görə ödənilmiş 20 manatın Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli Çıxarışa əsasən ipoteka qoyan Cavabdeh məxsus Lənkəran şəhəri, Tofiq İsmayılov döngə 3 ünvanında yerləşən, 4 otaqlı, 322,6 kv.m ümumi, 63,2 kv.m yaşayış, 259,4 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 195000 manat müəyyən edilməsi qət edilmişdir. İşdəki İddiaçı ASC-nin 14 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" İKB ASC tərəfindən 57000 manat məbləğində kredit verilmişdir. Cavabdeh əldən çıxmış fayda (əsas borca hesablanmış 5 faiz) olmaqla 3014 manat borcu vardır. İşdəki xx.xx.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı ASC tərəfindən 50,14 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. MM-in 448.1 və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən olunan hallarına əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsi təminatlı olmuş, borc alana məxsus fərdi yaşayış evi kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası məqsədilə ipoteka ilə yüklü edilmiş, qüvvədə olan Lənkəran Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(049)-101/2020 saylı qətnaməsi ilə müəyyən olunan 53916,91 manat məbləğində borcun ödənilməsi həmin ipoteka predmetinə ilkin satış qiyməti 195000 manat müəyyən edilməklə yönəldilmişdir. Göründüyü kimi, kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olan ipoteka predmetinin ilkin satış qiyməti borc məbləğindən təxminən 4 dəfə artıqdır. Nə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən, nə də ki iş materiallarından ipoteka predmetinin açıq hərracdan satılıbsatılmaması, “İpoteka haqqında” Qanuna müvafiq olaraq borc əvəzinə ipoteka saxlayana hansı qiymətlə təklif olunub-olunmamasını müəyyən etmək mümkün deyildir, bununla bağlı iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə hər hansı bir sübut verilməmişdir. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərindən də göründüyü kimi, faiz borcunun tutulması birmənalı olaraq borclunun təqsirli hərəkətləri müqabilində tətbiq edilən sanksiyadır. Məhkəmə kollegiyası hazırkı mübahisənin Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq öz hüquqi həllini tapmalı olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və bildirir ki, hazırkı mübahisə Mülki Məcəllənin 449.1-ci maddəsi çərçivəsində həll olunmalıdır. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olunduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “qanunsuz istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarına əsasən öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə mülki məsuliyyətə cəlb edilə bilməz. İddiaçının vermiş olduğu kreditin təminatına tutmanın yönəldilməsi istiqamətində zəruri addımlar atması, ümumiyyətlə iş materiallarından bu istiqamətdə hər hansı bir tədbirlərin görülməsi və nəticəsi, borclunun öz öhdəliklərinin icrasında təqsirli pozuntuya (hərəkət və ya hərəkətsizlik) yol verib-verməməsi müəyyən olunmadığından, cavabdehin hərəkətləri Mülki Məcəllənin 449-cu maddənin təsir dairəsinə düşmür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlmir və maddi hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda sadalananlara uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-164/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-164/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış əldən çıxmış faydanın tutulması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-218/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-218/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver