Məhkəmə qərarları › İş №2(106)-219/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-219/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-219/2025 18.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-1528/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 avqust 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 17841.82 manat əsas borc, 967.09 manat faiz borcu olmaqla, cəmi 18808.91 manat məbləğində borcun və 146.43 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 83 ay müddətinə, illik 16.07 faiz olmaqla 18622.83 manat məbləğində kredit verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)-1528/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Telman Quliyev), İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasının təmin olunması, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK1631857B117 saylı kredit müqaviləsi üzrə cavabdehdən 17841.82 manat əsas borc, 967.09 manat faiz borcu olmaqla, ümumilikdə 18808.91 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 146.43 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh İmişli Rayon Məhkəməsinin 2(036)-1528/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı ASC tərəfindən cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər keçirilən iclasda tərəflər iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində İmişli Rayon Məhkəməsinin 2(036)-1528/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada (MM maddə 739.1,739.2) bağlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki hallarına münasibətdə- tərəflər arasında kredit müqaviləsindən irəli gələn hüquqi nəticələrin yaranması ilə bağlı düzgün nəticəyə gəlsə də, əsas borc və faiz borcunun müəyyən edilməsi hissəsində yanlış nəticəyə gəlmiş və qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli, RGTK1631857B117 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədilə illik 16.07 faiz hesablanması şərti ilə, 83 ay müddətinə 18622.83 manat məbləğində kredit verilmişdir. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə onun Banka 17841.82 manat əsas borc, 967.09 manat faiz borcu olmaqla, ümumilikdə 18808.91 manat məbləğində borcu qalmışdır. Tərəflər arasındakı münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Bank tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin qeyd olunan müqavilənin şərtləri sonuncu tərəfindən yerinə yetirilməmiş və öhdəliklər icra edilməmişdir. Bank tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. İddia ərizəsinin verilməsi üçün 146.43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK1631857B117 saylı kredit müqaviləsinə əsasən cavabdehə 83 ay müddətinə, illik 16.07 faiz olmaqla 18622.83 manat məbləğində kredit verilmişdir Cavabeh “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməmiş və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Tərəflər arasındakı münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Bank tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin qeyd olunan müqavilənin şərtləri sonuncu tərəfindən yerinə yetirilməmiş və öhdəliklər icra edilməmişdir. Bank tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. Apelyasiya icraatı zamanı Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 cavabdeh tərəfindən 2023-cü ilin may ayından 2024-cü ilin fevral ayına qədər hər ay 355 manat kredit ödənişi edildiyini bildirmiş, bu ödənişlərin nəzərə alınmadığını və mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 9/851 saylı ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli RGTK1631857B117 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu- 17812,97 manat, faiz borcu-731,54 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən 17841.82 manat əsas borc, 967.09 manat faiz borcu olmaqla, ümumilikdə 18808.91 manat məbləğində borc tutulduğu halda, yuxarıda qeyd edilən ekspert rəyi ilə əsas borcu-17812,97 manat, faiz borcu-731,54 manat müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən əsaslı olduğundan təmin edilərək İmişli Rayon Məhkəməsinin 2(036)-1528/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilərək, xx.xx.2023-cü il tarixli, RGTK1631857B117 saylı kredit müqaviləsi üzrə Cavabdeh 17812,97 manat əsas borc, 731,54 manat faiz borcu olmaqla, ümumilikdə 18544.41 manat məbləğində borc tutulub İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-1528/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilərək, xx.xx.2023-cü il tarixli, RGTK1631857B117 saylı kredit müqaviləsi üzrə Cavabdeh 17812,97 manat əsas borc, 731,54 manat faiz borcu olmaqla, ümumilikdə 18544.51 manat məbləğində borc tutulub İddiaçı ASCnin xeyrinə ödənilməli, həmçinin Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaiti tutularaq Dövlət nəfinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1528/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. xx.xx.2023-cü il tarixli, RGTK1631857B117 saylı kredit müqaviləsi üzrə Cavabdeh 17812,97 manat əsas borc, 731,54 manat faiz borcu olmaqla, ümumilikdə 18544.51 manat məbləğində borc tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaiti tutularaq, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar