Məhkəmə qərarları › İş №2(106)-225/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-225/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-225/2023 25.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(032)-1126/2022 saylı qətnaməsindən (hakim E.Qurbanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3620 manat məbləğində pulun və 56 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş emtişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh onlara 9000 manat borcu olmuşdur. Həmin borcdan o, müəyyən hissəsini qaytarmış, qalan 5400 manatı borclu qalmışdır. Eyni zamanda 03 dekabr 2018-ci il tarixdə Cavabdeh qəbz yazmışdır. Qəbzdə göstərmişdir ki, “mən Cavabdeh söz verirəm ki, X2 olan 5400 manat olan borcumu həyat yoldaşı X5 hər ay 180 manat olmaqla 30 ay müddətinə tam ödəyəcəm, imza: CavabdehV xx.xx.2018". Həmin borcdan cavabdeh 1600 manat və 180 manat müxtəlif vaxtlarda ödəmişdir. Sonradan o, borcunu ödəməmiş, 3620 manat borclu qalmışdır. Dəfələrlə onu görərək və mobil telefonuna zənglər edərək borcunu tələb etmişdir. Əvvəllər borcu qaytaracağına söz vermiş, axır vaxtlar isə ümumiyyətlə telefon zənglərini belə açmır. Cavabdeh borclu qaldığı 3620 manrat pulu ödəmək üçün müxtəlif bəhanələr gətirir, o həmin pulu könüllü surətdə ödəmir. Ona görə məhkəməyə müraciət edərək həmin pulun cavabdehdən məhkəmə qaydasında alınmasını istəyir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmişdir. Etirazın dəlilləri ondan ibarət olmuşdur ki, 2012-ci ildə iddiaçının həyat yoldaşı Cavanşir Şirməmmədli ilə birlikdə "ZaminBank"ın Şirvan filialından 15000 (on beş min) manat məbləğində kredit götürmüşlər. Həmin puldan 8400 manat ona, yerdə qalan məbləğb isə Cavanşir Şirməmmədliyə çatmışdır. O öz payına düşən hissədə banka olan borcunu hər ay vaxtlı-vaxtında ödəmişdir. Lakin Cavanşir banka olan borcunu ödəmədiyinə görə, bank məhkəməyə müraciət etmiş və Cavanşir Şirməmmədlinin girov qoyduğu ev hərrac yolu ilə satılmışdır. Ev satıldıqdan sonra onun Cavanşir Şirməmmədliyə 2000 (iki min) manat borcu yaranmış və o həmin borcu Cavanşirin həyat yoldaşı Nailə Şirməmmədovaya tam şəkildə ödəmişdir. Bu barədə qəbzləri də təqdim edir. X16 əsassız olaraq ondan 100000 (yüz min) manat pul tələb etdiyinə görə o bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmiş və orada da müəyyən edilmişdir ki, onun Nailə Şirməmmədovaya 2000 (iki min) manat borcu olmuş və həmin pulu o artıq Nailə Şirməmmədovaya ödəmişdir. Hal-hazırda onun iddiaçıya heç bir borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(032)-1126/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçının mərhum əri X4 arasında borc münasibətlərinin olması cavabdehin 03 dekabr 2018-ci il tarixli əlyazması ilə təsdiq olunur. Lakin borcun tam şəkildə qaytarılması və ya borcun daha az məbləğdə olması barədə Cavabdeh hər hansı bir sübut təqdim edə bilmədiyindən, istinad etdiyi halı sübut edə bilməmişdir. Ona görə də məhkəmə borcun qaytarılmasını təsdiq edən sübutların Cavabdeh tərəfindən təqdim edilməməsini və bununla da istinad etdiyi halı sübut edə bilməməsini nəzərə alıb hesab edir ki, Cavabdeh 3620 manat məbləğində pul alınaraq İddiaçı verilməli, bununla da iddia təmin olunmalıdır. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti iddiaya qarşı verilən yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsalandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ümumilikdə 2000 (iki min) manat borcu olub və onu tam şəkildə iddiaçıya ödəmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən qəbz tərəfindən yazılmamışdır. Birinci instansiya məhkəməsi bu məsələni aydınlaşdırmadan iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən qəbzin kimin tərəfindən yazılmasını müəyyən etmədən ədalətsiz qətnaməsi qəbul etmişdir. c)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apelyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq iddiaçının sübut kimi təqdim etmiş olduğu qəbzin ona aid olduğunu bildirdi. Məhkəmədə iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda izahat verərək,təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apelyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 (Şirməmmədi) Nailə İltifat qızı ilə Əli-Bayramlı şəhər Nikahın qeydə alınması evində 20 may 1986-cı ildə nikahlarını bağlamışlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11 may 2018-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. İş materiallarında olan sadə yazılı formada tərtib edilmiş 03 dekabr 2018-ci il tarixli qəbzdən görünür ki, «Cavabdeh X3 olan 5400 manat olan borcunu həyat yoldaşı İddiaçı hər ay 180 manat olmaqla 30 ay müddətinə tam ödəyəcəkdir..» qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 882.1-ci maddsəsinə əsasən borcun etiraf edilməsini, həm dəöhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir, 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz, 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinəgötürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. İşin müəyən olunan faktiki hallarına əsasən iddiaçının əri X4 ilə Cavabdeh arasında borc münasibətləri olmuş, Cavanşir Şirməmmədli 11 may 2018-ci ildə ölmüş, Cavabdeh 03 dekabr 2018-ci ildə verdiyi iltizamında Cavanşirə 5400 manat borcunun olduğunu etiraf edərək, həyat yoldaşı Nailə Şirməmmədliyə hər ay 180 manat olmaqla 30 ay müddətində ödəyəcəyinə söz versə də, həmin tarixdən 19 noyabr 2021-ci il tarixinədək hissə-hissə olmaqla ümumilikdə 1600 manat və 180 manat ödəmiş, 3620 manat borclu qalmışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi).Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). İş materiallarından mərhum X8 tərəfindən vəsiyyətnamə qoyulmadığı müəyyən olunur, bu isə o deməkdir ki, qanun üzrə vərəsəlik qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. İddiaçı X12 Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən mərhum atasıX8nun birinci növbəli vərəsəsidir və digər birinci növbəli vərəsələrlə bərabər pay hüquqlu vərəsə sayılır. İddiaçı Cavanşir Şirməmmədlinin birinci növbəli vərəsəsi olaraq hazırki tələblə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmadı. Cavabdeh iddia qarşısında icra edilməmiş öhdəliyinin olmadığını bildirsə də, bunu təsdiq edn sübutlarını nə birinci instansiya məhkəməsinə təqdim etmiş, nədəki, hazırki apellyasiya baxışı zamanı verə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 21 sentyabr 202-ci il tarixli 2(032)-1126/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar