Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2276/2022 08.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh, iddiaçının nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı MMC-in Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir rayon məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(041)-1030/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-in əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 9346 manat və Mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğin və ödənilmiş 65 manat dövlət rüsumunun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh 3 aylıq sınaq müddəti müəyyən edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır.xx.xx.2020-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli 224-k saylı əmrlə işdən azad olunmuşdur.Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində İddiaçı MMCdə çalışdığı zaman aparılmış invertarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən olunmuş, invertarizasiya nəticələrinə dair aktlara əsasən yekun ziyan məbləği 13210 manat olmuşdur.Cəmiyyət tərəfindən 3864 manat güzəşt edilmiş, qalıq borc 9346 manat təşkil etmişdir, dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. b) Kürdəmir rayon məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(041)-1030/2022 saylı qətnaməsi ilə (sədrlik edən X.İmanov) iddia təmin edilərək İddiaçı MMC-in əmlakına (maddi qiymətlilərinə) vurulmuş ziyana görə ödənilməmiş 9346 (doqquz min üç yüz qırx altı ) manat, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğ və ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-in bank hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətində Kürdəmir rayon məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(041)-1030/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, ilkin 1815 manat mal kəsiri saxlanılmaqla yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. d)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Kürdəmir rayon məhkəməsinin 2 avqust 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddianın 1815 manat həddində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 izahatında apellyasiya şikayətinin təmin edilmədən, Kürdəmir rayon məhkəməsinin 2 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-in 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətində Kürdəmir rayon məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(041)-1030/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, ilkin 1815 manat mal kəsiri saxlanılmaqla yeni qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə qismən mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir edilmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu madəsinin ç bəndinə və 11-ci maddənin e bəndinə müvafiq olaraq işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsi, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək əmək münasibətləri sahəsində işəgötürənin hüququdur. Əmək Məcəlləsinin 191-ci maddəsinə əsaən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 2.Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Əmək Məcəlləsinin 192-ci maddəsinin tələblərinə görə tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 2.Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsində göstərilir ki, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. İşçinin tam maddi məsuliyyətini tənzimləyən Əmək Məcəlləsinin 199-cu maddəsinə görə işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə və sair. Həmin Məcəllənin 200-cü maddəsində qeyd edilmişdir ki, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 2.İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. 3.Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. 5.Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır.Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. 3. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir (Əmək Məcəlləsi maddə 202). İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 2.Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. (Əmək Məcəlləsi maddə 203). Hazırki iş üzrə də, tərəflər arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmış, işəgötürənə dəymiş ziyanın müəyyən edilməsi üçün işçinin iştirakı ilə inventarizasiya keçirilmiş, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli inventarizasiya nəticələrinə dair aktlara əsasən yekun ziyan məbləği 13210 manat olmuş, həmin məbləğdən cəmiyyət tərəfindən 3864 manat güzəşt edilərək qalıq borc 9346 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, cavabdehin etirazlarının əsası kimi istinad etdiyi hallar sübut edilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin, iddiaçının nümayəndəsinin izahatlarını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Kürdəmir rayon məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(041)-1030/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən iş üzrə aşağıdakı sübutları tədqiq edilmişdir. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh 3 aylıq sınaq müddəti müəyyən edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə iddiaçı arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.xx.xx.2020-ci il tarixli 019-K saylı əmrlə Cavabdeh administrator vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli 224 saylı əmrlə işdən azad olunmuşdur. xx.xx.2020, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli inventarizasiya nəticələrinə dair aktlardan məlum olur ki, "xxxx" MMC-in Kürdəmir rayon Sığırlı kəndində yerləşən “Kürdəmir 6” (1117) mağazasında mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə inventarizasiya keçirilmiş, Cavabdeh inventarizasiyanın keçirilməsində və araşdırılmasında iştirak etmişdir. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh müqavilə üzrə yaranmış borcu barədə məlumat verilmiş, borcun 3 gün ərzində cəmiyyətin xeyrinə ödənilməsi ondan tələb olunmuşdur. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh cəmiyyətə 9345.26 manat borcu qalmışdır.Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmaqla İddiaçı MMC-də satıcı-kassir və administrator vəzifələrində işləyərkən aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə 9346 manat zərər vurması müəyyən olunmuşdur. İddiaçı cəmiyyətə vurulmuş 9346 manat ziyanın cavabdehdən tutularaq onların hesabına ödənilməsini tələb edir.Cavabdeh isə iddianı qəbul etməyərək inventarizasiyanın nəticələri ilə razı olmadığını, ona cəmiyyətə göstərilən məbləğdə borcunun olmadığını bildirir. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmış, işəgötürənə dəymiş ziyanın müəyyən edilməsi üçün cavabdehin iştirakı ilə inventarizasiya keçirilmiş, xx.xx.2020-ci il, xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli inventarizasiya nəticələrinə dair aktlara əsasən yekun ziyan məbləği 13210 manat olmuş, həmin məbləğdən cəmiyyət tərəfindən 3864 manat güzəşt edilərək qalıq borc 9346 manat təşkil etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Apellyassiya şikayətinin dəlillərinə görə məhkəmə iclasından xəbəri olmadığına baxmayaraq iş təxirə salınmadan işə baxılmışdır, marketdə təftiş aparılarkən ilk dəfə 1.815 manat, sonra 400 manat, daha sonra 9.346 manat mal kəsiri aşkar edilmişdir, ziddiyyət təşkil edən bu hallara hüquqi qiymət verilməmiş, ekspertiza təyin edilməmiş, məhkəməyə gəlməməsinin səbəbləri aydınlaşddırılmadan, əsil həqiqət müəyyən edilmədən, çəkişmə prinsipinə əməl olunmadan qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı araşdırma aparıb müəyyən edilmişdir ki, işin məhkəmə baxışına təyin edilməsi barədə 14 iyun 2022-ci il tarixdə qərardad qəbul edilərkən Cavabdeh məhkəmə iclasında iştirak etmiş və 14 iyun 2022-ci il tarixdə qəbzə imza etmişdir, bundan başqa 5 iyul 2022-ci il tarixli iclasda iştirak etmiş məhkəmə iclasının 2 avqust 2022-ci il tarixə təxirə salınması barədə də rəsmi olaraq məlumatlandırılmışdır, 2 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə iclasına gəlməmiş və məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını müzakirə edərək mümkün hesab etmişdir.Cavabdeh qeyd etdiyi marketdə təftiş aparılarkən ilk dəfə 1.815 manat, sonra 400 manat mal kəsiri aşkar edilməsi barədə sübut təqdim etmədiyindən və bu barədə dəlilləri formal mülahizələrdən ibatər olduğundan ziddiyyət təşkil edən bu hallara hüquqi qiymət verilməməsi, ekspertiza təyin edilməməsi, məhkəməyə gəlməməsinin səbəblərinin aydınlaşdırılmadan, əsil həqiqət müəyyən edilmədən, çəkişmə prinsipinə əməl olunmadan qərar qəbul edilməsi barədə apellyasiya şikayətinin dəlilləri işin faktiki və hüquqi hallarına uyğun olmadığından əsassız hesab edilmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli inventarizasiya nəticələrinə dair aktlar tərtib edilərkən "xxxx" MMC-in Kürdəmir rayon Sığırlı kəndində yerləşən “Kürdəmir 6” (1117) mağazasında mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə inventarizasiya keçirilmiş, Cavabdeh inventarizasiyanın keçirilməsində və araşdırılmasında iştirak etməklə aktlara heç bir qeyd şərt bildirmədən imza etmişdir. Məhkəmə kollegiyası apellyasya şikayətinin dəlillərini iş materilları üzrə araşdırıb hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz.Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur.Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.Odur ki, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsasssız hesab etməklə, iş üçün subut əhəmiyyəti daşımayan formal mülahizə hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh birinci instansiya məhkəmə baxışı iclasından məlumatlı olmuş, göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir.Odur ki, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsasssız hesab etməklə, iş üçün subut əhəmiyyəti daşımayan formal mülahizələr hesab edir. Həmçinin qeyd edilir ki, cavabdeh iş üzrə xüsusu bilik tələb edilən halların nədən ibarət olmasının, məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinin zəruriliyini əsaslandırmamışdır, ona görə də, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir rayon məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(041)-1030/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-2276/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2276/2022
08.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver