Məhkəmə qərarları › İş №2(106)-229/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-229/2023

09.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-229/2023 09.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmsnov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı qızının, cavabdeh Hümbətova Solmaz Yunis qızının nümayəndəsi vəkil Əmirov Əbülhəsən Hüsaməddin oğlunun iştirakları ilə, İddiaçı qızının cavabdeh Hümbətova Solmaz Yunis qızına qarşı mənzildən istifadə hüquqlarının tanınmasına, istifadə qaydalarının müəyyən edilməsinə və istifadəyə edilən maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(017)-1339/2022 saylı qətnaməsindən cavabdeh Hümbətova Solmaz Yunis qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağcabədi Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(017)-1339/2022 saylı qətnaməsi ilə (hakim Sulduz Ləzimov) iddia qismən təmin edilərək İddiaçı qızı azyaşlı uşaqları - 30 iyul 2008-ci il tarixdə anadan olmuş Hümmbətov Rabil Ramil oğlu və 29 aprel 2011-ci il tarixdə anadan olmuş Hümmbətova Türkan Ramil qızı ilə birlikdə Daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində Cavabdeh adına qeydə alınmış və Ağcabədi şəhəri Heydər Əliyev prospekti 101 saylı ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və uşaqları ilə birlikdə həmin evdən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh Hümbətova Solmaz Yunis qızı Ağcabədi Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(017)-1339/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ağcabədi şəhər sakini Hümmbətov Ramil Binnət oğlu ilə 22 noyabr 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar. Onların birgə nikahlarından 30 iyul 2008-ci il tarixdə Rabil və 29 aprel 2011-ci il tarixdə isə Türkan adlı iki uşaqları olmuşdur. Hazırda uşaqların hər ikisi sağdır və onun himayəsindədirlər. Əri Hümmbətov Ramil Binnət oğlu 20 mart 2014-cü il tarixdə vəfat etmişdir. Əri Ramilin ölümündən bir qədər sonra qayınatası Hümmbətov Binnət Kərim oğlu vəfat etmişdir. Hazırda o, azyaşlı uşaqları və qayınanası Hümbətova Solmaz Yunis qızı ilə ünvan 1 ünvanda yaşayırlar və həmin evdə qeydiyyatdadırlar. Lakin bir yerdə yaşamalarına baxmayaraq, qayınanası Hümbətova Solmaz Yunis qızı ilə aralarında mübahisə olduğuna görə cavabdeh digər oğlunun yanına getmişdir. O, Ağcabədi regional “ASAN xidmət” mərkəzinə sorğu ilə müraciət edərək ünvan 1 ünvanda yerləşən evin mülkiyyətçiləri barədə məlumat verilməsini xahiş etmişdir. Sorğunun verilməsindən sonra cavabdeh Solmaz Hümbətova mübahisəli evə 19 aprel 2022-ci il tarixdə çıxarış alaraq mülkiyyət hüququnun olmasını əsas tutaraq ünvan 1 ünvanda yerləşən evə qaz, elektrik enerjisi və su verilməsini dayandırmış, lakin sonradan məhkəmə qərarı ilə bərpa edilmişdir. Cavabdeh Hümbətova Solmaz Yunis qızı mübahisənin məhkəmədən kənar həllinə razılaşmamışdır. Ona görə də, yuxanda qeyd olunanlara əsasən 2007-ci ildə gəlin getdiyi və hazırda uşaqları ilə birlikdə yaşadığı ünvan 2 ünvanda yerləşən üç otaqlı evdən onun və azyaşlı uşaqları Hümmbətova Türkan Ramil qızının və Hümmbətov Rabil Ramil oğlunun istifadə hüquqlarını tanınmasına, evdən istifadə qaydalarının müəyyən edilməsinə, evdən istifadəyə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Hümbətova Solmaz Yunis qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianı təmin edərkən məhkəmə mübahisəli fərdi yaşayış evinin tərəflərdən heç birinin adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmadığını göstərərək mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11.1-ci və 13.4-cü maddələrinə əsasən qanununun analogiyasını tətbiq etmiş və tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinin tələblərini şamil etmişdir. Halbuki, mübahisəli fərdi yaşayış evi 19 aprel 2022ci il tarixdən onun mülkiyyətindədir, buna qədər isə mübahisəli fərdi yaşayış evi mərhum əri Hümbətov Binnət Kərim oğlunun mülkiyyətində olmuş, onun ölümündən sonra isə vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Hazırkı hüquq münasibətlərinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin tələbləri şamil edilməli olduğu halda, qeyd edilən maddi hüquq normalarının tələbləri pozulmuş və tətbiq edilməmişdir. Mübahisəli fərdi yaşayış evi iddiaçı həmin evə qeydiyyata düşməzdən əvvəl mərhum əri Hümbətov Binnət Kərim oğlunun mülkiyyətində olmuş, sonuncu iddiaçı həmin fərdi yaşayış evinə qeydiyyata alınarkən notariat qaydasında təsdiq edilən razılaşma verməmişdir. Daha sonra fərdi yaşayış evi vərəsəlik qaydasında onun mülkiyyətinə keçmiş və iddiaçı ilə aralarında notariat qaydasında təsdiq edilmiş hər hansı razılaşma mövcud deyildir. Məhkəmə tərəfindən iddiaçının hansı tarixdən mübahisəli fərdi yaşayış evinə qeydiyyata alınması, mübahisəli fərdi yaşayış evinin iddiaçı həmin evə qeydiyyata düşməzdən əvvəl və sonrakı hüquqi rejimi, hazırkı mülkiyyətçi ilə iddiaçının faktiki ailə daxili münasibətləri, iddiaçının tələblərinin cavabdehin mülkiyyət hüquqlarına təsiri və gələcəkdə mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəlmiş hərəkətləri araşdırılmamışdır. İddiaçının faktiki olaraq mübahisəli fərdi yaşayış evinə qeydiyyat düşərkən mülkiyyətçi ilə notariat qaydasında təsdiq edilmiş razılaşmanı əldə etməməsi qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun olmamasına sübutdur. Cavabdeh Hümbətova Solmaz Yunis qızının nümayəndəsi vəkil Əmirov Əbülhəsən Hüsaməddin oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh Hümbətova Solmaz Yunis qızı İddiaçı qızına barışıq əldə edilməsi üçün 35000 manat dəyərində məbləğ təklif etsə də, iddiaçı həmin məbləğlə razılaşmayaraq cavabdehdən 50000 manat məbləğdə pul vəsaiti tələb etmişdir. İddiaçı qızı məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat verərək Ağcabədi Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(017)-1339/2022 saylı qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını məhkəmə kolegiyasından xahiş etmiş və bildirmişdir ki, ona təklif olunan məbləğ başqa ünvanda özü üçün yeni mənzil alması üçün kifayət deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(017)- 1339/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı qızı 23 yanvar 1988-ci il tarixdə anadan olmuş, hazırda ünvan 3 ünvanda yaşayır. İşdə olan Ağcabədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Hümmbətov Ramil Binnət oğlu və Qurbanova Afərim Qənimət qızı arasında nikah 22 noyabr 2007-ci il tarixdə 330 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra arvada Hümmbətova soyadı verilmişdir. İşdə olan Doğum h a q q ı n d a ş əhadətnamələrin surətlərindən görünür ki, İddiaçı qızının Hümmbətov Ramil Binnət oğlu ilə olan nikahlarından 2008-ci ildə Rabil Hümmbətov və 2011-ci ildə Türkan Hümmbətova adlı iki uşaqları doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hümmbətov Ramil Binnət oğlu 20 mart 2014-cü il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Ağcabədi şəhəri Heydər Əliyev prospekti 101 saylı ünvanda İddiaçı qızı, Hümmbətov Ramal Cəsarət oğlu, Hümmbətova Türkan Ramil qızı, Orucova Şəbinə Vahid qızı, Hümbətova Solmaz Yunis qızı, Hümmbətov Rabil Ramil oğlu, Hümmətov Cəsarət Binnət oğlu, Hümmətov Səxavət Cəsarət oğlu və Hümmətov Ağahüseyn Cəsarət oğlu daimi qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, İddiaçı qızı Hümmbətov Ramil Binnət oğlu ilə 2007-ci ildə ailə qurduqdan sonra ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaqla gəlin köçmüşdür. İddiaçı qızının cehiz əşyaları da həmin yaşayış evinə yığılmış və hazırda da həmin evdədir. İddiaçı qızı ilə Hümmbətov Ramil Binnət oğlunun nikahlarından 2008-ci ildə Rabil Hümmbətov və 2011-ci ildə Türkan Hümmbətova adlı iki uşaqları doğulmuşdur. Hümmbətov Ramil Binnət oğlu 20 mart 2014-cü il tarixdə ölmüşdür. İddiaçı qızı hazırda ünvan 1 ünvanda qeydiyyatdadır və onun başqa yaşayış yeri yoxdur. Cavabdeh iddiaçının evdən könüllü surətdə çıxıb getdiyini bildirsə də, müəyyən olunmuşdur ki, cavabdeh onu evdən məcburi qaydada çıxarmış, onu mübahisəli evə buraxmadığına görə Afərim məcbur olub uşaqları ilə birlikdə öz atası evinə getmişdir. İş üzrə cavabdeh Hümbətova Solmaz Yunis qızı 2007-ci ildə ailə qurub ünvan 5 ünvanda uşaqları ilə birlikdə yaşamasını istəyir. Beləcə, İddiaçı qızının azyaşlı uşaqları ilə birlikdə köçürülməsini tələb etdiyi Ağcabədi şəhəri Heydər Əliyev prospekti 101 saylı ünvanda yerləşən cavabdeh Hümbətova Solmaz Yunis qızının yaşadığı mübahisəli fərdi yaşayış sahəsi mülkiyyət hüququ əsasında tərəflərin heç birinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə hesab etmişdir ki, mübahisəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmadığı üçün mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadığından, mübahisə Mülki Məcəllənin 11.1-ci və Mülki Prosessual Məcəllənin 13.4-cü maddələrinə əsasən qanunun analogiyası üzrə analoji münasibətləri tənzimləyən hüquq normalarına, yəni tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən həll edilməlidir. Bununla da, İddiaçı qızının Hümmbətov Ramil Binnət oğlu ilə 2007-ci ildə nikah münasibətlərinə girməklə ailə qurduqdan sonra cavabdehlərin razılığı ilə Ağcabədi şəhəri Heydər Əliyev prospekti 101 saylı ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçdüyündən, cavabdehlə birlikdə yaşayıb onlarla ümumi təsərrüfat apardığından, həmin ünvana qeydiyyata alındığından və azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşadıqlarından mübahisəli yaşayış evinə istifadə hüquqları tanınmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh Hümbətova Solmaz Yunis qızı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, işin mübahisəsiz hallarına əsasən İddiaçı qızı Hümmbətov Ramil Binnət oğlu ilə 2007-ci ildə ailə qurduqdan sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaqla gəlin köçmüşdür. İddiaçı qızının cehiz əşyaları həmin yaşayış evinə yığılmış, hazırda həmin evdədir və Hümmbətov Ramil Binnət oğlu ilə birgə nikahlarından 2008-ci ildə anadan olmuş Rabil Hümmbətov və 2011-ci ildə anadan olmuş Türkan Hümmbətova adlı iki uşağı ilə birlikdə həmin ünvanda yaşayır. Mərhum əri Hümmbətov Ramil Binnət oğlu 20 mart 2014-cü il tarixdə ölmüşdür. İş materiallarına görə İddiaçı qızı hazırda ünvan 1 ünvanda daimi qeydiyyatdadır. Qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 19 aprel 2022-ci il tarixli Çıxarışından görünür ki, Ağcabədi şəhəri Heydər Əliyev prospekti 101 saylı ünvanda 0,0641 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi (ümumi sahəsi 134,5 kv.m) Hümbətova Solmaz Yunis qızının adına verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ancaq birinci instansiya məhkəməsi Ağcabədi şəhəri Heydər Əliyev prospekti 101 saylı ünvanda yerləşən mübahisəli fərdi yaşayış sahəsinin mülkiyyət hüququ əsasında tərəflərin heç birinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmadığını göstərmişdir. Məhkəmə bununla da, iş üzrə zəruri əhəmiyyət kəs edən bütün sübutları nəzərə almamış və müəyyən edilmiş faktiki hallara mötəbər sübutlar əsasında düzgün qiymət verməmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Bununla da, Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələri mülkiyyətçinin ailə üzvlərinin və digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə və belə hüququn əmələ gəlməsini, həyata keçirilməsi şərtlərini və xitamını mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə şərtləndirmişdir. İşdən göründüyü kimi, Ağcabədi şəhəri Heydər Əliyev prospekti 101 saylı ünvanda yerləşən mübahisəli fərdi yaşayış evi 19 aprel 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində Hümbətova Solmaz Yunis qızının adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması Hümbətova Solmaz Yunis qızının mübahisəli evə məhz həmin andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Hazırda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il və “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarlarında göstərilmiş hüquqi mövqeyə görə Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinin 19 aprel 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində Hümbətova Solmaz Yunis qızının adına qeydiyyata alınmasına diqqət yetirməmiş, nəticədə isə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh Hümbətova Solmaz Yunis qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(017)-1339/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı qızının cavabdeh Hümbətova Solmaz Yunis qızına qarşı mənzildən istifadə hüquqlarının tanınmasına, istifadə qaydalarının müəyyən edilməsinə və istifadəyə edilən maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Hümbətova Solmaz Yunis qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(017)-1339/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı qızının cavabdeh Hümbətova Solmaz Yunis qızına qarşı mənzildən istifadə hüquqlarının tanınmasına, istifadə qaydalarının müəyyən edilməsinə və istifadəyə edilən maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar