Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2290/2022 08.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakimlər Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(036)-1981/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ İmişli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(036)-1981/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Qurban Hacıyev) iddia təmin edilmiş, Cavabdeh 4600 manat məbləğində pul və 80 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən İmişli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(036)- 1981/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, 02 avqust 2018-ci il tarixdə Bakı şəhəri 27 saylı notariat kontorunda cavabdehlə aralarında imzalanmış Sazişə əsasən Cavabdeh tərəfindən ona vurulmuş 4600 manat ziyanı 15 ay, yəni 01 sentyabr 2018-ci il tarixindən hər ay 01 dekabr 2019-cu il tarixədək hər ay 300 manat olmaqla, qalan 100 manatı isə 01 yanvar 2020-ci il tarixində tam olaraq ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh pulu ödəməmişdir. Sözügedən sazişin 3-cü bəndinə əsasən gələcəkdə baş verəcək mübahisəli məsələlərə görə cavabdeh məsuliyyət daşıyır. O, dəfələrlə cavabdehdən sazişin şərtlərinə əməl etməyi tələb etsə də, o buna məhəl qoymamışdır. Həmçinin bildirmişdir ki, cavabdeh tərəfindən pulun vaxtında qaytarılmaması ona 1400 manat maddi ziyan vurulması ilə nəticələnmişdir. Belə ki, cavabdeh pulunu vaxtında qaytarsa idi o, həmin puldan əlavə gəlir əldə edə bilərdi. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının X5 tərəfindən ona dəyən ziyanın tam olaraq ödənilməsi və gələcəkdə ona qarşı heç bir şikayətinin və iddiasının olmayacağı barədə notarial qaydada təsdiq edilmiş ərizəsinin cavabdeh tərəfindən təqdim edilməsinə baxmayaraq məhkəmə buna hüquqi qiymət verməmiş və cavabdehə aid olmayan borcun ondan tutulması barədə əsassız qərar qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək İmişli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(036)-1981/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı izahatında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də apellyasiya şikayətinin təmin edilmədən, İmişli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(036)-1981/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavbdehin apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə İmişli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(036)-1981/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 02 avqust 2018-ci il tarixli sazişdə göstərilmişdir: 1. Cavabdeh (X2 atası) və zərər çəkmiş: İddiaçı ilə cəzaçəkmə müəssisəsində olan oğlum - X2 ona vurmuş olduğu ziyanla bağlı yaranmış 4600.00 (dörd min altı yüz) manat məbləğində pulu 15 (on beş) ay yəni xx.xx.2018-ci il tarixdən hər ay 300.00 (üç yüz) manat olmaqla, qalan 100 (yüz) manatı isə xx.xx.2020-ci il tarixdə tam olaraq ödəməyi öhdəmə almaqla zərər çəkmiş: İddiaçı iddiasından əl çəkməsi ilə razılaşdıq. 2. Biz zərər çəkmiş: İddiaçı və cəzaçəkmə müəssisəsində olan X2 atası Cavabdeh ilə oğlunun mənə vurmuş olduğu ziyana görə yranmış 4600.00 (dörd min altı yüz) manat məbləğində pulu 15 (on beş) ay yəni xx.xx.2018-ci il tarixdən hər ay 300.00 (üç yüz) manat olmaqla, qalan 100 (yüz) manatı isə xx.xx.2020-ci il tarixdə tam olaraq X2 atası Cavabdeh tərəfindən ödənilməsi ilə razılaşdıq. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli 1(103)-1081/2018 saylı qərarının surətindən görünür ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli hükmü ilə X5 Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 3 (üç) gün həbsdə saxlandığı müddət təyin olunmuş cəza müddətindən çıxılmaqla qəti olaraq 2 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli 1(103)-1081/2018 saylı qərarında məhkum X2 dələduzluq yolu ilə zərər çəkmiş şəxs İddiaçı vurduğu 4600 (dörd min altı yüz) manat maddi ziyan ödənildiyindən həmin məbləğin Rakif Rüstəmovdan alınaraq zərərçəkmiş şəxsə ödənilməsinə dair göstərişin hökmdən xaric edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşin müəyyən edilmiş hallarından görünür ki, Suraxanı rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 3 (üç) gün həbsdə saxlandığı müddət təyin olunmuş cəza müddətindən çıxılmaqla qəti olaraq 2 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Daha sonra məhkum edilmiş X2 atası, hazırkı iş üzrə cavabdeh X6 ilə İddiaçı (cinayət işi üzrə zərər çəkmiş) arasında 02 avqust 2018-ci il tarixdə Bakı şəhəri 27 saylı notarat kotorunda saziş bağlanmış və həmin sazişə əsasən Cavabdeh (məhkum edilmiş şəxs X2 atası) zərər çəkmiş İddiaçı cəzaçəkmə müəssisəsində olan X2 vurmuş olduğu ziyanla bağlı yaranmış 4600.00 (dörd min altı yüz) manat məbləğində pulu 15 (on beş) ay yəni xx.xx.2018-ci il tarixdən hər ay 300.00 (üç yüz) manat olmaqla, qalan 100 (yüz) manatı isə xx.xx.2020-ci il tarixdə tam olaraq ödəməyi, zərər çəkmiş İddiaçı isə iddiasından əl çəkməsi barədə raızılaşma əldə etmişlər. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırkı iş üzrə Cavabdeh ilə İddiaçı (cinayət işi üzrə zərər çəkmiş) arasında 02 avqust 2018-ci il tarixdə Bakı şəhəri 27 saylı notarat kotorunda bağlanmış sazişin şərtlərinə uyğun olaraq (sazişdə «İddiaçı iddiasından əl çəkəcəyi» göstərilmişdir) İddiaçı 03 avqust 2018-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsində X5 tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyini və gələcəkdə X1 heç bir şikayətinin və iddiasının olmayacağını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli 1(103)-1081/2018 saylı qərarının surətindən görünür ki, zərər çəkmiş şəxs İddiaçı qeyd olunan ərizəsi əsasında məhkum X2 dələduzluq yolu ilə zərər çəkmiş şəxs İddiaçı vurduğu 4600 (dörd min altı yüz) manat maddi ziyanın ödənilməsi əsas gətirilməklə həmin məbləğin Rakif Rüstəmovdan alınaraq zərərçəkmiş şəxsə ödənilməsinə dair göstəriş hökmdən xaric edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdeh ilə İddiaçı arasında 02 avqust 2018-ci il tarixdə Bakı şəhəri 27 saylı notarat kontorunda saziş bağlanması və həmin sazişin şərtlərinə uyğun İddiaçı cavabdehin oğlu X3 qarşı 4600 manat pul tələbindən imtina etməsi işin mübahisəsiz halı olaraq müəyyən olunur. Lakin cavabdehin qeyd olunan sazişin şərtlərinə uyğun olaraq 4600.00 (dörd min altı yüz) manat məbləğində pulu 15 (on beş) ay yəni xx.xx.2018-ci il tarixdən hər ay 300.00 (üç yüz) manat olmaqla, qalan 100 (yüz) manatı isə xx.xx.2020-ci il tarixdə tam olaraq ödəməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh İddiaçı 03 avqust 2018-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsində X5 tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyini və gələcəkdə X1 heç bir şikayətinin və iddiasının olmayacağını əsas gətirməklə ona qarşı pul tələbinə dair iddiasının rədd edilməli olduğunu apellyasiya şikayətinin dəlili olaraq göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh iddiaçıya 4600 manat pulun ödənilməsini əsas gətirməklə qətnamənin ləğv edilməsini tələb etsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddia tələbinin maddi hüququ əsası olaraq Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad edilmiş və iddia tələbinin qismən təmin edilməsinə baxmayaraq «iddia tələbinin təmin edildiyi» göstərilmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(036)-1981/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməklə Cavabdeh 4600 (dörd min altı yüz) manat məbləğində pul və ödənilmiş 80 (səksən) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 78.1, 89.1, 217.2, 372, 376.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(036)-1981/2022 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 4600 (dörd min altı yüz) manat məbləğində pul və ödənilmiş 80 (səksən) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Nüsrət Mirzəyev Hakimlər: Samir Mayılov İlham Əsədov
Məhkəmə qərarları › İş №2(106)-2290/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2290/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver