Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2291/2022 07.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mirzəyev Nüsrət Fətulla oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(049)-1969/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(049)-1796/2018 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində müəyyən edilmiş 100 manat alimentin miqdarının artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilməsi və mediasiya xərci olaraq ödənilmiş 51 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01 noyabr 2014-cü il tarixində cavabdeh ilə nikahını Lənkəran rayon Qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə qurmuşdur. Həmin nikahdan onların xx.xx.2016-cı il tarixində Nuray adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan narazılıqlara görə 2018-ci ildə ayrılmışlar. Bundan sonra isə iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-1796/2018 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunaraq, xx.xx.2016-cı il təvəllüdlü Nurayın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü cavabdehdən hər ay 100 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Lakin həmin qətnamə ilə müəyyən edilmiş 100 manat aliment məbləği çox aşağıdır və həmin məbləğlə indiki dövrdə azyaşlı uşağı saxlamaq olduqca çətindir. Belə ki, 2018-ci ildən indiyədək ötən dövr ərzində ölkədə yaşayış şəraiti olduqca dəyişmiş, kommunal xidmətlərə dair ödənişlər dəfələrlə artmış, zəruri qida və digər ehtiyacların qiymətlərində kəskin artım olmuşdur. Bu səbəbdən də 100 manat alimentlə artıq məktəbə gedən uşağın tələbatını ödəmək mümkün deyil. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay sabit pul məbləğində 200 manat aliment tələb edir. Lənkəran Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(049)-1969/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Məmmədov) iddia qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(049)-1796/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 38 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(049)-1969/2022 saylı qətnaməsinin qismən ləğv edilərək, iddia tələbi qismən təmin edilməklə, 150 manat məbləğində qət edilmiş alimetin azaldılaraq 108 manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmaqla qeyri-obyektiv qətnamə qəbul etmiş, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamışdır. Məhkəmə qətnamədə cavabdehin Lənkəran şəhər Psixiatriya Xəstəxanasında baş mühasib vəzifəsində işləməklə xalis aylıq əmək haqqının 431 manat olmasını, həmçinin, onun valideynlərinin – atası X2 aylıq 268,62 manat pensiya almasını və anası Cəfərova Sevinc Ağadadaş qızının isə heç bir yerdə işləməməsini, dövlətdən heç bir sosial yardım və ya müavinət almamasını, ünvan 1 ünvanında birlikdə yaşadıqlarını qeyd etmişdir. Yəni, məhkəmə valideynlərinin cavabdehin himayəsində olmasını işin mübahisələndirilməyən faktiki halı kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi 2022-ci il üçün yaşayış minimumu ilə əlaqədar Qanunun hər adam başına düşən yaşayış səbətinin məbləği və uşaqların saxlanmasının 193 manat müəyyən edilməsi hallarına hüquqi qiymət verməmiş, işin faktiki hallarına uyğun araşdırmamışdır. Məhkəmə iddia tələbini qismən təmin edib aliment məbləğini 50 manat artırarkən cavabdehin himayəsində yaşayan valideynlərinin dolanışıq xərclərini nəzərə almamışdır. Məhkəmə 2022-ci il üçün yaşayış minimumu haqqında qanunun hər adam başına düşən minimum yaşayış səbətinin 210 manat məbləğində olmasını cavabdehin himayəsində yaşayan valideynlərinə şamil etməmişdir. Məhkəmə Ailə Məcəlləsinin 56.1-ci maddəsini qətnamədə qeyd etsə də, ona istinad etmir. Hər iki valideyn uşağını saxlamaqda maddi və mənəvi cəhətdən bərabər hüquqlara malikdirlər. Məhkəmə hazırkı halda aliment məbləğini 150 manat müəyyən edərkən cavabdehin ailəsinin yaşayış minimumunun qanunvericilikdə nəzərdə tutulmuş yaşayış səbətindən 26,79 manat aşağı olmasını nəzərə almamışdır. Həmçinin, uşaqların saxlanılması üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləği olan 193 manat da 2 yerə bölünməlidir. Odur ki, iddiaçıya 100 manat civarında alimentin ödənilməsini qanunamüvafiq hesab edir. Bundan başqa, iddiaçı 9 saylı tam orta məktəbdə müəllim işləməklə sabit əmək haqqı alır, onun anası isə dövlət qulluqçusu kimi yüksək pensiya alır. Məhkəmə isə işin bu faktiki hallarına qiymət verməmişdir. Məhkəmə cavabdehin digər gəlirlərinin olubolmamasını müəyyən etməmişdir. Çünki cavabdehin aldığı əmək haqqı və atasının aldığı pensiya məbləği dəyişməz olduğu üçün məhkəmə sabit pul məbləğində deyil, əmək haqqının ¼ hissəsini də alimentə yönəldə bilərdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(049)-1969/2022 saylı qətnaməsinin qismən ləğv edilərək, iddia tələbi qismən təmin edilməklə, 150 manat məbləğində qət edilmiş alimetin azaldılaraq 108 manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh bildirdi ki, onun maddi imkanı aşağı olduğundan təyin edilmiş aliment məbləğini ödəyə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı teleqramla məhkəmə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Odur ki, MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin qismən ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehin izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq bildirir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZ-İİİ 644563 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 02 mart 2016-cı il təvəllüdlü X3 atası Cavabdeh, anası X5r. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-1796/2018 saylı, 12 aprel 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh azyaşlı uşağı 02 mart 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment və eyni zamanda uşağın üç yaşına çatana kimi saxlanması üçün hər ay 30 manat aliment olmaqla, ümumilikdə 130 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 170 nömrəli, 27 may 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 2020-ci ilin mart ayından Lənkəran şəhər Psixiatriya Xəstəxanasında baş mühasib vəzifəsində işləyir və onun tutulmalardan sonra xalis aylıq əmək haqqı məbləği 431 manat təşkil edir. İş materiallarında olan Lənkəran ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 may 2022-ci il tarixli arayışından görünür ki, Cəfərli X8 şəhəri, 28 May küçəsi, 29 saylı evdə qeydiyyatdadır (yaşayır) və onun aşağıdakı ailə üzvləri vardır: X7 (2-ci dərəcə əlillik) və Cəfərova Sevinc Ağadadaş qızı (işləmir). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilmiş məlumatdan görünür ki, X7 üçün ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemindən pensiya haqqında xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, X7 əlilliyə görə aylıq 268,62 manat pensiya alır. X1 X4 Ağadadaş qızının sosial müavinət və təqaüd alması və pensiyaçı olması barədə məlumat mövcud deyil. Birinci instansiya məhkəməsi aliment məbləğini 150 manat müəyyən edərkən gəldiyi nəticəni “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etməklə əsaslandırmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Lakin kollegiya bildirir ki, sabit pul məbləği ilə təyin edilən alimentin miqdarının müəyyənləşdirilməsi zamanı yaşayış minimumu məbləği mümkün məntiqi meyarlardan biri olsa da, yeganə mütləq meyar kimi çıxış edə bilməz. Məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Ailə Məcəlləsinin sözügedən münasibətləri tənzimləyən normalarının məzmunundan isə aydın olur ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsində uşaqların qayğısına qalmaq ilə bağlı konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsi qoyulmuşdur Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həm də uşağın zəruri maddi təminat hüququndan irəli gəlir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində həmin hüquq təsbit edilmiş və uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olduğu müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu 27 iyul 2016-cı il tarixli Qərarında yaşayış minimumu məbləği əsasında aliment məbləğinin müəyyənləşdirilməsi məsələsinə dair hüquqi mövqeyini belə ifadə etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Eyni yanaşma “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən də nümayiş etdirilmişdir. Məhkəmə kollegiyası həm Konstitusiya Məhkəməsi Plenumunun, həm də Ali Məhkəmə Plenumunun hüquqi mövqeyini nəzərə alaraq bildirir ki, cavabdehin apellyasiya şikayətində 193 manat məbləğində olan yaşayış minimumunun valideynlər arasında bərabər bölünməli olmasına dair qeyd etdikləri əsaslı hesab edilə bilməz. Belə ki, xx.xx.2016-cı il təvəllüdlü Nuray Cəfərlinin iddiaçının himayəsində olduğunu nəzərə alaraq, birinci instansiya məhkəməsi minimum dolanacaq xərclərinə yaxın olan 150 manat məbləğində alimentin cavabdehdən tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Qərarında qeyd etmişdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Hazırkı iş üzrə iddiaçı da məhkəməyə müraciət edərkən alimentin məhz sabit pul məbləğində tutulmasını və Lənkəran Rayon Məhkəməsinin 2(049)-1796/2018 saylı, 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə sabit pul məbləğində təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb etmişdir. Odur ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan alimenti sabit pul məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin alimentin onun əmək haqqının bir hissəsi kimi ödənilməli olmasına dair dəlili də bu baxımdan əsassız olmuşdur. Sadalananlardan başqa, cavabdeh apellyasiya şikayətində onun himayəsində valideynlərinin olduğunun, atasının ikinci dərəcəli əlil olmasını və anasının heç bir yerdə işləməməsini, pensiya və ya hər hansı müavinət almamasının diqqətəlayiq hal kimi nəzərə alınmalı olduğunu bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, uşağın təminat səviyyəsinin zəruri xərclərə cavab verə biləcək həddə saxlanılması aliment məbləğinin müəyyənləşdirilməsində diqqət yetirilməli olan əsas məqam olduğundan, bununla yanaşı, cavabdehin istinad etdiyi göstərilən hallar diqqətəlayiq hesab edildiyindən, birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləği tam olaraq yaşayış minimumu həddində və ya ona çox yaxın məbləğdə müəyyənləşdirilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin maddi imkanının aşağı olması, eləcə də, onun himayəsində valideynlərinin olması onu azyaşlı uşağının maddi təminat səviyyəsinin tələbatlarına uyğun şəkildə təmin edilməsi vəzifəsindən azad etmir. Konstitusiya Məhkəməsi Plenumunun, eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilmiş qərarlarında qeyd edilən hüquqi mövqe onu göstərir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği onun minimum maddi təminatının olmasına yönəlir və onun məbləği valideynlərinin maddi vəziyyətinin dəyişməməsindən irəli gələrək daim sabit qala bilməz. Çünki uşaqlar böyüdükcə onların saxlanılması xərci artır, eləcə də, zəruri tələbat məhsullarının da müəyyən dövr ərzində qiymətinin artması cavabdehin dəlillərinin əsassız olduğunu göstərir. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayətində cavabdeh iddiaçının anasının dövlət qulluqçusu kimi yüksək pensiya aldığını qeyd etsə də, həmin halın doğruluğunu təsdiq edən hər hansı sübut təqdim etməmiş, sadəcə formal mülahizə ilə kifayətlənmişdir. Bununla belə, bu cür sübutun təqdim ediləcəyi halda da, iddiaçının anasının yüksək pensiya alması cavabdehi valideyn kimi öz uşağının minimum maddi təminatını realizə etmə vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası yekun olaraq vurğulayır ki, aliment məbləği müəyyənləşdirilərkən tərəflərin ailə, maddi və digər diqqətəlayiq hallarının nəzərə alınması ilə yanaşı, uşaqların əvvəlki təminatının mümkün qədər maksimal saxlanılması əhəmiyyət kəsb edir. Bu zaman isə mümkün məntiqi meyar olaraq uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu çıxış edir. 2022-ci il üçün uşaqlara görə yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. 02 mart 2016-cı il təvəllüdlü X3 iddiaçının yanında qalması nəzərə alınarsa, birinci instansiya məhkəməsi uşağın saxlanılması üçün alimentin məbləğinin artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin də ailə, maddi vəziyyətini və digər diqqətəlayiq hallarını nəzərə alaraq iddianı qismən təmin etmiş, bununla da, həm uşağın maddi təminatının minimum həddən aşağı olmasının, həm də cavabdehin vəziyyətinin ağırlaşmasının qarşısını almışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tətbiq olunacaq hüquq, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri əsaslı olmamaqla qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas təşkil etmir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(049)-1969/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(106)-2291/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2291/2022
07.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver