Məhkəmə qərarları › İş №2(106)-2297/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2297/2022

15.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2297/2022 15.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi X5, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı 1080 manat təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış dəymiş ziyan, ödənilmiş 30.80 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 1111.20 manat pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(050)-1669/2022 saylı qətnaməsindən iddiaçı “Azəriqaz” İB-yi tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ Masallı Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(050)-1669/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Habil Bəhmənov) iddia qismən təmin edilmş, Cavabdeh qeyri-qanuni qazdan istifadəyə görə hesablanmış 540 manat dəymiş ziyan, dövlət rüsumuna ödənilmiş 30.80 manat və 0.40 manat xidmət haqqı, cəmi 571,20 manat alınaraq iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı “Azəriqaz” İB-yi tərəfindən Masallı Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(050)-1669/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran X12 İdarəsinin Masallı Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən 07 iyul 2021-ci il tarixdə Masallı Xidmət Sahəsi üzrə abonentlərin qaz təsərrüfatına baxış keçirilərkən Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Masallı Regional X3 fəaliyyət göstərdiyi inzibati binada AGİS proqramında qeydiyyatda olmayan qaz sayğacı quraşdırılmaqla təbii qazdan qeyri-qanuni istifadə olunması halı aşkar edilmişdir. Belə ki, Lənkəran RQİİ-nin Masallı XSnin mütəxəssisləri tərəfindən 07 iyul 2021-ci il tarixdə Masallı XS üzrə abonentlərin qaz təsərrüfatına baxış keçirilərkən Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Masallı Regional X3 yerləşdiyi inzibati binanın sahibi Cavabdeh AGİS proqramında qeydiyyatda olmayan ********* saylı G-4 markalı, son göstəricisi 01541 m3 olan Elster tipli sayğacdan istifadə edərək təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla təbii qazı talaması aşkarlanmış və müvafiq akt tərtib edilmişdir. Aşkar edilmiş hadisə nəticəsində təbii qaz itkisi aidiyyatı komissiya tərəfindən hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 11 nömrəli, xx.xx.2011-ci il tarixli qərarın 1 saylı əlavəsinə əsasən müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təyziq həddində keçən qazın maksimal saatlıq sərfi 2.5 m3/saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, cəmi 5400 m3 olmaqla 1080 manat məbləğində dəymiş ziyan hesablanmış və Cavabdeh tərəfindən 1080 manat maddi ziyan ödənilməmiş qalmışdır. “Azəriqaz” X2 X12 İdarəsi tərəfindən borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh borcunu ödəməmişdir. Qeydiyyatda olmayan qaz sayğacının quraşdırılması barədə Lənkəran RQİİnin xx.xx.2021-ci il tarixli müraciəti əsasında Masallı Rayon Prokurorluğunda araşdırma aparılmışdır. Aparılan araşdırma nəticəsində Masallı Ragional X3 yerləşdiyi binanın sahibi Cavabdeh qaz xəttinə qanunsuz müdaxilə edərək inzibati xəta törətdiyi müəyyən olunmuşdur. Toplanmış material üzrə 10 avqust 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh barəsində Masallı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün inzibati icraat materialı Energetika Nazirliyinin tabeliyində olan X4 Agentliyinin Lənkəran filialına göndərilmişdir. Agentliyin Lənkəran filialı tərəfindən Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, 06 sentyabr 2021-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərara əsasən o, 800 manat məbləğində inzibati cərimə edilmişdir. Odur ki, 1080 manat təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış dəymiş ziyan, ödənilmiş 30.80 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 1111.20 manat pulun cavabdehdən tutulması tələb olunur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “Azəriqaz” İB-yi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. İddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Masallı Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(050)-1669/2022 saylı qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Masallı Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(050)-1669/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Masallı XS üzrə TQQ və SX-nin rəisi İlqar Əliyev, Masallı XS üzrə TQQ və SX-nin mühəndisi Rafid Abiyev və Masallı XS üzrə TBX-nin qaz qaynaqçısı Ağamirzə Ağayev tərəfindən təsdiq edilmiş 07 iyul 2021-ci il tarixli aktdan görünür ki, həmin şəxslər Masallı rayonu, H.Əliyev prospektində yerləşən X10 Koalisiyası İdarəsinin inzibati binasında olmuşlar. Məlum olmuşdur ki, həmin binada təbii qazdan istifadə qaydaları pozularaq qeyri-qanuni istifadə olunmuşdur. Həmin binada quraşdırılmış zavod nömrəsi 10324115 olan, son göstəricisi 01541 kub metr olan G-4T tipli məişət qaz sayğacı AGİS proqramında qeydiyyatda deyildir. Ona görə də həmin ünvanın qaz təminatı qaz qaynağı vasitəsilə dayandırılmışdır. İş materiallarında olan 17 iyul 2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş akt tələbnaməsinin surətindən görünür ki, Cavabdeh abonent kimi qeydiyyatda deyil, qeydiyyatsız qazdan qeyri-qanuni istifadəyə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 11 nömrəli, xx.xx.2011-ci il tarixli qərarın 1 saylı əlavəsinə əsasən müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təyziq həddində keçən qazın maksimal saatlıq sərfi 2.5 m3/saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, cəmi 5400 m3 olmaqla 1080 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan «inzibati tənbeh vermə haqqında» 06 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərardan məlum olur ki, Cavabdeh X3 sədri olaraq vəzifəli şəxs kimi 07 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 800 manat məbləğində cərimə edilmişdir. Qərarda qeyd edilmişdir ki, “Qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazı talaması nəticəsində 540 manat məbləğində ziyan vurmuşdur” İş materiallarında olan Masallı Rayon Prokurorluğunun 10 avqust 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 173-C-21 nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunusuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir Həmin Qaydaların 3.4.1.-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. ARDNŞ Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarının qanunusuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydalarına əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin hesablanması Qaydaları aşağıdakı hallarda tətbiq edilir:

2. Layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda;

3. Sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda;

4. Sayğaca və plomblara hər hansı bir müdaxilə halında və ya sayğac plombsuz, həmçinin sənədi olmayan plombla möhürlənmiş olduqda. İş materiallarında olan inzibati tənbeh vermə haqqında 06 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, Cavabdeh X3 sədri olaraq vəzifəli şəxs kimi qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla iddiaçıya 540 manat məbləğində ziyan vurması müəyyən edilmiş, ona görə də 07 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri yuxarıda göstərilənlər baxımından əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. Ona görə də iddiaçı “Azəriqaz” İB-yi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(050)-1669/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi- nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.2, 217.2, 372, 385, 386 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı “Azəriqaz” İB-yi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(050)-1669/2022 saylı qətnaməsi dəyişdirilmədn saxlanılsın. Qətnaməndən kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar