Məhkəmə qərarları › İş №2(106)-230/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-230/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-230/2023 26.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X12 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işi üzrə Masallı Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(050)-687/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 yanvar 2023-cü il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh 20300 manat və dövlət rüsumuna ödənilmiş 223 manat, cəmi 20523 manat pul tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi üzrə bildirmişdir ki, iddiaçının Masallı rayonu Bədəlan kənd sakini olan əvvəllər tanıdığı Cavabdeh onun yanına gələrək, etibarından sui-istifadə edərək onu “Mercedes Panarama” markalı avtomobil almaq adı ilə aldadaraq tamah niyyəti ilə 2017-ci ilin iyun ayının sonlarında saat 14:00 radələrində Masallı rayonu Yeyənkənd kəndində 21000 manat pulunu ələ keçirərək xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən onun etibarından suiistifadə edərək onu “Range Rover” markalı avtomobil almaq adı ilə aldadaraq tamah niyyəti ilə 2017-ci ilin dekabr ayının sonlarında saat 14:00 radələrində Masalı rayonu, Yeyənkənd kəndində 27000 manat pulunu ələ keçirərək ona xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Masallı Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli 1(050)-102/2018 saylı hökmündən zərərçəkmiş şəxs kimi apellyasiya şikayəti etmişdir. Həmin iş üzrə təqsirləndirilən şəxs Cavabdeh həm birinci instansiya həm də Şirvan Apellyasiya Məhkəməsi gedişində ona vurduğu ziyanın 27 700 manatını ödəmişdir. Lakin Cavabdeh ona bildirmişdir ki, məhkəmə gedişi zamanı ona dəymiş ziyanın formal olaraq ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirsin. Məhkəmə bitdikdən sonra ödənilməmiş 20300 manat pulu hər ay 2000 manat olaraq verəcəyini bildirmişdir. Onun dedikləri rəsmi olsun deyə, Cavabdehla nümayəndəsi X8, onun əmisi oğlu X4 və X5 iştirakı ilə 14 may 2019-cu il tarixdə borc müqaviləsi bağlamışdır. Eyni zamanda da Cavabdeh öz xətti ilə borc müqaviləsinin tərkib hissəsində olan fikirləri ona ərizə ilə yazmışdır. Həmin vaxtdan etibarən bu günə qədər hər kəsə vurduğu ziyanı ödədiyi halda, ona vurduğu ziyanı ödəməmişdir. Cavabdeh borcunu ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, cavabdehdən 20300 manat pulun və 223 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(050)-687/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 20300 manat və dövlət rüsumuna ödənilmiş 223 manat, cəmi 20523 manat pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Bildirmişdir ki, ödədiyi pullar qaimələr var məhkəməyə təqdim edilməyib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Cavadov X6 Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(050)687/2022 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi vəkili X9 apellyasiya şikayətini müdafiə eədərk şikayətinin təmin edilməsini və Masallı Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(050)687/2022 saylı qətnaməsinin ləğv edilərək yeni qərar çıxarılmasını xahiş etmişdir. Göstərmişdir ki, cavabdehin ona verdiyi məlumata görə o bütün pul məbləğini iddiaçıya ödəmişdir. İddiaçı apellyasiya icraatı zamanı iddia ərizəsində göstərilən əsaslara uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh barəsində olan cinayət işi üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar cəza verilməməsi üçün xahiş etmişdir ki, barışıq ərizəsi versin. Bu səbəblə də Şirvan Apellyasiya məhkəməsinə aralarında borc müqaviləsi bağlamaları, barışmaları haqqında ərizə təqdim etmişdir. Bununla belə Cavabdeh onun pulunu hal-hazıradək ödəməmişdir. Ona görə də apellyasiya şikayətini əsassız hesab etmişdir. İddiaçı vəkili X1 bildirmişdir ki, Masallı Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli 1(050)-102/2018 saylı hökmündən görünür cavabdeh iddiaçıya maddi ziyan vurmuş 20300 manat pulu bu günədək iddiaçıya geri qaytarmamışdır. Cavabdeh 20300 manat pulu ödəməsini bildirir, lakin işdə olan Masallı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının məzmununda cavabdeh olan borcunu 15 gün ərzində ödəməsini bildirmişdir. Əgər cavabdeh tərəfin geri hər hansı ödəniuş edibsə buyursun qəbzləri təqdim etsin. Hesab etmişdir ki, apellyasiya şikayəti əsassızdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini və Masallı Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(050)687/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Masallı Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(050)687/2022 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 82.4.-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini tələbin əsaslı və sübut olunması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşmadığını, Masallı Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(050)-687/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(050)-687/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 may 2019-cu il tarixli, 1(106)-78/2019 saylı Qərarının və Masallı rayon məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 2(106)-102/2018 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4-cü maddələri ilə 7000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Ona verilmiş ittihama görə İddiaçı etibarından sui-istifadə edərək, ümumi 48000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. 14 may 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 10 ay müddətinə, yəni 14 may 2019-cu ildən 14 mart 2020-ci il müddətinə 20300 manat pulu hər ay 2000 manat ödəmək şərti ilə borc vermişdir. Borc müqaviləsi İddiaçı, Cavabdeh və şahidlər X8, X4 və X10 tərəfindən imzalanmışdır. Cavabdeh ərizəsindən görünür ki, İddiaçı olan 48000 manat borcundan 27700 manatını ödədiyini, qalan 20300 manat borcunu hər ay 2000 manat ödəməyi öz öhdəsinə götürməsini bilidirmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 223 manat dövlət rüsumu ödəmişdir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən imzalanmış ərizəyə istinad etsə də, işin faktiki halları ilə tərəflər arasında ümumiyyətlə öhdəlik yaradan münasibət olmadığına görə, mübahisə müqavilə münasibətlərini nizamlayan maddi normalarla həll oluna bilməz. Tələbin əsasını dələduzluq cinayət əməli nəticəsində yaranmış maddi ziyan təşkil etdiyinə görə, maddi ziyanla bağlı müddəalara əsasən mübahisə həll edilməlidir. Azərbaycan Respublikası MM-nin 21.1.-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin hüquqi əsası mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi ziyandır. Maddi ziyanın cavabdehdən tələb olunması üçün, onun qanunazidd hərəkəti ilə dəymiş ziyan arasında səbəbli əlaqə olmalıdır. Kollegiya qeyd edir ki, qanuni qüvvəsini almış Masallı rayon məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 2(106)-102/2018 nömrəli hökmünün surətindən göründüyü kimi, cavabdeh iddiaçının etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə ona maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, tələb olunan 20300 manat maddi ziyanla cavabdehin qanunazidd hərəkətləri arasında səbəbli əlaqə mövcuddur. Cavabdeh apellyasiya şikayətində qətnamənin qanunsuz və əsassız olmasını bildirsə də, konkret olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını və düzgün tətbiq edilməməsinin həmçinin gəlinən nəticənin işin faktiki hallarına uyğun olmamasının nədən ibarət olmasını göstərməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan apellyasiya şikayəti təmin edilməməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq birinci instansiya məhkəməsinin “Cavabdeh 20300 manat və dövlət rüsumuna ödənilmiş 223 manat, cəmi 20523 manat pul alınaraq İddiaçı ödənilsin” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş mühüm əhəmiyyətli olan bütün faktiki halları araşdırmış gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(050)-687/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(050)-687/2022 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar