Məhkəmə qərarları › İş №2(106)-2305/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2305/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2305/2022 22.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Mirzəyev Nüsrət Fətulla oğlu (sədrlik edən, məruzəçi hakim), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, iddiaçı “Bank of Baku» “ASC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “Bank of Baku» “ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iş üzrə Lənkəran Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli e-2(049)-2067/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Lənkəran Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli e-2(049)-2067/2022 saylı qətnaməsi ilə (sədrlik eədn hakim Rəşad Məmmədov) iddia təmin edilmiş, “Bank of Baku» “ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9811,35 manat məbləğində əsas və 2463,81 manat məbləğində faiz borcu olmaqla, cəmi 12275,16 manat kredit borcu və 127 manat dövlət rüsumunun tutularaq iddiaçı “Bank of Baku» “ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Bank of Baku» “ASC ilə bağlanmış xx.xx.2020-ci il tarixli nağd pul layihəsi müqaviləsindən görünür ki, Cavabdeh1 illik 22% olmaqla 46 ay ərzində qaytarmaq şərti ilə 11000 manat məbləğində kredit verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iş üzrə Cavabdeh1 (VÖEN: **********) vergi ödəyicisi olmaqla 6 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci madldəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hazırki iş üzrə mübahisənin subyektlərindən görünür ki, cavabdehlərdən borclu Cavabdeh1 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs, iddiaçı “Bank of Baku» “ASC isə hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə iddia ərizəsinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən edə bilər. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli 3 saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında yuxarı instansiya məhkəmələrinə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərsinlər. Həmin bənddə qeyd edilir ki, belə halda yuxarı instansiya məhkəməsi tərəfindən iddianın baxılmamış saxlanılmasına və ya iş üzrə icraata xitam verilməsinə yol verilmir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli e-2(049)-2067/2022 saylı qətnaməsi ləğv edilməli, iddiaçı “Bank of Baku» “ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2, 263, 264, 397, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən edilsin. Lənkəran Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli e-2(049)-2067/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı“Bank of Baku» “ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar