Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-231/2024 23.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, X5 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli e-2(022)-1248/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli e-2(022)-1248/2023 saylı qətnaməsi ilə (hakim Rəfayil Əliyev) iddia təmin edilmiş, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 24 iyun 2022-ci il tarixli BUMM5850365A299 saylı kredit və hesab müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1835 (min səkkiz yüz otuz beş) manat 59 (əlli doqquz) qəpik, 19 sentyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 260 (iki yüz altmış) manat 61 (altmış bir) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat 96 (doxsan altı) qəpik, cəmi 2137 (iki min bir yüz otuz yeddi) manat 16 (on altı) qəpik məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Cavabdeh İsayev X1 Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli e-2(022)- 1248/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1835.59 manat əsas borc, 260.61 manat faiz borcu, cəmi 2096.20 manat pul vəsatitinin və 40.96 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BUMM5850365A299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2000 manat məbləğində pul mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırıldığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun 24 iyun 2022-ci il tarixli BUMM5850365A299 saylı kredit və hesab müqaviləsi barədə heç bir məlumatı yoxdur, həmin kredit müqaviləsi onun tərəfindən imza edilməmişdir. Müqavilə şəxsi imzadan və elektron imzadan və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada şəxsi imzanın başqa analoqundan istifadə edilməklə imzalana bilər. Lakin iddiaçı bankla onun arasında hər hansı müqavilə münasibəti olmamış və onun tərəfindən müqavilədə imza olunmamışdır. Onun elektron imzası, eyni zamanda, gücləndirilmiş imzası mövcud deyildir. Belə olan halda, kredit müqaviləsini necə elekton qaydada imzayala bilməsi sual doğurur. Əgər müqavilənin bağlanması üçün onun iradə ifadəsi yoxdursa, demək ki, iddiaçı ilə hər hansı kredit münasibətlərində olmamış, üzərinə öhdəlik götürməmiş, elektron imza etməklə faktiki olaraq kredit müqaviləsi üzrə münasibətlərin mövcudluğunu təsdiq etməmişdir. Eyni zamanda, sənədin elekton imzalanması üçün əvvəlcə elektron kredit müqaviləsi ona göndərilməli, daha sonra o, həmin müqavilə ilə tanış olduqdan sonra onu elektron qaydada imza etməli idi. Lakin sözügedən kredit müqaviləsini görməmişdir. İddia tərəfi də həmin müqavilənin ona göndərilməsini, bir nüsxəsinin ona verilməsini təsdiq edə bilməmişdir. Əgər kredit müqaviləsinin elektron imza vasitəsilə imzalanmasından söhbət gedirsə, o zaman iddiaçı tərəfindən həmin imzanın onun tərəfindən imza edilməsi, onun həqiqiliyinin yoxlanması isbat olunmalıdır. İddiaçı ASC tərəfindən məhkəməyə elektron formada ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehə kredit onlayn qaydada verilmişdir. Cavabdeh mobil telefon vasitəsi ilə müraciət etmiş, onun şəxsiyyəti portal vasitəsi ilə yoxlanılmışdır. Şəxsiyyəti müəyyən edildikdən sonra onun tərəfindən müraciət edilən telefona sənədlər link vasitəsi ilə göndərilir. Sənədlərlə tanış olduqdan sonra təsdiq verilir. Təsdiq verildikdən sonra tərəflər arasında müqavilə imzalanmış sayılır. Müqavilənin onlayn qaydada imzalanması ilə bağlı sənəd iş materiallarına əlavə edilmişdir. Həmin sənəddə müraciət edən şəxsin adı, soyadı, mobil nömrəsi, şəxsin fin kodu və s. kimi məlumatlar öz əksini tapmışdır. Müqavilənin bu qaydada imzalanmasının əsaslı hesab edilməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı var. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. İş üzrə cavabdeh tərəfindən edilmiş əməliyyatlarla bağlı cari hesabdan çıxarış və kart hesabından çıxarış məhkəməyə təqdim edilmişdir. Kart hesabından çıxarışdan açıq-aşkar görünür ki, cavabdehin əsas borc üzrə 1835,59 manat məbləğdə borcu vardır. Qeyd edilən məbləğə görə faizlər isə müqavilənin şərtlərinə uyğun hesablanmışdır. Bundan başqa, cavabdehlə bağlanmış müqavilədən öncə şəxsiyyəti müəyyən etmək üçün eyniləşdirmə sənədləri məhkəməyə təqdim edilmişdir. İlk öncə, müştərinin şəkili DİN sistemi vasitəsi ilə yoxlanılaraq eyniləşdirilir, sonradan şəxsin kimliyi müəyyən edilir. İddiaçı ASC onlayn qaydada kreditin verilməsinə əsas olan Mərkəzi Bankın qaydalarına əsasən müştərinin şəxsiyyəti ilə bağlı eyniləşdirmə apardıqdan sonra müqaviləni rəsmiləşdirmişdir. Şəkillər də məhkəməyə təqdim edilmişdir. Elektron kabinetə əlavə edilmiş çıxarışlarla subut olunur ki, cavabdeh tərəfindən həmin vəsait istifadə edilmiş, lakin qaytarılmamışdır. Cavabdeh tərəfindən bu cür fikirləri bildirilməsi yalnız borcun ödənilməsindən yayınmaq məqsədi daşıyır. Cavabdehin dedikləri həqiqəti əks etdirmir, bununla bağlı hər hansı sübutu yoxdur. Şikayətdə yazılanlar özünümüdafiə məqsədi daşıyır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2023-cü il tarixli 2(106)-2000/2023 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli e-2(022)-1248/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Biləsuvar Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli e-2(022)- 1248/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan 24 iyun 2022-ci il tarixli BUMM5850365A299 saylı kredit və hesab müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh kreditdən istifadəyə görə illik 25% borc faizləri ödəməsi şərtilə 36 ay müddətinə 2.000 manat məbləğində kredit vermiş və həmin pul vəsaiti Cavabdeh plastik kart hesabına köçürülmüşdür. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli BUMM5850365A299 saylı kredit və hesab müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 24 iyun 2022-ci il tarixli BUMM5850365A299 saylı kredit və hesab müqaviləsi üzrə borcu əsas borc qismində 1.835 manat 59 qəpik, 18 sentyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 260 manat 61 qəpik, cəmi 2.096 manat 20 qəpik təşkil edir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.Hazırkı halda, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilməklə qətnamə tam olaraq mübahisələndirilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, 24 iyun 2022-ci il tarixli BUMM5850365A299 saylı kredit və hesab müqaviləsi əsasında İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmiş, bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Qanunun yuxarıda göstərilən tələblərinin işin halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, borclu Cavabdeh kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC qarşısında götürdüyü öhdəliyi icra etməməklə kreditora ziyan dəymiş və o, vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh sözügedən kredit və hesab müqaviləsi barədə məlumatı olmadığını, həmin kredit müqaviləsini imzalamadığını, ümumiyyətlə gücləndirilmiş imzasının mövcud olmadığını bildirsə də, iddiaçı tərəfindən məhkəməyə elektron formada təqdim edilmiş sənədlərdən (hesabdan çıxarışlar, fotoşəkil vəs.) müəyyən edilir ki, cavabdehə kredit onlayn qaydada verilmişdir. Belə ki, əvvəlcə onun şəxsiyyəti portal vasitəsi ilə yoxlanılmış, sənədlərlə tanış olduqdan sonra ona kredit müqaviləsi onlayn qaydada verilmiş, həmin müqavilə cavabdeh tərəfindən onlayn qaydada imzalanmışdır. Əksinə, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi halları təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Biləsuvar Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli e-2(022)-1248/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 372, 384.0.1, 385.2, 389, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli e-2(022)-1248/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-231/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-231/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver