Məhkəmə qərarları › İş №2(106)-2311/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2311/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2311/2022 14.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(017)-992/2022 saylı qətnaməsindən (hakim E.Quliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, 02 iyun 2015-ci il tarixli OH 001-15 nömrəli kredit müqaviləsi üzrə 25037.59 ABŞ dolları əsas borca hesablanmış 5 faiz məbləğində 7861.12 ABŞ dolları məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 130.09 manat məbləğində pulun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh 02 iyun 2015-ci il tarixli OH 001-15 nömrəli kredit müqaviləsi üzrə 25037.59 ABŞ dolları əsas borca hesablanmış 5 faiz məbləğində 6913 ABŞ dolları məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 130.09 manat məbləğində pulun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında 02 iyun 2015-ci il tarixli OH 001-15 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh illik 20 faizlə 36 ay müddətinə bankdan 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi bankla Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq günündə həm kredit üzrə əsas borcu, həm də kreditə görə hesablanmış faiz borcunu ödəməyəi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, davamlı olaraq əsas və faiz borclarını ödəməkdən bilərəkdən yayınaraq banka maddi ziyan vurmuşdur. Kredit müqaviləsinə əsasən borclu müqavilə üzrə öhdəliklərini lacımınca yerinə yetirmədikdə borcu və ona hesablanmış faizlərin tam şəkildə tələb edilməsi hüququ yaranır. Bununla əlaqədar olaraq Ağcabədi Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin 15 dekabr 2016-cı il tarixli 2(017)-3676/2016 nömrəli qətnaməsi ilə borcludan ümumilikdə 02 iyun 2015-ci il tarixli OH 001-15 nömrəli kredit müqaviləsi üzrə 26161.38 ABŞ dolları əsas, 5470.92 ABŞ dolları faiz borcu olmaqla cəmi 31632.3 ABŞ dolları məbləğində borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. İddiaya əlavə edilmiş, iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış 02 iyun 2015-ci il tarixli OH 001-15 nömrəli kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. Müqavilənin müddəti bitmiş, faizlər həmin tarixə kimi hesablanmış, eləcə də məhkəmə məhz həmin dövrədək mövcud olan faizlərin tutularaq banka ödənilməsi qənaətinə gəlmişdir. 03 iyun 2015-ci il tarixdən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə əsas və faiz borcunu ödəməmiş, eyni zamanda borcun tutulması ipoteka predmetinin satışı hesabına banka ödənilməsi ilə bağlı qətnamədən apellyasiya şiakyəti verməklə kredit borcunun qaytarılmasına maneələr yaratmışdır. Bununla da cavabdeh bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Hazırda 17 fevral 2022-ci il tarixə cavabdehin banka əsas borcunun qalığı 25037.59 ABŞ dolları təşkil edir. Həmin əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsaitini özündə saxladığına görə əsas borcun faktiki qalığına görə illik 5 faiz pul cavabdehdən tutularaq banka ödənilməlidir. Təqdim edilmiş sənədlərdən və 03 iyun 2015-ci il tarixdən sonrakı dövrü əhatə edən kredit borcu üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh əsas borca görə illik 5 faiz hesablanmaqla iddia ərizəsində qeyd olunan cədvələ uyğun olaraq 7861.12 ABŞ dolları məbləğində pulu iddiaçıya ödəməlidir. Göstərilən pul vəsaitini qanunsuz olaraq özündə saxlamaqla, özgənin pul vəsaitindən istifadə etməklə, əsas varlanmaqla yanaşı, həmçinin kreditoru zərərə uğratmışdır. İddiaçı həmin vəsaitin təkrar kreditləşdirilməyə yönəldiləcəyi halda əldə edəcəyi gəlirlər əldən çıxmış, bununla da iddiaçıya zərər vurulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(017)-992/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılması zamanı Ağcabədi Rayon Məhkəməsi tərəfindən işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, tərəflərin təqdim etdikləri sübutları araşdırmamaqla, işə baxılmasına səthi yanaşılmışdır. Bununla bağlı Ağcabədi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(017)- 992/2022 saylı qətnaməsinin əsaslandırma hissəsinə məhkəmənin səhvən istinad etdiyi halları qeyd edirik. Belə ki, tərəflər arasında olan pul tələbi və tələbin borclunun ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar yekun olaraq mübahisəyə qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)56/2019 saylı 19 mart 2019-cu il tarixli qətnaməsi ilə münasibət bildirilmişdir. Lakin məhkəmə qətnamənin əsaslanırma hissəsinin birinci abzasında işin həlli üçün istinad etdiyi sübüt qismində qüvvədən düşmüş Ağcabədi Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(017)-3767/2016 saylı qətnaməsini göstərmişdir. Digər hal ondan ibarətdir ki, Ağcabədi Rayon Məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində səhv normaya istinad etmiş, həmçinin iddia ərizəsində qeyd etdikləri əsaslar və hallara qiymət verməmişdir. Belə ki, məhkəmə qətnaməsinin əsaslandırma hissəsində istinad etdiyi və iddianın təmin edilməməsinin əsas nüvəsini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarı təşkil edir. Ümumilikdə qeyd edirik ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarı ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Belə ki, həmin qərarda qanunsuz saxlanmanın əsasını təşkil edən dörd hərəkət göstərilir. Maraqlı olan hal ondan ibarətdir ki, məhkəmə hansı meyyarı nəzərə alıb, borclunun ondan asılı olmayan səbəblərdən vəsaitin ödəməsi imkanından məhrum olunması, habelə qərarda göstərilən hərəkətlərin borclu tərəfindən edilməməsi nəticəsinə gəlmişdir. Mülki işin Ağcabədi Rayon Məhkəməsinin icraatında olduğu dövrdə, cavabdeh tərəfindən nə məhkəmə iclaslarında iştirakı müşahidə olunmuş, nə də hər hansı formada iddia tələbinə mübasibət bildirilmişdir. Belə olan təqdirdə, məhkəmənin Cavabdeh borc öhdəlikləri və ipoteka predmeti ilə bağlı hərəkətsizliyi barədə irəli sürdüyü fikir hansı mənbədən əldə edilməsi sual yaradır. Tərəflər arasında olan pul tələbi və ipoteka predmetinin mübahisəsinin əsasını təşkil və hazırkı iddia predmetinin əsasını təşkil edən OH001-15 saylı, 02 iyun 2015-ci il tarixli kredit müqaviləsinə nəzər yetirmək lazımdır. Belə ki, qeyd olunan müqavilə üzrə kredit təyinatı şəxsi istehlak məqsədlidir, yəni cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil. Həmçinin müqavilə bağlanıldığı zamandan başlayaq bu günə qədər cavabdehin əmək müqaviləsi üzrə hər hansı peşə fəaliyyəti ilə məşğul olub sonradan əmək müqaviləsinə xitam verilməsi halları da baş verməmişdir. Belə olan təqdirdə, necə hesab etmək olar ki, cavabdeh ondan asılı olmayan səbəblərdən vəsaitin ödənilməsi imkanından məhrum edilmiş və ya ipoteka predmetini qanunsuz saxlamamışdır. Əlbəttə ki, buna dəlalət edəcək heç bir hal və ya sübut yoxdur. Belə ki, həm kredit müqaviləsinin icrası çərçivəsində, həmdə icra icraatı daxilində qanunvericlik borcluya ipoteka ilə yüklü edilmiş əmlakın nəzarət altında satışı imkanını tanımışdır. Lakin borclu tərəfindən bu istiqmətində addımlar atılmamışdır. Tərəflər arasında bağlanmış OH001-15 saylı, 02 iyun 2015-ci il tarixli kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən öhdəliyin icra edilməməməsi və ya lazımınca edilməməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəmək borcalanın vəzfəsidir. Diqqət çəkən digər məqam ondan ibarədir ki, 12 avqust 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə tərəflərindən ünvanlanmışdır. Qeyd olunan ərizə 15 avqust 2022-ci tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Lakin Ağcabədi Rayon Məhkəməsinin 2(017)-992/2017 saylı 14 sentyabr 2022-ci il tarixli qətnaməsində bu məsələyə münasibət bildirilməmişdir. Elementar ərizəyə münasibətdə məhkəmədə müəyyən edilmiş kargüzariıq qaydalarına uyğun olaraq görülməmişdir. Göründüyü kimi, cavabdeh gələcəkdə öhdəliyin tam icra olunub başa çatanadək faizlərin hesablanması ilə bağlı razılığına dair iradəsini ifadə etmişdir. Eyni zamanda qeyd edirik ki, eyni hüquqi əsaslara dayanan, analoji məzmunlu tələblər üzrə iddiaları ayrı-ayrı məhkəmələr tərəfindən təmin edilmiş və qanuni qüvvəsini almışdır. Ümumilikdə, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-992/2017 saylı 14 sentyabr 2022-ci il tarixli qətnaməsinin qanuni əsası olmadığından ləğv edilməlidir. Məhkəmə tərəfindən tərəflərindən təqdim edilmiş sübutlar araşıdırılmamış və onlara hüquqi qiymət yeriməmişdir. İddia ərizəsində təqdim etdikləri hesablamalara münasibət bildirilməmiş, mövcud qanunvericliyin tələbləri yalnış tətbiq edilməklə qətnamə qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə ilə bağlı istinad etdiyi və müəyyən etdiyi bütün halların hüquq məntiqi və qanunvericliyin tətbiqi nəzəri nöqtədən yalnış olduğunu əsaslnadırmışlar. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmədə iştirak etməmişdir və gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin iddiaçıya münasibətdə ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh arasında 02 iyun 2015-ci il tarixdə bağlanan OH001-15 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən illik faiz dərəcəsi 20% müəyyən olunmaqla, şəxsi istehlak məqsədilə, ipoteka təminatı altında 36 ay müddətinə 30000 ABŞ dolları məbləğində kreditin verilməsi, cavabdeh tərəfindən isə kreditdən məqsədli təyinatı üzrə istifadə olunaraq müqavilədə nəzərdə tutulan qaydada və müddətdə qaytarılması, müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh arasında 02 iyun 2015-ci il tarixdə bağlanan İP004-15 nömrəli ipoteka müqaviləsindən görünür ki, cavabdehə məxsus olmaqla Ağcabədi rayonu, Aşağı Avşar kəndində 0.08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 354.3 kv. metr, yaşayış sahəsi 150.5 kv.metr, yardımçı sahəsi 203.8 kv.metr olan 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi, torpaq sahəsi və həyətdəki tikililərlə birlikdə tərəflər arasında 02 iyun 2015-ci il tarixdə bağlanan OH001-15 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin alınması” tələbinə dair iddiası üzrə Ağcabədi Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli 2(017)-3676/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin olunaraq, Cavabdeh 02 iyun 2015-ci il tarixli, OH 001-15 nömrəli kredit müqaviləsi üzrə 26161.38 ABŞ dolları əsas borc, 5470.92 ABŞ dolları faiz borcu olmaqla, cəmi 31632.3 ABŞ dolları məbləğində borcun, həmçinin bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nə ödənilməsi, tutmanın ipoteka predmeti olan Ağcabədi rayonunun Aşağı Avşar kəndində 0.08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakların açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitdən Cavabdeh İddiaçı ASC-nə olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan - Cavabdeh verilməsi qət edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli 2(017)-3676/2016 nömrəli qətnaməsi Cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 19 mart 2019-cu il tarixli 2(106)-56/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun məbləği hissədə dəyişdirilərək 2534.09 ABŞ dolları məbləğində, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti 95000 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir, 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür, 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur, 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür, 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır, 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır, 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən olunan hallarına əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsi təminatlı olmuş, borc alana məxsus fərdi yaşayış evi kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası məqsədilə ipoteka ilə yüklü edilmiş, qüvvədə olan Şirvan Apellyasiya Məhkəməsinin 19 mart 2019-cu il tarixli 2(106)-56/2019 saylı qətnaməsi ilə müəyyən olunan 28695.47 ABŞ dolları məbləğində borcun ödənilməsi həmin ipoteka predmetinə ilkin satış qiyməti 95000 manat müəyyən edilməklə yönəldilmişdir. Göründüyü kimi kredit müqaviləsmindən irəli gəldən öhdəliklərin təminatı olan ipoteka predmetinin ilkin satış qiyməti borc məbləğindən ən azı iki dəfə artıqır. Nə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən, nədəki, iş materiallarından ipoteka predmetinin açıq hərracdan satlıbsatılmaması, “İpoteka haqqında” Qanuna müvafiq olaraq borc əvəzinə ipotekasaxlayana hansı qiymətlə təklif olunub-olunmamasını müəyyən etmək mümkün deyildir, bununla bağlı iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə hər hansı bir sübut verilməmişdir. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərindən də göründüyü kimi, faiz borcunun tutulması birmənalı olaraq borclunun təqsirli hərəkətləri müqabilində tətbiq edilən sanksiyadır. Kollegiya hazırki mübahisənin Mülki Məcəlləsinin 449.1-ci maddəsinə müvafiq olaraq öz züquqi həllini tapmalıt olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009cu il tarixli Qərarında göstərilmişdir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olunduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «qanunsuz istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarına əsasən öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə mülki məsuliyyətə cəlb edilə bilməz. İddiaçı vermiş olduğu kreditin təminatına tutmanın yönəldilməsi istiqamətində zəruri addımlar atması, ümumiyyətlə iş materiallarından bu istiqamətdə hər hansı bir tədbirlərin görülməsi və nəticəsi, borclunun öz öhdəliklərinin icrasında təqsirli pozuntuya (hərəkət və ya hərəkətsizlik) yol verib-verməməsi müəyyən olunmadığından, cavabdehin hərəkətləri Mülki Məcəllənin 449-cu maddənin təsir dairəsinə düşmür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlir və maddi hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamənin əsaslılığı apellyasiya şikayətinə müvafiq olaraq yoxlanıldığından və iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə iddiasının əsaslılığına dair sübutlar təqdim edilmədiyindən, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(017)-992/2022 saylı qətnaməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki Kollegiyasına qanunla nəzərdə tutulan qaydada kasasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar