Məhkəmə qərarları › İş №2(106)-2326/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2326/2022

14.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2326/2022 14.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehlərdən Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdhelər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətə dəymiş ziyana görə maddi təzminatın ödənilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(018)-727/2022 saylı qətnaməsindən (hakim M.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətə dəymiş ziyana görə maddi təzminat” tələbinə dair iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət edərək, Astara rayonu, Ərçivan qəsəbəsində alğı-satqı yolu ilə aldıqları 0.47 hektar torpaq sahəsini kənar müdaxilələrdən qorumaq üçün 850 manat dəyərində çəpərinin oğurlanıb aparılması, onlara dəyən maddi və mənəvi ziyana görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olmaqla hər birindən 1000 manat olmaqla, cəmi 2000 manat təzminatın alınıb onlara verilməsi barədə qətnamə çıxarılmiasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasında yaşayan qardaşı X3 2021-ci il tarixdə valideynlərinin yaşadığı Astara rayonu, Ərçivan qəsəbəsində onların dolanışığını təmin etmək məqsədi ilə 0.47 hektar torpaq sahəsi alıb. Düşünmüşlər ki, atasını, anasını və yaxın qohumlarını da cəlb edərək həmin torpaqda heyvandarlıq və kənd təsərrüfatı məhsulları istehsalı etsinlər. Aldıqları 0.47 hektar torpaq sahəsinin alğısatqısını notarial qaydada həyata keçirmişlər. 2021-ci ilin noyabr ayında atası bir neçə nəfər işçi ilə birlikdə aldıqları 0.47 hektar torpaq sahəsini kənar müdaxilələrdən qorumaq üçün çəpərə salmışdır. Bunun üçün dəyəri 850 manat olan dəmir dirəklərdən və qoruyucu məftillərdən istifadə edilmişdi. Lakin 2022-ci ilin dekabr ayının ilk həftəsində aldıqları torpaq sahəsinin yaxınlığında yaşayan həmyerlisi atasına zəng edərək torpaq sahəsinin qorunması üçün inşa etdiyi dirəklərin sökülüb aparıldığını söyləmişdir. Hadisə yerinə gedən atasına məlum olub ki, torpaq sahəsinin qorunması üçün 02 metr məsafə ilə basdırılan 72 ədəd dirək həmkəndliləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülüb aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmnu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, İddiaçı torpaq sahəsinin qorunması üçün inşa etdiyi dirəkləri o və Cavabdeh2 sökməmişlər. Birinci instansiya məhkəməsindəi digər Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək Cavabdeh1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Astara Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(018)-727/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni iddianın sübuta yetirilməməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şiakyəti verərək ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məmzunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnamə ilə tələbi əsassız olaraq təmin edilməmişdir. Belə ki, məhkəmə tərəfindən torpaq sahaahəsinə baxış keçirilməmiş, iş üzrə ekspertiza təyin edilməmiş, yalnız Cavabdeh1 və Cavabdeh2 Siyasət oğlunun izahatlarına əsaslanılaraq idddia təmin edilməmişdir. Hesab edir ki, mübahisənin həlli zamanı məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamış, sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilməmisdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsində Cavabdeh1 dirəkləri götürdüyünü etiraf etmiş, lakin ona 72 dirəkdən 22 ədədini qaytarmışdır. Məkhəmədə Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi və izahatında göstərdi ki, əvvəlcədən Nadirə hansı əsasla bu ərazini çəpərlədiyini irad tutaraq polisə məlumat vermiş, dirəkləri çıxarıb kanalın dibinə qoymuş və Nadirə demişdir ki, gəlib dirəkləri götürsün. Bu barədə poisə də məlumat vermişdir. Sonra 2 nəfər polis əməkdaşının iştirakı ilə dirəkləri “Muravey” markalı motosikletə yığıb polislərlə Nadirin evinə göndərmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmədə iştirak etməmiş, nümayəndəsii vasitəsi ilə məhkəmədə təmsil olunmamışdır və həmin şəxs gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 16 dekabr 2021-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********38 reyestr, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, iddiada çəpərləndiyi bildirilən Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0.4796 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi X1r. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır, 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 386.1-ci maddəsinin məzmununa görə, öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır, 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir), 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır, 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 21-ci maddəsinin müddəalarına əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona yetirilən 850 manat məbləğində maddi zərərin torpaq sahəsinin mühafizəsi məqsədilə kənarına basdırılan 72 ədəd dirəklərin cavabdehlər tərəfindən sökülərək götürülməsi ilə əsaslandırsa da, torpaq sahəsinin kənarlarına ümumilikdə 72 ədəd dirəyin basdırılmasına dair sübut verə bilməmişdir. Cavabdeh isə çıxarılan dərəklərin cəmi 22 ədəd olduğunu və polislərin iştirakı ilə qaytardığını bildirmişdir. Qeyd olunur ki, iddiaçı məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsində qeyd olunan xüsusatı bildirməsə də, apellyasiya baxışı zamanı 22 ədəd dirəyin ona qaytarıldığını etiraf etmişdir. Odur ki, kollegiya iddianın sübuta yetməməsi əsası ilə iddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Bunlardan savayı kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmayaraq öz adından, torpaq sahəsinin çəpərlənməsində istifadə olunan dirəklərin çıxarılması və bununla mülkiyyətə maddi zərərin ödənilməsi əlaqədar məhkəmədə iddia qaldırmağa müvafiq subyektiv hüquqa da malik olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri yanlışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazrki mülki iş üzər iddia qiyməti 2850 manat təşkil etdiyindən qətnmədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(018)-727/2022 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar