Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2332/2022 14.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(017)- 1482/2022 saylı qətnaməsindən (hakim S.Ləzimov) iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" LTD Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh X3 qarşı “pul” tələbi barədə kiçik iddia ilə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, 29 yanvar 2020-ci il tarixli BXK5778011 saylı kredit müqaviləsinə əsasən 416 manat əsas borcun, hesablanmış 200 manat faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 616 manat məbləğində pulun alınaraq İddiaçı MMCnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh X4 ilə aralarında bağlanmış 29 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 499 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 416 manat borcu qalıb. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və borcunu tam qaytarmamışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan müqavilə müddəti bitirdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq 1 faiz ödəməlidir. Belə ki cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1872 manat faiz borcu yaranmışdır. İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 manat məbləğində tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə müvafiq olaraq cavabdehə iddia ərizəsinin surəti, hüquq və vəzifələrinin izahı barədə rəsmi bildiriş göndərilmiş, bildiriş iş materiallarında olan qaiməyə əsasən 15 avqust 2022-ci il tarixdə cavabdehə ünvanlanmışdır. Cavabdeh tərəfindən qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etiraz verilməmişdir. Ağcabədi Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(017)-1482/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh X1 416 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qismən, iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələblərinin tam təmin edilərək cavabdeh X1 29 yanvar 2020-ci il tarixli, BXK5778011 saylı müqaviləyə əsasən hesablanmış 200 manat faiz borcunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən cavabdeh X4 müqavilə öhdəliyini tam icra etməyib. Odur ki, iddiaçı cavabdehdən əsas borcla yanaşı faiz borcu da tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbinin faizlə bağlı hissəsini rədd edib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh gecikdirilmiş hər gün üçün iddiaçıya faiz ödəməyi öhdəsinə götürüb. Məhkəmə heç bir əsaslandırma aparmadan iddia tələbində faizlə bağlı hissənin rədd edilməsini qət etmişdir. İş üzrə toplanmış materiallardan göründüyü kimi, cavabdehlə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla 29 yanvar 2020-ci il tarixli müqavilə bağlanılıb. Həmin müqaviləyə əsasən borclu kreditordan dəyəri 499 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra kreditora 416 manat borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 29 yanvar 2021-ci il tarixdən sonra qaytarılmayan 466 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1872 manat faiz borcu yaranmışdır (466 manat x 450 gün x 1%-1872 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 manat məbləğində tələb edir. Göründüyü kimi, hazırkı işdə cavabdeh öhdəliyini icra etmir, iddiaçı isə tərəflər arasında bağlanmış müqavilədən çıxış edərək əsas borcla yanaşı faiz borcu da tələb edir. Odur ki, hazırkı iddia tələbi faiz borcu hissəsində də, əsaslıdır. Bundan başqa, məhkəmə nəzərə almayıb ki, cavabdeh əsas borc öhdəliyini 450 gündən artıq müddətdə icra etməyib, hazırda da, borc öhdəliyini icra etməməkdə davam edir. Cavabdehin əsas borc öhdəliyini uzun müddət icra etməməsi səbəbindən iddiaçının qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulur. Bundan başqa, birinci instansiya məhkəməsi İddiaçı-nin iddiaçı tərəf olduğu işlərdə faiz borcunun tutulamasma dair məhkəmələrin çoxsaylı qətnamələrin mövcud olmasını sübut kimi qiymətləndirməyib və bunun səbəblərini mübahisələndirilən qətnamədə əsaslandırmayıb. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozub, maddi hüquq normalarını səhv təfsir edib, iddia tələbindən kənara çıxaraq, iddia tələbində cavabdehdən faiz borcu tələb edildiyi halda, bunu nəzərə almadan və heç bir əsaslandırma aparmadan iddia tələblərini faizlə bağlı hissədə ləğv edib. Məhkəmə sübutetmə prinsiplərini pozaraq müqavilə üzrə cavabdehi öz üzərinə götürdüyü faiz öhdəliyini icra etməkdən qanunsuz olaraq azad edib, maddi hüquq normalarını səhv təfsir edib. Birinci instansiya məhkəməsi iddia tələbinin əsasını təşkil edən müqavilə öhdəliklərini ümumiyyətlə şərh etməyib, həmin müqavilə üzrə cavabdehi üzərinə götürdüyü faiz öhdəliyindən azad edib. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 394-1.3-cü maddəsinə müvafiq olaraq apellyasiya şikayətinə işdə olan sənədlər əsasında yazılı icraat qaydasında baxmışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddiasının təmin olunmayan hissəsində ləğv olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə X4 arasında 29 yanvar 2020-ci ildə bağlanmış BXK5778011 nömrəli borc müqaviləsindən görünür ki, cavabdeh N.Quliyeva İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 499 manat məbləğində məişət avadanlığı almış, 43 manat ilkin ödəniş etmiş, qalan 456 manat məbləği 12 ay müddətinə aylıq 38 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin 15 mart 2021-ci il tarixli 1736 nömrəli maliyyə arayışından görünür ki, X4 ilə 29 yanvar 2020-ci il tarixində bağlanmış BXK5778011 nömrəli müqavilə üzrə ödənilməmiş 416 manat əsas (qalıq) borcu var. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Həmin Məcəllənin 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 394-1.4-cü maddəsinə əsasən iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşdə olan sübutlardan müəyyən olunur ki, cavabdeh Nərgiz Quliyeva "xxxx" LTD Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı borc müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə BXK5778011 saylı müqavilə üzrə ödənilməmiş 416 manat əsas (qalıq) borcunun yarandığı təsdiq olunur. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsasını təşkil edən müqavilə öhdəliklərini ümümiyyətlə şərh etməmiş, həmin müqavilə üzrə cavabdehin üzərinə götürdüyü faiz öhdəliyindən azad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş BXK57778011 saylı 29 yanvar 2020-ci il tarixli nisyə alğı-satqı (iş materiallarında bu müqavilə borc müqaviləsi kimi tərtib olunmuşdur) müqaviləsindən görünür ki, “X2 imza edən İddiaçı-dən hissə hissə ödəniş şərti ilə 499 manat məbləğində məişət avadanlığı əldə etmişəm, onun 43 manatını ilkin ödədim və qalan 456 manat məbləği 12 ay müddətinə aylıq 38 manat olmaqla İddiaçıyə ödəməyi öz öhdəmə götürürəm. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir”. Qeyd: borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğə hər gün üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. Göründüyü kimi, iddiaçı cavabdehlə aralarında olan müqavilə müddəti bitdikdən sonrakı dövr üçün hər gün üçün 1% dərəcəsi ilə cərimə tələb edir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirilməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yol verilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericiliklə müəyyən edilmişdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini MM-in 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-in 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. (MM-in 443.1 və 443.2-ci maddələri.) MM-in 21.2-ci maddəsinə əsasən isə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı cavabdehlə aralarında olan BXK5778011saylı 29 yanvar 2020-ci il tarixli müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin) deyil, həmin müddətdən sonrakı dövr üçün hər gecikdirilmiş gün üçün 1% cərimə tələb edir. Belə olan halda iddiaçı (kreditor) vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-in 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Lakin iddiaçı bu barədə hər hansı sübutu birinci instansiya məhkəməsinə təqdim edə bilməmiş, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbini 200 manat faiz tələbi hissəsində təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(017)-1482/2022 saylı qətnaməsi iddiaçı "xxxx" LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasya şikayəti dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2332/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2332/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver