Məhkəmə qərarları › İş №2(106)-2336/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2336/2022

25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2336/2022 25.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat məbləğində borcun və 90 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin (hakim S.Seyfullayev) 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş, Cavabdeh borca görə 7000 manat pulun və ödənilmiş 90 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-nin hazırda qüvvədə olan 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, şikayətinin konkret əsaslarını, işin materiallarına istinad etməklə məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, onları təsdiq edən sübutları apellyasiya şikayətində göstərməmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçıya 7000 manat borcunun olmadığını, bu faktı etiraf etmədiyini qeyd etsə də, işin hallarından görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsi iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Cavabdeh həmin müqaviləni imzalamışdır. Birinci instansiya məhkəməsində cavabdeh müqaviləni imzaladığını inkar etməmiş, borcunun olduğunu şifahi olaraq etiraf etmişdir. Cavabdeh apellyasiya şikayətində öhdəliyini yerinə yetirdiyini bildirsə də, bu barədə sübuta istinad etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin protokoluna qeyd də verməmişdir. Müəyyən edilir ki, apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-nin 361-cü maddəsinin tələblərinə uyğunluğunu düzgün yoxlamamış, apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab vermədiyini nəzərə almadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Belə halda işə apellyasiya qaydasında baxılması mümkün deyil. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırki şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci madəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Beləliklə, Kollegiya hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Beyləqan Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Beyləqan Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(020)-1852/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar