Məhkəmə qərarları › İş №2(106)-2346/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2346/2022

15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2346/2022 15.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli e-2(050)-2460/2022 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ Masallı Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli e-2(050)-2460/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Habil Bəhmənov) iddia qismən təmin edilmiş, Cavabdeh 0084075AZN36979 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1785.82 manat əsas borc, 570.35 manat faiz borcu, 130 manat cərimə borcu olmaqla, cəmi 2486.17 manat məbləğində borcun, 41010AZNFK********** saylı kart hesabı üzrə SMS məlumatlandırma əməliyatına əsasən 16.46 manat məbləğində əsas borcun və ödənilmiş 58 manat dövlət rüsumunun İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı ASC tərəfindən Masallı Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli e- 2(050)-2460/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı ASC-nin iddiası onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-14231İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. ÜŞT-yə əlavə olan 0084075AZN36979 saylı xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaqla 2000 manat məbləğdə istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 952 gün təşkil edir, eyni zamanda SMS məlumatlandırma əməliyyatı üzrə gecikdirilmiş günlərin sayı 954 gün təşkil edir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nə 0084075AZN36979 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1785.82 manat əsas borc, 570.35 manat faiz borcu, 1361.36 manat cərimə borcu olmaqla, cəmi 3717.53 manat təşkil edir. 41010AZNFK********** saylı kart hesabı üzrə SMS məlumatlandırma əməliyatına əsasən cəmi 16.46 manat əsas borc təşkil edir. X2 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X2 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 58 manat dövlət rüsumu ödəmişdir. Eyni zamanda həmin məbləğin cavabdehdən tutulmasını tələb etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmiş, əsas kredit borcu tələbinə görə cərimə borcunu tənasübsüz olaraq azaltmış, bununla da maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli e-2(050)- 2460/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-14231İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. İş materiallarında olan X2 əlavə olan 0084075AZN36979 saylı xx.xx.2019-cu il tarixli Maliyyələşdirmə üçün ərizədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaqla, 2000 manat məbləğində istehlak xərcləri məqsədi ilə işçi krediti verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 14 iyun 2022-ci il tarixinə kimi banka 1785.82 manat əsas borc, 570.35 manat faiz borcu, 1361.36 manat cərimə borcu olmaqla, cəmi 3717.53 manat borcu yaranmışdır. SMS məlumatlandırma əməliyyatına əsasən cəmi borc 16.46 manat təşkil edir. İşdə olan bildirişin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən Cavabdeh, digər tərəfdən isə İddiaçı ASC olmaqla xx.xx.2019-cu il tarixli Bank xidmətlərinin göstərilməsinə dair X2 əsasən İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC- 14231İB/2019 saylı Razılıq ərizəsi verilmiş və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq borclu Cavabdeh İddiaçı ASC-dən müqaviləyə əsasən götürdüyü pul məbləğini, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduğu halda, müqavilə öhdəliyini pozaraq bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçının 1785, 82 manat əsas borc tələbinə görə 1361,36 (bir min üç yüz altmış bir manat, otuz altı qəpik) cərimə tələbinin əsas borc məbləğinə tənasübsüzlüyünü nəzərə alaraq cərimə məbləğini 130 (yüz otuz) manat həddinədək azaltmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə hesab edir ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli e-2(050)- 2460/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.1, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli e-2(050)-2460/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar