Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-235/2024 18.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(018)-662/2023 saylı qətnaməsindən (hakim Mübariz Məmmədov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(018)-169/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay, hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin miqdarının artırılması, 07 oktyabr 2017-ci il təvəllüdlü X1 və 17 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(018)-169/2022 saylı qətnaməsi ilə 07 oktyabr 2017-ci il təvəllüdlü X1 və 17 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat alimentin tutulması qət edilmişdir. Müəyyən olunmuş alimentin miqdarı həddindən azdır. Belə ki, son vaxtlar malların və xidmətlərin qiymətləri xeyli bahalaşmış, eyni zamanda uşağın böyüməsi ilə əlaqədar maddi tələbatlar da artmışdır. Qeyd etdi ki, alimentin artırılması ilə bağlı mediasiya şurasına müraiət etmişdir. Keçirilmiş "ilkin mediasiya sessiayası”-nda cavabdehə mediasiya sessiyasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, mediasiya sessiyasında iştirak etməmişdir. O, mediasiyaya dair 55 (əlli beş) manat məbləğində olan xərci ödəmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Astara Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(018)-662/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddiası qismən təmin edilmiş, 07 oktyabr 2017-ci il təvəllüdlü X1 və 17 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Astara Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(018)-169/2022 saylı qətnaməsi ilə qət edilmiş hər ay, hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində alimentin məbləğinin artırılaraq hər ay, hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi, İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərcinin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın alimentin artırılması tələbi ilə bağlı hissəsinin 80 (səksən) manat hissəsinin təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbləri birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Bu hüquq normasında qeyd edilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. O, bir valideyn kimi atalıq borcunun yerinəyetirməklə aliment pulunun vaxtı-vaxtından ödəyir. Lakin aliment təyinatı üzrə xərclənmir. Ödədiyi alimenti iddiaçı öz tələbatına xərcləyir. Məhkəmədə bildirsə də buna əhəmiyyət verən yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56-cı maddəsinin tələbləri pozulmuşdur. Həmin maddədə göstərilir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Təəssüf ki, məhkəmə tərəfindən qanunun bu tələblərinə əhəmiyyət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri pozulmuşdur. Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanunu əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı, işdə bu əsaslar mövcud deyildir. Məhkəmə işə baxarkən bu əsasları nəzərə almamışdır. Belə ki, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(018)-169/2022 saylı qətnaməsi qəbul olunduğu vaxtda birgə nikahdan olan xx.xx.2017-ci təvəllüdlü X5 5 yaş, 8 aylıq xx.xx.2020-ci il təvəlldlü X2 isə 3 yaş 5 aylıq olmuşdur. Hazırda isə həmin qətnamədən 1 il 5 ay vaxt keçmişdir. Bu müddət ərzində uşaqların zəruri ehtiyaclarında hər hansı dəyişiklik baş verməmişdir. Bundan başqa alimentin miqdarı müəyyən edildikdən sonra yəni 1 il 5 ay müddətində iddiaçının maddi və ailə vəziyyətində də dəyişiklik olmamış və bununla bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hesab edir ki, hazırkı, halda həm iddiaçının, həmdə cavabdehin ailə və maddi vəziyyətdə heç bir dəyişiklik olmadığından və hər iki valideyn qanunvericiliyin tələblərinə görə uşağı saxlamağa borclu olduğundan alimentin artırılması tələbi təmin oluna bilməzdi. Məhkəmə bu halları nəzərə almamışdır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Qanunun həmin normalarında göstərilir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarda, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyünü dəlillərlə əsaslandıra bilməz. Bununlada əlaqədar bildirir ki, Astara Rayon Məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmişdir, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüququ dəlillərlə əsaslandırmışdır. Demək olar ki, məhkəmə heç bir araşdırma aparmadan yekun nəticəyə gəlmişdir. O, müddətdən artıq hərbi xidmətdədir, düşmən olan ermənistanla sərhəddə xidmət edir. Həyatları hər an təhlükə qarşısındadır. Buna baxmayaraq sərhədlərini şərəflə qoruyur. Hərbi xidmətdə olduğu üçün telegram göndərib xahiş etmişdir ki, iştirakı olmadan işə baxıb ədalətli qərar qəbul edilsin. Lakin məhkəmə teleqrama əhəmiyyət verməmiş, qətnamədə qeyd etmişdir ki, xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Halbuki, o, teleqram göndərmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəməyə teleqram göndərərək, hərbi xidmətlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçı və cavabdehin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv olunaraq, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün;. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından verdikləri apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətinin və Astara rayonu Şahağacı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 27 sentyabr 1989-cü il tarixdə anadan olmuşdur və Astara rayonu Şahağacı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X3 07 oktyabr 2017-ci il tarixdə və X4 17 yanvar 2020-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(018)-169/2022 saylı qətnaməsinin surətindən görünür ki, 07 oktyabr 2017-ci il təvəllüdlü X1 və 17 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində alimentin tutulması qət edilmişdir. Mülki işə əlavə edilmiş "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 14 gün əvvəlcədən mobil telefon vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci ödəmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 50 (əlli) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Göründüyü kimi adı çəkilən qərarlarla və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sonradan alimentin miqdarının dəyişdirilməsini isə qanunverici tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasından asılı etmişdir. Göründüyü kimi sonuncu aliment məbləği Astara Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(018)-169/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş və həmin tarixdən iddia verilən tarixə qədər 1 il 2 aydan çox müddət keçmişdir. Qeyd edilən müddət ərzində isə ərzaq, paltar, dərs vəsaitlərinin və uşaqlar üçün lazım olan və.sairələrin qiymətində əsaslı artım müşahidə edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası, cavabdehin və iddiaçının mənafeyini də, nəzərə almış, ötən illər ərzində onun maddi durumunda hər hansı dəyişikliyin olmadığını, həmçinin uşaqların tələbatlarının artdığını nəzərə alaraq, iddianı qismən təmin etmişdir. Buna görə də kollegiya alimentin artırılmasına dair iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin möqeyi ilə razılaşır. Cavabdeh apellyasiya şikayətində ödədiyi alimenti iddiaçı öz tələbatına xərclədiyini, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməməsini, valideynlərin övladlarını saxlamaqda bərabər hüquqlara malik olmasını və onun hərbi xidmətdə olması və bu barədə məhkəməyə teleqramla məlumat verməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin əsassız olaraq qətnaməsində onun xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməməsini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, ilk dəfə alimentin təyin edilməsindən 1 ildən artıq müddət keçmişdir və belə olan halda da, uşağın tələbatları artır. Valideynlər uşaqları saxlamaqda bərabərdirlər, lakin işin hallarından müəyyən edilir ki, uşaqlar hazırda ananın yanındadırlar, ana da, uşaqların qayğısına qalır və digər tələbatlarını ödəyir. Aliment uşağı saxlamağa maddi imkanı olmayan bir tərəfdən digər tərəfin xeyrinə tutulur. Belə olan halda da, cavabdehdən alimentin tutulması daha məqsədəuyğundur. Eyni zamanda iddiaçı tərəfin alimenti öz tələbatlarına xərcləməsinə dair cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində onun hərbi xidmətdə olması və bu barədə məhkəməyə teleqramla məlumat verməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin əsassız olaraq qətnaməsində onun xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməməsini qeyd etməsi qətnamənin ləğvi və yaxud da dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinin ümumi məbləği 5000 manatdan çox deyil, buna görə də hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(018)-662/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-235/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-235/2024
18.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver