Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-236/2024 18.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 18 may 2023-cü il tarixli, 2(056)-17/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd “Sampo Rosenlew” SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 20920 manat dəymiş maddi ziyanın və 152,76 manat ödənilmiş dövlət rüsumunun, cəmi 21072,76 manat vəsaitin Cavabdeh tutularaq iddiaçı təşkilata ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 26 aprel tarixli 09/01245 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn cavabdehin istifadəsinə verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş SR-2065 markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 20920 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətinə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib edilmişdir. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün 20920 manat maddi ziyan hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək dəymiş ziyanın iş vaxtı deyil, təbii fəlakət nəticəsində baş verməsini bildirərək iddia tələbinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(056)-17/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, dəymiş zərərin əvəzi - 11750 (on bir min yeddi yüz əlli) manat və iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun 85,80 (səksən beş manat səksən qəpik) manat, ümumilikdə isə 11835,80 (on bir min səkkiz yüz otuz beş manat səksən qəpik) AZN məbləğində pul vəsaitinin Cavabdeh tutulub (alınıb) İddiaçı ASC-yə ödənilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmətrasoloji və əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsinin İddiaçı ASC-dən, 50 manat hissəsinin isə Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş üzrə iddiaçı, cavabdehin hansı hüquqa zidd və təqsirli əməli ilə tələb etdiyi zərərin meydana gəldiyini sübut etməyib, məhkəmə də bunu müəyyən etməyib. Belə olan halda məhkəmənin Mülki Məcəllənin 1096-cı maddəsini tətbiq etməsi qəbul edilməzdir. Bundan başqa cavabdeh bildirib ki, kombayna zərər qarşısıalınmaz qüvvə (fors major olay), yəni sel basqını səbəbi ilə meydana gəlib. Məhkəmə qətnamədə deyir ki, “Lakin cavabdeh, məhkəmə iclasında kombayna dəymiş ziyanın onun təqsirli hərəkətləri nəticəsində deyil, məhz təbii fəlakət nəticəsində yaranmasını bildirsə də, həmin halı təsdiq edə biləcək hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir”. Bu durum məhkəmənin işi təfsilatlı araşdırmadan qətnamə qəbul etdiyini bir daha sübut edir. Məhkəmə cavabdehin təqsirli olaraq törətdiyi hansı hüquqa zidd hərəkəti səbəbi ilə kombayna zərər dəydiyini müəyyən etmədiyi kimi, iddiaçı da cavabdehin hansı təqsirli hüquqa zidd hərəkəti kombayna zərər dəydiyini sübut etməyib. Bu durum Mülki hüquq pozuntusunu hüquqi anlayışı və Mülki Məcəllənin MM-nin 1096-cı maddəsinin imperativ tələbi ilə ziddiyyət təşkil edir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası olduğu üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili Milli Hidrometeorologiya Xidmətindən alınmış 05 dekabr 2023-cü il tarixli məktubun da iş materiallarına əlavə edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur, 747-1.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir), 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir, 747-1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir, 747-1.4-cü maddəsinə əsasən satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir, 747-1.5. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər, 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir, 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir, 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etəməmişdir. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan 2019-cu il 01 iyun tarixli 09/00024291 saylı lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombayna dair İddiaçı ASC ilə X8 arasında lizinq müqaviləsi imzalanmışdır. Belə ki iş materiallarından müəyyən olunur ki, iddiaçı "Aqroservis” ASC ilə Cavabdeh arasında bağlanmış "Kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli Müqaviləyə əsasən 1 ədəd Sampo Rosenlew SR-2065 markalı 18ABl62 dövlət qeydiyyat nişanlı taxılyığan kombayn xx.xx.2021-ci il tarixdən-xx.xx.2021ci il tarixədək müddət üçün 7000 min manat müqabilində Cavabdeh istifadəsinə verilmiş və həmin müqavilənin 2.2.5, 2.2.6 və 2.2.8-ci maddəsinə əsasən cavabdeh müqavilə üzrə 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynı saz və dəst halda lizinqə verənə geri qaytarmağı qeyd-şərtsiz öz üzərinə götürmüşdür. İş materiallarında olan 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə arayışdan görünür ki, mühərrikin təmir dəsti, dirsəkli val və silindirlər blokunun işlək vəziyyətə gətirilməsi üçün cəmi 20920 manat vəsait tələb olunur. xx.xx.2021-ci il tarixli Qüsur AKTından görünür ki, "Aqroservis” ASC-nin Sabirabad Regional Nümayəndəliyinin Hacıqabul RB-yə məxsus olan Şassi 701204 nömrəli Sampo- 2065 markalı taxılyığan kombaynı xx.xx.2021-ci ildən Sabirabad rayonu Kürkəndi kənd sakini Cavabdeh operativ lizinqə verilmişdir. Həmin kombayn xx.xx.2021-ci il tarixdə Qusar rayonu Piral kəndində yamacdan fırlanaraq aşmışdır. Müayinə zamanı müəyyən edilmişdir ki, kombaynın biçən aparatının (xeyder) cəhrəsi, biçən aparatın üstündən gedən turbası qırılıb və əyilib, biçən aparatın şkifləri yarasız hala düşüb, kabinanın üstü əyilmişdir, kabinanın yan və qabaq şüşələri qırılmışdır, elektrik avadanlığı yarasız hala düşüb, şinlər diskdən çıxıb, arxa peredok ramadan qırılıb düşüb, bunker əyilib, yan kapotlar əyilib, kombayında elektrik sistemi işləmədiyi üçün mühərriki yoxlamaq mümkün deyil, arxa doskaların ikisi əyilib və qırılıb, kombayn arxa təırəfdən burulub. Aktın doğruluğu Yİ.İbrahimovun, V.X.Mirzəyevin və Cavabdeh imzaları və cəmiyyətin Sabirabad Regional Nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/5774 - 8/2145 saylı məhkəmə-əmtəəşünaslıq və məhkəmə avtotexniki ekspertizasının ekspert rəyindən görünür ki, nəzəri hesablamalar yolu il "Aqroservis” ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı SR 2065 Sampo markalı kombaynın 2021-ci ilin avqust ayına təmir-bərpa xərci təxminən 11750 manat nüəyyən edilir. O cümlədən - dəyişməli hissələrin qiyməti - 9550 manat, - təmir-bərpa işlərinin qiyməti - 2200 manat təşkil edir. Avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış illi, eyni modelli, təmir olunmamış taxılyığan kombaynın bazar qiymətinə nisbətən təmirə məruz qalmış 2019-cu il buraxılışlı, "SR-2065 Sampo” markalı taxılyığan kombaynın bazar qiymətində 10 faizədək fərq olması istisna edilmir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Yol- nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilərkən onun zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitəsində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitəsi ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisəsi ekspertizası tədqiqat aparmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 152,76 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş 09/01245 nömrəli texniki vəziyyət haqqında aktdan müəyyən edilir ki, İddiaçı ASC-nin Sabirabad RN-in Hacıqabul rayon bölməsinin rəhbəri X5 bölmənin istifadəsində olan texnikanı lizinqə götürmüş mexanizator Cavabdeh nasaz texniki vəziyyətdə təhvil almışlar. Məhkəmə iclasında araşdırılmış sübutlarla (akt, rəy) müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh operativ lizinq müqaviləsinə əsasən istifadəsinə verilmiş və "Aqroservis” ASC-nin Sabirabad Regional Nümayəndəliyinin istifadəsində olan Şassi 701204, buraxılış ili 2019-cu il, Sampo-2065 markalı taxılyığan kombaynı xx.xx.2021-ci il tarixində Qusar rayonu Piral kəndində yamacdan aşmışdır. Kombayna baxış keçirilmiş və məlum olmuşdur ki, biçən aparatının (xeyder) cəhrəsi, biçən aparatın üstündən gedən turbasının qırılması və əyilməsi, biçən aparatın şkifləri yarasız hala düşməsi, kabinanın üstünün əyilməsi, kabinanın yan və qabaq şüşələrinin qırılması, elektrik avadanlığının yarasız hala düşməsi, şinlərin diskdən çıxması, arxa peredokun ramadan qırılıb düşməsi, bunkerin əyilməsi, yan kapotların əyilməsi, kombayında elektrik sistemi işləmədiyi üçün mühərrikin yoxlanmasının mümkün olmaması, arxa doskaların ikisinin əyilməsi və qırılması, kombaynın arxa tərəfdən burulması aşkar olunmuşdur. Bu səbəbdən İddiaçı ASC- nə maddi ziyan vurulmuşdur. İşin hallarından müəyyən edilir ki, iddiaçı tərəf lizinqə verilmiş texnikaya dəymiş zərərin əvəzini cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən texnikaya zərər vurulmasını mülki hüquq pozuntusu hesab etmiş və iddianı qismən təmin edərək, zərərin əvəzini cavabdehdən tutmuşdur. Cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni əsassız hesab etmişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, texnikaya zərər vurulması cavabdehin təqsiri ucbatından baş verməmişdir. Buna dair Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti ilə bağlı arayışı məhkəməyə təqdim edilmişdir. Bu fors major hesab edilməlidir və mülki hüquq pozuntusu hesab edilə bilməz. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilini qisməndə olsa əsaslı hesab edir və işin halları ilə əlaqədar olaraq aşağıdakıları qeyd edir: Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı "Aqroservis” ASC ilə Cavabdeh arasında bağlanmış "Kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli Müqaviləyə əsasən 1 ədəd Sampo Rosenlew SR-2065 markalı 18ABl62 dövlət qeydiyyat nişanlı taxılyığan kombayn xx.xx.2021-ci il tarixdən-xx.xx.2021ci il tarixədək müddət üçün 7000 min manat müqabilində Cavabdeh istifadəsinə verilmiş və həmin müqavilənin 2.2.5, 2.2.6 və 2.2.8-ci maddəsinə əsasən cavabdeh müqavilə üzrə 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynı saz və dəst halda lizinqə verənə geri qaytarmağı qeyd-şərtsiz öz üzərinə götürmüşdür. Həmçinin texnika xx.xx.2021-ci il tarixdə texniki cəhətdə saz vəziyyətdə cavabdehə təhvil verildiyi, 03 sentyabr 2021-ci il tarixdə isə cavabdeh tərəfindən (akt imzalanmaqla) nasaz vəziyyətdə qaytarılığı müəyyən olunur. Bundan sonra iddiaçı 13 iyun 2022-ci il tarixdə iddia ərizəsini məhkəməyə göndərmişdir. Beləliklə xx.xx.2021-ci il tarixdə texnika iddiaçı tərəfə təhvil verilmişdir. İddiaçı qanunvericiliyin tələbinə əsasən hazırkı iddia ilə 6 ay müddətində məhkəməyə müraciət edə bilərdi, buna baxmayaraq iddiaçı iddianı 3 aydan çox müddət keçdikdən sonra məhkəməyə təqdim etmişdir. Bununla da iddiaçının iddiası müddətin keçməsinə görə qüvvədən düşmüş hesab edilir və iddia verməsi əsassızdır. Qanunvericiliyin tələbinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. "B.Mürsəlovun şikayəti üzrə" Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Mülki Məcəllənin 697.4-cü maddəsi baxımından lizinq verən, lizinqə vermiş olduğu əşyanın qüsurları ilə bağlı tələbi, həmin əşyanın qaytarlıdığı gündən altı ay ərzində irəli sürmək hüququna malik olmuşdur. Həmin müddət keçdikdən sonra lizinqverən bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kollegiya hesab edir ki, iddiaçı əşyanın qüsurları ilə bağlı tələbini həmin əşyanın ona nasaz vəziyyətdə təhvil verildiyi gündən (03 sentyabr 2021) altı ay ərzində irəli sürmək hüququna malik olduğu halda, 3 ay 10 gün müddət (03 mart 2022) keçəndən sonra bununla bağlı iddia qaldırmışdır. İddiaçının qanunla müəyyən olunan zaman ərzində öz hüququndan istifadə etməməsi, əşyanın qüsurları ilə bağlı tələb hüququna xitam verilməsini şərtləndirir. Qeyd edilənlərə əsasən də, məhkəməyə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Eyni zamanda məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti təmin edildiyindən, iddiaçının iddiası təmin edilmədiyindən, iddia ərizəsini verilməsi ilə əlaqədar dövlət rüsumu iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu iddiaçıdan tutulub cavabdehə, ekspertiza xərci isə iddiaçıdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti qanunvericiliyin müəyyən etdiyi 5000 manat məbləğindən çox olduğundan, bu qətnamədən kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(056)-17/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ22) köçürülsün. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. 76.38 man dövlət rüsumunun əvəzi İddiaçı ASC-dən alınaraq Cavabdeh ödənilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-236/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-236/2024
18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver