Məhkəmə qərarları › İş №2(106)-2362/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2362/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2362/2022 20.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 (QB KT MMM-in) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: xx.xx.2021-ci il tarixli, **********6014 saylı kredit müqaviləsinə əsasən İddiaçı QB KT MMM tərəfindən Cavabdeh illik 32 faiz ödənilməsi şərtilə, 18 ay müddətinə, 2000 manat məbləğində kredit verilmişdir. Hazırkı tələbində İddiaçı QB KT MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1727 manat əsas borc, 398.74 manat faiz borcu və 85.80 manat cərimə borcu, cəmi 2211.54 manatın və ödənilmiş dövlət rüsumuna görə 42.15 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə-yetirməmiş, borcunu ödəməmişdir. Birinci instansiya məhkəməsində cavabdehə iddiaya qarşı etirazını bildirməsinə dair müvafiq bildiriş göndərilmiş, müəyyən edilmiş müddət ərzində ərzində cavabdehin iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. İşə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. İmişli Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh 1727.00 (min yeddi yüz iyirmi yeddi) manat əsas borcun, 398.74 (üç yüz doxsan səkkiz, yetmiş dörd) manat faiz borcunun, 85.80 (səksən beş, səksəsn) manat cərimə borcunun və ödənilmiş dövlət rüsumuna görə 42.15 (qırx iki, on beş) manatın tutulub İddiaçı QB KT MMM-in xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 408.1, 442, 739.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinə şifahi məhkəmə icraatı qaydasında baxılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, borcun ekspertin müəyyən etdiyi məbləğdə təmin edilməsi, faiz və cərimə hissəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi işlə bağlı heç bir araşdırma aparmamış və işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə əsassız olaraq onun iştirakını təmin etməmişdir. Onun əsas, faiz və cərimə borcu düzgün hesablanmamışdır. Borc məbləğinin düzgün hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Prosessualməsələlər İddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Cavabdeh tərəf borc məbləğini mübahisələndirmişdir. Həmçinin birinci instansiya məhkəməsində iştirakının təmin edilmədiyini, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilmədiyini qeyd etmişdir. İşin hallarından görünür ki, xx.xx.2021-ci il tarixli, **********6014 saylı kredit müqaviləsinə əsasən İddiaçı QB KT MMM tərəfindən Cavabdeh illik 32 faiz ödənilməsi şərtilə, 18 ay müddətinə, 2000.00 manat məbləğində kredit verilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, borcun ödənilməsində pozuntular olduğuna, müqavilə şərtlərinə əməl edilmədiyinə görə, Bank vaxtında əvvəl borcunu tələb etmişdir. İş materiallarına əlavə edilmiş 17 avqust 2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 1.727 manat əsas borcu, 398,74 faiz borcu və 85,80 manat cərimə borcu vardır. İddiaçı borcunu vaxtından əvvəl tələb etmiş, bununla da iddiaçı mahiyyətcə müqavilə şərtlərinə vaxtından əvvəl xitam verilməsini istəmişdir. Cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulmasına yol verildiyi halda iddiaçının tələbi keçərlidir. İşin hallarından görünür ki, cavabdeh (borclu) borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməklə öhdəliklərini yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən, mövcud borcunu ödəmədiyindən bu, icranı gecikdirmə sayılmalıdır. Ona görə də iddiaçı kredit borcunu və borca hesablanmış faizi və cərimə borcunu haqlı olaraq tələb etmiş, məhkəmə də tələbi təmin etmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsində iştirakının təmin edilmədiyini bildirmişdir. Apellyasiya baxışında işlə baxılması şifahi məhkəmə icraatı qaydasına keçilmiş, cavabdeh tərəfə bu barədə məlumat verilmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh apellyasiya baxışına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda cavabdeh qətnaməni faiz və cərimə borcuna dair hissədə mübahisələndirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırda mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Ona görə də, hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2(036)-2773/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar