Məhkəmə qərarları › İş №2(106)-237/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-237/2025

03.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-237/2025 03.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli e-2(017)-479/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********41- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi, Yeni qaydalarla: AZ 0403, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Səid Rüstəmov küçəsi, giriş 10-da yerləşən ümumi sahəsi 252,10 kv.metr fərdi yaşayış evi və 0,0924 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh, X2 və İddiaçı ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında akt qeydinin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2003-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların 3 uşaqları anadan olmuşdur. 2003-cü ildən əri, uşaqları və qayınanası ilə birlikdə mübahisəli evdə yaşamışlar. X1 2014-cü ildə vəfat etmişdir. Cavabdeh ilə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda mübahisəli evdə yaşayır. Onun iddia ərizəsi üzrə mülki iş məhkəmədə baxıldığı ərəfədə mübahisəli fərdi yaşayış sahəsinə, yəni Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi, Yeni qaydalarla: AZ 0403, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Səid Rüstəmov küçəsi, giriş 10-a dair daşınmaz əmlakın reyestr nömrəsi **********41-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarış alınmışdır. Həmin çıxarışa əsasən AZ 0403, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Səid Rüstəmov küçəsi, giriş 10-da yerləşən ümumi sahəsi 252,10 kv.metr fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0924 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh, X2 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin paylar müəyyən edilməmişdir. Ona görə də AZ 0403, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Səid Rüstəmov küçəsi, giriş 10-da yerləşən həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə payların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, mübahisəli fərdi yaşayış evi ona valideynlərindən miras qalmışdır. Buna baxmayaraq yaşadıqları ünvanda yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə çıxarış alınmışdır. Həmin çıxarışda mülkiyyətçi kimi 3 nəfərin - Cavabdeh, X2 və İddiaçı adları göstərilmişdir. Onların bir yerdə yaşamaları mümkün deyildir. Ona görə də, iddianın təmin edilməməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli e-2(017)-479/2024 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia təmin edilmiş, daşınmaz əmlakın reyestr nömrəsi **********41-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən xüsusi mülkiyyətdə olan Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi, Yeni qaydalarla: AZ 0403, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Səid Rüstəmov küçəsi, giriş 10-da yerləşən ümumi sahəsi 252,10 kv.metr fərdi yaşayış evinin və 0,0924 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh, 1/3 hissəsinə X2 və 1/3 hissəsinə İddiaçı payı olmasının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 220.1-220.6, 223.2-223.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi, Yeni qaydalarla: AZ 0403, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Səid Rüstəmov küçəsi, giriş 10-da yerləşən ümumi sahəsi 252,10 kv.metr fərdi yaşayış evi və 0,0924 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh, X2 və İddiaçı ümumi birgə mülkiyyətindədir. X4 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Lakin onların hər birinin paylarına düşən hissə müəyyən edilməmişdir. İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməli, daşınmaz əmlakın reyestr nömrəsi **********41-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən xüsusi mülkiyyətdə olan Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi, Yeni qaydalarla: AZ 0403, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Səid Rüstəmov küçəsi, giriş 10-da yerləşən ümumi sahəsi 252,10 kv.metr fərdi yaşayış evinin və 0,0924 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh, 1/3 hissəsinə X2 və 1/3 hissəsinə İddiaçı payı olması müəyyən edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ona ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********41-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda əsassız olaraq İddiaçı ümumi birgə mülkiyyətçilər siyahısına salınmışdır. İddiaçı həmin fərdi yaşayış evinin ərsəyə gəlməsində, mülkiyyət kimi əldə olunmasında heç bir rolu olmayıb. Həmin əmlak ona valideynlərindən qalmışdır. Şəxsin həmin mənzildə qeydiyyatda olması onu həmin mənzilin mülkiyyətçisinə çevirmir. Bu birmənalı olaraq aydın qanunvericilik normasıdır. Hesab edir ki, rayon məhkəməsinin qətnaməsi qanunsuz, əsassızdır və ləğv olunmalıdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, qətnamə Cavabdeh münasibətdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə № 02/2024 saylı, 6 dekabr 2024-cü il tarili Qərardadının 11-ci bəndinə əsasən, qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. 12-ci bəndinə əsasən, qanunverici paylı mülkiyyətdə olan əşyanın real bölgüsündən əvvəl bütün mülkiyyətçilərin mənafelərini nəzərə almaqla paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona (və ya konkret paya) sərəncam verilməsinə dair aralarındakı ixtilafların həll edilməsi ilə bağlı aşağıda sadalanan bir sıra fərqli hüquqi mexanizmlər müəyyən etmişdir ki, bu da mülkiyyət hüququnun toxunulmazlığı prinsipi çərçivəsində bütün payçıların mülkiyyət hüquqlarının əlverişli şəkildə müdafiəsinə xidmət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, təqdim olunmuş apellyasiya şikayətinin dəlilləri əsassızdır, göstərilən dəlillər iş üzrə qəbul olunmuş hüquqi nəticəni dəyişmək gücündə deyildir və ona görə də apellyasiya şikayətlərinin təmin olunması üçün hüquqi və qanuni əsas mövcud deyildir. Birgə mülkiyyət hüququ mülki hüquq münasibətlərində ən çox rast gəlinən institutlardan biridir və əsas mahiyyəti eyni əmlak üzərində bir neçə şəxsin eyni vaxtda mülkiyyət hüququna malik olması ilə xarakterizə olunur. Bu münasibətlərdə mülkiyyətin hüquqi subyektləri birdən çox şəxs olduğundan, onların qarşılıqlı hüquq və vəzifələri xüsusi qaydada tənzimlənir. Birgə mülkiyyət, iştirakçıların paylarının əvvəlcədən müəyyənləşdirilib-müəyyənləşdirilməməsinə görə iki əsas formaya ayrılır: ümumi paylı mülkiyyət və ümumi birgə mülkiyyət. Ümumi paylı mülkiyyətdə hər bir iştirakçının mülkiyyətdəki payı müəyyən edilir və bu pay üzərində sərəncam vermək hüququ onun müstəsna səlahiyyətinə aid olur. Ümumi birgə mülkiyyətdə isə iştirakçıların payları əvvəlcədən müəyyənləşdirilmir, onlar yalnız hüquq münasibətləri zərurət doğurduqda, tərəflərin razılığı və ya məhkəmə qərarı ilə dəqiqləşdirilə bilər. Kollegiya apellyasiya şikayətləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası iş materiallarını, təqdim olunmuş sübutları və tərəflərin izahatlarını məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, iddianın mahiyyətini təşkil edən daşınmaz əmlakın hüquqi statusu barəsində hər hansı qeyri-müəyyənlik yoxdur. Çünki mübahisə predmetinə çevrilmiş fərdi yaşayış evi və ona aid həyətyanı torpaq sahəsi barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur və həmin çıxarışda mülkiyyətçi qismində üç nəfərin – Cavabdeh, mərhum X2 və İddiaçı adları ümumi birgə mülkiyyətçi kimi göstərilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1791/2025 saylı qərardadı ilə, iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İddiaçı adının Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ümumi birgə mülkiyyətçilər siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin geri qaytarılması və inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış rəsmi dövlət sənədi olmaqla hüquqi qüvvəyə malikdir və həmin sənəddə göstərilən məlumatların düzgünlüyü həqiqilik prezumpsiyası ilə qorunur. Bu o deməkdir ki, qanunvericiliyə əsasən, daşınmaz əmlakın dövlət qeydiyyatına alınmış hüquqlar mövcud və real hesab olunur, onların əksinə sübut təqdim edilmədikcə şübhə altına alına bilməz. Başqa sözlə, reyestrdə qeyd edilmiş mülkiyyət hüququndan kənara çıxmaq mümkün deyil və qeydiyyatın məzmununu dəyişdirən hər hansı hüquqi fakt yalnız müvafiq məhkəmə qərarı ilə təsdiqlənə bilər. Mövcud iş üzrə isə belə bir qərar qəbul edilməmiş, əksinə, cavabdehin iddiaçı Həsənovanın adının reyestrdən çıxarılmasına dair inzibati qaydada verdiyi iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılmış, icraata xitam verilmişdir. Bu hal da bir daha göstərir ki, dövlət reyestrində əksini tapmış hüquqi vəziyyət qüvvədədir və dəyişməz olaraq qalır. Cavabdehin irəli sürdüyü, guya mübahisəli evin ona valideynlərindən miras qaldığı və iddiaçının həmin əmlakın yaranmasında hər hansı payı olmadığı barədə arqumentlər hüquqi baxımdan əhəmiyyət daşımır. Mülkiyyət hüququnun yaranması üçün əsas yalnız əmlakın mənşəyi və ya kimin vəsaiti hesabına tikilməsindən ibarət deyildir. Hüququn mövcudluğunu təsdiq edən yeganə amil dövlət qeydiyyatıdır və bu qeydiyyat əsasında verilmiş çıxarışın məzmunu tərəflərin subyektiv mülahizələri ilə dəyişdirilə bilməz. Əgər daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adı mülkiyyətçi kimi göstərilmişsə, bu, onun həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiqləyir və həmin hüquq qanuni və təkzibedilməz qüvvəyə malikdir. Birgə mülkiyyət iştirakçılarının paylarının müəyyənləşdirilməsi məhz belə hallarda aktuallaşır. Çünki dövlət qeydiyyatında mülkiyyətçilərin adları göstərilsə də, payların nisbəti dəqiqləşdirilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsi əsasında çıxarışda adı qeyd olunan hər bir şəxsin payının bərabər – 1/3 nisbətində olmasını müəyyən etmişdir. Bu yanaşma həm hüquqi sabitlik prinsipinə, həm də reyestrdə təsdiqlənmiş məlumatların həqiqiliyinə əsaslanır. Əks nəticəyə gəlmək, yəni iddiaçının hüquqlarını inkar etmək, daşınmaz əmlakın dövlət qeydiyyatının məzmununu və qüvvəsini şübhə altına almaq demək olardı ki, bu da qəbul edilə bilməz. Beləliklə, çıxarışın həqiqiliyi prezumpsiyası nəzərə alındıqda, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır və mülkiyyət hüququnu aradan qaldırmaq gücündə deyildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə, payların bərabər müəyyənləşdirilməsi tam əsaslı, qanunauyğun və ədalətli hesab edilməlidir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iddianın təmin edilməsi barədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarı …çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli e-2(017)-479/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli e-2(017)-479/2024 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar