Məhkəmə qərarları › İş №2(106)-239/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-239/2023

07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-239/2023 07.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi X4, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(050)-2900/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(050)-2900/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ayaz Səlimov) iddia təmin edilərək Cavabdeh Masallı Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2(050)-2324/2019 nömrəli qətnaməsi ilə 28 aprel 2005-ci il təvəllüdlü X1 və 31 iyul 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulması müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 125 (yüz iyirmi beş) manat olmaqla, iki uşaq üçün cəmi 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilmiş və qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılması qət edilmişdir. Cavabdeh tərəfindən Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(050)-2900/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Münasibətləri pozulduğundan məhkəmə qərarı ilə nikahları pozulmuşdur. Nikah pozularkən azyaşlı uşaqları X5 və X6 onun himayəsində saxlanılmış, həmçinin alimentin tutulması qət edilmişdir. Sonradan Masallı Rayon Məhkəməsinin 2(050)-2324/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə daha əvvəl müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər uşaq üçün 95 manat olmaqla, cəmi 190 manat edilmişdir. Hazırda uşaqlar böyümüş və təlabatları artmışdır. Cavabdeh uşaqların tərbiyyəsi və təhsili ilə ümumiyyətlə maraqlanmır. Aldığı 190 manat aliment məbləği ilə isə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə fərdi əməklə məşğul olmaqla gəlir əldə edir və maddi imkanı normaldır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları X1 və X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər bir uşaq üçün 95 manat alimentin miqdarı artırılaraq hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat, həmçinin X2 müalicəsi ilə əlaqədar əlavə 100 manat məbləğin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər uşaq üçün 125 manat olmaqla, iki uşaq üçün cəmi 250 manat müəyyən edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, özü hal-hazırda heç bir yerdə işləmir və buna görə də, qətnamə ilə müəyyən edilmiş aliment məbləğini ödəyə bilmir. İş olanda fəhləlik edir. Hazırda isə hava soyuqdur və yağıntılıdır ki, bu səbəbdən işsizdir. Özü 2-ci dəfə evlənib və yeni ailədən 2 uşağı vardır. Özünün evi yoxdur və yeni ailəsi ilə birlikdə qardaşına məxsus evdə yaşayır. İddiaçı işləyir və 400 manat məbləğdə əmək haqqı alır ki, bu onun və uşaqların saxlanılmasına kifayət edər. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan, tədqiq olunan sübutlara obyektiv qiymət vermədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar (yaxud nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq belə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(050)-2900/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2(050)-2324/2019 saylı qətnaməsinə əsasən Cavabdeh Masallı Rayon Məhkəməsinin 2(050)-415/2015 saylı 20 fevral 2015-ci il tarixli qətnaməsi tutulan alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 95 manat olmaqla, cəmi 190 manat müəyyən edilmişdir. İşdə olan AZ-İ 636127 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 aprel 2005-ci ildə Masallı şəhərində doğulmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İ 974814 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 31 iyul 2007-ci ildə Masallı şəhərində doğulmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İ 722324 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X9 arasında 18 noyabr 2011-ci il tarixdə Masallı RİHB-nin Banbaşı ərazisi üzrə nümayəndəliyində 37 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Yaqubova soyadı verilmişdir. İşdə olan AA4249064 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə görə X8 30 sentyabr 2011-ci il tarixdə doğulmuşdur. İşdə olan AA4249063 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X7 29 may 2017-ci il tarixdə doğulmuşdur. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İşdən göründüyü kimi, cavabdeh öz apellyasiya şikayətində hal-hazırda işsiz olduğunu, özünün 2-ci dəfə evlənərək yeni ailədən 2 uşağının olmasını, özünün evinin olmaması səbəbindən yeni ailəsi ilə birlikdə qardaşına məxsus evdə yaşamasını, habelə iddiaçının işləməsini göstərmişdir. Ancaq məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olaraq qeyd edir ki, uşaqlarını saxlamaq, onların qayğısına qalmaq valideynlərin konstitusiya ilə müəyyən edilmiş vəzifələridir. Əgər valideynlərdən biri uşaqların saxlanılmasında iştirak etmirsə, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər. Valideynlərdən tutulan alimentin məbləği və tutulması qaydası aliment verməyə borclu olan valideynin qazancının dəyişən olub-olmamasından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, tərəflər arasında nikah münasibətləri pozulduqdan sonra onların birgə nikahlarından doğulmuş uşaqlar hazırda iddiaçının yanında yaşayır və cavabdeh onların saxlanılmasında iştirak etməlidir. AM-in 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddiməişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyacları, habelə həmin tələbatların uşaqlar böyüdükcə və zaman keçdikcə artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşaqların ehtiyaclarının artması, buna uyğun olaraq da tələbatın çoxalmasıl mübahisə predmeti ola bilməz. Hazırda ananın uşaqların qayğısına qalması, uşağın zəruri ehtiyaclarının və layiqli həyat şəraitinin təmin edilməsinə cəhd etməsi işin mübahisə doğurmayan halıdır. Valideynlər arasında nikah qeydinin pozulması zərurəti yarandıqda uşaqların kimin yanında qalmasından asılı olmayaraq, uşaqların ən yaxşı marağının ona göstərilən yüksək maddi və mənəvi qayğıdan ibarət olduğunu, eyni zamanda uşaqların saxlanılmasında hər iki valideynin bərabər hüquq və vəzifələrə malik olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işdə hər iki uşağın analarının yanında olmaqla onunla birlikdə yaşamaları, cavabdehi valideyn olaraq azyaşlı uşaqların tərbiyəsi və onların maddi-məişət tələbatlarının təmin edilməsi sahəsində vəzifədən azad etmir. Qeyd edilməlidir ki, 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 3 dekabr 2021-ci il tarixli 404-VİQ nömrəli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyənedilmişdir. Habelə, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 9 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyənedilmişdir. AM-in 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır (8.12-ci bənd). Qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahından 28 aprel 2005-ci ildə Masallı şəhərində doğulmuş X1 və 31 iyul 2007-ci ildə Masallı şəhərində doğulmuş X2 maddi tələbatlarının ödənilməli olmasını, eyni zamanda işin diqqətəlayiq hallarını nəzərə almaqla cavabdehdən hər ay bir uşağın saxlanması üçün məhkəmə qətnaməsi ilə alimentin miqdarının hər ay bir uşaq üçün 125 manat müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuş, həm də tərəflərin hazırkı maddi və ailə vəziyyəti nəzərə alınmışdır. Habelə, nəzərə alınmalıdır ki, alimentin hər ay bir uşaq üçün 125 manat miqdarında müəyyən edilməsi alimentin qəti müəyyən edilməsi kimi başa düşülməməlidir. Belə ki, hazırkı vəziyyətdə uşağın artan tələbatı və eləcə də aliment verənin maddi və ailə vəziyyəti, eləcə də digər diqqətəlayiq maraqları nəzərə alınmaqla təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi imkanından gələcəkdə tərəfləri məhrum etmir. Belə ki, aliment tələbi ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflərin alimentin miqdarının dəyişdirilməsi ilə əlaqədar gələcəkdə yenidən iddia qaldırmaq hüququ istisna edilmir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(050)- 2900/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 385.2, 392, 393 və 404-1ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(050)-2900/2022 saylı qətnaməsi dəyişdirilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar