Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2394/2022 28.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddiası ilə bağlı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(017)-1023/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 oktyabr 2019-cu il tarixli, AGK5786757 saylı kredit müqaviləsinə əsasən 315 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 445 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 15 ay olmaqla 27 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan dəyəri 685 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 315 manat borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq 1 faiz məbləğində faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq, 1512 manat faiz borcu yaranmışdır (315 manat × 480 gün × 1 %= 1512 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehdən 27 oktyabr 2019-cu il tarixli, AGK5786757 saylı kredit müqaviləsinə əsasən 315 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 445 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Ağcabədi Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(017)-1023/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Etibar Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 315 manat əsas kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(017)-1023/2022 saylı qətnaməsinin qismən – iddia tələbinin rədd edilən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin tam təmin edilməsi, Cavabdeh 27 oktyabr 2019-cu il tarixli, AGK5786757 saylı müqaviləyə əsasən hesablanmış 100 manat faiz borcunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh ilə iddiaçı arasında müddəti 15 ay olmaqla 27 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 685 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 315 manat borcu qalmışdır. Həmin müqaviləyə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq 1 faiz məbləğində faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq, 1512 manat faiz borcu yaranmışdır. İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. İşin faktiki hallarına əsasən cavabdeh müqavilə öhdəliyini tam icra etməmişdir. Odur ki, iddiaçı cavabdehdən əsas borcla yanaşı, faiz borcunu da tələb edir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin faiz ilə bağlı hissəsini rədd etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh gecikdirilmiş hər gün üçün iddiaçıya faiz ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə heç bir əsaslandırma aparmadan iddia tələbində faiz ilə bağlı hissənin rədd edilməsini qət etmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh əsas borc öhdəliyini 480 gündən artıq müddətdə icra etməmişdir. Hazırda da cavabdeh borc öhdəliyini icra etməməkdə davam edir. Cavabdehin əsas borc öhdəliyini uzun müddət icra etməməsi səbəbindən iddiaçının qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulur. Məhkəmə sübutetmə prinsiplərini pozaraq müqavilə üzrə cavabdehi öz üzərinə götürdüyü faiz öhdəliyini icra etməkdən qanunsuz olaraq azad etmiş, maddi hüquq normalarını səhv təfsir etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin əsasını təşkil edən müqavilə öhdəliklərini, ümumiyyətlə, şərh etməmiş, həmin müqavilə üzrə cavabdehi üzərinə götürdüyü faiz öhdəliyindən azad etmişdir. Mülki Prosessual Məcəllənin 394-1.3-cü maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin qismən – iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və faiz borcuna aid hissədə də iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası yazılı icraat qaydasında apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və işdəki sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 27 oktyabr 2019-cu il tarixli, AGK5786757 nömrəli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 685 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 10 manat hissəsini ilkin olaraq ödəmiş və qalan 675 manat məbləği 15 ay müddətinə aylıq 45 manat olmaqla, İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmişdir ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğdən hər gün üçün 1 faizədək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixində bağlanmış AGK5786757 saylı müqavilə üzrə ödənilməmiş 315 manat əsas (qalıq) borc vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşdə olan sübutlarla Cavabdeh İddiaçı ilə bağladığı borc müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə AGK5786757 saylı müqavilə üzrə ödənilməmiş 315 manat əsas (qalıq) borcunun yarandığı təsdiq olunur. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsasını təşkil edən müqavilə öhdəliklərini, ümümiyyətlə, şərh etməmiş, həmin müqavilə üzrə cavabdehi üzərinə götürdüyü faiz öhdəliyindən azad etmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş AGK5786757 nömrəli, 27 oktyabr 2019-cu il tarixli nisyə alğı-satqı (iş materiallarında bu müqavilə borc müqaviləsi kimi adlandırılmışdır) müqaviləsinin qeyd hissəsindən göründüyü kimi, iddiaçı cavabdehlə aralarında olan müqavilə müddəti bitdikdən sonrakı dövr üçün hər gün üçün 1% dərəcəsi ilə cərimə tələb edir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericiliklə müəyyən edilmişdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini MM-in 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-in 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən isə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı cavabdehlə aralarında olan AGK5786757 nömrəli, 27 oktyabr 2019-cu il tarixli müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqını (faizləri) deyil, həmin müddətdən sonrakı dövr üçün hər gecikdirilmiş gün üçün 1% cərimə tələb edir. Belə olan halda iddiaçı (kreditor) vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-in 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Lakin iddiaçı bu barədə hər hansı sübutu birinci instansiya məhkəməsinə təqdim edə bilməmiş, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbini 100 manat faiz tələbi hissəsində təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(017)-1023/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(017)-1023/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə isə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 100 manat olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 394-1 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(017)-1023/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-2394/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2394/2022
28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver