Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-240/2024 18.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(057)-108/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində dəymiş 1281 manat məbləğində maddi ziyanın və 33 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun 1.80 hektar torpaq sahəsi var. Həmin torpaq sahəsinin 1 hektardan çoxuna yonca əkdiyini və Cavabdeh ötən ilin iyun ayında öz sahəsini suvararkən suyu onun torpaq sahəsi ilə olan sərhəddən keçirdiyi üçün sahəsini su basmışdır. Nəticədə ona 1281 manat ziyan dəymişdir. Cavabdeh bunu 3 dəfə təkrar etmiş və dəfəllərlə ona bu əməlindən əl çəkməsini bildirsə də sonuncu buna əməl etməmişdir. Torpaq sahəsinin 0.6 hektar hissəsini su basdığından əkilən yonca bitkisi çürüyərək məhv olmuşdur. Cavabdeh xəndək qazarkən torpağı öz sahəsinə olan tərəfə tökmüş, onun torpaq sahəsinə olan tərəf alçaq qalmışdır. Ona görə də su keçib sahəni basmışdır. Cavabdeh yolunu bağladığı üçün öz növbəsində su kanalı doldurmuş və buna görə cavabdeh yeni kanal qazaraq həmin kanaldan su apararkən onun sahəsinə ziyan dəymişdir. Birinci yonca biçinindən 400 ədəd yonca kipi əldə etmişdir. Yonca 5 illik bitkidir, həmin bitki məhv olduğundan yenidən əkmək məcburiyytində qalmışdır. Odur ki, verilmiş iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh izahatında göstərmişdir ki, onun 1,25 ha torpaq sahəsi var. İddiaçı sahəsi onun sahəsi ilə həmsərhəddir. Yayda öz sahəsini suvararkən iddiaçının sahəsi çökək olduğu üçün su iddiaçının sahəsinə sızmışdır. 2021-ci ilin iyul ayında Ziyafətdən 1.25 ha torpaq sahəsi almış və həmin sahəni 2021-ci ilin sentyabr ayında suvarmışdır. Yerin içi ilə kanal keçdiyini, oradan suladığını, heç bir ziyanlıq törətmədiyini və 2022-ci ilin yayında yoncanı sulayarkən İddiaçı kanalı dolduraraq ona su vermədiyini, kollektorun kənarı il gələn kanaldan 50 metr kanal çəkərək doldurduğu yerə qoşduğunu bildirmişdir. Öz sahəsini suvardığı zaman iddiaçının sahəsi çökək olduğu üçün su basmışdır. İddiaçı bələdiyyə sədrinə şikayət etmiş və sonuncu gəlib baxdıqdan sonra suvarmanı dayandırmışdır. Ona qarşı verilmiş iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Salyan Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(057)-108/2023 nömrəli qətnaməsi ilə (hakim A.Səmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 1120 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 28,85 manat alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1; 1097.3; 1097.5-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə dəymiş ziyanın kimin tərəfindən vurulmasını, kimin təqsiri ucbatından vurulmasını, ümumiyyətlə dəymiş ziyanın mövcudluğunu müəyyən etməmişdir. Hazırkı dövrdə dünyada, o cümlədən ölkəmizdə su qıtlığı var. Su tapılmadığı vaxtda niyə iddiaçının torpaq sahəsinə su verməlidir ki, onun məhsulu məhv olsun?! İddiaçı ilə hər hansı düşmənçiliyi yoxdur. Sadəcə onun torpağı çökək ərazidə olduğu üçün su basmaq ehtimalı yüksəkdir. Su basmasının onunla heç bir əlaqəsi yoxdur. Buna görə də dəymiş ziyana görə məsuliyyət daşımır. Məhkəmə dəymiş ziyanın onun təqsiri ucbatından vurulmasını sübuta yetirmədən qətnamə qəbul etmiş və qanunvericiliyin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən Salyan Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək Salyan Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(057)-108/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək Salyan Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(057)-108/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhəkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin edilmiş hissədə ləğvini nəzərdə tutduğundan qətnamənin qismən, yəni mübahisələndirilən hissədə yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə olan sənədləri tədqiq edərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(057)108/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tələbini əsaslandırmaq üçün müvafiq mütəxəssis arayışlarını təqdim etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Salyan X8 və X1 RTM-nin şöbə müdiri Şükür İsmayılovun vermiş olduğu 21 iyul 2022-ci il tarixli, 58 saylı mütəxəssis rəyindən görünür ki, qonşu sahəsə yerləşən Cavabdeh özünə məxsus sahəni suvaran zaman su sızması nəticəsində 1,90 ha sahəni 0,60 ha hissəsində yonca tamamilə yanaraq məhv olmuşdur. Torpağın münbit olduğunu nəzərə alaraq həmçinin 0,60 ha torpağın şumlanaraq yenidən yonca əkilməsi xərclərini göstərərək dəymiş ziyan hesablanmışdır. Hadisə birinci biçindən sonra baş vermişdir. 2ci biçin 120 ədəd; 3-cü biçin 80 ədəd; 4-cü biçin 80 ədəd ot kipi əldə etmək olardı. Hazırkı bazar qiyməti ilə bir ədəd ot kipinin 4 manat dəyərində olduğu nəzərə alınarsa dəymiş ziyanın məbləği 280 ədəd x4 manat=1120 manat olar. Bundan başqa 0,60 ha sahənin yenidən əkilməsi xərcləri: şum 0,60 hax50 manat=30 manat, mala iki dəfə 1,20 hax30 manat=36 manat, toxum xərci 15 kqx5=75 manat, əkin 0.60hax30 manat= 18 manat, cəmi 161 manat təşkil edir. İddiaçı ümumilikdə 1120 manat+161 manat=1281 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin X4 X5 mərkəzinin şöbə müdüri Şükür İsmayılovun vəkil X2 yazmış olduğu 29 avqust 2022-ci il tarixli №85 saylı məktubundan görünür ki, 26 avqust 2022-ci ildə Yenikənd kəndində yerləşən İddiaçı məxsus sahəyə Salayan DAİM-nın hüquqşünası X3 ilə birlikdə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildiy ki, bir sahəyə ilk dəfə baxış keçirdikdən sonra həqiqətən sahənin çox hissəsində yoncanın göyərdiyini və həmin hissədə heç bir ziyan dəymədyini müəyyən edilmişdir.Yalnız 1,5 sot sahədə yonca kökləri çürümüş və oradan məhsul götürmək mümkün deyildir.Göstərilən sahənin yaxınlığından keçən baş kanaldan sızan su nəticəsində həmin hissədə yonca məhv olmuşdur.Mütəxəssis kimi həmin 1,5 sot sahəyə torpaq daşınmasını, yaxud baş kanalın qazılmasını məsləhət görür. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaçıya dəymiş ziyanla bağlı onun təqsirinin olmadığını, sadəcə olaraq idddiaçıya məxsus torpaq sahəsi çökəkdə olduğu üçün suvarma zamanı suyun iddiaçıya məxsus torpaq sahəsinə sızmasını bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməməlidir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və ya müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normalar əsasında həll olunur. Beləliklə müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bir-biri ilə müqavilə münasibətində olmayan zərərvuranla (borclu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddiаçı ilə cаvаbdеh аrаsındа hər hansı bir müqаvilə öhdəlikləri оlmаdığından iddiаçının ziyаnın əvəzinin ödənilməsi bаrədə tələblərinə hüquqi qiymət vеrilməsi üçün Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsində mülki hüquq pоzuntulаrı (dеliklər) üçün nəzərdə tutulmuş hüquq nоrmаlаrınа istinаd еdilməlidr. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 1096.1-ci mаddəsinə əsаsən mülki hüquq pоzuntusu (dеlikt) hüquqlа və yа qаnunlа müdаfiə еdilən bаşqа şəхsə (zərərçəkənə) birbаşа ziyаn və yа zərər vurulmаsınа gətirib çıхаrаn təqsirli, hüquqа zidd əməldir. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 1097.1.ci mаddəsinə əsаsən mülki hüquq pоzuntusu (dеlikt) nəticəsində fiziki şəхsin şəхsiyyətinə və yа əmlаkınа vurulmuş zərərin, hаbеlə hüquqi şəхsin əmlаkınа və işgüzаr nüfuzunа vurulmuş zərərin əvəzi zərərvurаn tərəfində tаm həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüququ məsuliyyətinin yаrаnmаsı üçün mülki-hüquq pоzuntsunun tərkibini təşkil еdən аşаğıdаkı zəruri еlеmеntlərin: a) zərərin vurulması, b) borclunun (zərərvuranın) hüquqazidd, yəni qeyri-hüquqi davranışı, v) borclunun (zərərvuranın) hüquqazidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə, d) borclunun (zərərvuranın ) təqsiri olması ilə şərtləndirmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş sübutlara yuxarıda göstərilən qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdeh özü də iddianı qismən etiraf edərək iddiaçıya həqiqətən də ziyan dəydiyini, lakin bunun səbəbini iddiaçıya məxsus torpaq sahəsinin nisbətən çökəkdə olması səbəbindən suvarma zamanı suyun onun torpaq sahəsinə sızması ilə əsaslandırmışdır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbinin əsassızlığını təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, onu formal mülahizə hesab edir və qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384. 392,402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(057)-108/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-240/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-240/2024
18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver