Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-241/2025 11.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh torpaq sahəsi almaq üçün ödədiyi 60000 ABŞ dolları məbləğində pulun, həmin topaq sahəsini sənədləşdirmək üçün ödənilmiş 32000 manat xərcin və 425 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2010-cu ildə ona icarəsində olan 171 ha torpaq sahəsini 60000 ABŞ dolları məbləğində pula satın almış, həmin məbləği o, hissə-hissə cavabdehə ödəmişdir. Cavabdeh ona etibarnamə vermişdir ki, həmin torpaq sahəsinə aid sənədləşmə işini görsün. Bundan sonra 32000 manat xərc çəkərək həmin torpaq sahəsinə cavabdehin adına çıxarış almışdır. Cavabdehlə razılaşmaya əsasən çıxarışı onun adına alandan sonra həmin torpaq sahəsini alqı-satqı yolu ilə iddiaçının adına keçiriləcəkdi. Lakin cavabdeh öhdəliyini yerinə yetirməmiş və torpaq sahəsini notariusla onun adına keçirməmişdir. Ona görə ödədiyi pulu geri tələb edir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. İmişli Rayon Məhkəməsinin (hakim T.Quliyev) 04 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh torpaq sahəsi almaq üçün ödənilmiş 60000 (altmış min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində pul vəsaiti, həmin torpaq sahəsini sənədləşdirmək üçün çəkilmiş xərc 32000 (otuz iki min) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 425 manat dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya şikayətinə görə, İmişli rayon inzibati ərazi dairəsində yerləşən 159.60 və 11.40 ha torpaq sahəsinin alqı-satqısına dair İddiaçıla aralarında nə hər hansı bir razılıq olmamış, ümumiyyətlə bu barədə aralarında danışıq belə olmamışdır. Belə ki, İddiaçı öz iddia ərizəsində guya onun 2010-cu il tarixdə torpaq sahəsini ona satdığını, torpaq sahəsinin pulunu hissəhissə ona ödədiyini, daha sonra ona vermiş olduğu etibarnamə əsasında çıxarış alsa da, lakin çıxarış aldıqdan sonra alqı-satqını etmədiyini, bununla da o öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirmişdir. İddiaçıla İmişli rayon inzibati ərazi dairəsində yerləşən 159.60 və 11.40 ha torpaq sahəsinin alqı-satqısına dair hər hansı müqavilə bağlanmamış və İddiaçı tərəfindən də belə bir müqavilə iddia ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim olunmamışdır. Bu da onun İddiaçıla aralarında hər hansı bir öhdəlik hüquq münasibətlərinin olmadığını göstərir. Belə olduğu təqdirdə də onun İddiaçı qarşısında üzərinə götürdüyü hər hansı bir öhdəliyi yerinə yetirməkdən boyun qaçırmağından söhbət gedə bilməz. Lakin birinci instansiya məhkəməsi İddiaçıla aralarında hər hansı bir rəsmi müqavilə və ya qeyri rəsmi kağız üzərində yazılmış bir razılaşma olmadığı halda öz qətnaməsində onun İddiaçı qarşısında guya öhdəlik olduğu və onu lazımınca icra etmədiyi qənaətinə gəlmişdir. Onu da qeyd edir ki, məhkəmə bu qənaətə gəlməsinə əsas olacaq hər hansı bir faktiki halı, hər hansı bir sübutu (müqavilə, qeyri-rəsmirazılıq, yazışma, danışıq və.s digər) öz qətnaməsində göstərməmişdir. İddiaçıla aralarında hər hansı bir müqavilə bağlanılmamasını təsdiq edən xüsusatlardan biri də onun öz keçmiş vəzifəsi ilə əlaqədar yaranmış əlaqələrindən istifadə edərək ona etdiyi təsir və təzyiqlər nəticəsində ona verdiyi etibarnamə əsasında onun qanuni nümayəndə kimi İmişli Rayon İcra Hakimiyyətinə müraciət edərək, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 218 saylı sərancamına əsasən bağlanmış xx.xx.2023-cü il tarixli 16 saylı icra müqaviləsi əsasında İmişli rayon inzibati ərazi dairəsində yerləşən 159.60 və 11.40 ha torpaq sahəsinə ********** və ********** nömrəli çıxarışlar aldığını, cəmi 171 ha torpaq sahəsinin icarə hüquqlarını notarial qaydada İmişli şəhəri, N.ünvan 1 ünvanında yaşayan X1 istədiyini bildirməsi və icarə hüququnun satılmasına razılıq verilməsi xahişinin edilməsidir. Əgər İddiaçı ilə aralarında sözügedən torpaq sahəsinin alqı-satqısına dair hər hansı bir razılaşma olmuşdursa, nəyə görə İddiaçı onun adından İmişli Rayon İcra Hakimiyyətinə müraciət edərək torpaq sahəsinə icarə hüququnu X1 istədiyini bildirmiş və icarə hüququnun satılmasına razılıq verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən icarəsində olan 171 ha torpaq sahəsinin alınması üçün iddiaçı tərəfindən ona 60000 dollar ödənilməsini təsdiq edən heç bir sənəd, sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa o, öz iddia ərizəsində 32000 manat məbləğində pul ödəyərək onun adına sözügedən torpaq sahəsinə çıxarış əldə etdiyini bildirmişdir. Lakin iddiaçı tərəfindən də torpaq sahəsinə çıxarışın əldə edilməsi üçün 32000 manat məbləğində pulun ödənilməsini təsdiq edən hər hansı bir sübut mövcud deyildir. İddiaçı tərəfindən 171 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün hər hansı bir məbləğdə pul ödənilməmişdir. Belə ki, İmişli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 218 saylı sərancamına əsasən bağlanmış xx.xx.2023-cü il tarixli 16 saylı icarə müqaviləsi əsasında icarəsinə-istifadəsinə verilmiş İmişli rayon inzibati ərazi dairəsində yerləşən kənd təsərrüfat təyinatlı 159.60 və 11.40 ha torpaq sahəsinə çıxarış əldə etmək üçün müvafiq dövlət rüsumu onun tərəfindən ödənilmiş və ********** və ********** nömrəli çıxarışlar əldə edilmişdir. Həmin rüsumun ödənilməsini təsdiq edən qəbzlər vardır ki, qəbzləri də hazırki ərizəsinə əlavə etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddianın təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddianın təmin edilməsi üçün heç-bir sübut yoxdur. İddiaçının keçmiş İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevlə yaxın əlaqələri olmuşdur. Sözügedən torpaq sahəsi 200 hektardır, müqavilə ilə cavabdehin adına qeydiyyata alınmışdır. Həmin dövrdə cavabdeh sadə vətəndaş olmuş və qeyd olunan torpaq sahəsini mal-heyvan saxlamaq məqsədilə götürmüşdür. İddiaçının qeyd etdiyi etibarnaməni də cavabdeh qorxu və təzyiq altında vermişdir. Cavabdeh hədə-qorxu gələrək bildirmişlər ki, özün və ailə üzvlərinlə burada rahat yaşamaq istəyirsənsə məcburi etibarnaməni imzalamalısan. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı sonuncu apellyasiya baxışında iştirak etməmişdir. O, məhkəməyə teleqram göndərərək, heç bir əsas göstərmədən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya iddiaçının iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən mümkün saymışdır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini aidiyyət qaydalarını pozmaqla icraata qəbul etmişdir. Ona görə aşağıdakılara əsasən, qətnamə ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Müəyyən edilir ki, həm İddiaçı, həm də Cavabdeh vergi ödəyici olan fiziki şəxsdir, vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadırlar. Elektron sistemdə Cavabdeh haqqında olan məlumatlarda fəaliyyət istiqaməti olaraq qoyun və keçilərin yetişdirilməsi göstərilmişdir. Cavabdeh izahatında torpaq sahəsini mal-heyvan saxlamaq məqsədilə aldığını qeyd etmişdir. İş materiallarından görünür ki, İddiaçı sözügedən torpaq sahəsində mal-qara saxlamaqla məşğul olmuşdur. Bu hal onu deməyə əsas verir ki, tərəflər arasındakı münasibətlər kommersiya fəaliyyəti ilə bağlıdır. Beləliklə, hazırkı mübahisədə tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdir; onların arasında yaranan münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gəlir, sözügedən pul vəsaiti cavabdehin icarəsində olan torpaq sahəsinin satın alınması ilə bağlıdır. Belə olan halda birinci instansiya məhkəməsində işə ümumi məhkəmədə baxılmalı deyildi. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edilmiş, işə səlahiyyəti olmayan hakim tərəfindən baxılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Bundan başqa, mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Azərbaycan Respublikasının MPM-nin 31-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 387.2.1-ci maddəsinə tələbinə görə, işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Kollegiya hesab edir ki, hazırkı iş kommersiya mübahisəsi hesab olunduğundan işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır, ona görə də qətnamə ləğv edilməli, işə mahiyyəti üzrə baxılmaq üçün iş üzrə materiallar aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, mahiyyəti üzrə baxılmaq üçün iş məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 31, 32, 385.1, 387.2.1, 387.2.9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(036)-1697/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş mahiyyəti üzrə baxılmaq üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya qaydasında şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-241/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-241/2025
11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver