Məhkəmə qərarları › İş №2(106)-2415/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2415/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2415/2022 23.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarş kredit borcunun və dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli, 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul edilməsi barədə GTC-265911B/2021 saylı Razılıq ərizəsi imzalanmışdır. Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri qəbul etmişdir. Həmçinin tərəflər arasında ÜŞT-yə əlavə olan, 0104072AZN80664 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 21%, illik cərimə faizi 180 % olmaqla, 3500 manat məbləğində istehlak xərcləri məqsədilə kredit verilmişdir. Hazırkı tələbində İddiaçı ASC Cavabdeh 0104072AZN80664 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3406,93 manat əsas borc, 782,62 manat faiz borcu, 553,22 manat cərimə borcu olmaqla, cəmi 4742,77 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 68 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinəyetirməmiş, borcunu ödəməmişdir. Birinci instansiya məhkəməsində iddiaya qarşı münasibətini bildirməsi barədə cavabdehə müvafiq məktub göndərilmiş, müəyyən edilmiş müddət ərzində cavabdehin münasibət məktubu məhkəməyə daxil olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin (hakim S.Ləzimov) 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli, 0104072AZN80664 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3406,93 manat əsas kredit borcunun, 782,62 manat faiz borcunun, 100 manat cərimə borcunun və 68 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 467-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- cərimə borcuna dair hissədə ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesablanan cərimə pulunun azaldılmasını əsaslandırmamışdır. Həmçinin borcalan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Prosessualməsələlər Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 19 dekabr 2022-ci il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Əsaslandırma Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı tərəf cərimə borcunu mübahisələndirmişdir. İşin hallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli, 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul edilməsi barədə GTC-265911B/2021 sayl Razılıq ərizəsi imzalanmışdır. Həmçinin tərəflər arasında maliyyələşdirmə üçün ərizə imzalanmış və Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 21%, illik cərimə faizi 180 % olmaqla, 3500 manat məbləğində istehlak xərcləri məqsədilə kredit verilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, borcun ödənilməsində pozuntular olduğuna, müqavilə şərtlərinə əməl edilmədiyinə görə, Bank əvvəlcə yazılı surətdə cavabdehdən borcunu tələb etmiş, borcun ödənilməsi təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. İddiaçı borcunu vaxtından əvvəl tələb etmiş, bununla da iddiaçı mahiyyətcə müqavilə şərtlərinə vaxtından əvvəl xitam verilməsini istəmişdir. Cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulmasına yol verildiyi halda iddiaçının tələbi keçərlidir. İşin hallarından görünür ki, cavabdeh (borclu) borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməklə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu icranı gecikdirmə sayılmalıdır. Ona görə də iddiaçı kredit borcunu və borca hesablanmış cəriməni haqlı olaraq tələb etmiş, məhkəmə də tələbi təmin etmişdir. İddiaçı tərəf apellyasiya şikayətində qətnaməni cərimə borcuna dair hissədə mübahisələndirmiş, məhkəmə tərəfindən əsassız olaraq cərimə borcunun azaldıldığını bildirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxaraq, cərimə borcunun artırılması üçün əsas görmür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırda mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Ona görə də, hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(017)-1528/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar