Məhkəmə qərarları › İş №2(106)-242/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-242/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-242/2023 22.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əsassız əldə edilmiş pulların qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 1213/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İrandan tədarük edilmiş malın dəyəri olaraq 2613 ABŞ dolları, 3850 manat və 6260 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, o, cavabdehlərdən 2019-cu ildə 111000 ABŞ dolları məbləğində borc almış, həmin pullardan 51000 ABŞ dollarını qaytarmış və işə məhkəmədə baxılan zaman cavabdehlərə 60000 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmədə işə baxılan zaman “COVİD-19” pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı iddiaçı müvafiq sənədləri əldə edib məhkəməyə təqdim edə bilməmiş və bu səbəbdən həmin zaman qarşılıqlı iddia tələbi ilə müraciət edə bilməmişdir. İddiaçı birgə biznes fəaliyyəti çərçivəsində cavabdehlərin ona verdikləri tapşırıqlar əsasında İran İslam Respublikasının vətəndaşı olan üçüncü şəxs X5 məxsus “X9 CO” Şirkətindən cavabdehlər üçün Azərbaycana 918,46 ABŞ dolları dəyərində tikinti materialları tədarük etmişdir. Həmin malları Cavabdeh2 Azərbaycan Respublikasının gömrük orqanlarından şəxsən qəbul etmiş və öz məqsədləri üçün istifadə etmişdir. Lakin bugünədək həmin əmlakın dəyəri iddiaçıya ödənilməmişdir. Göstərilən malları Azərbaycana tədarük etmək üçün iddiaçı ümumi məbləğ olaraq 2613 ABŞ dolları və 3580 manat məbləğində şəxsi pulunu xərcləmişdir. Bu məbləğə aşağıda göstərilən xərclər daxildir: 913 ABŞ dolları malın maya dəyəri, 2900 manat gömrük vergisi, 1500 ABŞ dolları yol xərci, 680 manat sığorta məbləği, 200 ABŞ dolları deklorasiya və bəyannamə xərcləri. Bundan əlavə, maliyyə sənədləri ilə müəyyən olunur ki, iddiaçı cavabdehlərin borcunu ödəmək məqsədilə aşağıda göstərilən qəbzlər üzrə cavabdehə ümumi məbləğdə 6260 manat ödəmişdir: 1) xx.xx.2021-ci il tarixli, ********* nömrəli qəbzlə - 38 manat; 2) xx.xx.2021-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə - 680 manat; 3) xx.xx.2021-ci il tarixli, ********* nömrəli qəbzlə - 82 manat; 4) xx.xx.2021-ci il tarixli, ********** nömrəli qəbzlə - 2840 manat; 5) xx.xx.2021-ci il tarixli, ********** nömrəli qəbzlə - 2900 manat; 6) xx.xx.2021-ci il tarixli, ********* nömrəli qəbzlə - 60 manat; 7) xx.xx.2021-ci il tarixli, ********** nömrəli qəbzlə - 72 manat; 8) xx.xx.2022-ci il tarixli, **********0473548 nömrəli qəbzlə - 200 manat. Cavabdehlər yuxarıda göstərilən pulları əsassız olaraq mənimsəmişlər. Yəni hər hansı qanuni və ya müqavilə əsası olmadan iddiaçının əmlakına və pullarına qanunsuz olaraq sahib çıxmışlar və bugünədək əmlakının dəyərini və pullarını qaytarmaqdan imtina edirlər. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1213/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Müseyib Bayramov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 200 manat pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1213/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlər ilə şərikli qaydada kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Bu məqsədlə iddiaçı cavabdehlərin sifarişləri üzrə İran İslam Respublikasında olan geniş əlaqələrindən istifadə edərək cavabdehlərə dəfələrlə tikinti və sair materiallar göndərmişdir. Birgə fəaliyyətin nəticəsində aralarında yaranmış mübahisəyə görə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib İddiaçı 60000 ABŞ dolları pul tələb etmişlər. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin mülki işə baxılan zaman cavabdehlərin (həmin iş üzrə iddiaçıların) İddiaçı borcları olduğu halda, İddiaçı həmin zaman qarşılıqlı iddia ərizəsi verib həmin borcu cavabdehlərdən tələb etmək imkanında olmamışdır. Belə ki, cavabdehlərə malların göndərilməsini təsdiq edən sənədlər İran İslam Respublikasında qalmış, lakin “COVİD-19” pandemiyasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimi ilə bağlı İrana getmək üçün sərhədlər bağlanmışdır. İşə birinci instansiya məhkəməsində baxılan zaman cavabdehlər onların ünvanına tikinti materiallarının göndərilməsi faktını etiraf edərək bildirmişlər ki, həmin malları Kürdəmir rayonunda fəaliyyət göstərən Cənubi Ərazi Baş Gömrük İdarəsindən təhvil almışlar və Kürdəmir rayonunun Muradxanlı kəndində özlərinə məxsus anbara yığıb orada saxlamışlar. Malın göndərilməsi və cavabdehlərə təhvil verilməsi həmçinin Cənubi Ərazi Baş Gömrük İdarəsinin məhkəməyə təqdim etdiyi arayışla da təsdiq edilmişdir. Bununla yanaşı, cavabdehlər həmin mallara görə pulu iddiaçıya qaytarmaqdan imtina etmiş və bunun səbəbini belə izah etmişlər ki, guya həmin malları iddiaçı özü üçün sifariş edib gətizdirmişdir. Cavabdehlər həmin tikinti materiallarını hazırda da anbarda saxlayırlar və onları iddiaçıya təhvil verə bilərlər. Halbuki, iddiaçı tərəfindən həmin materialların özü üçün sifariş edilməsi absurddur. Belə ki, əgər malları özü üçün gətizdirmişdirsə, nə üçün malların özünün yaşadığı ünvana deyil, cavabdehlərin yaşadıqları ünvan üzrə Kürdəmir rayonuna göndərmişdir? Göründüyü kimi, cavabdehlər borcun mövcud olmasını etiraf etmiş olsalar da, məhkəmə iddia tələbini bu hissədə əsassız olaraq rədd etmiş, gəldiyi nəticənin motivini isə əsaslandırmamışdır. İddia tələbinin digər hallarına gəldikdə isə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsində mübahisə edilən pulların bir hissəsi şəxsən cavabdeh Namiq Həmidovun bank kartına göndərilməmiş, həmin pullar onun qardaşı Natiq Həmidovun bank kartına göndərilmişdir. İddia tələbini bu hissədə rədd etmiş məhkəmənin mövqeyinə görə, cavabdehin qardaşı Natiq Həmidov bu iş üzrə hər hansı cavabdehlik daşımır. Halbuki, işin hallarından müəyyən olunur ki, göstərilən pullar Natiq Həmidovun bank kartına cavabdeh Namiq Həmidovun xahişi əsasında göndərilmiş və həmin pullar ona çatdırılmışdır. Belə ki, iddiaçının Natiq Həmidovla hər hansı işgüzar əlaqəsi olmamış və ona borcu yaranmamışdır. Cavabdehlər tərəfindən öhdəliklərinin icra edilməməsinin səbəbi birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamış və düzgün müəyyən edilməmişdir. İşin faktiki halları düzgün müəyyən edilmədiyi üçün maddi hüquq normaları da həmin hallara münasibətdə düzgün tətbiq edilməmişdir. Bu isə qismən qanunsuz qətnamənin qəbulu ilə nəticələnmişdir. Müqavilə şərtlərinin pozulmasında iddiaçının təqsirli olması məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdır. İş materialları ilə tərəflərin – iddiaçının və cavabdehlərin sahibkarlıq fəaliyyətinin subyekti olması və mübahisənin onların məhz sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərindən yaranması öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, Əliyev X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsində vergi ödəyicisi kimi ********** eyniləşdirici nömrəsi ilə (VÖEN) uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, Həmidov X3 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi ********** eyniləşdirici nömrəsi ilə (VÖEN) uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, Qədirov X4 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsində vergi ödəyicisi kimi ********** eyniləşdirici nömrəsi ilə (VÖEN) uçota alınmışdır. İş materiallarını araşdıraraq təhlil edən məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə mübahisənin subyektlərinin – həm iddiaçının, həm də cavabdehlərin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olmaları müəyyən edilir. Bundan başqa, mübahisə predmeti olan pul məbləğinin yaranma əsası kimi də məhz mübahisə subyektlərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması çıxış edir. Belə ki, iddiaçının da bildirdiyi kimi, o, birgə biznes fəaliyyəti çərçivəsində cavabdehlərin ona verdiyi tapşırıqlar əsasında İran İslam Respublikasından tikinti materialları tədarük etmiş, həmin malları Cavabdeh2 gömrük orqanlarından şəxsən qəbul etmiş, bugünədək həmin malların dəyəri iddiaçıya ödənilməmişdir. Bu isə tərəflər arasındakı mübahisənin predmetinin onların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu göstərir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, mübahisənin həm subyektiv tərkibi, həm predmeti, həm aralarında yaranmış münasibətlərin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Beləliklə, hazırda araşdırılan iş üzrə iş materialları ilə həm iddiaçı, həm də cavabdehlərin VÖEN-i olmaqla, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olmaları və mübahisənin birbaşa olaraq sahibkarlıq fəaliyyətinin nəticələri ilə əlaqədar yaranması müəyyən edilir. Məhkəmə kollegiyası bildirir ki, tərəflər arasında yaranmış mübahisə bilavasitə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, həm iddiaçı, həm də cavabdehlər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduqlarından birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını, mübahisənin əsasını, predmetini, aidiyyət məsələsini aydınlaşdırmadan və məhkəmə aidiyyəti qaydalarının pozulması ilə iddia tələbinə baxaraq, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmiş, bununla da MPM-in məhkəmə aidiyyəti ilə bağlı müddəalarında nəzərdə tutulmuş tələbləri pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. İş materiallarından da istər işdə iştirak edən şəxslərin subyektiv tərkibi, istər mübahisənin predmeti, istərsə də hüquq münasibətlərinin xarakteri nəzərə alındıqda hazırkı işin kommersiya məhkəməsinə aid olduğu görünür. MPM-in 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə iddia ərizəsinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən etməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası MPM-in 35.1-ci maddəsinə əsasən belə hesab edir ki, hər iki cavabdehin rəsmi qeydiyyat ünvanı ünvan 2smi qeydə alındığı yer üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respunblikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Məhkəmə- Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli Qərarına əsasən, Kürdəmir rayonu ərazi vahidi kimi Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, işə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1213/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Mülki Prosessual Məcəllənin 402.2.5-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 384, 385, 387, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1213/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar