Məhkəmə qərarları › İş №2(106)-2475/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2475/2022

26.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2475/2022 26.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)937/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(022)-1155/2011 saylı qətnaməsinə əsasən cavabdehlə birgə nikah dövründə xx.xx.2007-ci il tarixdə doğulmuş Zərnişan və xx.xx.2008-ci il tarixdə doğulmuş Murad adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmalarından ötəri hər ay hər sabit pul məbləğində müəyyən edilmiş hər uşağa görə 76 manat, iki uşağa görə 152 manat olmaqla sabit pul məbləğində müəyyən edilmiş aliment artırılaraq, hər ay sabit pul məbləğində hər uşağa görə 250 manat olmaqla, iki uşağa görə 500 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)937/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim P.Əhmədov) ilə, iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2007-ci il tarixdə doğulmuş X1 və xx.xx.2008-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(022)-1155/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə müəyyən edilmiş 76 (yetmiş altı) manat, cəmi 152 (yüz əlli iki) manat alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment müəyyən edilməsi və həmin aliment Cavabdeh alınaraq İddiaçı verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənişin bir hissəsinin əvəzi qismində 45 (qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilməsi, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh və onun nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 366.1ci maddəsinə əsasən apellyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyü yoxlayır. Burada işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, MPM-nin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Apellyasiya şikayətindən müəyyən olunur ki, apellyasiya şikayətini verən şəxs apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş şikayət 2 saylı Əlavədə müəyyən olunmuş lazımı məzmunda tərtib edilməmişdir. Həmin forma onu nəzərdə tutur ki, apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Həmçinin apelyasiya şikayətində qətnamədə göstərilən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmaması, gəlinən nəticənin işin faktiki hallarına uyğun olmaması və tətbiq olunan maddi hüquq normasının düzgün tətbiq olunmamasının nədən ibarət olduğu qeyd olunmalıdır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində isə yuxarıda göstərilənlər qeyd olunmaq əvəzinə cavabdeh mülki işə aidiyyatı olmayan halları yəni “vəkillik fəaliyyəti, məmur-hakim özbaşınalıqları, ədalətsiz məhkəmə aktları, birinci instansiya məhkəməsinin hakimlərinin fəaliyyəti” bu və digər məzmunda olan halları sadalamaqla birinci instansiya məhkəməsinin qətnaməsindən yuxarı məhkəməyə şikayət vermək hüququndan düzgün istifadə etməmişdir. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, cavabdeh və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab olunmalıdır. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)937/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 402.2.1-ci və 403-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Biləsuvar Rayon Məhkəməsinin 2(022)937/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Cavabdeh və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 357, 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Biləsuvar rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə ondan Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar