Məhkəmə qərarları › İş №2(106)-250/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-250/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-250/2023 26.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(041)-535/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(041)-535/2022 saylı qətnaməsi (hakim Müseyib Bayramov) ilə Cavabdeh 2900 manat pulun alınaraq İddiaçı verilməsi və Cavabdeh 49 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2900 manat məbləğdə pulun və maddi və mənəvi zərərin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Cavabdeh ona 2900 manat məbləğində maddi ziyan vurmuşdur. İddia ərizəsində göstərilmişdir ki, o, Cavabdeh 08 dekabr 2019-cu ildə 2900 manat məbləğdə pul vermiş, lakin Cavabdeh hazırkı vaxta kimi həmin pul vəsaitini geri qaytarmamışdır. O, dəfələrlə pulunu tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh X1 ona qarşı etdikləri hərəkətlər nəticəsində onun səhhətində müxtəlif problemlər yaranmışdır. Halhazırda o, tibb müəssisəsinə müraciət etmiş və müalicə alır, mənəvi sarsıntı keçirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermiş şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Qeyd edənlərə əsasən Cavabdeh apellyasiya şikayətinin təmin olunmasını, Kürdəmir Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(041)-535/2022 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının 1850 manat məbləğində təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATİ: Cavabdeh məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmədə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, o, İddiaçı 2019-cu ilin sonlarında şərikli avtomobil alıb-sataraq qazanc əldə etmək niyyəti ilə 2900 manat məbləğdə pul vəsaiti almışdır. Məhz bu məqsədlə o, 08 dekabr 2019-cu il tarixdə qəbzə imza etməklə ondan 2900 manat pulu almış, sonradan özü də 3000 manat məbləğdə pul əlavə edərək maşın almışdır. Aldığı avtomobildə müəyyən problemlər çıxdığı üçün və pandemiya dövrü olduğundan satış ləngidi. İddiaçının israr etməsi səbəbindən avtomobili 1000 manat ziyana satmalı olmuşdur. İddiaçıya 1600 manat məbləğdə pul qaytarmış, sonra iki dəfəyə 100 və 50 manat olmaqla, ümumilikdə ona 1750 manat məbləğdə pul vəsaiti vermişdir. Bununla əlaqədar iddiaçı pulu kimdənsə faizə aldığını bildirərək onu əlavə 1500 manat məbləğ faiz ödəməyə məcbur etmiş və həmin pulu da ödəmişdir. Məhkəmə iclasında iddiaçının iştirak etməməsi və onun vicdanlı şəkildə olan hadisələri etiraf etməyi məlum qətnamə ilə sonlanmışdır. İş materiallarından göründüyü kimi, birinci instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılma aparılmamış, çəkişmə prinsipinə riayət edilməmişdir. Onlar şərikli maşın alıb-satmaq niyyətini ortaya qoyanda qazanc və ziyana şərik olmalı idilər, amma iddiaçı bütün ziyanı onun üzərimə atmışdır. Mülki işə işin faktiki halları ilə qiymət verilsə də, onun 1500 manat məbləğdə faiz borcu ödəməsi nəzərə alınmadan Mahirəyə 1150 manat məbləğdə borcu vardır. Qətnamə qəbul ediləndən sonra iddiaçı ilə görüşərək onun nə qədər borcunun olmasını olmuş, hadisələri bir-bir xatırladaraq vicdanlı şəkildə etiraf etməsini xahiş etmişdir. İddiaçı nağd şəkildə 1200 manat məbləğdə ödədiyi halda borc tələbindən imtina edəcəyini bildirmiş, iddiaçıya 1750 manat məbləğdə ödədiyini dəfələrlə qeyd edir və Mahirənin nağd şəkildə tələb etdiyi 1200 manatı da bu pulun üzərinə əlavə etdikdə 2950 manat təşkil edir. Çünki iddiaçı da dəqiq bilirdi ki, o, həmin avtomobilin təmirinə xərc qoymuş və onu ziyana satmışdır. İddiaçı ilə görüşdə ona 1850 manat borcunun olduğunu deyir. Göründüyü kimi, birinci instansiya məhkəməsi zamanı sübutların düzgün tədqiq edilməmiş, məhkəmə buna hüquqi qiymət verməmiş, ondan 2900 manat məbləğdə pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarmışdır. Beləliklə, göründüyü kimi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamamışdır. Bu apellyasiya şikayətinin 8-ci bəndində qeyd edilən hallardan (xüsusatlardan) göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut nəticədə qətnamə qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Mülki iş üzrə İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına iştirak etməmiş və bu barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini İddiaçı və Cavabdeh arasında razılaşma olması və iddiaçının qarşısında öhdəlik daşıdığını 08 dekabr 2019-cu il tarixli qəbz üzrə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətinin təmin olunmasını, Kürdəmir Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(041)- 535/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 08 dekabr 2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2900 manat məbləğdə borc qismində götürdüyü pulu qaytaracağını öhdəsinə götürmüş və bunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iddiaçının iddia tələbinə və bu tələbin təsdiqi kimi məhkəməyə verdiyi iddia ərizəsinə hüquqi cəhətdən qiymət verilməsi üçün ilk öncə iddiaçının tələbinin özlüyündə əsaslandırılmış olması müəyyən edilməli, bunun üçün isə MM-in 739.1-ci maddəsinin bütün dispozisiya şərtlərini təqdim edib-etmədiyi yoxlanmalıdır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qanunvericiliyin göstərilən normasından da göründüyü kimi hazırkı mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olub-olmaması yoxlanılmalıdır. MM-in: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2.-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 432.2-ci maddəsinə əsasən əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissəhissə icrasını qəbul etməyə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsi yazılı formada bağlanmış əqdə əsaslanır. Hazırda 2900 manata dair borc sənədinin iddiaçıda olması cavabdeh tərəfindən borcun qaytarılmaması qənaətinə gəlməsinə əsas verir. Ona görə də, məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşaraq gəlinən nəticəni işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Habelə, məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, MM-in 527-529cu maddələrinin tələblərinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Ancaq Cavabdeh müdafiə etmiş olduğu apellyasiya şikayətində İddiaçı qaytarmasını iddia etdiyi məbləğləri - icranı təsdiq edə biləcək heç bir sənədə istinad edə bilməmişdir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən 08 dekabr 2019-cu il tarixdə qəbzə imza etməklə İddiaçı 2900 manat məbləğdə pul vəsaiti qəbul etməsini etiraf etsə də, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddiaçıya 1600 manat, daha sonra iki dəfəyə 100 və 50 manat olmaqla, ümumilikdə 1750 manat məbləğdə pul vəsaiti qaytarması, birinci instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılma aparılmaması və çəkişmə prinsipinə riayət edilməməsi, onun ziddiyyətli olaraq - iddiaçıya əvvəlcə 1500 manat məbləğdə faiz borcu ödəməsi nəzərə alınmadan 1150 manat, daha sonra 1850 manat borcunun olduğunu qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini heç bir sübutla öz əksini tapmayan formal mülahizə hesab edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MM-in 14.2, 77.1 və 217.4-cü maddələri). Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “iddianın təmin edilməsi, Cavabdeh borca görə 2900 manat məbləğdə pul vəsaitinin alınıb İddiaçı verilməsi” qənaətinə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Kürdəmir Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(041)-535/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün MPM-in 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(041)-535/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar