Məhkəmə qərarları › İş №2(106)-250/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-250/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-250/2024 06.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X7 oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə Masallı Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(050)-2373/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli 029KK**********01 saylı kart krediti müqaviləsi üzrə yaranmış əsas borc üzrə 3950 manat, faiz borcu üzrə 641.68 manat, cərimə borcu üzrə 1182.76 manat olmaqla, cəmi 5774.44 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 77.74 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onula əsaslandırmışdır ki, İddiaçı QSC və Cavabdeh bağladığı xx.xx.2021-ci il tarixli, 029KK**********01 saylı kart kredit müqaviləsinə əsasən 36 ay müddətinə aylıq faiz dərəcəsi 2 faiz olmaqla, 3950 manat məbləğində kredit limiti açılmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir. Cavabdeh əsas borcu üzrə 3950 manat məbləğində kredit borcu qalmışdır. Kart kredit müqaviləsinin 2.3-ci maddəsinə müvafiq olaraq xx.xx.2023-cü il tarixə 438 gün üçün hesablanmış faiz borcu 641.68 manat təşkil edir. Kart kredit müqaviləsinin 3.7-ci bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixə 438 gün üçün hesablanmış cərimə 1182.76 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü maddəsinə əsasən kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə kredit borcunu və faizləri olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka qaytarmağı öz üzərinə götürür. Cavabdeh yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Masallı Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(050)-2373/2023 saylı qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddianın qismən təmin edilməsi, əsas borc üzrə 3950 manat, faiz borcu üzrə 641.68 manat, cərimə borcu üzrə 118.28 manat olmaqla, cəmi 4709.96 manat pulun Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 63.41 manat pulun Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Bununla bağlı bildirir ki, məhkəmə tərəfindən ona heç bir bildiriş göndərilməmiş, ümumiyyətlə məhkəmə iclası barədə ona heç bir məlumat verilməmişdir. Bununla da, məhkəmə çəkişmə prinsipinə əməl etmədən qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə iclasından məlumatı olsaydı, məhkəməyə öz sübutlarını təqdim edərdi. Belə ki, bank məhkəməyə müraciət edənə kimi ona nə yazılı, nə də şifahi məlumat vermişdir. Məhkəmə öz qərarını maddi hüquq norması olaraq yalnız bankın təqdim etdiyi sənədlərə əsalanaraq qətnamə qəbul etmişdir. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Lakin məhkəmə yalnız bankın təqdim etdiyi sənədlərə əsasən qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirakı təmin edilmiş olsaydı, o, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət təqdim edərdi və hesablanmış məbləğ düzgün hesablanmış olardı. Masallı rayon məhkəməsinin qətnaməsi barədə məlumat ona xx.xx.2023-cü il tarixində Masallı rayon İcra və Probasiya şöbəsi tərəfindən məlumat verilmişdir. Bundan sonra o, qətnaməni əldə etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iş üzrə cavabdehə kredit kart müqaviləsi əsasında verilmişdir və hər hansı ekspertiza keçirilməsinə zərurət yoxdur. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli 029KK**********01 saylı kart krediti müqaviləsindən görünür ki, Bank Cavabdeh 36 ay müddətinə aylıq faiz dərəcəsi 2% olmaqla 3950 manat məbləğində istehlak kredit limiti açmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir, cavabdeh isə müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit ödənişlərini (əsas və faizi ilə birlikdə) ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh kart hesabında xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yekun balans - 5837.7, ümumi mədaxil - 3435. 27, ümumi məxaric - 9272.97 manat məbləğ təşkil edir. İşdə olan maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən alınmış kreditə görə xx.xx.2023-cü il tarixə onun 3950 manat, faiz borcu üzrə 641.68 manat, cərimə borcu üzrə 1182.76 manat olmaqla, cəmi 5774.44 borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlığın surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh xəbərdarlıq edilməklə xx.xx.2023-cü il tarixə Banka olan kredit borclarını qaytarmadığı halda, müqaviləyə xitam verilməsi və yaranmış borcun tam şəkildə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan həmin dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmçinin MMin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kollegiya qeyd edir ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Bu baxımdan, Mülki Məcəllənin 445-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, bank tərəfindən xəbərdarlıq və məhkəmə iclası barədə birinci instansiya məhkəməsindən bildiriş almamışdır. Məhkəmə iclasında iştirakı təmin edilmiş olsaydı, o, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət təqdim edərdi. Kollegiya cavabdehin şikayətinin dəlillərinə münasibətdə bildirir ki, İddiaçı QSC tərəfindən 18 may 2023-cü il tarixində xəbərdarlıq məktubu göndərilmişdir (iş materialları, səh 59, 60). Habelə birinci instansiya məhkəməsi tərəfindən cavabndehin rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırkı iş üzrə apellyasiya icraatı zamanı cavabdehin rəsmi qaydada məlumatlandırılmasına rəğmən, o, yenidən məhkəmə iclasına gəlməmiş, o, özünün dəlillərini müdafiə və sübut etməmişdir. Əksinə, işdə olan mötəbər və təkzibedilməz sübutlarla onun dəlillərinin əsasız olması müəyyən edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir və cavabdehin yuxarıda qeyd edilən və araşdırılan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən Masallı Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli e-2(050)-2373/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(050)-2373/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar