Məhkəmə qərarları › İş №2(106)-252/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-252/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-252/2025 16.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X4 vərəsəsi Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-252/2025 Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X9, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X4 vərəsəsi Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 18 aprel 2024cü il tarixli, 2(073)-515/201 saylı qətnaməsindən (hakim E.Əmirəliyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə 9025,61 manat əsas, 20,90 manat faiz borcu olmaqla cəmi 9046,51 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 110,47 manat və ödənilmiş xidmət haqqının əvəzi qismində 0,40 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə X7 arasında bağlanmış 22 avqust 2022-ci il tarixli, BPM**********00 saylı kredit müqaviləsinə əsasən X6 48 ay müddətinə illik 22 faiz olmaqla 10000 manat məbləğində kredit verilmiş və tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuşdur. X7 01 fevral 2023-cü il tarixdə vəfat etmiş və bundan sonra ödəniş qrafik üzrə aparılmamışdır. X1 vəfat etdiyi günədək iddiaçı Banka 9025,61 manat əsas, 20,90 manat faiz borcu olmaqla cəmi 9046,51 manat borcu yaranmışdır. Cəlilabad rayon 1 saylı Notariat Kontoru tərəfindən X3 qalmış mirasa Cavabdeh 29 mart 2023-cü il tarixli, 2V-195 saylı Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Bununla əlaqədar cavabdehin mirasını qəbul etmiş vərəsəsi kimi Cavabdeh dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, onlara göndərilmiş pretenziya məktubları cavabsız qalmışdır. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəmədə iddianı müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 vərəsəsi Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında bildirdi ki, həqiqətən də iddiaçı "xxxx" ASC-nin Cəlilabad filialı ilə mərhum qızı X7 arasında bağlanmış 22 avqust 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsninə əsasən mərhum qızı Nazənin Ağayevaya 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Lakin mərhum qızı Nazənin Ağayeva 01 fevral 2023-cü il tarixdə vəfat etmiş və bundan sonra ödəniş aparılmamışdır. Hazırda mərhum qızı Nazənin Ağayevanın iddiaçı Banka cəmi 9046,51 manat borcu yaranmışdır. Cəlilabad rayon 1 saylı Notariat Kontoru tərəfindən mərhum qızı X3 qalmış mirasa 29 mart 2023-cü il tarixli, 2V-195 saylı Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən o, sahib olmuşdur. Mərhum qızı Nazənin Ağayevadan ona 1374,62 manat pul vəsaiti miras qalmışdır. İddiaçı "xxxx" ASC mərhum qızı Nazənin Ağayeva ilə kredit müqaviləsi bağlayarkən, Nazənin Ağayevanı tibbi sığortalamamışlar, əgər sığortalasaydılar hazırki borc yaranmazdı və ya bu qədər borc olmazdı. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin (hakim E.Əmirəliyev) 18 aprel 2024-cü il tarixli, 2(073)- 515/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh X4 vərəsəsi Cavabdeh 9025,61 (doqquz min iyirmi beş manat altmış bir qəpik) manat əsas, 20,90 (iyirmi manat doxsan qəpik) manat faiz borcu olmaqla cəmi 9046,51 (doqquz min qırx altı manat əlli bir qəpik) manat kredit borcu, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 110,47 (bir yüz on manat qırx yeddi qəpik) manat və ödənilmiş xidmət haqqının əvəzi qismində 0,40 (qırx qəpik) manat alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Lakin qeyd edilənlərdən və birinci instansiya məhkəməsinin istinad etdiyi hallardan da görünür ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarına düzgün istinad etməmiş, istinad edilmiş qanunvericilik normaları düzgün təfsir edilməmiş və qəbul edilmiş müvafiq qətnamə məhkəmə tərəfindən qanunamüvafiq qaydada əsaslandırılmamışdır. Məhkəmə Cavabdeh ifadəsinə məhəl qoymamış, əmlakı olmasına dair heç bir sənədin olmaması məhkəmə prosesində kifayət qədər sübut edilsə də, məhkəmə buna obyektiv qiymət verməyərək onun tərəfindən müqavilənin olması və qanun üzrə vərəsəliyin qəbul edilməsi əsas kimi götürmüşdür.Göründüyü kimi, mübahisələndirilən məhkəmə qətnaməsinin istinad edilən qanunvericiliyin tələblərinə uyğun olmadığından, düzgün hüquq normalarına istinad edilmədiyindən, istinad edilən hüquq normaları düzgün tətbiq edilmədiyindən qanuni və əsaslı hesab edilə bilməz. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməmiş, apellyasiya şikayətini müdafiə etmişlər. Göstərmişlər ki, qızı Nazənin 25 yaşında vəfat etmişdir. Qızı ailəli olmamışdır. Onun vəfatından sonra məlum olmuşdur ki, qızının bankda 1374 manat pulu vardır. Buna görə də qızının qanun üzrə vərəsəsi kimi ondan qalmış 1374 manat pulu miras olaraq qəbul etmişdir. Mərhum qızının başqa əmlakı olmamışdır. Bildirmişdir ki, məhkəmə qızının borcunu ondan tutmaqda düzgün etməmişdir. Belə ki, o qızının zamini olmamış və Bank qarşısında hər hansı öhdəliyi yoxdur. Hesab etmişdir ki, şikayəti təmin edilməli və qətnamə ləğv edilərək iddia rədd edilməlidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxaraq apellyasiya şikayətini təmin etmədən, qətnaməni dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti cavabdehə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci maddəsinə əsasən öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1288-ci maddəsinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə görə əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə görə vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Həmin Məcəllənin 1309-ci maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən edilir ki, iddiaçı ilə X7 arasında bağlanmış 22 avqust 2022-ci il tarixli, BPM**********00 saylı kredit müqaviləsinə əsasən X6 48 ay müddətinə illik 22 faiz olmaqla 10000 manat məbləğində kredit verilmiş və tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuşdur. X7 01 fevral 2023-cü il tarixdə vəfat etmiş və bundan sonra ödəniş qrafik üzrə aparılmamışdır. X2 vəfat etdiyi günədək iddiaçı Banka 9025,61 manat əsas, 20,90 manat faiz borcu olmaqla cəmi 9046,51 manat borcu yaranmışdır. Cəlilabad rayon 1 saylı Notariat Kontoru tərəfindən X3 qalmış mirasa Cavabdeh 29 mart 2023-cü il tarixli, 2V-195 saylı Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Bununla əlaqədar cavabdehin mirasını qəbul etmiş vərəsəsi kimi Cavabdeh dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, ona göndərilmiş pretenziya məktubları cavabsız qalmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini bildirmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, onun şikayəti formal mülahizələrdən ibarətdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya eyni zamanda qeyd edir ki, cavabdeh mərhum qızından qalmış borca görə ondan vərəsə kimi qəbul etmiş olduğu 1374.62 manat həcmində məsuliyyət daşıyır. Lakin bu o zaman baş verir ki, vərəsə tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(073)-515/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar