Məhkəmə qərarları › İş №2(106)-254/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-254/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-254/2023 22.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(048)-14/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 28 oktyabr 2021-ci il tarixində **********881 qeydiyyat nömrəli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2267,95 ABŞ dolları əsas, 2023,59 ABŞ dolları faiz, 2564,64 ABŞ dolları cərimə, 323,95 ABŞ dolları kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 7180,13 ABŞ dolları kredit borcu və iş üzrə ödənilmiş 126,60 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində 1447 nömrəli “Kredit kartın verilməsi və istifadəsinə dair” müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, Bank müştəriyə illik 27 faizlə 2000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Kredit xətti xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək açılmışdır. 31 oktyabr 2016-cı il tarixində 1447 nömrəli, xx.xx.2015-ci il tarixli “Kredit kartın verilməsi və istifadəsinə dair” müqavilə üzrə 001 nömrəli Əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən kreditin istifadəsinə görə illik faiz dərəcəsi 23 faiz müəyyənləşdirilmiş, kreditin müddəti 24 ay uzadılmışdır. Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 7180,13 ABŞ dolları təşkil edir. Bundan 2267,95 ABŞ dolları əsas, 2023,59 ABŞ dolları faiz, 2564,64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 323,95 ABŞ dolları faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Lerik Rayon Məhkəməsinin 2(048)-14/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Atabəy Kiçibəyov) iddia müddəti keçdiyindən iddia rədd edilmiş, LPO İddiaçı ASC-nin iddia qaldırılması ilə bağlı ödədiyi 126,60 manat dövlət rüsumu onun özünə aid edilmişdir. Qətnamədən narazı qalan iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lerik Rayon Məhkəməsinin 2(048)-14/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Bank ilə cavabdeh arasında 1447 saylı “Kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə” 27 may 2015-ci il tarixində bağlanmış, müqavilə müddəti 12 ay müəyyən edilmişdir. 31 oktyabr 2016-cı il tarixli Əlavə sazişlə müqavilənin müddəti 24 ay uzadılmışdır. Beləliklə, müqavilənin müddəti 31 oktyabr 2018-ci il tarixində bitmişdir. Belə olan halda iddia müddətinin bitmə tarixi 31 oktyabr 2021-ci il tarixi hesab olunur. Lakin məhkəmə iddia müddətinin axımının başlanmasını tərəflər arasında öhdəliyin başlanma tarixindən, yəni müqavilənin imzalandığı 27 may 2015-ci ildən hesablamağa başlamış və iddia müddətinin 7 il ötürüldüyünü qeyd etmişdir. Məhkəmə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsaslanaraq iddia tələbini rədd etmişdir. İddia müddətinin 31 oktyabr 2021-ci il tarixində bitməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia ərizəsi 28 oktyabr 2021-ci il tarixində poçt vasitəsilə göndərilmişdir. Buradan da görünür ki, iddia müddəti ötürülməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara diqqət yetirməmişdir. Məhkəmə iddianın məhkəməyə nə zaman daxil olduğunu, tərəflər arasında olan kredit müqaviləsinin başlama və bitmə tarixlərini, iddia ərizəsinin rabitə orqanına təqdim edilmə vaxtını araşdırmamışdır. Məhkəmə iddia müddətinin nə üçün ötürülmüş hesab etdiyini qətnamədə əsaslandırmamış, sadəcə tərəflər arasında olan müqavilə münasibətlərindən 7 ildən artıq müddət keçdiyini qeyd etməklə kifayətlənmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İşdəki İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış 1447 nömrəli, 27 may 2015-ci il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, bank müştəriyə 27 may 2015-ci il tarixindən 27 may 2016-cı il tarixinədək 2000 ABŞ dolları məbləğində kredit xətti açmış, kreditin istifadəsinə görə illik 27 faiz ödənilməsi müəyyənləşdirilmişdir. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 54 faiz, aylıq isə 4,5 faiz hesablanır. İşdəki 1447 nömrəli, 27 may 2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 001 nömrəli, 31 oktyabr 2016-cı il tarixli Əlavə sazişdən görünür ki, 1447 saylı, 27 may 2015-ci il tarixli müqaviləyə dəyişiklik edilərək, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının 2380 ABŞ dolları təşkil etdiyi, kreditin müddətinin Əlavə saziş imzalandığı tarixdən 24 ay uzadıldığı, kredit üzrə borcalan tərəfindən Əlavə saziş imzalandığı tarixdən etibarən illik 23 faiz ödənilməsi razılaşdırılmışdır. Əlavə saziş üzrə ödəniş qrafikindən görünür ki, Cavabdeh müqavilə üzrə sonuncu ödəniş tarixi 31 oktyabr 2018-ci il müəyyən edilmişdir. İşdəki LPO İddiaçı ASC-nin 20 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 10 sentyabr 2021-ci il tarixinə yaranmış tələb aşağıdakı kimidir: 2267,95 ABŞ dolları məbləğində müqavilə üzrə əsas borc, 2023,59 ABŞ dolları məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 2564,64 ABŞ dolları məbləğində müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə, 323,95 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, 7180,13 ABŞ dolları məbləğində müqavilənin tələbləri əsasında yaranmış ümumi borc. X4 Portalından ********* nömrəli, 28 oktyabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddianın qaldırılması üçün iddiaçı tərəfindən 126,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə surəti olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarından görünür ki, həmin qərarla İddiaçı ASC müflis elan edilmiş və onun iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarının 56-cı vərəqində olan ərizədən görünür ki, Cavabdeh Lerik Rayon Məhkəməsində İddiaçı ASC-nin ona qarşı qaldırdığı “borc tələbinə dair” iddia ilə bağlı iş üzrə icraata iddia müddəti tətbiq edilərək xitam verilməsini xahiş etmişdir. O, ərizədə bildirmişdir ki, İddiaçı ASC bağlanandan sonra, yəni 2017-ci ilin dekabr ayından ödəniş edə bilmir, iddia müddəti 5 ildən çoxdur ki, keçmişdir. İş materiallarının 25-ci vərəqində olan zərfdən və zərfə qoşulmuş çatdırmanı təsdiq edən göndəriş kağızından görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Lerik Rayon Məhkəməsinə göndərilməsi üçün 28 oktyabr 2021-ci il tarixində poçt xidmətinə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu iddia müddətini belə izah etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki, MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarında olan 1447 nömrəli, 27 may 2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 001 nömrəli, 31 oktyabr 2016-cı il tarixli Əlavə sazişdən görünür ki, kreditin müddətinin uzadılaraq 31 oktyabr 2018-ci ildə bitməsi şərtləşdirilmişdir. İddia müddətinin axımı həmin tarixdən etibarən başlamışdır. İddia müddətinin bitmə tarixi isə 31 oktyabr 2021-ci ildir. İddiaçı isə “kredit borcunun qaytarılmasına dair” iddia ərizəsini 28 oktyabr 2021-ci il tarixində poçt xidmətinə təhvil vermişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddəti ötürülməmiş, 3 illik iddia müddəti başa çatmadan iddiaçı məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 371.1-ci maddəsinə əsasən, əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. Mülki Məcəllənin 371.2-ci maddəsinə əsasən, müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. Qərarlar). Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi səbəbilə iddianı rədd edərkən iddia müddəti ilə bağlı hüquq normalarını düzgün tətbiq etməmiş, iddia müddətinin ötürülməsi məsələsinə düzgün hüquqi qiymət verməmiş, bununla bağlı Mülki Məcəllənin tələblərinə riayət etməmişdir. Odur ki, Lerik Rayon Məhkəməsinin 2(048)-14/2022 saylı, 06 sentyabr 2022ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış 1447 nömrəli, 27 may 2015-ci il tarixli kredit kartın verilməsi və istifadə üzrə müqavilədən görünür ki, bank müştəriyə 27 may 2015-ci il tarixindən 27 may 2016-cı il tarixinədək 2000 ABŞ dolları məbləğində kredit xətti açmış, kreditin istifadəsinə görə illik 27 faiz ödənilməsi, gecikdirilən borc məbləğinə cərimə kimi illik 54 faiz, aylıq isə 4,5 faizin hesablanması müəyyənləşdirilmişdir. 1447 nömrəli, 27 may 2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 001 nömrəli, 31 oktyabr 2016-cı il tarixli Əlavə sazişlə 1447 saylı, 27 may 2015-ci il tarixli müqaviləyə dəyişiklik edilərək, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının 2380 ABŞ dolları təşkil etdiyi, kreditin müddətinin Əlavə saziş imzalandığı tarixdən 24 ay uzadıldığı, kredit üzrə borcalan tərəfindən Əlavə saziş imzalandığı tarixdən etibarən illik 23 faiz ödənilməsi razılaşdırılmışdır. Əlavə saziş üzrə ödəniş qrafiki ilə Cavabdeh müqavilə üzrə sonuncu ödəniş tarixi 31 oktyabr 2018-ci il müəyyən edilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 10 sentyabr 2021-ci il tarixinə 2267,95 ABŞ dolları məbləğində müqavilə üzrə əsas borc, 2023,59 ABŞ dolları məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 2564,64 ABŞ dolları məbləğində müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə, 323,95 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, 7180,13 ABŞ dolları məbləğində müqavilənin tələbləri əsasında yaranmış ümumi borc şəklində tələb yaranmışdır. Cavabdeh kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə iddiaçıya ödənilməmiş əsas və faiz borcu yaranmışdır. O, öhdəliyini lazımınca icra etmədiyindən iddiaçı yaranmış borca cərimə hesablamış, yaranmış borcu ödəməsini cavabdehə təklif etmişdir. Cavabdeh Lerik Rayon Məhkəməsinə ünvanladığı iddia müddətinin tətbiqi barədə ərizəsində də 2017-ci ilin dekabr ayından etibarən hər hansı ödəniş edə bilmədiyini qeyd etmişdir. İddiaçı hazırkı iddia üzrə isə 126,60 manat dövlət dövlət rüsumu ödəmişdir. İddiaçı tələbini cavabdehin iddia edilən məbləğdə əsas və faiz borcunun yaranması, cərimənin hesablanmasının müqavilədə nəzərdə tutulması ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün maliyyə arayışını təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, iş materialları ilə cavabdehin öz kredit öhdəliyini icra etməməsi və cavabdehin iddiaçıya 1447 nömrəli, 27 may 2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 001 nömrəli, 31 oktyabr 2016-cı il tarixli Əlavə saziş üzrə onun müddətinin bitdiyi 31 oktyabr 2018-ci il tarixə əsas borc üzrə 2267,95 ABŞ dolları, faiz borcu üzrə 2023,59 ABŞ dolları borcunun yaranması öz təsdiqini tapır. Odur ki, iddia tələbi əsas borc və müqavilə müddəti ərzində hesablanmış faiz borcuna aid hissədə tam təmin edilməlidir. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Mülki Məcəllənin 465.1-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh öz öhdəliyini lazımınca icra etmədiyi təqdirdə cərimə ödənilməsi vəzifəsini öz üzərinə götürdüyündən, iddiaçının cərimənin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçı isə cavabdehdən cərimə borcu üzrə 2564,64 ABŞ dolları məbləğində cərimənin tutulmasını tələb etmişdir. Lakin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. İddiaçının cavabdehdən cərimənin tutulmasını tələb etmək hüququ yaransa da, məhkəmə kollegiyası tələb olunan 2564,64 ABŞ dolları məbləğində cərimə borcunu işin halları nəzərə alındıqda tənasübsüz surətdə yüksək hesab edir. Belə ki, tələb olunan cərimə borcunun məbləği həm əsas borcun, həm də faiz borcunun məbləğindən çoxdur. Bu səbəbdən də, məhkəmə kollegiyası bildirir ki, iddia tələbi cərimə borcuna aid hissədə qismən təmin edilərək, tənasübsüz surətdə yüksək olan cərimə borcunun məbləği azaldılaraq, 200 ABŞ dolları məbləğində təmin edilməlidir. Cərimə borcunun qismən – 200 ABŞ dolları məbləğində təmin edilməsi həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alındıqda, iddiaçının hüquqlarının pozulmasına səbəb olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin Qərarda göstərilir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Məhkəmə kollegiyası bildirir ki, 1447 nömrəli, 27 may 2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 001 nömrəli, 31 oktyabr 2016-cı il tarixli Əlavə saziş üzrə öhdəliklərin icrasının sonuncu müddəti 31 oktyabr 2018-ci il müəyyən edilsə də, cavabdehin müqavilə müddəti başa çatanadək öhdəliyini tam icra etməməsi və müqavilə müddəti bitdikdən sonra da öz öhdəliyini icra etməməkdə davam etməsi iş materialları ilə təsdiq edildiyindən, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən müqavilə bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasın 323,95 ABŞ dolları məbləğində faiz borcu hesablanmışdır. Məhkəmə kollegiyası iddiaçının cavabdehdən qeyd edilənlərə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ yaranmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, həmin hissədə iddia tələbi tam təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən normaları nəzərə alaraq məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 126,60 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. MM-in 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Mülki Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, onlar düzgün tətbiq edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmadığından, iddiaçı tərəfindən iddia müddəti ötürülmədiyindən, cavabdehin iddiaçıya qarşı icra edilməmiş əsas və faiz borcu öhdəliyinin mövcud olması faktı öz təsdiqini tapdığından, cavabdeh öhdəliyin icra edilməməsinə görə cərimə ödəmək vəzifəsini öz üzərinə götürdüyündən, məhkəmənin tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğini azaltmaq səlahiyyəti olduğundan, iddiaçının kredit müqaviləsinin müddəti bitdikdən sonra MM-in 445.7-ci maddəsinə əsasən, cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ yarandığından, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olduğundan, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-14/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 2267,95 ABŞ dolları, faiz borcu üzrə 2023,59 ABŞ dolları, cərimə borcu üzrə 200 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz borc üzrə 323,95 ABŞ dolları olmaqla, cəmi 4815,49 ABŞ dolları kredit borcu ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126,60 manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar