Məhkəmə qərarları › İş №2(106)-256/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-256/2023

25.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-256/2023 25.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2(073)-560/2022 saylı qətnaməsindən (hakim E.Əmirəliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 770 manat məbləğində maddi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 04 mart 2014-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi ilə ona məxsus olan Cavabdeh tərəfindən zəbt edilmiş 0.0036 ha torpaq sahəsi Valehdən alınaraq ona verilmişdir. Daha sonra o, həmin torpaq sahəsini dəmir tor ilə çəpərə almışdır. Lakin cavabdehin qanunsuz hərəkətləri aradan qalxmamış, bu gün həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş halda qalır və 120 metrə uzunluğunda olan dəmir tor qırılaraq yararsız hala salınmışdır. Cavabdeh həmin torpaq sahəsinə qanunsuz olaraq çoxlu ağır texnika, avtomaşın ehtiyyat hissələri yığmışdır. Bundan əlavə cavabdeh 1994-cü ildən sonra sarı qum, kubik daşları və qırmızı kərpic tökərək onun evinin arxa hissəsinin qəsdən çatlamasına səbəb olmuşdur. Hazırda həmin dəmir setkaların bərpası fəhlə xərcləri ilə birlikdə 770 manat təşkil edir. Dəfələrlə cavabdehə müraciət edərək vurulmuş ziyanı ondan tələb etmiş, lakin cavabdeh vurduğu ziyanı ödəməkdən yayınmışdır. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2(073)-560/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh 450 manat məbləğində maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, mötəbər sübutlar təqdim edilmədiyi halda, məhkəmə yalnız iddiaçının nümayəndəsini dindirməklə formal qətnamə qəbul edərək iddianı təmin etmişdir. Məhkəmə tərəfindən ona heç bir məlumaı verilməmişdir. Buna görə də çəkişimə prinsipindən kənarda qalaraq iddianın əsassızlığına dair sübutlarını məhkəməyi təqdim edə bilməmişdir. Halbuki, iddiaçı əsassız olaraq ondan pul tələb edir və məhkəmədə onunla üzləşməkdən yayınmışdır. Məhkəmə yalnız ümumi qaydada mülki işlərə baxılmasına dair ümumi tələbləri müəyyən edən prosessual normalara istinad etmişdir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının söküldüyünü bildirdiyi dəmir toru o deyil, iddiaçının öz qardaşı sökmüşdür, hal-hazırda da sökülmüş təmir torlar (setka) iddiaçının öz həyətindədir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 və X8 ifadələrində göstərmişlər ki, iddiaçı Rubeh Zeynalov onların qardaşıdır. Onlar Cəlilabad rayonu, Qarazəncir kəndində yaşayırlar. 04 mart 2014-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi ilə Ruzbehə məxsus Cavabdeh tərəfindən zəbt edilmiş 0.0036 ha torpaq sahəsi Valehdən alınaraq qardaşı Ruzbehə verilmiş, sonra qardaşı Ruzbeh həmin torpaq sahəsini dəmir tor ilə çəpərə almışdır. Lakin cavabdeh tərəfindən həmin torpaq sahəsinə maenələr hələ də davam edir. Belə ki, Cavabdeh tərəfindən Ruzbehin çəkdiyi 40 metrə uzunluğunda olan dəmir tor qırılaraq yararsız hala salmışdır. İş materiallarında olan iddiaçılar İddiaçı, X4 və X3 cavabdehlər X5, X9 və X6 qarşı "torpaq sahəsinin zəbtdən azad edilməsi" tələbinə dair iddiaları üzrə Cəlilabad Rayon Məhkəməsinin 04 mart 2014-cü il tarixli 2(073)-38/2014 saylı qətnaməsindən görünür ki, iddia təmin olunaraq zəbt edilmiş 0.0035 ha torpaq sahəsinin cavabdehlərdən alınaraq iddiaçıların istifadəsinə verilməsi qət edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli 10/6444, 9/8649 saylı ekspert rəyindən görünür ki, iddiaçının və cavabdehin faktiki istifadələrində olan torpaq sahələrinin sərhəddində quraşdırılmış, metal borular və beton dirəklər bərkidilmiş 150 metr uzunluğunda metal tordan ibarət çəpərin sökülərək, yararsız hala salındığı müəyyən edilmişdir. Baxış zamanı iddiaçının bildirdiyinə görə 150 metr uzunluğunda olan hasarın 34.5 metr hissəsi öz büdcəsi hesabına bərpa edilmişdir. Ekspertizaya təqdim edilən yararsız vəziyyətdə olan 150 metr uzunluğunda olan dəmir tor çəpərin normal vəziyyətdə orta bazar qiyməti 1 metr 3 manat, ümumilikdə isə 450 manat müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə işin faktiki hallarnın tam araşdırılmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla cavabdehin apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv edilməli, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İşin müəyyən olunan hallarına əsasən iddiaçı əmlakına yetirilən zərərə görə cavabdehin təqsirinin olmasına, ümumiyyətlə istinad olunan dəmir torların sökülməsindən ibarət əməlin cavabdeh tərəfindən törədilməsinə dair mötəbər sübutlar təqdim edə bilməmişdir. İddiaçının yeganə təqdim etdiyi sübut şahid ifadələri olmuşdur ki, həmin şahidlər iddiaçının doğma qardaşları olmuş, verdikləri ifadələr isə əlavə sübutlarla təsdiq olunmamışdır və kollegiya həmin ifadələri inandırıcı qəbul etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazrki halda iddiaçının iddia tələbinin faktiki əsası(faktiki hallar) onun qanuni əsasının dizpozisiya şərtləri ilə uzlaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti təmin olunaraq, qətnamə ləğv olunmalı və iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddianın qiyməti beş min manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə tərəflərin ödədikləri dövlət rüsumları özlərinə aid edilməli, mülki işin birinci instansiya məhkəməsində baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat İddiaçı tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2(073)-560/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar