Məhkəmə qərarları › İş №2(106)-256/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-256/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-256/2024 09.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, Saatlı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq İşinhalları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən nisyə satılmış əmlaka görə 2523 manat pulun, 100 manat vəkil xidmət haqqının və 46 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən tam mülkiyyət hüququ əsasında özünə məxsus olan, Saatlı şəhəri, Gənclər küçəsi ev 16, mənzil 2-də yerləşən fərdi yaşayış evini 01 yanvar 2023-cü ildə 7500 manata cavabdehə satmağa razılaşmış, bununla bağlı cavabdehə 11 yanvar 2023-cü il tarixdə etibarnamə verilmişdir. Həmin vaxt cavabdeh ona əvvəlcə 3000 manat, bir qədər sonra isə 500 manat pul vermişdir. Cavabdeh qalan 4000 manatı isə ayda 284 manat olmaqla 14 ay müddətinə ödəməyi öhdəsinə götürmüş və qeyd edilən məbləği hər ay bankomatdan çıxarmaq üçün Məhəbbət Fərəclinin adına olan plastik kartı ona vermişdir. O da hər ay 284 manat olmaqla 4 ay qeyd edilən plastik kartdan 1136 manat pul çıxarmış, sonra isə kart hesabı bağlanmışdır. Bundan başqa cavabdeh bir dəfə ona 91 manat, bir dəfə 50 manat, hər dəfəsində 100 manat olmaqla iki dəfəyə isə 200 manat pul vermişdir. Beləliklə, cavabdeh ona 7500 manatdan halhazıra kimi 4977 manat ödəməklə 2523 manat borclu qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh ona verməli olduğu 2523 manat pulu ödəməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, həqiqətən də Saatlı şəhəri Gənclər küçəsi ev 16, mənzil 2-də yerləşən fərdi yaşayış evini 01 yanvar 2023-cü ildə 7500 manat müqabilində iddiaçıdan almış, sonuncu tərəfindən 11 yanvar 2023-cü il tarixdə ona etibarnamə verilmişdir. Lakin iddiaçıya 3500 deyil, ilkin olaraq 5400 (əvvəlcə 4900, qısa müddət sonra 500) manat pul vermiş, hər ay 284 manat olmaqla 4 ay müddətində iddiaçı onun kartından 1136 manat pul çıxarmış, bundan başqa iddiaçıya bir dəfə 91 manat, bir dəfə 50 manat, hər dəfəsində 100 manat olmaqla iki dəfəyə 200 manat pul vermişdir. Ümumilikdə iddiaçıya 6877 manat ödəməklə hazırda 623 manat borclu qalmışdır. Ona görə də iddianın 623 manat hissədə təmin edilməsinə etiraz etmir. Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2523 manat pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumuna görə 46 manat və vəkil xidmət haqqına görə 100 manat, cəmi 2669 (iki min altı yüz altmış doqquz) manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ondan 623 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, iddiaçı onun kartından hər ay 284 manat olmaqla 4 ay müddətində pul çıxarmışdır. O, ümumilikdə kartdan 1136 manat pul çıxarmış, bundan başqa iddiaçıya bir dəfə 91 manat, bir dəfə 50 manat, hər dəfəsində 100 manat olmaqla, iki dəfəyə isə 200 manat pul vermişdir. Bu hal mübahisə predmeti olduğu üçün, ekspertizanın təyin edilməsini zəruri hesab edir. Məhkəmə bu hala xüsusi diqqət yetirməlidir. Saatlı rayon məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(055)-1028/2023 saylı qətnaməsinin qanunsuz və əsassız olması sübuta yetirilir. Hesab edir ki, mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İzahatlar Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ondan 623 manat pulun alınıb iddiaçıya verilməsini xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, fərdi yaşayış evini 01 yanvar 2023-cü ildə 7500 manat müqabilində iddiaçıdan almış, iddiaçıya pulun çox hissəsini ödəmişdir. İddiaçı onun kartından 1136 manat pul çıxarmış, bundan başqa iddiaçıya bir dəfə 91 manat, bir dəfə 50 manat, hər dəfəsində 100 manat olmaqla iki dəfəyə 200 manat pul vermişdir. Məhkəmə bu halı nəzərə almamışdır. İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, iddiaçı öz tələbində cavabdehin kartından 1136 manat pul çıxarıldığını, bundan başqa iddiaçıya bir dəfə 91 manat, bir dəfə 50 manat, hər dəfəsində 100 manat olmaqla iki dəfəyə 200 manat pul verildiyini nəzərə almış, qalan ödənilməyən məbləği tələb etmiş, məhkəmə də bu halı nəzərə almışdır. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin hallarından görünür ki, tərəflərin arasında fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı münasibətlər yaranmışdır. Belə ki, Saatlı şəhəri, Gənclər küçəsi ev 16, mənzil 2-də yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmuş, həmin yaşayış evinə dair iddiaçı cavabdehə baş etibarnamə vermişdir. Hər iki tərəfin bildirdiyinə görə, iddiaçı özünə məxsus yaşayış evini cavabdehə satmışdır. Tərəflərin hər ikisinin bildirdiyinə görə, evin alqı-satqısı ilə bağlı evin dəyəri müəyyənləşdirilmiş, 7500 manata razılıq əldə edilmişdir. Razılığa görə, cavabdeh evin dəyərini hissə-hissə ödəməli idi. Tərəflərin evin dəyərini 7500 manata razılaşmaları, eləcə də həmin məbləğin hissəhissə ödənilməli olması mübahisəli hal deyil. Mübahisəli hal evin dəyərinin nə qədər hissədə ödənilməsi ilə bağlıdır. İddiaçı, tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin olduğuna əsaslanmaqla satdığı əmlakın dəyərinin ödənilməsini tələb etmişdir. İddiaçı hazırki tələbində cavabdehdən satdığı tikiliyə görə, 2523 manat pul tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh iddiaçıdan 7500 manata tikilini əldə etdiyini mübahisələndirməmiş, həmin evi artıq başqasına satdığını da bildirmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında tikilinin nisyə alqı-satqısı ilə bağlı razılaşma olmuşdur. İddiaçının borcunu tələb etmək haqqı vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasında sadə yazılı borc müqaviləsi olmamışdır. Lakin iş materiallarına əlavə edilmiş, Cavabdeh tərəfindən yazılaraq imzalanmış 01 yanvar 2023-cü il tarixli qəbzdə göstərilir ki, Cavabdeh İddiaçı aldığı Saatlı şəhəri, Gənclər küçəsi ev 16, mənzil 2-də yerləşən fərdi yaşayış evinə görə ilkin olaraq 3500 manat pul ödəmiş, qalan 4000 manatı isə ayda 284 manat olmaqla 14 ay müddətinə qaytaracağı barədə öhdəlik götürmüşdür. Cavabdeh həmin qəbzin onun tərəfindən imzalandığını inkar etməmişdir. Bununla yanaşı, cavabdeh borcun əksər hissəsini qaytardığını bildirmişdir. Lakin borcun qaytarılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsaslandırmış, sübut olaraq cavabdehin etirafı barədə qəbzi təqdim etmişdir. Cavabdeh öz etirazını əsaslandıra və sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının təqdim etdiyi və cavabdeh tərəfindən imzalanmış qəbz borcun olması barədə faktın etirafı kimi qəbul edilə bilər. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(055)-1028/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar