Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-258/2025 06.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 19036 manat pul tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-413/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 yanvar 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19036 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı il tarixdə həmkəndlisi X3 ilə ailə həyatıqurmuşdur.Birgə nikahlarından 2017-ci il tarixdə Məryəm və 2019-cu il tarixdə Məhəmməd adlı uşaqları dünyaya gəlmişdir.X13 03 oktyabr 2020-ci il tarixdə 2-ci Qarabağ müharibəsində şəhidlik Zirvəsinə ucalmış, ölümündən sonra o, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və digər medallarla təltif olunmuşdur.Həyat yoldaşı şəhid olduğdan sonra onun üçün dövlət tərəfindən ayrılmış pul vəsaitinə görə qaynatası Xeyrulla və qaynı Hafiz onunla narazlıq etməyə başlamış, onlar şəhid əri üçün təyin olunmuş pul vəsaitini və təqaüd kartını ondan tələb etmişlər.O, bundan imtina etmiş, nəticədə tərəflər arasında narazılıq yaranmışdır.Şəhid ərinə görə ona 11000 manat məbləğində yardım verilmiş, qayınları Hafiz və Şirvan ona həmin pulu qaynatası Xeyrullaya verməyini tələb etmişlər, lakin o, pulu öz adına bankda saxladığını bildirmişdir.Bu zaman cavabdeh ona “sən pulları bankda saxlasan sənə və uşaqlara aylıq verilən şəhid pulu verilməyəcəkdir, sən bankda öz adına pul saxlama, pulu götür onun adımıza banka qoy” demişdir.İddiaçı onlarla razılaşmamış X10 filialında öz adına açdırdığı hesaba 11000 manat pul köçürüldükdən sonra həmin pulu öz adına açdırdığı hesabdan götürərək həmin puldan 1000 manat pulu qaynatası Xeyrullaya vermiş, Xeyrulla isə həmin pulu oğlu Hafizə vermişdir.yerdə qalan 10000 manat pulu əmanət kimi o, öz adına banka qoymuşdur.Şəhid ailəsi kimi ona ayrılmış pullardan ümumilikdə 25000 manat əmanət kimi öz adına banka qoymuşdur.Bu səbəbdən də hər gün evdə qaynı Şirvan narazılıq etmişdir.Cavabdeh ona 25000 pulu bankdan götürüb ona verilməsini və evin mətbəxinin düzəltməklə qalan pulu öz adına banka qoyacağını bildirmişdir.O, cavabdehin təkidi, və yalanlarına inanaraq cavabdehin özü və arvadı ilə birlikdə qaynı Ağaddinin maşını ilə Lerik şəhərində yerləşən X10 filialına gedərək adına əmanət qoyduğu 25000 manat pulu götürüb tam olaraq qaynı cavabdeh Şirvana vermişdir.Cavabdeh həmin puldan təxminən 5-6 min manat xərcləyib evin girişində mətbəxt düzəltmişdir.Lakin qalan pulu cavabdeh ona dediyi kimi banka yox istədiyi kimi xərcləyərək mənimsəmişdir.O,bu barədə Lerik RPŞ-ə şikayət etmişdir.Lerik RPŞ-nin İQ-nun baş müstəntiqi, polis palkovnik-leytenantı Zeynal Allahverdiyev tərəfindən çıxarılmış 14 aprel 2023-cü il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmiş və bu barəd məhkəməyə müraciət etmək hüququ olduğu izah olunmuşdur.Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək cavabdehdən 19036 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı izahat verərək iddianı qəbul etmədiyini bildirdi.Bildirdi ki, Nuranə onun şəhid qardaşı Davudun arvadıdır.Şəhid ailəsi kimi Nuranəyə sığorta təşkilatından 11000 manat pul verilmiş, Nuranə həmin puldan 1000 manat atası Xeyrullaya vermiş, qalan pulu isə banka öz adına əmanət kimi qoymuşdur.Nuranəyə cəmi 25000 manat şəhid ailəsi kimi pul verilmişdir.iddiaçı ona heç vaxt 25000 manat pul verməmişdir.06 aprel 2021-ci il tarixdə o, Nuranə və Nuranənin atası İsa ilə birlikdə X10 rayon filialına getmişlər.Nuranə bankdan adına qoyduğu 25000 manat pulu götürmüş, həmin pulun bir qismini şəhid əri Davudun evinin təmirinə xərcləmiş, tikinti materiallarını o, almış materialların və ustaların pulunu isə Nuranə özü vermişdir. Qalan pullar isə Nuranədə qalmışdır.Nuranənin ona qarşı iddiası əsassızdır.İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Nuranə onun qızıdır.Şəhid ailəsi kimi qızı Nuranəyə cəmi 25000 manat pul verilmişdir.Həmin pulu Nuranə öz adına X10 rayon filialına qoymuşdur.Nuranənin qaynı Şirvan və atası Xeyrulla Nuranədən tələb etmişlər ki, adına qoyduğu pulu bankdan çıxarıb onlara versin.06 aprel 2021-ci il tarixdə Şirvan Nuranəni məcbur edərək X10 rayon filialına aparmışdır.Həmin vaxt o, orada olmamışdır.Nuranə adına qoyduğu 25000 manat pulu çıxararaq qaynı Şirvana vermişdir.Şirvan həmin puldan 6000 manat yaxın pulu şəhid qardaşı Davudun evinin təmirinə xərcləmiş, qalan pulu isə mənimsəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lerik Rayon Məhkəməsinin 2(048)-413/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Atabəy Kiçibəyov), iddianın təmin edilməsi, Cavabdeh 19036 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Lerik Rayon Məhkəməsinin 2(048)-413/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və onun vəkili X2 apellyasiya icraatı zaman cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Lerik Rayon Məhkəməsinin 2(048)-413/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zaman apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsi, Lerik Rayon Məhkəməsinin 2(048)-413/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Lerik Rayon Məhkəməsinin 2(048)-413/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lerik Rayon Məhkəməsinin 2(048)-413/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Lerik RPŞ-nin 14 aprel 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən 2021-ci ilin aprel ayının əvəlində İddiaçı 25000 manat vəsaitin soyğunçuluq, quldurluq, hədəqorxu və yaxud dələduzluq (aldatma) yolu ilə alınması təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kapital Bank filialı tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən banka 25053.75 (iyirmi beş min əlli üç manat yetmiş beş qəpik) banka əmanət qoymuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli 10/8335 saylı ekspertiza rəyindən görünür ki, Lerik rayon Livədirqə kəndində yerləşən İddiaçı yaşadığı ev və həyatyanı sahəsində 2021-ci ilin aprel ayından sonrakı müddətdə aparılan tikinti, təmir-bərpa işləri kimi təqdim olunan işlərə mövcud olan bazar qiymətlərinə uyğun olaraq təqribən 5964 manat vəsait ödədiyi müəyyən edilmişdir.Görülmüş işlərin həcmi və istifadə olunan materiallar barədə ətraflı məlumat rəyin tədqiqat hissəsində olan smeta cədvəli göstərilmişdir. Birinci instansiya məhkəməsi zamanı müəyyən edilmişdir ki, iddiaçı X4 həyat yoldaşı X3 2-ci qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmışdır. İddiaçının əri şəhid olduğdan sonra onun maddi rifahının yüksəldilməsi məqsədi ilə iddiaçıya dövlət tərəfində ümumilikdə 25000 manat məbləğində maddi yardım olunmuşdur. İddiaçı həmin pulu öz adına banka qoymuşdur. İddiaçının qaynı iş üzrə Cavabdeh təkidlə iddiaçıdan öz adından banka qoyduğu pulu çıxararaq cavabdehə verilməsini bildirmişdir. İddiaçı məcbur olaraq 2021-ci ilin aprel ayında bankdan 25000 manat pulu götürərək Cavabdeh vermişdir. Cavabdeh həmin pulu alaraq ondan 5964 manat iddiaçının yaşadığı evin mətbəxini və digər otaqlarını təmir etmişdir. Yerdə qalan pulu isə xərcləmişdir. Cavadeh izahatında 2021-ci ilin aprel ayında iddiaçı Nuranənin atası İsa ilə X10 rayon filialından 25000 manat pulu götürüb, pulun bir qismini evin təmirinə xərcləyib, qalan hissəsini iddiaçının özündə saxlanmasını bildirsə də məhkəmə bunu inandırıcı hesab etmir. Belə ki, əgər iddiaçı atası İsa ilə birlikdə 25000 manat pulu X10 filialından götürməyə gedirdisə Cavabdeh onlarla birlikdə banka getməsinin nə mənası var idi. Digər tərəfdən iddiaçının atası İsa Babayev izahatında bildirmişdir ki, qızı Nuranənin qaynı Şirvanla 25000 manat pulu X10 rayon filialından çıxarmaq üçün gedərkən İsa Babayev iddiaçı və cavabdehlə birlikdə olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, 14 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən olunur ki, iddiaçı Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, həmçinin həmin qərarla Cavabdeh şəhid ailəsinin yaşadığı evi təmir etmək üçün İddiaçı 2021-ci ilin aprel ayının əvvəlində aldığı 25000 manat vəsaitdən xərcləmədiyi 19036 manat vəsaitin Cavabdeh alınması üçün mülki qaydada iddia qaldırmaq hüququnun olması İddiaçı izah edilmişdir. Göründüyü kimi X7 evin təmir-bərpa işləri üçün 25000 manat pul vəsaitini Cavabdeh vermiş, Cavabdeh təmir-bərpa işlərinə 5964 manat xərcləmiş, qalan 19036 manatı isə geri qaytarmalı olduğu halda qaytarmamış, nəticədə o, qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçıya məxsus əmlak hesabına, yəni qaytarılması gözlənilən və müəyyən məqsədə verilən pul vəsaitini qaytarmayaraq əsassız varlanmışdır və buna istinad edən iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əmlakını, yeni cavabdeh tərəfindən qaytarılmayan 19036 manat pul vəsaitini geri tələb etməkdə haqlı olmuşdur. Azərbaycan respublikası mülki Məcəlləsinin; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi cavabdehin 25000 manat məbləğində pulu iddiaçıdan evin təmiri ilə bağlı alması, həmin pulun bir hissəsini, yəni 5964 manatı təmir işlərinə xərclədikdən sonra geri qalan 19036 manatı qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsini və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçını əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da, həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 88–ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmiş olur ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfin gətirdiyi dəlilləri iddia tələbinin təmin olunmasına yönələn hərəkət kimi qiymətləndirməklə haqlı və düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Lerik Rayon Məhkəməsinin 2(048)-413/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 2(048)-413/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-258/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-258/2025
06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver