Məhkəmə qərarları › İş №2(106)-259/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-259/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-259/2023 16.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi, cavabdehin iştirakı ilə, Lerik Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Lerik Rayon Məhkəməsinin (hakim A.Kiçibəyov) 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh ümumilikdə 4768 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşinhalları İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh- Lerik rayon Babakücə kənd sakini Cavabdeh borc olaraq verdiyi 4700 manat pulun və 68 manat ödənilmiş dövlət rüsumunun əvəzinin (cəmi 4768 manatın) alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıdığı və münasibəti olduğu üçün ona, öz aralarında bağladıqları 22 mart 2022-ci il tarixli və 23 may 2022-ci il tarixli borc müqavilələrinə əsasən, hər müqavilə üzrə 3000 manat, cəmi 6000 manat borc pul vermişdir. Cavabdeh həmin müqavilələr üzrə borc puldan 1300 manatını müxtəlif vaxtlarda ödəmiş, 4700 manat hissədə borcunu ödəməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxmışdır. Cavabdehin iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445.1, 445.7, 448.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində Lerik Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, birinci instansiya məhkəməsi notariat qaydada təsdiq olunmayan müqavilədə onun adı qarşısında olan imzanın onun tərəfindən imzalanmasını aydınlaşdırmamışdır. Məhkəmə əsassız olaraq müqaviləni sübut kimi qəbul etmişdir. Bundan başqa, cavabdeh kimi mülki işin keçirilməsi ilə bağlı heç bir məlumatı olmayıb. Məlumatı olsaydı iş üzrə etirazını bildirməklə, işin iddia icraatına keçirilməsinə nail olardı. Həmçinin, məhkəmə iclaslarında iş üzrə xətşünaslıq ekspertizası keçirilməsi və şahidlərin dindirilməsi üçün vəsatətlər verərdi ki, borcu olmadığını və yalançı borc müqaviləsinə imza etmədiyini sübut etsin. Cavabdeh şikayətində iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak etsə də sonuncu apellyasiya baxışı iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, səhhətilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası məruzəni, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı borc olaraq cavabdehə verdiyi 4700 manat pulun və ödədiyi dövlət rüsumunun əvəzi olaraq 68 manat pulun qaytarılmasını tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasında yazılı borc müqaviləsi bağlanmışdır. İddiaçı iki borc müqaviləsi təqdim etmişdir. İş materiallarına əlavə edilmiş 22 mart 2022-ci il tarixli borc müqaviləsinə görə, X1 Rüfət Əlizadə oğluna 3000 manat məbləğində borc pul vermişdir. Müqavilənin şərtinə görə, borcalan pulu nağd qaydada 2 ay müddətində ödəməlidir. İş materiallarına əlavə edilmiş 23 may 2022-ci il tarixli borc müqaviləsinə görə, X1 Rüfət Əlizadə oğluna 3000 manat məbləğində borc pul vermişdir. Müqavilənin şərtinə görə, borcalan pulu nağd qaydada 1 ay müddətində ödəməlidir. Cavabdeh apellyasiya şikayətində borc müqaviləsinin onun tərəfindən imzalanmadığını bildirməklə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Apellyasiya baxışında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 30 mart 2023-cü il tarixli rəyinə görə ekspertizaya təqdim edilmiş, 2(106)-259/2022 nömrəli mülki işin 5-ci vərəqində İddiaçı ilə Cavabdeh adlarından olan 23 may 2022-ci il tarixli borc müqaviləsinin “2.4.2 - Borcalan” hissəsində “X7” yazılarının qarşısında “imza” qrafasındakı imza; 6-cı vərəqində İddiaçı ilə Cavabdeh adlarından olan 22 mart 2022-ci il tarixli borc müqaviləsinin “2.4.2 - Borcalan” hissəsində “X8” yazılarının qarşısında “İmza” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizanın rəyi ilə müəyyən edilir ki, borc müqaviləsindəki imzalar cavabdeh tərəfindən icra olunmuşdur. Kollegiya iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının rəyini sübut olaraq qəbul edir və hesab edir ki, tərəflərin arasında borc müqavilələrinin olduğu sübuta yetirilir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq Cavabdeh 110 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(048)-572/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq Cavabdeh 110 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar