Məhkəmə qərarları › İş №2(106)-26/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-26/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-26/2023 31.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X1 ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, Lənkəran Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka premetinə yönəldilməsi tələbinə dair mülki açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Kreditor İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MK/60132/51/16 saylı kredit sazişinə əsasən Cavabdeh1 illik 22 faiz olmaqla, 36 ay müddətində, 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh4 və Cavabdeh3 zamin kimi müqaviləni imzalamışdır. Eyni tarixli, İP/60132/51/16 saylı “İpoteka” müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Koroğlu küçəsində istifadədə olan 0,03437 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44,5 kv. m. yaşayış, 30,5 kv. m. köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Hazırki tələbində İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada əsas borc üzrə- 24271,55 ABŞ dolları, faiz borcu üzrə- 9769.48 ABŞ dolları, cərimə borcu üzrə- 1142,11 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat dövlət rüsumunun tutulmasını, tələbin xüsusi mülkiyyət hüququ ilə Babayev Sucəddin Hacıağa oğluna məxsus olan Lənkəran rayonu, Koroğlu küçəsində istifadədə olan 0,03437 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44,5 kv. m. yaşayış, 30,5 kv. m. köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinə yönəldilməsini, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması və həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 mənzildən çıxarılması, mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, kredit alan Cavabdeh1 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Bununla əlaqədar olaraq, cavabdehə xx.xx.2016-cı il tarixdə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 izahatında bildirmişdir ki, borcu olduğunu bilir. Lakin dollarla kredit götürdüyündən borcu 3 dəfədən də çox artmışdır. Bu pulu qaytarmağa imkanı yoxdur. Birinci instansiya məhkəməsində digər cavabdehlər- Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin (hakim T.Məmmədov) 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada əsas borc üzrə – 24095,64 ABŞ dolları, faiz borcu üzrə – 9696.40 ABŞ dolları, cərimə borcu üzrə – 100 ABŞ dolları, cəmi 33892.04 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın alınıb iddiaçı Bank of Baku ASC-yə ödənilməsi, tutmanın “İpoteka” Müqaviləsinə əsasən xüsusi mükiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Koroğlu küçəsində istifadədə olan 0.03437 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 44.5 kv.m yaşayış, 30.5 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55000 (əlli beş min) manat müəyyən edilməsi, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri 145 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İşə Cavabdeh1 apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər N.Mirzəyev, Q.Kərimov, Z.Babayev) 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(049)-883/2020 saylı qətnaməsi dəyişdirilərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 24095,64 ABŞ dolları, faiz borcu üzrə 9696.40 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 33892.04 ABŞ dolları məbləğində kredit borcunun (ödəniş günü ABŞ dollarının Azərbaycan Respublikası manatına məzənnə kursuna uyğun olaraq) alınaraq İddiaçı ASC-yə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə Cavabdeh1 kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər E.Vəliyeva, E.Şamayev, A.Abbasov) 26 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli qətnaməsi qismən, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, işə həmin hissədə yenidən baxılması üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması il qəbul edilmişdir. Belə ki, mübahisəli əmlakın dəyəri az qiymətləndirilmişdir. Son 5 il ərzində əmlak bazarında evlərin qiymətinin qalxması nəzərə alınmamışdır. Şikayətə görə iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi zəruridir. Prosessualməsələlər İddiaçının təmsilçisi və cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən iddiaçının təmsilçisinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir. İddiaçı Bank ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MK/60132/51/16 saylı kredit sazişinə əsasən Cavabdeh1 illik 22 faiz olmaqla, 36 ay müddətində, 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh4 və Cavabdeh3 zamin kimi müqaviləni imzalamışlar. Eyni tarixli, İP/60132/51/16 saylı “İpoteka” müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Koroğlu küçəsində istifadədə olan 0,03437 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44,5 kv. m. yaşayış, 30,5 kv. m. köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı Bank kredit müqaviləsi üzrə borcunu tələb emişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli qətnaməsi qismən, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, işə həmin hissədə yenidən baxılması üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hazırda işə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən yenidən baxılması üçün göndərilən hissədə- ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən: 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh apellyasiya şikayətində mübahisəli əmlakın az dəyərləndirildiyini, son 5 il ərzində əmlak bazarında evlərin qiymətinin qalxmasının nəzərə alınmadığını, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinin zəruri olduğunu bildirmişdir. Müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli , İP/60132/51/16 saylı “İpoteka” müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Lənkəran şəhəri, Koroğlu küçəsində istifadədə olan 0,03437 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44,5 kv. m. yaşayış, 30,5 kv. m. köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri 44300 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmişdir. "xxxx" MMC-nin 07 noyabr 2019-ci il tarixli, 0746/19/BOB nömrəli qiymətləndirilmə hesabatına görə Lənkəran şəhəri, Koroğlu küçəsində istifadədə olan 0,03437 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44,5 kv. m. yaşayış, 30,5 kv. m. köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinin orta bazar qiyməti 55000 manat təşkil edir. Qiymətləndirmə rəyində ipoteka pedmeti olan yaşayış evinin likvid dəyəri deyil, orta bazar dəyəri müəyyən edilmişdir. Apellyasiya baxışınada təkrar qiymətləndirmə üzrə müstəqil qiymətləndiricinin rəyi alınmışdır: "xxxx" MMC-nin 10 oktyabr 2022-ci il tarixli, 207/BOB/22 saylı qiymətləndirmə hesabatına əsasən ünvan 1 ünvanında istifadədə olan 0,0343 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 110.000 manat, likvid qiyməti 104.000 manat müəyyən edilmişdir. Qiymətləndiricilərin rəyləri arasında kəskin fərq olduğundan yenidən qiymətləndirmə keçirilməsinə zərurət yaranmışdır. Apellyasiya baxışınada təkrar qiymətləndirmə üzrə müstəqil qiymətləndiricinin rəyi alınmış, “X4” MMC-nin 15 dekabr 2022-ci il tarixli, ME12/108 saylı qiymətləndirmə hesabatına əsasən ünvan 1 ünvanında istifadədə olan 0,0343 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 82.500 manat, likvid qiyməti 70.000 manat müəyyən edilmişdir. Sonuncu qiymətləndiricinin rəyində göstərilmiş dəyərin məbləği orta məbləğdir, optimaldır. Bundan başqa, müəyyən edilir ki, sözügedən əmlakın dəyəri “X4” MMC tərəfindən müqayisə yanaşmasının köməyi ilə hesablanmışdır. Qiymətləndirmə obyektinin dəyəri müəyyənləşdirilərkən yerində baxış keçirilmiş, texniki göstəriciləri nəzərdən keçirilmiş, eyni zamanda burada analoji fərdi yaşayış evlərinin internet səhifələrindən dəyərləri barədə məlumatlar da çıxarılmışdır. Kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilərkən “X4” MMC-nin rəyi əsaslandırılmışdır, həmin rəy daha əsaslı olduğundan burada göstərilən likvid dəyəri əsas götürülməlidir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti baxılan hissədə qismən təmin edilməli, Lənkəran Rayon Мəhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(049)- 883/2020 nömrəli qətnaməsi qismən- ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilməklə, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 70.000 manat müəyyən edilməli, müstəqil qiymətləndiricinin rəyinin alınmasına görə İddiaçı ASC-dən 250 manat məbləğində pul vəsaiti tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına, digər müstəqil qiymətləndiricinin rəyinin alınmasına görə Cavabdeh1 250 manat məbləğində pul vəsaiti tutularaq, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh1 apellyasiya şikayəti baxılan hissədə qismən təmin edilsin. Lənkəran Rayon Мəhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(049)-883/2020 nömrəli qətnaməsi qismən- ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilməklə, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 70.000 manat müəyyən edilsin. Müstəqil qiymətləndiricinin rəyinin alınmasına görə İddiaçı ASC-dən 250 manat məbləğində pul vəsaiti tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Müstəqil qiymətləndiricinin rəyinin alınmasına görə Cavabdeh1 250 manat məbləğində pul vəsaiti tutularaq, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar