Məhkəmə qərarları › İş №2(106)-260/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-260/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-260/2024 20.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2(018)-1213/2023 saylı qətnaməsindən (hakim M.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, 8 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 11989.26 manat əsas kredit borcu, 2520.14 manat faiz borcu, 277.16 manat cərimə olmaqla cəmi 14786.59 manat borcun və 135 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 8 iyun 2022-ci il tarixli CC/55630/86/16 nömrəli kredit sazişinə (kredit müqaviləsinə) əsasən bank cavabdehə 48 ay müddətinə illik 23% olmaqla 12500 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. 6 avqust 2023-cü il tarixə Cavabdeh 11989.26 manat əsas kredit borcu, 2520.14 manat faiz borcu, 277.16 manat cərimə olmaqla, cəmi 14786.59 manat borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2(018)-1213/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 11989.26 manat əsas kredit borcu, 2520.14 manat faiz borcu, 50 manat cərimə olmaqla, ümumilikdə 14559.40 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 130 manat hissəsinin alınıb İddiaçı ASC-nə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qismən, yəni cərimə və faiz hissəsində ləğv olunması və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikəyəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd olunmuş cərimə və faizin məbləği ilə razı deyil və qətnaməni bu hissədə mübahisələndirir. Qeyd edir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməmiş, bununla əlaqədar olaraq sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı mülki işə sadəcə İddiaçı ASC tərəfindən təqdim olunmuş sənədlər əsasında baxılmış və nəticə olaraq faiz borcu bankın qeyd etdiyi şəkildə həddən artıq şişirdilməsi ilə nəticələnən qətnamə qəbul edilmişdir. Halbuki, kredit müqaviləsinin şərtlərinə əsasən qeyd edilmiş məbləğ ağlabatan deyildir. Bununla əlaqədar olaraq əsassız yerə 50 manat məbləğində cərimənin alınması qət edilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək əsassız olduğunu bildirib, işə iştirakı olmadan baxılaraq təmin olunmamasını xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamış, cavabdeh iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə borcu hissələrdə ləğv olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: Kreditor İddiaçı ASC-nin Lənkəran filialı ilə borc alan Cavabdeh arasında 8 iyun 2022-ci ildə bağlanmış CC/55630/86/16 saylı kredit sazişindən (müqaviləsindən) görünür ki, kreditor tərəfindən borc alana illik faiz dərəcəsi 23% müəyyən edilməklə və 48 ay müddətinə qaytarılması şərtilə 12500 manat məbləğində kreditin verilməsi, borc alan tərəfindən isə kreditin müqavilədə nəzərdə tutulan şərtlər daxilində və müddətdə qaytarılması müqavilənin predmetini, əsas şərtlərini təşkil etmişdir; 8 iyun 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, kreditor İddiaçı ASC kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyini yerinə yetirərək, borc alana 12500 manat məbləğində nəğd kredit vermişdir; Kredit ödəniş cədvəlinə əsasən borc alan aldığı 12500 manat kredit məbləğini 8 iyul 2022-ci il tarixindən başlayaraq hər ay 400.64 manat məbləğində ödənişlər etməklə 8 iyun 2026-cı il tarixinədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür; Kreditor İddiaçı ASC tərəfindən borc alan Cavabdeh göndərilmiş 13 iyun 2023-cü il tarixli bildirişdən (işin 81-ci vərəqi) görünür ki, kreditor borc alana kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəlikləri lazımınca və vaxtında icra etmədiyini, gecikdirilmiş borc məbğləğinə əlavə olaraq cərimə hesablandığını, 11989.26 manat əsas borc, 2121.82 manat faiz borcu, 277.16 manat hesablanmış cərimə borcunun yarandığını, bu səbəbdən kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyini bildirərərək, banka olan bütün borc məbləğini dərhal ödəməyi təklif etmiş, əks təqdirdə eyni tələblə məhkəməyə müraciət ediləcəyini borc alanın nəzərinə çatdırmışdır; İş materiallarında olan 6 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə iddiaçı qarşısında icra edilməmiş kredit öhdəliyi 11989.26 manat əsas kredit borcu, 2520.14 manat faiz borcu, 277.16 manat cərimə məbləği təşkil edir; Mülki işin apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən kreditor İddiaçı ASC ilə borc alan Cavabdeh arasında 8 iyun 2022-ci ildə bağlanmış CC/55630/86/16 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla bildirişin verildiyi 13 iyun 2023-cü il tarixinə əsas borcun qalığı 11988.78 manat, faiz borcunun məbləği isə 2121.67 manat müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə 13 iyun 2023-cü il tarixindən 16 oktyabr 2023-cü il tarixinədək olan dövr ərzində ödəniş edilməmişdir. Kredit sazişi üzrə sonuncu ödəniş 6 sentyabr 2022-ci il tarixində edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə müddətinin buna imkan verməsinə baxmayaraq, kreditorun borc alana göndərdiyi bildirişlə müqavilənin ləğv olunması və öhdəliklərinin tam icrasını tələb etməsi məqamını nəzərə almamaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə zidd nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur, 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən pretenziya qaydasına əməl olunubolunmamasını ümumiyyətlə araşdırmadan, borc alana müqavilə üzrə öhdəliklərin icrasına dair bildiriş verilməsini, bildirişin məzmununa əsasən kreditorun müqaviləni birtərəfli qaydada ləğv etməsini müəyyən etmədən, maliyyə arayışına müvafiq olaraq tələb olunan faiz borc məbləğinin tam tutulması qənaətinə gəlməsi işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, iş materiallarına əsasən iddiaçı 13 iyun 2023-cü il tarixli bildirişdən (işin 81-ci vərəqi) görünür ki, kreditor borc alana kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəlikləri lazımınca və vaxtında icra etmədiyini, gecikdirilmiş borc məbğləğinə əlavə olaraq cərimə hesablandığını, 11989.26 manat əsas borc, 2121.82 manat faiz borcu, 277.16 manat hesablanmış cərimə borcunun yarandığını, bu səbəbdən kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyini bildirərərək, banka olan bütün borc məbləğini dərhal ödəməyi təklif etmiş, əks təqdirdə eyni tələblə məhkəməyə müraciət ediləcəyini borc alanın nəzərinə çatdırmışdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə görə kreditor tərəfindən iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edildiyindən, kreditor əsas borcun qalığı ilə yanaşı 13 iyun 2023-cü il tarixinə hesablanan faiz və cərimə məbləığini tələb edə bilərdi. İş üzrə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən 13 iyun 2023-cü il tarixinə əsas borcun qalığı 11988.78 manat, faiz borcunun məbləği isə 2121.67 manat müəyyən edilmişdir. Təyin olunan ekspertizanın rəyi ilə əsas borcun qalıq məbləğində bir manat fərq yarandığından, cavabdeh qətnaməni əsas borcun məbləği hissədə mübahisələndirmədiyindən, kollegiya əsas borc məbləği hissədə ekspert rəyinə qiymət verməyə zərurət görmür. Faiz borcu hissədə isə iddiaçının tələbi 2520.14 manat olduğu halda, ekspert rəyinə əsasən həmin məbləğin 13 iyun 2023-cü il tarixinə 2121.67 manat təşkil etdiyi müəyyən edilmişdir. Bundan başqa 13 iyun 2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə göndərilən bildirişdə faiz borcunun məbləği 2121.82 manat göstərilmişdir. Kollegiya hesab edir ki, faiz borcunun hesablanacağı tarix kimi 13 iyun 2023-cü il tarixi götürülməklə, həmin tarixə ekspert rəyi ilə müəyyən edilən məbləğ daha inandırıcı və əsaslandırılmış olduğundan əsas götürülməlidir. İddiada ödənilməsi tələb olunan cərimənin məbləği 277.16 manat göstərilsə də, ekspert rəyi ilə 13 iyun 2023-cü il tarixinə hesablanan cərimənin məbləği müəyyən edilmədiyindən, kollegiya Mülki Məcəllənin 467-ci maddəsinə müvafiq olaraq işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldıb 50 manat müəyyən edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız faiz və cərimə borcu hissələrdə mübahisələndirmişdir. Mübahisələndirilən hissədə iddianın qiyməti 2520.14+277.16 olmaqla, həmin məbləğin cəmi 5000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2(018)-1213/2023 saylı qətnaməsi müəyyən olunan faiz borcunun məbləği hissədə dəyişdirilsin. Cavabdeh tutulacaq faiz borcunun məbləği 2121.67 manat müəyyən edilməklə, İddiaçı KB ASC-nə ödəniləcək ümumi məbləğ 14160.93 (on dörd min yüz altmış manat, 93 qəpik) manat müəyyən edilsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar