Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-261/2025 15.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 2(055)-987/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İşdə olan Saatlı Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(055)-834/2023 saylı qətnaməsindən görünür ki, tərəflər arasından nikah pozulmuş, birgə nikahdan olan uşaqların İddiaçı yanında qalması, 21 iyul 2016-cı ildə doğulmuş X5 və 15 noyabr 2020-ci ildə doğulmuş X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyən edilir ki, tərəflər 01 dekabr 2025-ci il tarixdə birgə nikaha daxil olmuş, onların birgə nikahından 21 iyul 2016-cı ildə doğulmuş X5 və 15 noyabr 2020-ci ildə doğulmuş X3 adlı övladları var. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(055)-834/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 21 iyul 2016-cı ildə doğulmuş X5 və 15 noyabr 2020-ci ildə doğulmuş X3 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbini belə əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(055)-834/2023 saylı qətnaməsi ilə hər uşağa görə 140 manat, cəmi 280 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir.Məhkəmə tərəfindən təyin edilmiş aliment uşağın ehtiyaclarını ödəmir və xərcləri artmışdır. Hazırda uşaqların tələbatlarının ödnilməsində çətinlik çəkir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etmədiyini birdirmişdir. Saatlı Rayon Məhkəməsinin (Hakim: Mirlətif Sadıqov) 07 oktyabr 2024-cü il tarixli 2(055)- 987/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(055)-834/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 21 iyul 2016-cı ildə anadan olmuş X5 və 15 noyabr 2020-ci ildə anadan olmuş X3 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 170(bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməsi, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması, Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1 -ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əlil olmağı ilə bağlı çətin olsa da həmişə çalışmışdir ki, məhkəmə tərəfindən qət edilmiş ümumilikdə 280 manat aliment məbləğini ödəsin. Hazırda qətnamənin qət edilmiş aliment məbləği ilə razı deyil. Belə ki, yuxarıda qeyd etdiyi kimi 18 oktyabr 2012-ci il tarixdən “Doğuş travması nəticəsində yaddaş və intelektin enməsi epilektik qıcolma tutmaları anamnezində” diaqnozu ilə dispanser qeydiyyatındadır və bu xəstəliyə görə də İİİ qrup əlildir, 150 manat pensiya alır. Başqa yerdən gəliri yoxdur və xəstəliyi ilə bağlı heç bir yerdə işləyə bilmir. Anası ilə birlikdə dayısının köməkliyi ilə dolanır. Belə ki, 150 manat pensiyasını hər ay 280 manat aliment məbləğinə ödəyir, çatmayan 130 manat hissəsini isə dayısı ödəyir. Bu azmış kimi məhkəmə aliment məbləğini artırmışdır. Hər ay 340 manat məbləğində aliment ödəmək olduqca çətin olacaqdır. Belə ki, iki uşağın saxlanması üçün hər ay ümumilikdə 340 manat aliment ödəməlisə, deməli hər ay aldığı 150 manat pensiya məbləği buna kifayət etməyəcəkdir. Artıq olan məbləği isə əlavə qazancı olmadığından ödəyə bilməyəcəkdir. Belə ki, birinci instansiya məhkəməsi aliment məbləğini artırarkən İİİ qrup əlil olmağını, 150 manat pensiya almağını, başqa gəlirinin olmamasını və xəstəliyinə görə heç bir yerdə işləyə bilməməyini və alimenti ödədikdən sonra özünə dolanmaq üçün pulun qalmaması kimi diqqətəlayiq olan halları nəzərə almamışdır. Ödənilməmiş aliment borcu çoxalaraq üzərində borc kimi qalacaqdır. Bu da nəticə də sonda oun həbs edilməyinə qədər gətirib çıxaracaqdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən onun əlil olmağını, buna görə pensiya almağını, başqa gəlirinin olmadığını və heç bir yerdə işləmədiyini bu səbəbdən də maddi vəziyyətinin çətin olmasını nəzərə almamışdır. Məhkəmə hər ay ondan 340 manat aliment məbləğinin tutulmasını qət etsə də, onun həmin aliment məbləğini verə bilmək iqtidarında olmadığını sübut edə bilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh, onun nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunmasını, alimentin artırılması barədə qətnamənin ləğv olunaraq idida tələbinin rədd olunmasını xahiş etdi. Apelyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini alimentin məbləğinin artırılması, yəni təmin olunması hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır... Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasını qət etməklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq hər uşaq üçün minimum dolanacaq xərclərinə uyğun, hətta həmin xərcdən aşağı həddə aliment məbləği müəyyən etmişdir. Cavabdeh apellyasiya şikayətində sağlamlıq vəziyyətində problemlərin olduğunu bildirsə də, onun sağlamlıq vəziyyətində problemin mövcud olması yalnız diqqətəlayiq olan hal kimi səciyyələndirilə bilərdi, ancaq bu hal da cavabdehi uşaqlarını saxlamaq vəzifəsindən azad edən bir əsas kimi qəbul edilə bilməz. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə aliment 170 manat həddində tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və iddiaçının məhz həmin məbləğdə aliment tələb etməsini əsas götürmüşdür; Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin 170 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi hallar hazırki iş üzrə alimentin artırılmasına mane olan hal deyil. Birinci instansiya məhkəməsi alimentin miqdarını ağlabatan və ədalətli miqdarda müəyyən etmişdir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 2(055)-987/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-261/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-261/2025
15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver