Məhkəmə qərarları › İş №2(106)-264/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-264/2025

23.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-264/2025 23.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X5 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi X2 ştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(032)-1031/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Şirvan Şəhər Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2(032)-1198/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında hər ay sabit pul məbləğində 20 manat, iki uşağa görə 40 manat aliment tutulması hissəsində dəyişdirilərək artırılması, X3 və X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və həm də hər ay sabit pul məbləğində (ümumilikdə 470 manat) alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdən qeydiyyat orqanlarında nikahını qeyd etdirmədən ümumi təsərrüfat aparmaqla və birgə yaşamaqla ailə qurmuşlar. Onların birgə yaşadığı müddətdə iki uşağı - X6 və X4 anadan olmuşdur. Uşaqların atalığı müəyyən edilməmişdir. Aralarında olan nikah münasibətləri pozulmuş, hər iki uşağın atasının Cavabdeh olması faktı müəyyən edilmiş, onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 22 iyul 2019-cu ildən hesablanmaqla xx.xx.1987-ci ildə Sabirabad rayonu Qaratuğay kəndində anadan olmuş və qeydiyyatda olan Cavabdeh qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında və hər ay sabit pul məbləğində bir uşağa 20 manat, iki uşağa görə 40 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bu müddət ərzində cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmamış və uşaqların saxlanması üçün aliment məbləğindən əlavə heç bir zəruri maddi yardım göstərməmişdir. Uşaqların bütün qayğısını tamamilə özü çəkir. Böyüdükcə uşaqlar da atalarına qarşı ehtiyac və tələbatları artsa da, cavabdeh onlara qarşı diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Dəfələrlə uşaqların ataları ilə ünsiyyətdə olmasına şərait yaradılması üçün cəhdləri uğursuz olmuşdur. Belə ki, bir neçə dəfə cavabdeh uşaqlara gəzməyə aparacaqlarına söz verməsinə baxmayaraq, vəd verdiyi vaxtda gəlməmiş, uşaqların ümidləri puç olmuşdur. Təyin edilmiş aliment miqdarı uşaqların saxlanılması, qidalanması, geyim və ləvazimatlarının alınması və s. ilə uyğunlaşmır. Uşaqlara qulluq etməklə özü heç bir yerdə işləyə bilmir və başqa gəlir yeri yoxdur. İddiaçı iddia tələbinin artırılması barədə ərizə verərək, Şirvan Şəhər Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2(032)-1198/2019 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün müəyyən edilmiş alimentin tutulması hissəsində dəyişdirilərək artırılması, uşaqların hər ay hər birinə görə hər ay cavabdehdən 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş rüsumun tutulmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və göstərmişdir ki, İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Hal-hazırda o, təxminən 300 manat civarında aliment ödəyir. Məhkəmə qətnaməsinə əsasən onun hər ay həm əmək haqqının 1/3 hissəsi, həm də hər uşağa hər ay 20 manat, ümumilikdə 40 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı bir neçə dəfə alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etsə də, iddia tələbi təmin edilməmişdir. Belə ki, o polis əməkdaşıdır, hər dəfə əmək haqqında əgər artım olursa, bu da avtomatik olaraq alimentin artırılmasına səbəb olur. Bu səbəbdən də iddiaçının iddia ərizəsində qeyd etdikləri tamamilə əsassızdır. Hal-hazırda iddiaçı da işləyir və ailə qanunverciliyinə əsasən uşaqları saxlamaq hər iki valideynin borcudur. İddiaçı ünvanlı sosial yardım alır. İddiaçının iddia ərizəsi verməkdə məqsədi yalnız qərəzli xarakter daşıyır. Belə ki, o hər dəfə uşaqlarla ünsiyyət saxlamaq istəyərkən iddiaçı oxşar iddia tələbi ilə məhkəməyə müraciət edir. Şirvan Şəhər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli e-2(032)-1031/2024 saylı qətnaməsi ilə (hakim Aydan Məmmədli) iddia qismən təmin edilərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-1198/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulma qaydası və miqdarı dəyişdirilmiş və Cavabdeh uşaqları - X3 və X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənil qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İşdə olan: Sirvan Şəhər Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2(032)-1198/2019 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2016-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla cavabdehdən qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarinda hər ay sabit pul məbləğində 20 manat, iki uşağa görə 40 manat aliment tutularaq ona (iddiaçıya) verilməsi qət edilmişdir. xx.xx.2023-xx.xx.2024-cü illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, X8 hesabına Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-1198/2019 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Cavabdeh tərəfindən 254 manat 98 qəpik məbləğində pul köçürülmüşdür. Sabirabad rayon İcra və Probasiya Şöbəsindən sorğu əsasında məhkəməyə daxil olmuş Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-1198/2019 saylı icra sənədi üzrə başlanmış 156774/2019 saylı icra işinə əlavə edilmiş məlumatdan görünür ki, icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədi üzrə alimentin tutulması Cavabdeh əmək haqqına yönəldilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı maddi vəziyyəti birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün 360 manat məbləğində aliment ödəməyə imkan vermir. O, hal-hazırda X10 şöbəsində polis nəfəri işləməklə ona cəmi hesablanmiş əmək haqqı 719.50 manat, əmək haqqından məcburi dövlət tutulmalarının cəmi 74,55 manat, aliment 297,70 manat, bank kart hesabına köçən məbləğ 347,25 manat təskil edir. O, əlavə olaraq heç bir yerdən qazanc əldə etmir və valideynlərinə məxsus evdə yaşamaqla onların maddi və digər tələbatları onun tərəfindən qarşılanır, özünə məxsus fərdi təsərrüfatı, tikinti və həyətyanı torpaq sahəsi yoxdur və aliment təyin edildikdən halhazıra kimi maddi vəziyyətində heç bir yaxşılaşma olmamışdır. Eyni zamanda, cavabdehin "xxxx" ASC-dən götürdüyü kreditə münasibətdə hazırkı borcu 1000 (min) manat olmaqla, hər ay 100 (yüz) manat ödəməli, "xxxx" ASC-dən götürdüyü kreditə münasibətdə isə borcu 900 (doqquz yüz) manat olmaqla, hər ay 80 (səksən) manat ödəmək öhdəliyi vardır. Bundan başqa, əmək müqaviləsinə əsasən iş rejimi 1 sutka (24 saat) iş 1 sutka (24 saat) istirahətlə tənzimlənib və onun əlavə işlə məşğul olmağı imkansızdır. Qeyd olunan iş yeri isə yaşadığı yerdən uzaqda yerləşdiyi üçün iş günlərində nəqliyyata 810 manat, qidalanmağa isə nahar və şam yeməyi olmaqla 15 manat məbləğ təşkil edir. Belə bir vəziyyətdə yüksək məbləğdə təyin edilmiş aliment onun maddi vəziyətini daha da ağırlaşdıracaq və həmin aliment məbləğini ödəmək iqtidarında olmayacaq. Əlavə olaraq, iddiaçı Şirvan Ticarət Mərkəzində satıcı işləməklə yaxşı əmək haqqı alır. “İddiaçı uşaqlara qulluq etməklə özü heç bir yerdə işləyə bilmir və başqa gəlir yeri yoxdur” ifadəsi isə özüözlüyündə əsassızdır. İddiaçının məqsədi onun vəziyyətini daha da acınacaqlı etməkdir. Cavabeh Cavabdeh nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, alimentin miqdarı çoxdur. Oğlu xəstədir və hal-hazırda 600 manat maaş alır ki, həmin məbləğdən kredit ödənişlərini də edir. Oğlunun hər bir uşaq üçün 180 manat aliment ödəməyə imkanı çatmır. Bu səbəbdən alimentin məbləğinin azaldılaraq hər bir uşaq üçün 120 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(032)-1031/2024 saylı qətnaməsi dəyişdirilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. 20 noyabr 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında Konvensiya”nın (02 sentyabr 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaqların hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə görə isə hər bir uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşaqları sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşaqların qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşaqların maraqları naminə yol verilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli № 15 qərarı ilə əlavə edilmişdir) 8.4- 1-ci maddəsinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı hər ay hər uşağa görə 180 manat, iki uşaq üçün 360 manat sabit pul məbləğində müəyyən edilmişdir ki, bu Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında ehtiva edilən göstərişlərə uyğun deyildir. AM-in 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən, dispozitivlik və prosessual qənaət prinsiplərini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, 19 may 2015-ci il təvəllüdlü X3 və 22 may 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə əvvəli 07 iyun 2024-cü il tarixdən hesablanmaqla sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Hazırkı halda qeyd edilməlidir ki, məhkəmə aliment təyin edərkən müraciət edildiyi 2024-cü il üçün minimum əmək haqqı məbləğini əsas götürməli və alimenti həmin il üzrə minimum əmək haqqı məbləğinin müvafiq mislində tutmalıdır. Bu baxımdan, kollegiya hesab edir ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün minimum əmək haqqı məbləğinin 0,45 miqdarında (2024-cü ildə hər ay hər uşaq üçün 155,25 manat, iki uşağa görə cəmi 310,50 manat) aliment tutulmalıdır. Bununla yanaşı, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(032)-1031/2024 saylı qətnaməsi dəyişdirilsin. 19 may 2015-ci il təvəllüdlü X3 və 22 may 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə əvvəli 07 iyun 2024-cü il tarixdən hesablanmaqla sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar