Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-265/2023 22.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-680/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıya dəymiş zərərin, yəni 866 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonunun Meyniman kəndində yaşayır, onun həmin kənddə fermer təsərrüfatı və orada 50 baş iribuynuzlu, 50 baş xırdabuynuzlu heyvanı var. Eyni zamanda, həmin kənddə özünə məxsus 7 hektar torpaq sahəsi var və həmin torpaq sahəsində öz vəsaiti ilə taxıl əkib-becərir. 03 may 2022ci il tarixində həmkəndlisi Cavabdeh2 digər cavabdeh X1 məxsus olan mal-qaranı iddiaçının əkmiş olduğu taxıl sahəsinə gətirmiş, iddiaçının əkdiyi taxılı Cavabdeh1 malqarasına yedirdərək iddiaçıya 866 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hadisədən sonra onların arasında mübahisə yaranmış, iddiaçı bu səbəbdən Hacıqabul RPŞ-yə şikayət ərizəsi ilə müraciət etmiş, araşdırma zamanı cavabdehlərin həqiqətən də iddiaçının sahəsinə 866 manat ziyan vurduqları aşkar edilmiş və iddiaçıya bu barədə məhkəməyə müraciət etməsi izah olunmuşdur. Cavabdehlərin özlərinin də iddiaçıya dəymiş ziyandan məlumatları var və həmin ziyanı ödəyəcəklərinə söz vermişlər. Lakin hazırda cavabdehlər həmin ziyanı ödəməkdən imtina edirlər. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə yazılı ərizə təqdim edərək, dəymiş maddi zərərin əvəzi olaraq 866 manatın, əldən çıxmış fayda kimi 9000 manatın və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 digər Cavabdeh1 məxsus xırda buynuzlu heyvanları ona məxsus 2 hektar taxıl sahəsində otararaq ona maddi ziyan vurmuşdur. Belə ki, o, hər hektardan 5 ton olmaqla, ümumilikdə 2 hektar ərazidən 10 ton arpa əldə etməli idi. Arpanın 1 kiloqramı 0,90 manat olmaqla, ona ümumilikdə 9000 manat əldən çıxmış fayda şəklində zərər vurulmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(071)-680/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Vahid Hacıyev) iddia qismən təmin edilmiş, X3 xüsusi mülkiyyətində olan Hacıqabul rayonu, Meyniman kəndində yerləşən 7,1057 ha torpaq sahəsinin 2 ha hissəsindəki taxılın xırdabuynuzlu heyvanlara otarması nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq Cavabdeh2 866 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq X5 ödənilməsi, iddia tələbinin Cavabdeh2 qarşı qalan hissədə rədd edilməsi, iddia tələbinin Cavabdeh1 qarşı hissədə tam rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Hacıqabul Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(071)-680/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonunun Meyniman kəndində yaşayır. Ailəsini dolandırmaq üçün yaşadığı kənddə həmkəndlisi Cavabdeh1 məxsus 50-yə yaxın xırda buynuzlu heyvanı aylıq 300 manat əmək haqqı qarşılığında gündəlik örüş sahələrində otarır, belə demək mümkündürsə, çobanlıq edir. Heyvanları otardığı otlaq ərazisinin yaxınlığında Meyniman kənd sakinləri İddiaçı və Atamoğlan Süleymanova məxsus əkin sahələri yerləşir. Həmin ərazilərdə cavabdehdən başqa digər kənd camaatı da heyvanlarını otarır. 2022-ci ilin may ayının əvvəllərində həmkəndlisi İddiaçı digər həmkəndlisi Anar Nəcəfovun idarə etdiyi nəqliyyat vasitəsilə öz əkin sahəsinə baxmaq üçün gəldiyi zaman həmin vaxt Cavabdeh2 əkin sahəsinə təxminən bir neçə yüz metr aralıda heyvanları otardığını görərək, ona yaxınlaşmış, sonra guya ki, onun əkin sahəsinə heyvanları salmaqla otardığını iddia edərək, əlində olan mobil telefon vasitəsilə cavabdehin bir neçə şəklini çəkmişdir. Cavabdeh həmin vaxt onun əkin sahəsinə heç bir zaman daxil olmadığını, ümumiyyətlə, heyvanları daim həmin ərazidən kənarda otardığını, ondan başqa kənddən başqa şəxslərin də bu ərazilərdə heyvan otarmasını deməsinə baxmayaraq, iddiaçı ona inanmamış, cavabdehi bu əməldə günahlandırmağa davam etmişdir. Bundan sonra, iddiaçı bu barədə Hacıqabul RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hacıqabul RPŞ-də araşdırma zamanı Cavabdeh2 həmin ərazidə iddiaçıya məxsus əkin sahəsində heyvanları otarması şahid ifadələri və digər sübutlarla təsdiq edilməsə də, eyni zamanda, cinayət işinin rədd edilməsi barədə qərarda həmin əməlin cavabdeh tərəfindən törədilməsinə aidiyyəti sübut olunmamasına baxmayaraq, RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə sanki cavabdehin bu əməli törətməsi sübut olunmuşdur kimi bir nəticəyə gəlinmişdir. Bu qərarda istinad olunan sübutlarda başqasına zərər vurmanın cavabdeh tərəfindən törədilməsinə aid dəlillərin olmamasına, xüsusilə sahəyə şikayətçi ilə birlikdə gəlmiş sürücü Anar Nəcəfov tərəfindən “cavabdehin heyvanları həmin zaman iddiaçıya məxsus iddia edilən ərazidə deyil, həmin ərazidən kənarda yerləşən bəndin üstündə yerləşən ərazidə otardığını” izahatında qeyd etməsinə və digər istinad olunan dəlillərdə olan şübhəli halların cavabdehin lehinə olmasına baxmayaraq, təhqiqatçının bu əməlin sanki cavabdeh tərəfindən törədilməsini göstərməsi araşdırmanın qeyri-obyektiv keçirildiyini göstərir. Bundan əlavə, iddiaçının təhqiqata təqdim etmiş olduğu şəkillərdən də görünür ki, cavabdeh onun iddia etdiyi əkin sahəsində deyil, tamam başqa bir yerdə heyvanları otarmışdır. Lakin təhqiqat və məhkəmə bu faktları gözardı edərək ədalətsiz qərarlar qəbul etmişlər. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsinə diqqət etdikdə yalnız təhqiqatın xx.xx.2022-ci il tarixli qeyri-obyektiv araşdırma nəticəsində qəbul etdiyi ədalətsiz qərarında müəyyən edilmiş əsassız hallara istinad etməklə guya ki cavabdeh tərəfindən iddiaçıya zərər vurulmasının sübut olunduğu görünür. Belə ki, bu zaman ilkin təhqiqat zamanı izahatı alınmış iddiaçı ilə birlikdə sahəyə gəlmiş sürücü Anar Nəcəfovun izahatı ümumiyyətlə nəzərə alınmamışdır. Eyni zamanda, məhkəmədə işə baxılarkən polis orqanlarında əkin sahəsində konkret əraziyə görə dəymiş zərərin müəyyən edilməsi barədə mütəxəssis rəyində qeyd edilən zərərin həddən artıq yüksək olması və bu zərərin məhkəmə müstəvisində yenidən müəyyən edilməsi tələb edilsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Məhkəmə qətnaməsində istinad etdiyi yeganə sübut olan RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarına sübutların qiymətləndirilməsi barədə prosessual qanunvericiliyin tələblərini pozmaqla, obyektiv, hərtərəfli və tam baxmamış, həmin sübuta tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Bundan əlavə, məhkəmə gəlmiş olduğu nəticə ilə bağlı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmamışdır. Belə ki, işin obyektiv və hərtərəfli araşdırılması, eyni zamanda həqiqəti ortaya çıxarmaq üçün iş üzrə istinad olunan yeganə polis qərarında təhqiqat zamanı ifadələri alınmış şahidlər çağırılıb dindirilməmiş, dəymiş zərərin miqdarının doğru olub-olmamasının yenidən müəyyən edilməsi məqsədilə ekspertiza keçirilməsi təmin edilməmişdir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, iddiaçının iddia etdiyi torpaq sahəsində heç vaxt qoyun otarmamış, 03 may 2022-ci il tarixində kanalın üstü ilə qoyun otaran zaman iddiaçı sürücü Anar Nəcəfov ilə birlikdə gələrək qoyunların fotoşəkillərini çəkmiş, onun sahəsində qoyun otardığını bildirmişdir. Cavabdeh2 buna etirazını bildirdikdə, iddiaçı sahədən tapdığı qoyun qığlarını sübut olaraq göstərmişdir. Halbuki, cavabdeh həmin sahədə heç vaxt qoyun otarmamışdır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında İddiaçı çıxış edərək bildirdi ki, o, maşınla sahəyə çatanda görmüşdür ki, Cavabdeh2 qoyunları onun torpaq sahəsindən çıxarır. İddiaçı qoyunların şəklini çəkmişdir. Bu zaman X19 da onun yanında olmuşdur. O, verilmiş suallara cavab olaraq bildirdi ki, şəkillərlə polis orqanına müraciət edərək ziyanla bağlı akt almış, həmin aktı birinci instansiya məhkəməsinə təqdim etmiş, lakin akt işə əlavə olunmamışdır. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 çıxış edərək bildirdi ki, iddiaçının söylədiklərinin hamısı yalandır. Şəkillərin çəkildiyi yerlə iddiaçının əkdiyi torpaq sahəsi arasında 700 metrdən çox məsafə var. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, qətnaməni yalnız iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmiş, digər hissələrdə isə mübahisələndirməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 münasibətdə iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin təmin olunmuş hissəsində ləğv olunmalı, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(071)-680/2022 saylı məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin iclasda çıxış edən Cavabdeh1 izahatında iddiaçının bildirdiklərinin həqiqətə uyğun olmadığını, Cavabdeh2 ona məxsus 50 xırdabuynuzlu heyvanı otardığını və özünün sonuncuya bu səbəbdən 300 manat əmək haqqı ödədiyini, ona məxsus heyvanların iddiaçının taxıl sahəsində otarılmadığını, onun heyvanları ilə iddiaçının əkin sahəsinin arasında 700 metr məsafə olduğunu, iddiaçının həmin taxıl sahəsini biçdirərək gəlir əldə etdiyini, həmin sahədən buğda və pres götürdüyünü qeyd etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Hacıqabul rayonunun Birinci Meyniman kəndində yerləşən 7,1057 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X6, X2, X11, X12, X13, X15, X7, X8, X14 və X16 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin Təhqiqat bölməsinin 12 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 əməlində AR Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkib əlamətləri yaranmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 barəsində AR İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat rədd edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında yaranmış mübahisə mülki xarakterli mübahisə olduğundan İddiaçı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Hacıqabul RPŞ-nin Təhqiqat bölməsinin 12 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının məzmunundan görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında Hacıqabul rayonu, Meyniman kəndinin kənarında etibarnamə əsasında X4 7 ha torpaq sahəsi aldığını, həmin 7 ha torpaq sahəsinin 6 ha hissəsində arpa və 1 ha hissəsində yonca əkdiyini, dəfələrlə arpa və yonca sahəsinə gedib baxdıqda sahənin xırdabuynuzlu heyvanlar tərəfindən otarıldığını və sahədə xırdabuynuzlu heyvanların qığı olduğunu gördüyünü, 03 may 2022-ci il tarixində günorta saatlarında sahəyə getdikdə həmkəndliləri Ağaqardaş və Həmidin çobanı işləyən Ağamoğlanın oğlu Əlinin xırdabuynuzlu heyvanları onun arpa sahəsində otardığını gördüyünü, telefonla həmin hadisənin və Əlinin onun sahəyə getdiyini gördükdə qoyunları sahədən çıxarıb qaçdığı yerdə foto şəklini çəkdiyini, gedib sahəyə çatdıqda Əlinin qoyun sürüsünü qonşusu Ağamoğlanın sahəsinə keçirib bəndin üst hissəsi ilə apardığını gördüyünü, Əliyə qoyun sürüsünü onun arpa sahəsində otarmamağı dediyini, 03 may 2022-ci il tarixdə axşam saatlarında təkrar sahəyə getdikdə yenə Əlinin qoyun sürüsünü onun arpa sahəsində otardığını gördüyünü, Əlinin qoyun sürüsünün onun arpa sahəsində otararaq 2 ha arpa sahəsini tam yararsız vəziyyətə saldığını, bununla da ona 800-900 manat məbləğində maddi ziyan vurulduğunu qeyd etmişdir. İş materiallarında olan Hacıqabul RPŞ-nin Təhqiqat bölməsinin 12 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının məzmunundan görünür ki, araşdırma zamanı izahatı alınmış X19 izahatında 10 gün əvvəl Gülsaranın onun mobil telefonuna zəng edib onu Hacıqabul rayonu, Meyniman kəndinin kənarında yerləşən sahəyə aparmağı xahiş etdiyini, Gülsaranı sahəyə apardıqda sahədə xırdabuynuzlu heyvanların qığını gördüyünü, həmin gün saat 18 radələrində təkrar Gülsaranı sahəyə apardıqda Cavabdeh2 Həmidxana məxsus 60 baş xırdabuynuzlu heyvanı bəndin üstü ilə Atamoğlan Süleymanova və “MuğanAqro”ya məxsus ərazinin yaxınlığında otarmaq üçün apardığını gördüyünü qeyd etmişdir. İş materiallarında olan Hacıqabul RPŞ-nin Təhqiqat bölməsinin 12 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının məzmunundan görünür ki, Azərbaycan Nar İstehsalçıları və İxracat Assosiasiyasının region üzrə aqronomu X9 tərəfindən 06 may 2022-ci il tarixində tərtib edilmiş mütəxəssis rəyində İddiaçı 2 ha əkin sahəsinə dəymiş ümumi ziyan 866 manat civarında müəyyən edilmişdir. Məhkəmə kollegiyası ilk öncə onu bildirməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əkdiyini iddia etdiyi torpaq sahəsini onun xüsusi mülkiyyətində olan torpaq sahəsi kimi qiymətləndirmişdir. Lakin iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan göründüyü kimi, Hacıqabul rayonunun Birinci Meyniman kəndində yerləşən 7,1057 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X6, X2, X11, X12, X13, X15, X7, X8, X14 və X16 adına qeydiyyata alınmışdır. Apellyasiya məhkəməsinin iclasında iddiaçı həmin torpaq sahəsini öz adına keçirmədiyini, hələ ki torpaq sahəsinə etibarnamə əsasında sahiblik etdiyini və tezlikdə torpaq sahəsini öz adına keçirəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsi isə mübahisəli torpaq sahəsini iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi kimi qiymətləndirməklə yanlış nəticəyə gəlmişdir. Bundan əlavə, iddiaçı əkdiyini bildirdiyi mübahisəli torpaq sahəsində Cavabdeh2 qoyun otardığını, bununla ona 866 manat ziyan vurduğunu bildirmiş, öz tələbinin əsası kimi isə çəkdiyi fotoşəkillərə və həmin torpaq sahəsində qoyun qığı tapmasına istinad etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərə dair onu qeyd edir ki, həmin fotoşəkillərdə qoyunların olması ilə həmin torpaq sahəsinin kimə məxsus olmasını, qoyunların iddiaçının istifadə etdiyi torpaq sahəsində otarılmasını, eləcə də Cavabdeh2 tərəfindən iddiaçıya ziyan vurulmasını müəyyən etmək mümkün deyil. Bu səbəbdən də həmin fotoşəkillər iddia tələbinin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Məhkəmə kollegiyası onu da bildirir ki, iddiaçı tərəfindən torpaq sahəsində qoyun qığının aşkarlanması da məhz Cavabdeh2 tərəfindən həmin sahədə qoyunların otarılması faktını təsdiq edə bilməz. Hacıqabul RPŞ-nin Təhqiqat bölməsinin 12 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının məzmununda olan X17 izahatında iddiaçını sahəyə apardıqda sahədə xırdabuynuzlu heyvanların qığını gördüyünü, həmin gün saat 18 radələrində təkrar iddiaçını sahəyə apardıqda Cavabdeh2 Həmidxana məxsus 60 baş xırdabuynuzlu heyvanı bəndin üstü ilə Atamoğlan Süleymanova və “MuğanAqro”ya məxsus ərazinin yaxınlığında otarmaq üçün apardığını gördüyünü qeyd etmişdir. X17 da vermiş olduğu izahatdan göründüyü kimi, o da Cavabdeh2 tərəfindən qoyunların məhz iddiaçının istifadə etdiyi torpaq sahəsində otarılmasını təsdiq etməmiş, əksinə Cavabdeh2 xırdabuynuzlu heyvanları bəndin üstü ilə Atamoğlan Süleymanova və “MuğanAqro”ya məxsus ərazinin yaxınlığında otarmaq üçün apardığını görmüşdür. Beləliklə, iddiaçının istinad etdiyi X17 izahatı ilə də iddiaçıya vurulduğunu iddia etdiyi 866 manat məbləğində ziyanın Cavabdeh2 Atamoğlan oğlu tərəfindən vurulması faktı təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona zərərin vurulmasını və zərərin məhz cavabdeh tərəfindən vurulmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. İş materiallarından da görünür ki, iddiaçı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə iddia tələbinin təmin olunması üçün əsas olan halları təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin əsaslılığına və iddiaçı tərəfindən tələbin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutları təqdim edib-etməməsinə düzgün qiymət verməmiş, iddia tələbini Cavabdeh2 münasibətdə qismən təmin etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, bu zaman birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Məhkəmə kollegiyası bildirir ki, Cavabdeh2 tərəfindən iddiaçıya 866 manat məbləğində ziyanın vurulması faktı öz təsdiqini tapmadığından, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbi rədd edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi hissəsində də qətnamə ləğv edilib iddia rədd edilərək, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 866 manat təşkil etdiyindən qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(071)-680/2022 saylı qətnaməsi qismən – iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-265/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-265/2023
22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver