Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-265/2025 08.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və X2 ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(036)-1478/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4800 manat məbləğində borcun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan 21 yanvar 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 4800 manat məbləğində borcu faizsiz götürmüşdür. Həmin kredit müqaviləsi İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisində 3M-16 reyestr nömrəsi üzrə qeydə alınmışdır. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh xx.xx.2023-cü il tarixinədək kredit öhdəliyini yerinə yetirməli və pulu geri qaytarmalı olmuşdur. İddiaçı cavabdeh ilə uzun illər iş yoldaşı olmuşdur. Bu səbəbdən ona inamı tam olmuşdur. Hazırkı müqavilə üzrə müddətlərin tamam olmasına və dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh kredit öhdəliklərini yerinə yetirmir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, səhhətində yaranmış problemə görə məhkəmə iclasında iştirak edə bilmir. Həmçinin bildirmişdir ki, İddiaçıdan 5000 manat borc pul almışdır. O, iddiaya baxmayaraq 5103-0716-2593-2385 nömrəli pensiya kartını ona vermişdir. Həmin kartdan İddiaçı xx.xx.2023-cü il tarixdə 606 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 78 manat, xx.xx.2023-cü il tarixdə 79 manat, xx.xx.2023-cü il tarixdə 56 manat, xx.xx.2024-cü il tarixdə 175 manat, xx.xx.2024-cü il tarixdə 75 manat, xx.xx.2024-cü il tarixdə 53 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 53 manat və xx.xx.2024-cü il tarixdə 150 manat olmaqla, cəmi 1675 manat pul çıxarmışdır. Onun iddiaçıya 3325 manat borcu qalmışdır. Ona görə də, iddiaçıdan 5103-0716-2593-2385 nömrəli pensiya kartının alınmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(036)-1478/2024 saylı qətnaməsi ilə (hakim Orxan Mahmud) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin qismən – 325 manat məbləğində təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun iştirakını təmin etmədən işə baxıb və həmin vaxt xəstə olmuşdur. Hərbi əlildir, qətnamə çıxarılmasını onu alandan sonra bilmişdir. Qətnamədə onun ərizəsinə hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəməyə yazdığı ərizədə göstərmişdir ki, o, iddiaçıdan 5000 manat borc almışdır. 5103- 0716-2593-2385 nömrəli pensiya kartını da iddiaçıya vermişdir. Həmin kartdan İddiaçı xx.xx.2023-cü ildə 606 manat, xx.xx.2023-cü ildə 300 manat, xx.xx.2023-cü ildə 78 manat, xx.xx.2023-cü ildə 79 manat, xx.xx.2023-cü ildə 56 manat, xx.xx.2024-cü ildə 175 manat, xx.xx.2024-cü ildə 75 manat, xx.xx.2024-cü ildə 53 manat, xx.xx.2024-cü ildə 50 manat, xx.xx.2024-cü ildə 53 manat və xx.xx.2024-cü ildə 150 manat, cəmi 1675 manat pul çıxarmışdır. 2023-cü ilin əvvəlində onun xəstəliyindən istifadə edib, onu qorxudaraq notariusa aparıb müqaviləyə imza etdirmişdir. Həmin pulun 3000 manatını da iddiaçının xahişi ilə dayandırılmış pensiyasının bərpasına kömək etmək üçün X3 vermiş və Vüsal yazdığı ərizə ilə bunu təsdiq edir. Onun iddiaçıya faktiki borcu cəmi 325 manat qalır. Ona görə də, iddiaçıdan qeyd etdiyi pensiya kartının alınıb özünə verilməsini xahiş etmişdi. Məhkəmə onun ərizəsini araşdırmamışdır. Bu faktı İddiaçı də yaxşı bilir. Lakin əsassız olaraq ondan 4800 manat tələb etmişdir. Məhkəmədə iştirakı təmin edilmədiyindən və iddiaçı ilə üzləşdirilmədiyindən məhkəmə yalnız iddiaçının ərizəsini əsas götürmüşdür. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İşdə olan: İddiaçı ilə Cavabdeh arasında 21 yanvar 2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 4800 manat məbləğində borc vermişdir. Borc alan krediti 30 iyul 2023-cü il tarixinədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öhdəliyini pozaraq iddiaçıya olan borcunu müəyyən edilmiş xx.xx.2023-cü il tarixədək geri qaytarmamışdır. Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, adıçəkilən müqavilə əsasında cavabdeh iddiaçıya pul vəsaiti qaytarmaq vəzifəsinin daşıyıcısı olmuşdur. Lakin o, vəzifəsini icra etməmişdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa, həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, həmin dövrdə qüvvədə olan MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Habelə MM-in 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləcə, tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik hüquq (borc) münasibətləri yaranmışdır. Bu hal iş üzrə təqdim edilmiş mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Tərkib cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq tərkib QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(036)-1478/2024 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-265/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-265/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver