Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-266/2025 21.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(053)-932/2024 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 6936,37 manat məbləğində kredit borcu, 6104,78 manat faiz borcu, 5785,30 manat məbləğində cərimə borcu, cəmi 18826,45 manat borc və iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 146,48 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Səfərov Bəxtiyar Atamalı oğlu arasında 15 yanvar 2020-ci il tarixli 022A********** nömrəli kredit xətti müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 16 iyun 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3063,63 manat ödəniş etmiş və onun iddiaçıya 6936,37 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Səfərov Bəxtiyar Atamalı oğlu kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1339 gün üçün hesablanmış faiz borcu 6104,78 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 1339 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 5.785,30 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Səfərov Bəxtiyar Atamalı oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Səfərov Bəxtiyar Atamalı oğlu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş materiallarına əlavə edilmiş Ölüm haqqında şəhadətnamədən borclu Səfərov Bəxtiyar Atamalı oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********55 saylı məktubuna əsasən Səfərov Bəxtiyar Atamalı oğlunun adına Neftçala rayonu Şorkənd kəndində ümumi birgə payda 2.96 ha torpaq sahəsinə dair JN-167 kod 80704068 olan torpaq mülkiyyətinə dair Dövlət Aktı tərtib edilmişdir. Neftçala Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(053)-932/2024 saylı qətnaməsi (hakim Samir Quliyev) İddia qismən təmin edilməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6936,37 (altı min doqquz yüz otuz altı manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 6104,78 (altı min yüz dörd manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 486 (dörd yüz səksən altı) manat məbləğində cərimə borcu, cəmi 13527,15 (on üç min beş yüz iyirm yeddi manat on beş qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 130,58 (yüz otuz manat əlli səkkiz qəpik) manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamə tamamilə ləğv edilərək iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edirəm. İŞİNHALLARİ: İş materiallarında olan: İddiaçı QSC ilə Səfərov Bəxtiyar Atamalı oğlu arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli 022A********** nömrəli kredit müqaviləsinə əsasən Səfərov Bəxtiyar Atamalı oğluna aylıq faiz dərəcəsi 2.0833% olmaqla 12 ay müddətinə 10000 manat kredit verilmişdir. Zaminlik müqavilələrindən görünür ki, kreditin təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı QSC arasında Zaminlik müqavilələri bağlanmışdır. 15 fevral 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Səfərov Bəxtiyar Atamalı oğlunun İddiaçı QSC-yə 15 yanvar 2020-ci il tarixli kredit razılaşması üzrə 6936,37 manat məbləğində əsas borcu, 6104,78 manat faiz borcu, 5785,30 manat məbləğində cərimə borcu, cəmi 18826,45 manat borcu vardır. 01 avqust 2023-cü il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsi arayışında Səfərov Bəxtiyar Atamalı oğlunun xx.xx.1975-ci il tarixdə Neftçala rayonu Şorkənd kəndində anadan olduğu, ölüm səbəbindən xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxdığı qeyd edilmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 14 fevral 2024-cü il tarixli sorğuya cavab məktubunda xx.xx.1975-ci il təvəllüdlü Səfərov Bəxtiyar Atamalı oğlunun adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi olmadığı qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 15 mart 2024-cü il tarixli sorğuya cavab məktubunda Səfərov Bəxtiyar Atamalı oğlunun adına ailə üzvləri ilə ümumi birgə Neftçala rayonu Şorkənd kəndində yerləşən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli 0.5635 ha, ********** qeydiyyat nömrəli 1.102 ha, ********** qeydiyyat nömrəli 1.1653 ha və ********** qeydiyyat nömrəli 0.1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınması qeyd olunmuşdur. Neftçala rayon notariat ofisinin 42 nömrəli sorğuya cavab məktubunda xx.xx.2020- ci il tarixdə vəfat etmiş Səfərov Bəxtiyar Atamalı oğlundan qalan mirasla əlaqədar Neftçala rayon notariat ofisində vərəsəlik işi açılmadığı və vərəsələrin hazırkı günə qədər notariat ofisinə müraciət etmədikləri qeyd olunmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə müddəti 2021-ci ilin yanvarında bitmiş və iddiaçı tərəfindən 3 ildən çox müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları qanunvericiliyə uyğun olaraq yetərincə araşdırılmamış, qanunvericiliyin tələbləri doğru və düzgün diqqətə alınmamış, nəticədə qanunsuz və əsassız yekun qərar qəbul olunmuşdur. İddiaçı ilə zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış zaminlik müqavilələri 15 yanvar 2020-ci il tarixdə 12 ay müddətinə bağlanmışdır. Yəni zaminlik müqaviləsinin bitmə tarixi 2021-ci il 15 yanvar tarixi olmuşdur. Müqavilə müddəti 2021-ci ilin yanvarında bitmiş və iddiaçı bank tərəfindən 3 ildən çox müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi verilmişdir. Məhkəmə tərəfindən həmin müddət kəsici müddət kimi nəzərə alınaraq iddia rədd edilməli olduğu halda iddianın qismən təmin edilməsi ilə bağlı qətnamə qəbul edilmişdir. Bununla da birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 477.0.4cü maddəsi maddəsinin tələbi pozulmaqla qətnamə qəbul olunmuşdur. Məhkəmə tərəfindən zaminlik müqavilələrinin hansı tarixdə, hansı şərtlərlə bağlanması və hansı tarixdə bitməsi halları dolayısı ilə zaminlərdən tələb hüququ üçün müəyyən edilmiş müddətin ötürülməsi aydınlaşdırılmamış, həmçinin əsas borclunun vərəsələrinin cavabdeh kimi göstərilməməsinin səbəbləri araşdırılmamışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında bildirmişdir ki, kredit alan şəxs vəfat etdiyi üçün həmin şəxsin vərəsələrinin dairəsinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular verilmiş, məhz bu səbəbdən də qanunla müəyyən edilmiş 1 illik müddət ötürülmüşdür. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Neftçala Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(053)-932/2024 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14-cü maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əlavə olaraq, qeyd edilməlidir ki, MM-in 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Habelə MM-in 477.0.4-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin kredit borcunun zaminlərdən tutulması hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir. Qeyd edilməlidir ki, MM-in 477.0.4-ci maddəsində müəyyən edilmiş müddət məhkəmə tərəfindən kəsici müddət kimi nəzərə alınaraq iddia rədd edilməli olduğu halda iddianın təmin edilməsi ilə bağlı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, MM-in 1306.1-ci və 1307-ci maddələrinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 16 oktyabr 2020-ci il Qərarında göstərmişdir ki, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 217-ci madəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Beləcə, dövlət adından qəbul edilən qətnamə ehtimallar əsasında çıxarılmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmayaraq, gəlinən nəticəni işin faktiki hallarına uyğun olmamaqla qanuni və əsaslı hesab etmir. Beləliklə, kollegiya hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 74 manat məbləğində pul vəsaiti İddiaçı QSC-dən alınıb cavabdehlərə verilsin. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdehlərin apellyasiya şikayəti təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(053)-932/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Kredit borcunun qaytarılması tələbinə dair iddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi 74 (yetmiş dörd) manat məbləğində pul vəsaiti İddiaçı QSC-dən alınıb cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-266/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-266/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver